Samux Rayon İcra Hakimiyyəti səyyar qəbullara daha çox üstünlük verir
Lüksemburq kəndi rayon mərkəzindən 50 kilometr aralıda yerləşir. Əsasən əkinçilik və maldarlıqla məşğul olan kənd camaatının son illər güzəranı xeyli yaxşılaşıb. Yol, işıq, qaz, su problemləri həll olunur, sosial obyektlərin tikintisinə geniş yer ayrılır. Ucqar kənd bir an belə diqqətdən kənarda qalmır. Ümumiyyətlə, rayon icra hakimiyyəti nazirlik və şirkətlərin köməyi ilə mərkəzdən xeyli aralıda yerləşən digər kəndlərin də sosial problemlərinin həlli istiqamətində ardıcıl iş aparır. Lüksemburq kəndindən başqa Kürün sol sahilində daha 7 kənd var. Qırmızı Samux, Poylu, Burunqovaq və sair kəndlər daim nəzarətdə saxlanılır, problemlərin operativ həlli üçün bütün imkanlardan istifadə olunur. Amma...
Yazının əvvəlində bu kəndlərin rayon mərkəzindən 50-60 kilometr aralıda yerləşməsini təsadüfən vurğulamadıq. Yerdə problemini həll etməkdə çətinlik çəkən hər hansı bir sakinin Kür çayı üzərindəki su anbarı bəndinin üzərindən sağ sahilə adlaması və 50 kilometrdən çox məsafə qət edərək rayon icra hakimiyyətinə gəlməsi sizə asan görünməsin.
Bu günlərdə Lüksemburq kəndində rayon icra hakimiyyəti başçısının keçirdiyi görüş bir daha göstərdi ki, adamların problemlərini həll etmək üçün onlarla tez-tez görüşmək, yanlarında olmaq lazımdır. Kənd sakini Vahid Abdullayev yaxşı dedi ki, adam özünü evində daha rahat hiss edir, sərbəst olur.
Məktəbin həyətinə xeyli adam toplaşmışdı. Elə açıq havadaca, açıq da söhbət getdi. Qeyd etmək lazımdır ki, bu sərbəstliyi, səmimiyyəti daha çox rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev yaratmışdı. Əvvəla, nə qədər ucqar kənd olsa da tez-tez görüşdüyündən onların çoxunu tanıyırdı. Digər tərəfdən, son illər Kürün sol sahilindəki bu kəndlərin hər birində xeyli iş görülüb. Yaxın vaxtlarda isə infrastruktur tamamilə dəyişəcək. Rayon icra hakimyyətinin müvafiq strukturlara müraciəti əsasında içməli su, təbii qaz, körpü, yol problemləri artıq həll olunmaq ərəfəsindədir və bəziləri başa çatdırılıb. Kür çayı üzərində uzunluğu 300 metr olar körpünün istifadəyə verilməsi adamları əziyyətdən qurtaracaq. Körpü ilə paralel qaz xətti də çəkiləcək. Bu rahatlığı görməyənlərin evlərində mavi qaz yanacaq və sakinlər illərin əziyyətindən qurtara biləcəklər. Bu kəndlərə hazırda çəkilməkdə olan dairəvi yol iqtisadi baxımdan çox sərfəlidir və rayon mərkəzi, Gəncə şəhəri ilə məsafəni xeyli qısaldacaqdır. Bir tərəfi Qax rayonuna çıxan yol respublikanın müxtəlif bölgələrinə, o cümlədən Gürcüstana gediş-gəlişi asanlaşdıracaqdır.
...Lüksemburq qədim kənddir. Vaxtilə burada almanlar yaşayıblar. O zamanlar elə su kanalları çəkiblər ki, qalıqları indi də durur.
Kənd Qırmızı Samux qəsəbəsi ilə bir nümayəndəlikdir. Qəsəbənin 1812, Lüksemburqun 934 nəfər əhalisi var. İnzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Yaşar Əbdülrəhmanov görüşdə bildirdi ki, sakinlər Azərbaycan Prezidenti İlham Əliyevin Samuxa və onun ən ucqar kəndlərinə göstərdiyi diqqət və qayğıdan hədsiz sevinirlər və buna görə ölkə rəhbərinə minnətdarlıq edirlər.
Görüşdə maraqlı cəhət bu idi ki, adamlar daha çox ümumi məsələlərdən danışır, şəxsi, məişət qayğılarını arxa plana çəkirdilər.
Kənd sakinlərindən Sahidə Əzimova, Bəxtiyar Abbasov, Məhərrəm Qarayev və başqaları çıxış edərək son illər Samuxda, o cümlədən onların yaşadıqları kəndlərdə həyata keçirilən böyük abadlıq-quruculuq işlərindən danışdılar, bir sıra sahələrdə onlara köməklik göstərilməsini xahiş etdilər. Sosial müavinətlərin verilməsi, telefon çəkilişi, yararsız elektrik dirəklərinin dəyişdirilməsi və digər məsələlər qaldırıldı. Rayon əhalisinin sosial müdafiəsi mərkəzinin, telekommunikasiya qovşağının, Samux elektrik şəbəkəsinin və digər təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Bir neçə saat çəkən görüş daha sonra yollarda, ayrı-ayrı sakinlərin evlərinin qarşısında davam etdi. Rayon icra hakimiyyəti başçısının, ayrı-ayrı idarə, təsərrüfat rəhbərlərinin kəndə gəlməsi, adamların dərd-sərini öyrənməsi, köməklik göstərməsi, rayonda görülən və gələcəkdə görüləsi işlər haqqında məlumat verməsi Lüksemburq və Qırmızı Samux kənd sakinlərinin ürəyindən xəbər verdi.
Məlumat üçün qeyd edək ki, Samux Rayon İcra Hakimiyyəti səyyar qəbullara daha çox üstünlük verdiyi üçün yerlərdəki problemlərin həlli yollarını tez tapır, gələcək fəaliyyətində onları əsas götürür.
...Daha bir görüş beləcə başa çatdı. Adamlar bir daha hiss etdilər ki, yaşadıqları yerdən, məsafədən asılı olmayaraq onları daim düşünür, qayğısına qalırlar.{nl}
Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.