Ölkəmizdə keçirilən parlament seçkiləri də belə deməyə əsas verir
Dünyanın tanınmış sosioloqları apardıqları araşdırmalar nəticəsində belə qərara gəliblər ki, cəmiyyətin inkişafı, müasir dəyərlər səviyyəsinə yüksəlməsi ilə demokratiyanın inkişafı paralel gedir. Məsələyə qlobal səviyyədə yanaşdıqda görürük ki, demokratik meyarların hakim olduğu ölkələrin ictimaiyyəti ayrı-ayrı fərdlərin hüquqlarının qorunması, insanların həyat şəraitinin yaxşılaşdırılması, onların tələblərinin yerinə yetirilməsi məsələlərinə daha həssas yanaşır, bir sıra sahələrdə ictimai fikir aparıcı rol oynayır. Beləliklə, inkişaf edən cəmiyyət-dövlət münasibətləri ümumi problemlərin həllinə müsbət təsir göstərir və yeni inkişaf strategiyasını stimullaşdırır. Demokratik dövlətlərdə mühüm qərarlar da hakimiyyətlə ictimaiyyət arasında əldə olunan ümumi konsensus əsasında qəbul olunur. Bu səbəbdən həyata keçirilən istənilən siyasi akt nəticə etibarilə daha uğurla yekunlaşır.
Sevindirici haldır ki, cəmi 19 illik müstəqillik tarixi olan Azərbaycan Respublikası onilliklərin sınağından çıxmış qüdrətli demokratik dövlətlərdə formalaşan bu dəyərləri qısa zamanda mənimsədi və onu daha qabaqcıl meyarlarla zənginləşdirərək inkişaf etdirdi. 4-cü çağrış Milli Məclisə keçirilən seçkilər də bunu sübut edir.
Seçki prosesinin uğurla başa çatmasına şərait yaradan seçki məcəlləsi yuxarıda qeyd etdiyimiz kimi, cəmiyyətin konsensusu nəticəsində ortaya çıxdı. Bu sənəddə istər ölkəmizdəki fərqli mövqedə olan ictimai-siyasi dairələrin, istərsə də ayrı-ayrı fərdlərin siyasi-hüquqi maraqları tam təmin olunub.
Digər tərəfdən, ölkəmizin qazandığı seçki təcrübəsi də seçki prosesinin yüksək səviyyədə nəticələnməsinə rəvac verdi. Prosesdə birbaşa iştirak edən hazırlıqlı kadrların, mütəxəssislərin, təcrübəli siyasətçilərin kifayət qədər olması və ümumilikdə cəmiyyətin demokratik dəyərləri mənimsəməsi, insanların qanunlara riayət etməsi seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirdi. Buna görə də əvvəldən axıradək seçkiləri izləyən 1024 beynəlxalq müşahidəçinin böyük əksəriyyəti öz rəyində hər şeyin qanunauyğun şəkildə baş tutduğunu bildirdi. Xüsusi vurğuladılar ki, parlament seçkilərində seçkiqabağı proses və seçki günü çox sakit şəraitdə keçdi, zorakılıq halları qeydə alınmadı. Seçicilər heç bir maneə olmadan tam sərbəst şəkildə səsvermədə iştirak etdilər və istədikləri namizədə səs verdilər. Bu zaman heç kəsə təsir və ya təzyiq göstərilmədi.
Parlament seçkiləri ilə bağlı müşahidəçilərin müsbət rəy bildirmələri səbəbsiz deyildi. Qeyd etdiyimiz kimi, seçki prosesini izləyən hər bir nümayəndə reallıqları öz gözləri ilə gördü və bunu beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırdı. Onlardan biri, AŞPA müşahidə missiyasının rəhbəri Pol Vill də vurğulayıb ki, seçkilərin gedişində ciddi problem olmayıb. Onun fikrincə, buna səbəb Azərbaycan iqtidarının demokratik seçkilərə yüksək səviyyədə hazırlaşmasıdır: "Texniki baxımdan Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin təşkil edilməsi beynəlxalq standartlara uyğundur. Bütün müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycan demokratikləşməyə aparan doğru yoldadır".
