Şriftin ölçüsü:
30.11.2010 06:24 | Oxunma sayı: 420
Misirin "Əl-Məsəiyyə" qəzetində bu sərlövhə ilə ermənilərin daha bir məkrliliyinin üstünü açan məqalə dərc olunmuşdur.
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyindən bildirmişlər ki, bu günlərdə ölkənin nüfuzlu "Əl-Məsəiyyə" ("Axşam") qəzetində baş redaktorun müavini Məhəmməd Sələmənin "Satış üçün nüvə bombaları" adlı geniş məqaləsi dərc olunmuşdur.
Misir mətbuatında tanınmış və peşəkar jurnalist sayılan, Dağlıq Qarabağ münaqişəsi kimi beynəlxalq problemlərə baxışlarında obyektivliyi və prinsipiallığı ilə seçilən M.Sələmənin bu məqaləsində iki erməni qaçaqmalçının gizli yollarla Ermənistandan Gürcüstana zənginləşdirilmiş uran keçirərək, beynəlxalq terror qruplaşmalarına satmağa cəhd göstərməsindən bəhs olunur.
AzərTAc həmin məqaləni təqdim edir.
Gürcüstan hüquq-mühafizə orqanları nüvə bombalarının istehsalında istifadə olunan uranla alver edən erməni bandasını tutmuşlar. Tam məxfi və təcili istintaqa cəlb edilən, biri iş adamı, digəri isə universitet professoru, fizik olan müttəhimlər Yerevandan Tbilisiyə gedən qatarda xüsusi konteynerlərdə olan zənginləşdirilmiş uran qaçaqmalçılığını həyata keçirdiklərini etiraf etmişlər.
Kütləvi qırğın silahlarının istehsalında istifadə edilən maddənin ekstremist qruplaşmaların əlinə keçməsi ilə bağlı beynəlxalq təhlükə fonunda bu problem böyük narahatlıq doğurmuşdur. Gürcüstan Prezidenti M.Saakaşvili bu yaxınlarda Vaşinqtonda keçirilmiş nüvə sammitində iştirak edən dövlət başçılarını problemin mahiyyəti ilə yaxından tanış etmişdir.
Hadisənin detalları nüvə bombalarının hazırlanmasında istifadə olunan maddələrin "qara bazar"da, xüsusən də böyük qüvvələr tərəfindən himayə edilən, Amerika və Avropada qolları olan beynəlxalq mafiyaların fəaliyyət göstərdiyi Ermənistanda mövcudluğunu və həmin maddələrin sözügedən banda ilə ekstremist qruplaşmalar arasında vasitəçilərə çatdırılması məqsədi ilə Ermənistandan Gürcüstana nəql edildiyini üzə çıxarmışdır.
Problemdə ən təhlükəli məqam isə bu maddələrin Ermənistan sərhədində radioaktiv maddələri aşkar edən cihazlardan asanlıqla yan keçə bilməsidir. Təhqiqatçılar qaçaqmalçılıq yolu ilə keçirilmiş və yaxud Ermənistan vasitəsilə "qara bazar"da satılmış uranın miqdarını müəyyənləşdirməkdə acizdirlər və ümumiyyətlə, bu maddənin ekstremist qruplaşmalara gedib çatdığını təsdiq edən məlumatlar da yoxdur.
Dünyada və dəqiq desək, Rusiyada nüvə obyektlərində təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsinə milyardlarla dollar vəsait xərclənmişdir. Bu obyektlərdən nə qədər uran oğurlandığı bilinmir, lakin müttəhimlər təchizatçıda böyük həcmdə uran olduğunu bildirmişlər və müsadirə olunmuş uranı müayinədən keçirən ABŞ orqanları 18 qram çəkisi olan bu maddənin 90 faizədək zənginləşdirildiyini və nüvə başlığının hazırlanmasında istifadə edilə biləcəyini bəyan etmişlər.
Burada belə bir sual yaranır: Xüsusi qorunan anbarlardan uran oğurluğu necə baş vermiş və Yerevan Fizika İnstitutunun professoru minlərlə insanı öldürən bir bombanın hazırlanmasında istifadə edilən uranı satmağa çalışan cinayətkar banda üzvünə çevrilməyi özünə necə rəva bilmişdir? İstintaq zamanı müəyyən edilmişdir ki, uran oğurluğunun arxasında var-dövlət və müttəhimlərin problemlər içində olmaları durur. Belə ki, iş adamı olan müttəhim qumarda bütün sərvətini uduzmuş, fizik isə tezliklə varlanmaq istəyirmiş. Aparılan təhqiqatlar həm də onu göstərir ki, Sovet İttifaqının dağılmasından dərhal sonra, ötən əsrin 90-cı illərinin əvvəllərində nüvə anbarları qanun pozuntularına və soyğuna məruz qalaraq, böyük miqdarda uran oğurlanmış və bu da öz növbəsində həmin maddələrin dinc insanlara qarşı hücumlarda istifadəsindən çəkinməyən ekstremist qrupların əlinə keçməsi təhlükəsini doğurmuşdur.
Vaşinqton bu təhlükə barəsində xəbərdarlıq edərək, nüvə bombalarının onları istənilən yolla əldə etməyə çalışan ekstremistlərə yetişməsinin mümkünlüyünü bəyan etmişdir.
Buradan başlayaraq, dünyada ən təhlükəli cinayət əməlləri törədən erməni bandaları üzərinə işıq düşmüş və bu günlərdə erməni quldur dəstələri tərəfindən Amerika banklarından birindən 35 milyon dollar pulun oğurlanaraq, dərhal Ermənistana ötürüldüyü xəbəri yayılmışdır. Bu cür cinayətlərə laqeyd yanaşma beynəlxalq təhlükəsizlik və sülhü təhdid mənbəyinə çevrilə bilər, ona görə də ABŞ və Avropa onların ərazisində qitələrarası cinayətlər törədən beynəlxalq mafiyaların qarşısını almalıdır. Burada erməni lobbisinin nüfuzu ticari bir nüfuz deyil və buna qonşu Azərbaycana təcavüz və Dağlıq Qarabağın işğal edilməsi kimi çoxlu misallar gətirmək olar. Silahlı dəstələrə malik olan həmin bandalar 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin tərkibində Xocalı soyqırımını törətmiş və digər yerlərdə yüzlərlə insanı qətlə yetirməklə Qarabağın azərbaycanlı əhalisinə qarşı terrorda iştirak etmişlər. Nəticədə onlar dünyanın gözü qarşısında Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonunun işğalına nail olmuşlar.
Uran qaçaqmalçılığı probleminə gəldikdə isə, daha bir beynəlxalq böhranla qarşılaşmamaq üçün nüvə bombalarının ekstremist qrupların əlinə keçməsinin qarşısının alınmasında beynəlxalq səylərin birləşdirilməsinə ehtiyac vardır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.