Yardımlı: görülən bütün işlər dövlət qayğısının fərəhli nəticələridir

Məlumatlara görə, 1959-cu il noyabrın 24-də Yardımlı rayonunun Arus və Jiy kəndləri yaxınlığında göydən meteorit düşüb və sıx duman olmasına baxmayaraq, təqribən üç kilometr məsafədə güclü işıqlanma yaradıb. Meteoritin ən böyüyü 127 kiloqram, ən kiçiyi isə 300 qram olan altı qəlpəsi tapılıb. Bu, Suxome-Alin və Tunqus meteoritlərindən sonra SSRİ ərazisinə düşən üçüncü ən böyük planet hissəcikləri idi. Ulu Tanrının "daş məktubu"nu kənd yerində hərə bir cür yozurmuş. Yardımlıya uçan ulduzun düşdüyünü söyləyənlər daha çox idi.
Bu günlərdə dağlar diyarına gedərkən yolda Jiy kəndinin lövhəsini görəndə nədənsə Yardımlı meteoritini xatırladım. Yenə də noyabrın 24-ü idi, amma 51 il fərqlə. O vaxt məhz həmin gün Yardımlı adı teletayp lentləri ilə bütün dünyanın informasiya məkanını dolaşmışdı. Bu tarix barədə rayonda kimsəyə bir söz deməsəm də, bu yerlərin göylərlə "qohumluğu" ilə bağlı poetik düşüncələr məni uzun müddət tərk eləmədi...
Meteoritlər cəmi bir neçə saniyə işıqlanır. Bugünkü Yardımlının işığı isə illərdir ki, dağları çıraqbana döndərib: rayonun sosial-iqtisadi inkişafı təmin edilir, sakinlərin həyatı gözəlləşir, güzəranı yaxşılaşır. Qəsəbəyə şəhər statusu verilib. Stadion, park tikilib, uşaq bağçası açılıb. Rayon xəstəxanası paytaxtdakılardan seçilmir. Asfalt yolların uzunluğu xeyli artıb. Təkcə son beş ildə Yardımlıda 52 (!) orta məktəb inşa edilərək istifadəyə verilib.
Rayonda çoxlu yeni iş yeri yaradılıb. Orta əməkhaqqı yeddi ildə 3,2 dəfə artaraq 203 manata çatıb. Bu il yeni tikilmiş daha 52 evin işıqları yanıb. Əhalinin payız-qış aylarında hərəkəti üçün problem yaradan kəndlərarası yolların təmiri davam etdirilib. İl ərzində Yardımlı-Qabaqdibi, Sırıq-Alçabulaq yolları əsaslı təmir olunub, Cerimbel, Dağüzü, Qaraqaya, Avaş, Arvana, Telavar və digər kənd yolları səliqəyə salınıb. Urakəran yolunda Viləş çayı üzərində körpü yenidən qurulub.
...Viləş vadisi boyunca həzin-həzin üzüaşağı axır, mənsə "əyrim-üyrüm, qabağınca yüyürüm" yollarla üzüyuxarı qalxa-qalxa dağların payız mənzərələrini seyr edirdim. Ağaclar elçi gözləyən gözəllər kimi al-əlvan bəzənmişdi. Xəzəllər xalı təki yol kənarlarına sərilmişdi. Qonaq-qarası azalan Təkdam şəlaləsi qərib görkəmində də cazibədar görünürdü.
Yardımlıda dağların ayağında istinad divarları hörülür ki, uçqunlar, sürüşmələr avtomiobil yollarını sıradan çıxarmasın. Ötən qış mövsümündə bu divarlar yolları çox təhlükədən hifz eləyib, amma özləri bəzi yerlərində çat verib, uçub. Bu il həmin istinad divarlarının hamısı bərpa olunub. Şəhərin yeni girişi- Qala kompleksi inşa edilib, Heydər Əliyev küçəsində "31 Mart- Soyqırım" və Yardımlının tarixi ilə bağlı komplekslər yaradılıb. Keçmiş musiqi məktəbinin yerləşdiyi ərazidə abadlıq işləri görülüb, əsaslı şəkildə gücləndirilmiş istinad divarı hörülüb. Yaxın vaxtlarda burada gözəl bir guşə yaradılacaq. Səkilər, yol kənarları qaydaya salınıb.
Yeri gəlmişkən, rayon musiqi məktəbi qəzalı vəziyyətdə olduğu üçün uzun müddət idi ki, uyğunlaşdırılmış binaya köçürülmüşdü. İcra hakimiyyətinin başçısı Xəzər Aslanovun hökumət orqanlarına müraciəti nəzərə alınaraq yeni binanın tikintisi reallaşdırılmağa başlayıb.
İndi də məktəb tikintisi barədə. Yuxarıda qeyd etmişdik ki, son beş ildə Yardımlıda 52 məktəb inşa olunub. Bu il regionların inkişafı Dövlət Proqramına uyğun olaraq, Arus kəndində ən müasir tələblər səviyyəsində, 360 şagird yerlik yeni məktəb binası tikilərək, Bilik Günündə istifadəyə verilib. Rayonun Honuba, Horavar, Osnağaran və Ləzir kəndlərində də yeni məktəblərin inşası sürətlə davam edir. Bu günlərdə həmin məktəb binalarından ikisi - Osnağaran və Horavar kənd məktəbləri artıq qapılarını müəllim və şagirdlərin üzünə açıb.
