Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi protokolun imzalanması mərasimində dünyanın nüfuzlu ekspert və hüquqşünasları iştirak edirdilər
Müstəqil Azərbaycan Respublikası öz parlamentini - Milli Məclisi dördüncü dəfə formalaşdırmaq üçün aylardan bəri həyata keçirdiyi hazırlıq işlərinin müsbət nəticələrini görmək üzrədir. Artıq bütün mərhələlər geridə qalmışdır və Konstitusiya Məhkəməsinin noyabrın 22-də Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilən protokolu təsdiq etməsindən sonra Milli Məclisin yeni tərkibi elan ediləcək. Yazının birinci cümləsində işlətdiyimiz "müsbət nəticələr" ifadəsinə gəlincə isə qeyd edək ki, seçkinin sakit şəkildə keçməsi, çoxsaylı beynəlxalq müşahidəçilər və xarici mətbuat təmsilçiləri tərəfindən müsbət qiymətləndirilməsi, parlamentin yeni tərkibinin 10-dan çox siyasi partiya təmsilçilərindən və bitərəflərdən formalaşması çox müsbət nəticədir. Yada salaq ki, Ermənistanda keçirilən prezident və parlament seçkilərindən sonra ölkədə dəfələrlə qan tökülməsi, qırğın törədilməsi və insanların uzunmüddətli etiraz aksiyalarına çıxması faktlarını unutmayan dünya ictimaiyyəti və öz seçicilərimiz 7 noyabr parlament seçkilərinin nəticələrini yüksək səviyyədə qiymətləndirirlər.
Bu məqamda bütün məsələlərə tənqidi şəkildə yanaşmağı tövsiyə edən ulu öndər Heydər Əliyevin bir ifadəsi yada düşür. Ümummilli lider tövsiyə edirdi ki, biz öz uğurlarımızı geridə qalanlarla müqayisə etməməliyik, irəlidə gedənlərin təcrübəsinə doğru inkişaf etməliyik. Yəni bu sətirlərin müəllifi kimi Ermənistandakı seçkilərdən sonra baş verənləri yada salmaqla bərabər (bu gün Ermənistan sözün həqiqi mənasında ən geridə qalan ölkədir) öz nailiyyətlərimizi demokratik dəyərlərin cəmiyyət həyatına tətbiq edilməsində xüsusi uğurlar əldə etmiş ölkələrin təcrübəsi ilə də müqayisə etməliyik. Sevindirici haldır ki, bu şəkildən olan müqayisələr də bizə üz ağlığı gətirir. 2008-ci ilin oktyabrında keçirilmiş prezident seçkilərində müşahidəçi kimi iştirak etmiş almaniyalı parlamentari çoxsaylı mətbuat təmsilçiləri qarşısında söyləmişdi ki, mən bu səviyyəli seçkiləri öz vətənimdə də müşahidə etməyi arzulayıram. Onun ABŞ-dan olan həmkarı isə müşahidə etdiyi seçki prosesini qiymətləndirərkən özünün vətəndaşlıq hisslərini daha üstün tutmuşdu: "Mən Azərbaycanda Birləşmiş Ştatlarda keçirilən seçki səviyyəsində açıq və demokratik seçkinin şahidi oldum". ABŞ və Almaniyadan olan müşahidəçilərin iki il əvvəl söylədiyi fikirləri yada salmağımız təsadüfi deyil. Belə ki, həmin iki müşahidəçinin 7 noyabr parlament seçkilərini izləmiş həmvətənləri indi öz qiymətlərini başqa cürə ifadə etmişlər: "Azərbaycanda keçirilən bütün seçkilər kimi 2010-cu il parlament seçkiləri də özündən əvvəlki seçkiyə nisbətən daha açıq və daha demokratik şəkildə keçirilmişdir". Yəni iki il əvvəl əcnəbilərdən eşitdiyimiz yüksək qiymət indi daha yaxşı şəkildə ifadə edilir.
Demokratik seçki təcrübəsi olan ölkələrdən biri də dünyanın əsas inkişaf, tərəqqi və demokratiya mərkəzlərindən olan Fransa Respublikasıdır. Bu ölkədə bir əsrdən də çox işıq üzü görən "Le Mond", "Le Fiqaro" və son dövrlərin ən populyar mətbuat vasitələrindən olan "Les Echos" qəzetləri Azərbaycanda keçirilmiş 7 noyabr parlament seçkilərini geniş işıqlandırmışlar. Yəqin ki, hörmətli oxucu bu ifadənin fərqinə vardı. Avropalı ekspertlər və mətbuat vasitələri öz tələblərinə cavab verməyən istənilən siyasi kampaniya barədə sadəcə söz açır, xəbər yayırlar. Onların marağı və tələbi səviyyəsində olan məsələləri isə işıqlandırırlar. Bu işıqlandırmanın əvvəlində Azərbaycanın Avropa üçün olan əhəmiyyəti, bu ölkədəki mövcud iqtidarın Avropaya inteqrasiya məsələsinə verdiyi önəm, Xəzərin Azərbaycan sektorundan hasil edilən neft və qazın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol xatırladılır və sonra qeyd olunur: "Seçkidə Prezident İlham Əliyevin rəhbər olduğu Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır". Yəni yazının əvvəlindəki "hazırlıq" işlərindən sonra Prezident İlham Əliyevin rəhbər olduğu partiyanın qalib gəldiyinin qeyd edilməsi bu nəticənin alqışlanması kimi qəbul edilir. "Le Mond"dan fərqli olaraq "Le Fiqaro" fransalı oxucuya Azərbaycan və onun müasir dünya siyasətində tutduğu yer barədə söz açmağa, yəni, oxucunu hazırlamağa ehtiyac görmür. Əvəzində başqa məqama ehtiyac görür: "Beynəlxalq müşahidəçilər Azərbaycanda seçki sisteminin daha da təkmilləşdiyini, bunun isə ölkədə gedən demokratik islahatların dərinləşməsinə zəmin yaratdığını söyləmişlər".