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri də seçki günü 300-dək seçki məntəqəsində parlament seçkilərinin gedişini müşahidə etdilər. Seçki prosesinin normal və demokratik keçdiyini deyən büronun direktoru Yanes Lenrçiç bildirib ki, missiyanın 400-dək üzvü Bakıda və regionlarda səsvermə prosesini izləyib. Həmin müşahidəçilərin fikrincə, seçki prosesi normal və demokratik keçib. ATƏT-in müşahidə missiyasının ilkin hesabatında da bu faktlar öz əksini tapıb. Hesabatda bildirilir ki, Azərbaycanda noyabrın 7-də keçirilən parlament seçkilərində seçki məntəqələrinin 90 faizində proses qanunauyğun qaydada gedib. Məntəqələrin cəmi 10 faizində qanun pozuntuları qeydə alınıb ki, bu da araşdırılıb və qanunauyğun olaraq tədbir görülüb. Azərbaycan Respublikası Mərkəzi Seçgi Kommisiyası belə məntəqələrdən 46-sında seçkilərin nəticələrini ləğv etmişdir.
Seçkilərin gedişi və nəticələri ictimaiyyət tərəfindən də yüksək qiymətləndirildi, cəmiyyətdə məmnunluqla qarşılandı. AXCP-Müsavat bloku isə əvvəlki şakərindən əl çəkməyərək yenə də nəticələrə etiraz etdi. Lakin bu, ictimai rezonans doğurmadı. Çünki həmin blok və onun namizədləri seçicilər tərəfindən dəstəklənmirdi. Necə deyərlər, təəssübkeşləri də yox dərəcəsində idi. Şübhəsiz, buna səbəb AXCP-Müsavatın və onların liderlərinin siyasi keçmişi idi.
Seçicilərin dəstəyini ala bilməyən blokun liderləri isə siyasi mədəniyyət nümayiş etdirərək öz məğlubiyyətləri ilə barışmaq, növbəti seçkilərdə bu vəziyyətə düşməmək üçün çatışmazlıqları ortadan qaldırmaq, siyasi taktikanı dəyişmək yerinə yenidən vay-şivən qopardılar. Bu, onların ictimaiyyət arasında daha da nüfuzdan düşməsinə səbəb oldu. Ancaq bunun əksinə olaraq, onlar məğlubiyyətlərini etiraf edəcək siyasi mədəniyyət nümunəsi göstərsəydilər, bəlkə də ictimaiyyətin hörmətini qazana bilərdilər.
Təbii ki, hər bir siyasi partiyanın ictimaiyyət arasında öz nüfuzu var və seçki kampaniyasında bu özünü nümayiş etdirir. Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzu hamıya məlumdur. Partiyanın böyük nüfuza malik olmasının isə əsaslı səbəbləri vardır. Üzvlərin sayı yarım milyonu çoxdan keçən YAP-ın hakimiyyətə gəldiyi 1993-cü ilin yayından bugünədək Azərbaycan böyük inkişaf yolu keçmişdir. Ölkəmiz parçalanmaq, dövlətimiz müstəqilliyini itirmək təhlükəsi qarşısında qaldığı bir vaxtda partiyanın lideri, ulu öndərimiz Heydər Əliyevin nüfuzu və məqsədyönlü siyasəti sayəsində bu təhlükələr ortadan qaldırılmışdır. Ötən dövr ərzində iqtisadiyyatımız kifayət qədər güclənmiş və hətta qlobal maliyyə böhranı bir sıra fövqəldövlətlərdə təşvişə səbəb olduğu vaxtlarda bizdə hər şey öz axarında davam etmişdir. Bu gün bütün dünyada maaşların, pensiyaların azaldılması istiqamətində addımlar atıldığı, qərarlar qəbul edildiyi bir vaxtda bizdə, əksinə, maaşlar, pensiyalar, orta aylıq əməkhaqqı artırılır. Ordu quruculuğu məsələsi də məhz ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən həyata keçirilməyə başlanıldı. Bu gün Azərbaycan Cənubi Qafqazın ən qüdrətli Silahlı Qüvvələrinə malikdir. Ölkəmiz dünyadakı bir çox siyasətçilər və ekspertlər tərəfindən əfsanə hesab olunan qlobal layihələri reallaşdırdı. Uğurlu daxili və xarici siyasətin həyata keçirilməsi beynəlxalq aləmdə nüfuzumuzun xeyli artması ilə nəticələndi. Bu gün Azərbaycanın razılığı olmadan Cənubi Qafqazda heç bir qlobal və ya regional layihələr reallaşdırıla bilməz. Buna görə də bütün qüdrətli dövlətlər bizimlə hesablaşırlar.
Bütün bunlar isə YAP-ın hakimiyyətdə olduğu illərdə gerçəkləşdi. Reallığı düzgün qiymətləndirən cəmiyyət də təbii olaraq lazımi məqamda keçmişdəki təcrübəni və gələcək perspektivləri nəzərə alaraq yenidən YAP-ı dəstəklədiyini, onun lideri Prezident İlham Əliyevə həmişə etimad göstərdiyini bir daha nümayiş etdirdi. Gəlin görək, parlament seçkilərində məğlubiyyətə uğrayan partiyalardan hansı YAP qədər bu və ya digər nailiyyətlərə imza atıb. 1992-93-cü illərdə AXC-Müsavat cütlüyü də hakimiyyətdəydi. Ancaq o vaxtlar cütlüyün səriştəsizliyi nəticəsində Azərbaycan məhvə doğru gedirdi. Büdcə vur-tut 150 milyon dollar idi, ancaq bu gün artıq 15 milyard dolları keçib, yəni ən azı 100 dəfə artıb. Bu düşərgənin adı həmişə dağıdıcılıqla, xəyanətlə, dövlət çevrilişində iştirakla anılıb. Bunu da ictimaiyyət görür, bilir və buna görə də seçicilər öz mövqeyini sərbəst şəkildə bildirərək radikallığa, dağıdıcılığa "yox", yüksəlişə, inkişafa isə "hə" deyir. Məntiqlə düşünən istənilən şəxs də bunun belə olduğunu təsdiq edə bilər.
Seçkiləri siyasi partiyaların yarışı adlandırmaq da olar. Bu yarışda, necə deyərlər, ancaq güclülər qalib gəlirlər. Bu baxımdan, cəmiyyətin nəbzini tutmaq üçün seçkilərdə bütün tərəflərin, siyasi partiyaların iştirakı əhəmiyyət kəsb edir. 7 noyabr parlament seçkilərində də belə oldu. Seçki prosesinə 20-dən artıq siyasi partiyanın təmsilçisi qatıldı. Bu, həm seçiciyə geniş seçim imkanları verdi, həm də müxtəlif siyasi görüşlərə malik olan insanların parlamentdə təmsil olunmaq şansını artırdı. Yuxarıda qeyd etdiyimiz kimi, əsaslı səbəblərə görə, YAP-dan seçilən millət vəkillərinin sayı çox oldu. Yəni seçkinin mütləq qalibi bu partiya və onun siyasi platformasını dəstəkləyən bitərəf çoxluq oldu. Ancaq konstruktiv müxalifətdən seçilən namizədlər də vardır. Bununla xalq siyasi partiyalara bir mesaj ünvanlamış oldu. Mesaj budur: Azərbaycan xalqı bugünkü iqtidara alternativ görmür.
{nl}
Rauf ƏLİYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.