Hər iki qədim yaşayış məntəqəsində dünyəvi məktəb açılışı ötən əsrin 30-cu illərinə təsadüf edir. Yaşlı sakinlərin sözlərinə görə, bu məktəblər sovet hökumətinin savadsızlığa qarşı mübarizəsi məqsədilə açılmışdı və əhalinin müxtəlif yaş qrupları savad öyrənməyə cəlb edilməklə bərabər, uşaqlara da dərslər keçirilirdi. Uyğunlaşdırılmış binalarda yerləşən bu məktəblər müasir tələblərə qətiyyən cavab vermirdi. İllərcə əsaslı təmir aparılmadığından təhsil ocaqlarında qəzalı vəziyyət yaranmışdı. İndi isə, budur, hər iki kənddə müasir tipli ikimərtəbəli məktəblər istifadəyə verildi. Osnağaranda ötən ilin iyun ayından tikintisinə başlanan məktəb 180 yerlik, Horavarda isə inşasına ötən ilin may ayında start verilən məktəb 220 yerlikdir.
Açılış mərasimlərinə toplaşan şagird, müəllim və valideynlər rayon rəhbərliyini, habelə məktəbləri tikən "Azəraqrartikinti" Səhmdar Cəmiyyətinin nümayəndələrini sevinclə qarşıladılar. Uşaqlar şeirlər söylədilər. Məktəblərdə 10-12 sinif otağı, kitabxana, bufet, fizika kabinetləri, kimya və biologiya laboratoriyaları, kompyuter otaqları yaradılıb. Ən müasir tədris avadanlığı, geniş idman zalları var, istilik sistemi ilə təchizat nəzərə alınıb. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov və "Azəraqrartikinti" SC-nin vitse-prezidenti Şamo Xəlilov mərasim iştirakçılarının qarşısında çıxış etdilər. Təhsilə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə hədsiz minnətdarlıq duyğuları ifadə olundu. Bildirildi ki, hazırda tikilən digər məktəblərdə də son tamamlama işləri gedir.
Yardımlıda inkişaf tempi sürətlənir. Əhaliyə kommunal xidmətinin yaxşılaşdırılması və şəhərin təmizliyinin qorunması üçün dövlət başçısının tapşırığı ilə ötən il rayona iki, bu il isə dörd xüsusi kommunal təyinatlı maşın ayrılıb və gətirilib. Rayonda köhnə ATS-lərin tamamilə elektronlaşdırılması məqsədilə işlər davam edir. Horavarda yeni bina inşa olunub, Sırıq, Bərcan, Alar kəndlərində binalar əsaslı, beş kənddə isə cari təmir edilib. Artıq rayona 736 nömrə tutumu olan beş müasir elektron ATS gətirilib. Bu ATS-lər Bərcan, Astanlı, Sırıq, Köryədi və Kürəkçi kəndlərində quraşdırılmaqdadır. Bu il dörd kənddə yeni poçt binaları tikilib. Bununla da təzələnən poçt məntəqələrinin sayı 11-ə çatıb.
Bu il Yardımlıda 1 hüquqi və 51 fiziki şəxs qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. Avqust ayında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iştirakı ilə maraqlı tədbir keçirilib və 27 sahibkara güzəştli şərtlərlə kreditlər verilib. Hazırda alınmış kredit hesabına süd qəbulu məntəqəsinin tikintisi üçün hazırlıq görülür. İlin əvvəlindən rayonda 20 min sentner ət, 100 min sentner süd istehsal olunması aqrar sahənin inkişafından soraq verir. Taxıl, kartof, tərəvəz və meyvə istehsalı da xeyli artıb. Prezident sərəncamı ilə əlaqədar olaraq 3046 nəfər kənd təsərrüfatı məhsulu istehsalçısına yanacaq və sürtkü materiallarından istifadəyə görə 121 min manatlılğa qədər birdəfəlik vəsait ödənilib. Əkinçilər indiyədək min hektaradək şumlama və 200 hektaradək payızlıq əkin aparıblar. Əhalinin reproduksiyalı elit toxumla təminatı üçün rayona 500 ton toxum ayrılıb, Beyləqan və Masallıdan da məhsuldar toxumlar əldə edilərək gətirilib.
Maraqlı bir fakt: statistik rəqəmlərə görə, Yardımlıda əhalinin yoxsulluq səviyyəsi təqribən 9 faizdir ki, bu da orta respublika göstəricisindən aşağı rəqəmdir. İki ay öncə dövlət vəsaiti hesabına Honuba kənd sakini, Qarabağ müharibəsi əlili Afət Aşurov üçün fərdi yaşayış evinin tikintisinə başlanıb və bununla da belə evlərin sayı altıya çatıb.
Qışa hazırlıq məqsədilə sərt iqlim şəraiti olan Yardımlıda müxtəlif tədbirlər görülüb. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı üçün xeyli iş görülüb. Su və qaz təchizatının yaxşılaşdırılması da diqqətdə saxlanılır.
"Ekologiya ili" ilə əlaqədar həyata keçirilən tədbirlərin miqyası genişlənir. Yardımlı-Masallı magistral yolu boyunca xeyli yaşıllıq zolağı salınıb. İndiyə kimi 20 minədək ağac əkilib. Köryədi ərazisində əkinlər artırılıb. Şəhərin yeni ticarət mərkəzi ətrafında yerli şəraitə uyğun beş min ağac əkilib. Əkinlərə qulluq işi lazımınca təşkil olunub. Bu payız ağac əkinləri, yaşıllıq zolaqları salınması işləri eyni vüsətlə davam etdirilir.
Yardımlıda abadlıq-quruculuq tədbirlərinin sayəsində rayonun siması xeyli dəyişib. Səliqə-sahman, təmizlik göz oxşayır. Bir sözlə, inkişaf göz qabağındadır.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında