Layihə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin dəstəyi ilə hazırlanmışdır
{nl}
Azərbaycanın sosial-iqtisadi nailiyyətləri hamı tərəfindən qəbul edilir. Lakin vacibi yalnız ildən-ilə yaxşı yaşamaqda deyildir, demokratik inkişafda tərəqqi yolu ilə irəliləmək də az əhəmiyyət daşımır. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilər ərəfəsində vurğulamışdır ki, bu, vacib məsələdir, çünki qarşımıza inkişaf etmiş dövlətlər sırasına daxil olmaq vəzifəsi qoymuşuq. Parlament seçkiləri isə cəmiyyətin demokratikləşmə səviyyəsinin ən mühüm indikatorlarından biridir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov Eleonora Abasquliyevaya Milli Məclisə indiki seçkilərin əhəmiyyətindən, bu seçkilərin əvvəlkilərdən fərqindən söz açmışdır.
ELEONORA ABASQULİYEVA: Siz, seçki prosesini əlaqələndirən qurumun rəhbərlərindən biri kimi, bütün bu vaxt ərzində hadisələrin mərkəzində olmusunuz. Sizcə, indiki parlament seçkilərinin özünəməxsusluğu nədən ibarətdir?
NATİQ MƏMMƏDOV: Ölkədə keçirilən parlament seçkilərinin, eləcə də referendumların təşkilatçısı Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyalarıdır. Lakin bu, heç də o demək deyildir ki, bütün səviyyələrdə seçki komissiyaları yalnız seçkilər keçiriləndə işləyir. Odur ki, işlər rəsmi start elan ediləndən xeyli əvvəl başlanmışdır.
Fəaliyyətimizin prioriteti bəzən bir qədər formal olaraq maarifləndirmə kampaniyası adlandırılan kampaniya olmuşdur. Zənnimcə, bu işin əhəmiyyətini danmaq olmaz. Seçici fəallığına təkcə səsvermədə iştirak deyil, həm də namizədlərin irəli sürülməsi, seçkilərdə müşahidəçi statusunun alınması, pozuntu hallarına yol verilməməsi, rast gəlinən nöqsanlar barədə MSK-nı məlumatlandırmaq və s. daxildir. Sadalanan bütün funksiyaları qanun çərçivəsində icra etmək üçün Seçki Məcəlləsini, normativ-hüquqi aktları, təlimatları bilməlisən. Heç şübhəsiz, seçicilərin əksəriyyəti hüquqşünas deyildir, lakin zəruri hüquqi minimum vardır ki, onu bilmək lazımdır. Odur ki, parlament seçkiləri başlayana qədər həm məntəqə və dairə seçki komissiyalarının əməkdaşları, həm də müxtəlif qəbildən seçicilər arasında maarifləndirmə işləri aparılmışdır. Bu da, heç şübhəsiz, müsbət nəticələr vermişdir.
Sirr deyildir ki, absentizm dünyada getdikcə daha geniş yayılır və ölkəmizdəki parlament seçkilərində seçicilərin 50,14 faizinin səsvermə məntəqələrinə gəlməsi cəmiyyətin bu prosesə böyük marağını göstərir. Zənnimcə, bu, onunla əlaqədardır ki, seçkilərin keçirilməsi mexanizmi seçkidən-seçkiyə təkmilləşir. Milli Məclisə indiki seçkilər təşkilati baxımdan yüksək səviyyədə keçirilmişdir.
İkinci fərq seçkilərdə hökm sürən rəqabət ruhu olmuşdur. Birpalatalı parlamentdə 125 yerə 690 namizəd qeydə alınmışdı. Bütün siyasi partiyalar və müstəqil namizədlər təmsil olunmuşdular.
Daha bir əhəmiyyətli fərq seçki kampaniyasında və səsvermə günü xeyli sayda həm yerli, həm də xarici müşahidəçinin iştirakı olmuşdur. Təbii ki, sonuncuların diqqəti beynəlxalq qurumların və bir çox ölkələrin Azərbaycana, bizdə baş verən hadisələrə böyük maraq göstərdiklərinə dəlalət edir.
E.ABASQULİYEVA: Sizcə, bu seçkilər Azərbaycanın özü, onun vətəndaşları üçün nə kimi əhəmiyyət daşıyır?
N.MƏMMƏDOV: Bu, müstəqil Azərbaycanın tarixində artıq dördüncü parlament seçkiləridir. Şübhəsiz ki, onların keçirilməsindən çox şey asılıdır. Məlumdur ki, ölkəmiz müsəlman Şərqində ilk demokratik respublika olmuşdur. İndi biz sübut etməliyik ki, bu, təsadüfən baş verməmişdir və bizdə demokratik ənənələr həqiqətən güclüdür. Belə bir imicin formalaşması isə öz növbəsində Dağlıq Qarabağa dair danışıqlara müsbət təsir göstərəcəkdir. Seçkilərin demokratik keçirilməsi ölkəmizi beynəlxalq aləmdə sabit cəmiyyət kimi tanıdacaqdır. Bu, həm də o baxımdan əhəmiyyətlidir ki, bizimlə əməkdaşlıq edənlər özlərinə sabit və demokratik yolla inkişaf edən düzgün müttəfiq seçdiklərinə əmin olacaqlar.
E.ABASQULİYEVA: Seçkilərdən əvvəl qarşıya qoyduğunuz bütün məqsədlərə nail oldunuzmu?
N.MƏMMƏDOV: Desəm ki, demokratikləşmə uzun sürən prosesdir və bir anlıq məsələ deyildir, böyük bir sirrin üstünü açmış olmaram. Əsası odur ki, növbəti addım atılmışdır. Mərkəzi Seçki Komissiyası və onun bütün qurumları Milli Məclisə seçkilərə hazırlığı maksimum təmin etmək və yüksək səviyyədə keçirmək üçün səy göstərmişlər. Ekspertlərin əksəriyyəti seçkiqabağı kampaniyanın gedişinin və səsvermənin demokratikliyini və beynəlxalq standartlara uyğunluğunu yüksək qiymətləndirmişlər. Lakin onu da demək olmaz ki, hər şey çox rahat keçmişdir. Elə səsvermənin ertəsi günü üç seçki məntəqəsi üzrə nəticələr ləğv edilmişdir. Bütövlükdə isə biz sabitlik və demokratiya təsisatlarının bundan sonrakı inkişafı yolunda bir pillə də yüksəldik. Əsas məsələ də elə budur.
{nl}
Müşahidəçilərin rəyləri
MİXAİL KROTOV
MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi
-Bu gün Azərbaycanda Milli Məclisə keçirilən seçkilər təsdiq edir ki, ölkə demokratik prinsiplər, bazar iqtisadiyyatının hamı tərəfindən qəbul olunmuş normaları əsasında inkişaf edir. Hər yerdə seçki prosesinin yüksək mədəni səviyyəsini vurğulamaq istərdik. Olduğumuz məntəqələrdə yerli müşahidəçilərdən heç bir narazılıq eşitmədik. Deyə bilərəm ki, seçkilər şəffaf, azad və demokratik keçmişdir. Bu seçkilər tərəfimizdən, eləcə də AŞPA-dakı həmkarlarımız tərəfindən məmnuniyyətlə qəbul edilmişdir. Bu gün seçkilərin qiymətləndirilməsi məsələsinə ədalətli mövqedən yanaşsaq, görərik ki, MDB ölkələri, o cümlədən Azərbaycan demokratik seçkilərin keçirilməsinin bütün tələblərinə cavab verir. Hər halda, Qazaxıstan, Ukrayna, Qırğızıstan və Tacikistandan olan müşahidəçilərimiz heç bir mənfi halla qarşılaşmamışlar.
{nl}
MUSTAFA ATAŞ
Türkiyə parlamentinin üzvü
-Mən 2005-ci ildə də Azərbaycanda parlament seçkilərini müşahidə etmişəm. Bu dəfə səsvermənin gedişini Bakıda, 15 saylı Yasamal birinci seçki dairəsinin 12 və 13 nömrəli məntəqələrində müşahidə etmişəm. Deyə bilərəm ki, ötən beş ildə bu sahədə ciddi müsbət irəliləyişlər baş vermişdir. Müşahidə prosesində bütün siyasi qüvvələrin səsvermənin gedişini sərbəst izlədiklərinin şahidi oldum. Seçkilər şəffaf və demokratik şəraitdə keçdi. Ümidvarıq ki, bu seçkilərin nəticələrinə əsasən təşkil olunacaq parlament Azərbaycanın demokratik inkişafında əhəmiyyətli rol oynayacaqdır.
{nl}
VİKTOR PAPAZOV
Avropa Seçkiləri Müşahidə Akademiyası missiyasının nümayəndəsi
-Müşahidə apardığım seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə alınmamışdır. Seçkilər yüksək səviyyədə təşkil edilmiş, səsvermə azad, demokratik və şəffaf şəraitdə keçmişdir. Sözün doğrusu, Azərbaycanın seçki sistemində daha nəyi təkmilləşdirməyə ehtiyac olduğunu bilmirəm.
{nl}
KRİSTA ŞTİVEN
Bavariya (AFR) parlamentinin deputatı
-Müşahidə apardığımız seçki məntəqələrində səsvermə prosesi fəal və demokratik şəraitdə keçmişdir. Biz demokratik səsvermə prosesinə xələl gətirən hallarla qarşılaşmadıq. Doğrusu, Azərbaycanın seçki sistemi Almaniyanın seçki sistemindən fərqlənmir. Bizdə olduğu kimi, vətəndaşlar deputat görmək istədiyi namizədə səs vermək üçün məntəqələrə gəlirdilər.
{nl}
VASİLİ MORDAŞOV
MDB müşahidə missiyasının rəhbəri
- Seçki prosesini müşahidə etmək üçün Naxçıvana yola düşəndə seçkilərin belə yüksək səviyyədə keçəcəyini təsəvvür etməzdik. Səsvermənin elə ilk saatlarında bir neçə məntəqədə olduq və gördük ki, seçkilərin keçirilməsi üçün necə gözəl şərait yaradılmışdır: yeni binalar ayrılmış, müasir avadanlıqla təchiz edilmiş, komissiya üzvləri arasında maarifləndirmə işləri aparılmışdır. Mən seçki məntəqələrində quraşdırılmış veb-kameralara da rast gəldim. Bu, çox mütərəqqi haldır: seçki prosesini dünyanın hər yerində müşahidə etmək mümkündür. Seçicilərin fəallığı göz qabağındadır. Mən bir çox ölkələrdə seçkilərin gedişini izləmişəm. Amma Naxçıvandakı seçici fəallığını çox az ölkədə görmüşəm. İnsanlar arası kəsilmədən gəlib səsvermədə iştirak edirdilər. Dövlətin muxtar respublikada seçkilər üçün yaratdığı şərait təkcə respublikanın digər regionları üçün deyil, həm də bütün MDB ölkələri üçün örnək ola bilər.
{nl}
VOLFQANQ QROSSRUK
ATƏT PA-nın vitse-prezidenti, ATƏT-in müşahidə missiyasının rəhbəri
- Əvvəlki seçkilərlə müqayisədə indiki seçkiqabağı proses və seçkilərin özü çox sakit şəraitdə keçmiş, kobud pozuntu hallarına yol verilməmişdir. MSK tez-tez görüşlər keçirmiş, qanunla nəzərdə tutulmuş bütün tələbləri yerinə yetirmişdir. 172 deputatlığa namizəddən 43-nün qeydiyyatı bərpa edilmiş, xeyli sayda beynəlxalq və yerli müşahidəçi qeydə alınmışdır. Beynəlxalq müşahidəçilər MSK ilə əməkdaşlıqdan razı qalmışlar. Son parlament seçkiləri ilə müqayisədə qadın namizədlərin sayı 10 faizdən 13 faizədək artmışdır.
{nl}
Səsvermənin statistikası
Noyabrın 7-də keçirilmiş parlament seçkilərində seçicilərin 50,14 faizi, yəni 2,48 milyon Azərbaycan vətəndaşı iştirak etmişdir.
Milli Məclisdə 125 yerə 690 namizəd mübarizə aparırdı. Onların arasında hakim partiyanın, müxalifətin nümayəndələri və müstəqil namizədlər var idi. Bir dairədən qanunverici orqandakı yerə namizədlərin ən çoxu 14 nəfər, azı isə 4 nəfər təşkil etmişdir. Deputatlığa daha çox namizəd Yeni Azərbaycan Partiyasından qeydə alınmışdı - 107 nəfər. Bütövlükdə bütün müxalifət partiyalarından deputatlığa 140 namizəd qeydə alınmışdı.
Seçkilərdə 46 569 yerli və 1026 beynəlxalq müşahidəçi qeydə alınmışdı. Onlar 19 beynəlxalq qurumu, o cümlədən AŞPA, Aİ, TürkPA, ATƏT PA, ATƏT DTİHB, MDB, GUAM kimi qurumları, ABŞ, Böyük Britaniya, Qazaxıstan səfirliklərini və s. təmsil edirdilər. Həmçinin 20-dək xarici KİV-lərin, o cümlədən Röyter, Bi-Bi-Si, "Əl-Cəzirə", TRT, AFG və s. nümayəndələri akkreditə olunmuşdu. Hakim Yeni Azərbaycan Partiyası 125 deputat mandatının 65-dən çoxunu əldə edə bilər, çünki həmin dairələrdə onun namizədləri liderdirlər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva səslərin 94,5 faizini, parlamentin indiki sədri Oqtay Əsədov 84,82 faizini, parlament sədrinin müavinləri Ziyafət Əsgərov 77,7 faizini, Bahar Muradova 61,11 faizini, rus icmasının sədri Mixail Zabelin 65,24 faizini, Yeni Azərbaycan Partiyasının funksionerləri Əli Əhmədov 63,41 faizini, Səyavuş Novruzov 83,23 faizini, Mübariz Qurbanlı 70,81 faizini, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 82,59 faizini, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov 69,93 faizini, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 85,47 faizini və s. toplamışlar. Bundan əlavə, deputat mandatları uğrunda mübarizədə müxalifət partiyalarının bəzi nümayəndələri liderdir. İlkin məlumatlara görə, Vahid Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 75,09 faiz, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə 44,61 faiz, "Böyük Quruluş" Partiyasının sədri Fazil Mustafa 51,74 faiz, "Ümid" Partiyasının sədri İqbal Ağazadə 46,23 faiz, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 63,7 faiz, "Ədalət" Partiyasının sədri İlyas İsmayılov 54,04 faiz səs toplamışlar.
{nl}
Yeni parlament formalaşdı
Bu günlərdə Azərbaycanda baş tutmuş, Seçki Məcəlləsinə uyğun olaraq növbəti parlament seçkilərinin təyin edildiyi 7 noyabr günü aydın və günəşli idi. Payızın əvvəllərindən davam edən xoş ilıq hava, seçkilər gününün istirahət günü ilə üst-üstə düşməsi bəzi ekspertlərin fikrincə, müasir ölçülərlə götürüldükdə seçicilərin səsvermədə kifayət qədər fəal iştirak etməsinə səbəb olmuşdur.
Eleonora Abasquliyeva
-Həmişəki kimi seçki məntəqələrinə səhər ertədən hamıdan tez gələnlər hələ sovet dövründən istənilən seçkiləri bayrama çevirmək xasiyyətlərini qoruyub saxlayan ahıl adamlar idi. Gərgin iş həftəsindən sonra istirahətlərinə davam edən orta nəsil nümayəndələri isə bir çox seçki məntəqələrində günortaüstü görünməyə başladılar. Mərkəzi Seçki Komissiyasının nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzində qurulmuş, səsvermə haqqında məlumatların daim yeniləndiyi böyük monitorda saat 12.00-da seçicilərin 24,6 faizinin səs verməsi haqqında informasiya yerləşdirildi. Həmçinin göstərilirdi ki, həmin vaxt üçün ən çox seçici 1 saylı Şərur-Sədərək seçki dairəsində (41,3 faiz), ən az isə 22 saylı Nəsimi ikinci seçki dairəsində (7,79 faiz) səs vermişdir. Əgər seçkilərin sonuna yaxın səhərki lideri 78,21 faiz seçicinin səs verdiyi 14 saylı Xəzər ikinci seçki dairəsi əvəz etdisə, Nəsimi dairəsi öz "birinciliyini" axıra qədər qorudu - 20,37 faiz.
"Seçkilər" Mərkəzindəki tabloda səsvermənin gedişi barədə informasiya gün ərzində beş dəfə görüntüyə gəlir və operativ surətdə elektron KİV-lərə ötürülürdü. Çap mətbu orqanları məlum olduğu kimi, çərşənbə axşamı çıxırlar. Lakin bu hal həmin nəşrlərin jurnalistlərinə nəinki seçki məntəqələrində olub işin gedişi ilə maraqlanmağa, hətta paytaxtın və regionların praktiki olaraq bütün məntəqələrində kifayət qədər böyük qruplar təşkil edən yerli və beynəlxalq müşahidəçilərdən müsahibələr almağa da maneçilik törətmirdi.
Dairə seçki komissiyalarında akkreditədən keçmiş çoxlu sayda yerli müşahidəçinin (onların arasında müstəqil müşahidəçilər də az deyildi) olması seçkilərin gedişini və seçki bülletenlərinin sayılmasını öz nəzarəti altına götürmüş adi vətəndaşların fəallığından xəbər verir. O ki qaldı praktiki olaraq bütün beynəlxalq qurumları, o cümlədən AŞPA, Aİ, TürkPA, ATƏT PA, ATƏT DTİHB, MDB, GUAM kimi təşkilatları, ABŞ, Böyük Britaniya, Qazaxıstan səfirliklərini və s. təmsil edən ekspertlərə, onların sayı dünya birliyinin dinamik inkişaf edən Azərbaycana, burada gedən ictimai proseslərin demokratikləşməsinə olan artan marağına dəlalət edir.
Müşahidəçilərin iştirakı sayəsində təmin olunmuş şəffaflıq Milli Məclisə budəfəki seçkilərin təşkilini obyektiv qiymətləndirməyə imkan vermişdir. Ekspertlərin əksəriyyəti mətbuatdakı şərhlərində və hazırladıqları hesabatlarda seçki kampaniyasının gedişini və səsvermənin demokratikliyini və beynəlxalq standartlara cavab verməsini yüksək qiymətləndirmişlər. Seçkilərin ertəsi günü səslənən şərhlərdə beynəlxalq təşkilatların, müxalifətin nümayəndələri, yerli müşahidəçilər azad və demokratik seçkilərin keçirilməsi üçün lazım olan bütün tədbirlərin görüldüyünü söyləyirdilər. Həmçinin bəzi pozuntuların olmasını da qeyd edirdilər, lakin vurğulayırdılar ki, onlar kütləvi xarakter daşımamış və seçkilərin nəticələrinə təsir göstərməmişdir. ABŞ Dövlət Departamentinin sanki qabaqcadan formalaşdırılmış qənaət əsasında hazırlanmış bəyanatı bir qədər başqalarından seçilir. Lakin artıq dəfələrlə Qərb ölkələrinin ikili standartları ilə qarşılaşan Azərbaycan üçün burada təəccüblənməli heç nə yoxdur. Özü də demokratik dəyərlər baxımından ölkəmizi inkişaf etmiş ölkələrə yaxınlaşdırmağa çalışanlara olan hörmətimizə baxmayaraq, qeyd etməliyik: demokratik inkişaf yolunda atdığımız hər bir addım, böyüklüyündən, ya kiçikliyindən asılı olmayaraq bizim öz seçimimizdir və çətin ki, bu işdə kim isə bizdən daha çox maraqlı olsun.
Milli Məclisə budəfəki seçkilər şübhəsiz ki, rəqabətli olması ilə seçilirdi. Seçki kampaniyasında hökm sürən rəqabət ab-havasını yerli və beynəlxalq müşahidəçilərin demək olar ki, hamısı qeyd etmişdir. Parlamentdəki 125 yerə 690 namizədin (onların arasında müstəqil namizədlər də vardır) iddia etməsinin özü çox şeydən xəbər verir. Ən çox namizəd hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasından qeydə alınmışdır. Boykot siyasətindən imtina etmiş müxalifət qüvvələri seçkilərdə müxtəlif birliklər şəklində və ayrılıqda iştirak etmişlər.
O ki qaldı MSK-nın hesabatında yer almış ilkin nəticələrə görə Yeni Azərbaycan Partiyasının 125 deputat mandatının yarıdan çoxunu qazana biləcəyinə, burada təəccüblü heç bir şey yoxdur. Məsələ istifadə oluna bilən administrativ resursda da deyildir. Daha vacib olanı odur ki (sosioloji sorğuların nəticələri də bunu təsdiq edir), seçicilər ölkənin sosial-iqtisadi sahədə indiki uğurlarını Yeni Azərbaycan Partiyasının lideri Prezident İlham Əliyevin adı ilə bağlayırlar. Azərbaycan Prezidentinə ölkə vətəndaşlarının 75 faizi etimad göstərir. Bu göstəriciyə görə o, qeyd-şərtsiz liderdir. Üstəlik, Yeni Azərbaycan Partiyasının siyahısında olanların çoxunun adı ölkədə yaxşı məlumdur, onların böyük hissəsi ötən çağırış Milli Məclisin deputatıdır. Təsadüfi deyil ki, Azərbaycanda parlament seçkilərində bütün namizədlər arasında ən çox səs faizini ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva toplamışdır. Yeni Azərbaycan Partiyasının liderliyi barədə MSK-nın rəsmi məlumatını seçki məntəqələrinin çıxışında "exit-poll" keçirən ELS müstəqil tədqiqatlar mərkəzinin məlumatları da təsdiq etmişdir.
Noyabrın 22-də Mərkəzi Seçki Komissiyası Azərbaycan Milli Məclisinə seçkilərin yekun protokolunu təsdiq etmiş və baxılmaq üçün Konstitusiya Məhkəməsinə göndərmişdir. On gün ərzində bu instansiya indiki parlament seçkilərinin son nöqtəsini qoyacaq qərar qəbul etməlidir.
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.