Bu qısa yazıda ABŞ, Almaniya və Fransa mütəxəssislərinin Azərbaycanda keçirilmiş parlament seçkiləri barədə fikirlərini yada saldıq. Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrin müşahidəçiləri və mətbuat vasitələri də Azərbaycanda seçkinin ədalətli və demokratik şəkildə keçirilməsi üçün dövlətin istəyi, xalqın iradəsi və xüsusən, hüquqi bazanın olduğu barədə ətraflı söz açdılar. Qitə miqyaslı beynəlxalq təşkilatların təmsilçiləri də həmçinin, əsas fikirləri isə odur ki, noyabrın 7-də Azərbaycanda xalqın iradəsi qalib gəldi. Bəs əcnəbi ekspertlərin və müşahidəçilərin bu qənaətinin əsasında nə dururdu?
Bu sualın cavabını Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qurumun noyabrın 22-də keçirilmiş növbəti iclasında söylədiyi fikirlərdən almaq mümkündür. Orada qeyd edilir ki, bu siyasi kampaniyaya hazırlıq dövründə seçki subyektlərinin maarifləndirilməsindən ötrü genişmiqyaslı proqram həyata keçirilmiş, bu istiqamətdə beynəlxalq təşkilatlar və dövlət qurumlarının da iştirak etdiyi çoxsaylı tədbirlər təşkil edilmişdir. Seçkiqabağı təşviqat dövründə namizədlər bərabər rəqabət şəraitində mübarizə aparmış, Azərbaycanın seçki tarixində ilk dəfə olaraq onlara əlavə təşviqat imkanı yaradılmışdır. Namizədlər seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziyanın efirindən ödənişsiz əsaslarla istifadə etmişlər.
Beynəlxalq müşahidəçilərin də qeyd etdiyi kimi seçkilər zamanı aşkarlığın təmin edilməsi üçün bütün tədbirlər görülmüş, qanuna müvafiq şəkildə mövcud seçki məntəqələrinin 10 faizindən çoxunda veb-kameralar quraşdırılmış, müşahidəçilərin sərbəst fəaliyyəti üçün şərait yaradılmışdır. Bunun da nəticəsində səsvermə günü 21 beynəlxalq təşkilatdan 1029 müşahidəçi və 50 mindən artıq yerli müşahidəçi səsvermənin gedişini izləmişdir. Dünyanın ən aparıcı mətbuat vasitələrinin 43-ü öz təmsilçilərini bu seçkini izləmək və işıqlandırmaq üçün göndərmişdir. Yerli mətbuat vasitələri üçün isə seçki prosesi tamamilə açıq elan edilmiş, yəni jurnalistlər üçün heç bir məhdudiyyət qoyulmamışdır. Həm yerli, həm də əcnəbi jurnalistlər səsvermənin gedişini və yekunlarını ümumən müsbət qiymətləndirmişlər. Mərkəzi Seçki Komissiyası seçkidən ötən 15 gün ərzində həm dairə seçki komissiyalarından gələn protokolları diqqətlə yoxlayaraq qiymətləndirmiş, həm də bəzi məntəqələrdə səsvermə günü hansısa qayda pozuntusu olduğu barədə göndərilmiş şikayət ərizələri öyrənilərək cavablandırılmışdır.
Mərkəzi Seçki Komissiyasının dördüncü çağırış Milli Məclisə keçirilmiş seçki ilə bağlı sonuncu iclasını əhəmiyyətli edən məqamlardan biri də o idi ki, komissiyanın adı çəkilən iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki Müşahidə Missiyasının, ABŞ səfirliyinin, Milli Demokratiya İnstitutunun (ABŞ) təmsilçiləri, Avropa Şurası Baş katibinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər. Yəni seçkiyə hazırlıq və səsvermə prosesləri kimi yekun protokolun imzalanması da dünya ictimaiyyəti üçün açıq olmuşdur.
Beləliklə, müstəqil Azərbaycan dövləti özünün dördüncü parlament seçkilərini də heç bir qanun pozuntusuna yol vermədən, siyasi mədəniyyət nümayiş etdirərək, beynəlxalq seçki praktikasına ehtiramla yanaşaraq, ən başlıcası isə xalqın iradəsinin ifadə olunmasına şərait yaradaraq başa çatdırdı. Dövlət bu iş üçün qətiyyət nümayiş etdirdi, xalq isə öz iradəsini ortaya qoydu. Prezident İlham Əliyevin ölkədə keçirilən bütün seçkilər kimi bu seçkiyə hazırlıqdan etibarən seçicilərin öz istədiyi namizədə səs verməsinədək bütün proseslərdə demokratik dəyərlərin əsas tutulması barədə göstəriş və tövsiyələri öz müsbət nəticələrini verdi. Azərbaycan daha bir demokratik seçki keçirərək beynəlxalq aləmin layiqli təmsilçisi olduğunu bir daha sübut etdi. Dünya ictimaiyyəti bir daha gördü ki, Azərbaycanda Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.