ABŞ-ın sabiq səfiri Azərbaycanı bölgənin uğur modeli adlandırmışdır

Mən Azərbaycan haqda danışmaqdan həmişə məmnunluq duyuram, çünki bu ölkə bölgənin uğur modelidir.
Bu sözləri ABŞ-ın Azərbaycan və Türkiyədə sabiq səfiri Ross Uilson Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzinin keçirdiyi müzakirələrdə çıxış edərkən bildirmişdir. "ABŞ-Azərbaycan münasibətlərinin durumu"nu nəzərdən keçirən müzakirələr Vaşinqtondakı nüfuzlu Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları üzrə Mərkəzində təşkil edilmişdir.
Sabiq diplomat vurğulamışdır ki, 15 ildən çoxdur Birləşmiş Ştatlar coğrafi yerləşməsi, enerji sahəsində potensialı və ABŞ-la münasibətlərə aparıcı yer verdiyinə görə Azərbaycanı vacib strateji tərəfdaş hesab edir.
Cənab Uilson 1990-cı illərdə Azərbaycanın qarşılaşdığı çətinlikləri xatırlatmışdır. Sabiq səfir demişdir ki, ərazilərinin beşdə bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən zəbt olunması, əhalisinin böyük hissəsinin qaçqın və məcburi köçkünə çevrilməsi, yoxsulluğun yüksək səviyyəsi və üstəlik bütün sahələrdə infrastrukturun, demək olar ki, qeyri-funksional vəziyyəti Azərbaycanı olduqca zəiflətmişdi. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin müharibə ilə bacarmaması və səriştəsiz siyasəti, ictimaiyyətdə onlara qarşı etiraz və etibarsızlıq yaratmışdır.
Prezident Heydər Əliyevin rəhbərliyi altında Xəzər hövzəsinin enerji potensialını dünyaya açan "Əsrin müqaviləsi"nin imzalanması isə Azərbaycana yeni həyat vermişdir. Bu siyasətin dividendləri 2000-ci illərdə, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan layihələrinin gerçəkləşməsi ilə artıq aydın hiss edilirdi.
Ross Uilson demişdir ki, yeddiillik fasilədən sonra bu ilin yayında yenidən Azərbaycanda olmuşdur. Son illərdə ümumi daxili məhsulun yüksək templərlə artmasını, əldə edilən irəliləyişi heyrətləndirici hesab edən diplomatın fikrincə, bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları arasında yer alaraq, hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dağıdıcı təsirinə baxmayaraq, bölgədə lider dövlətə çevrilmişdir.
Azərbaycan Prezidentinin ABŞ səfiri kimi ona və onun həmkarlarına istənilən vaxt görüşlərdə kifayət qədər diqqət ayırmasını yüksək dəyərləndirən cənab Uilson etiraf etmişdir ki, ölkələrimiz arasında münasibətlər uzun müddət Azadlığa Dəstək Aktına 907-ci düzəliş və Vaşinqtonun Azərbaycanda birbaşa marağının olmaması ilə məhdudlaşmışdır. Lakin 11 sentyabr hadisələrindən sonra iki ölkənin münasibətlərinin dinamikası dəyişmişdir. Terror aktlarından dərhal sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyev Birləşmiş Ştatlara qeyd-şərtsiz dəstəyini təklif etmişdir. ABŞ Prezidentinin qərarı ilə 907-ci düzəlişin qüvvəsinin dayandırılması Azərbaycanla əməkdaşlıqda, ələlxüsus da, təhlükəsizlik sahəsində yeni perspektivlər açmışdır. Ross Uilsonun sözlərinə görə, 907-ci düzəlişin tam aradan qaldırılmaması rəsmi Bakı və bütün Azərbaycan ictimaiyyətini narazı salan amillərdən biridir. ABŞ-la münasibətləri son zamanlar soyudan həm də Obama hakimiyyətinin Azərbaycanla bağlı siyasətində bir sıra səhvlərə yol verməsi, ABŞ-ın Türkiyə-Ermənistan sərhədinin açılmasına səy göstərməsi, Bakıda ABŞ səfiri vəzifəsinin bir ildən çox boş qalmasıdır. ABŞ-ın vasitəçilik etdiyi Dağlıq Qarabağla bağlı danışıqlarda irəliləyişin olmaması da burada öz təsirini göstərir.
Sabiq səfir vurğulamışdır ki, bundan sonra Vaşinqtonun Azərbaycana dair siyasəti bir sıra istiqamətlər üzərində cəmləşməlidir: Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi səyləri dəstəklənməli, anti-terror koalisiya qüvvələrinin Şimal Təchizat Marşrutunda Azərbaycanın rolu artırılmalı, Dağlıq Qarabağ münaqişəsində Əsas Prinsiplər üzrə razılaşmanın əldə edilməsi üçün səy göstərilməli və Bakıya tezliklə ABŞ səfirinin göndərilməsinə nail olunmalıdır. Bütün bu addımlarla Azərbaycan çətin bölgədə tək olmadığında əmin edilməlidir.
Ross Uilson mühazirədən sonra Corctaun Universitetinin tələbə və müəllim heyətinin suallarını cavablandırmışdır.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında