Dünən Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətində 2010-2011-ci ildə rayon təsərrüfatlarının qışa hazırlığının vəziyyəti geniş müzakirə olunmuşdur. Yığıncağı Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirmişdir ki, bu gün Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas məqsədi Azərbaycan xalqının rifah halının durmadan yaxşılaşdırılmasıdır. Dövlət başçısının bizim qarşımıza qoyduğu başlıca vəzifə də məhz xalqa xidmət etmək, vətəndaşlarımızın sosial-məişət problemlərinin vaxtında və yüksək səviyyədə həllinə çalışmaq, onların normal həyat şəraitini təmin etməkdir.
R.Məmmədov xüsusi vurğuladı ki, havaların xoş keçməsinə baxmayaraq, Xətai rayon təsərrüfatları istənilən şəraitdə, havaların kəskin soyumasına, qarın yağmasına, çovğunun olmasına yüksək hazırlıq vəziyyətində olmalıdırlar. Bunlar ilk növbədə rayonun elektrik enerjisi, qaz və su təminatı ilə məşğul olan və buna məsuliyyət daşıyan idarə və təşkilatlarına aiddir. Hər yerdə olduğu kimi, bizim rayon da noyabrın 15-dən qış rejiminə keçib. Elə etmək lazımdır ki, əhali tərəfindən daxil olan hər hansı müraciətə dərhal reaksiya göstərilsin və onların normal məişət şəraitinə əngəl olan hər hansı problem ən qısa zamanda aradan qaldırılsın.
Bugünki yığıncaqda məqsədin də məhz qışa hazırlığın vəziyyəti ilə yaxından tanış olmaq, həll edilməmiş qalan problemləri qısa vaxta aradan qaldırmaqdır, - deyən R.Məmmədov ətraflı məlumat vermək üçün sözü rayon icra hakimiyyəti başçısının müavini Xeyrulla Hüseynliyə verdi. Məruzə ilə çıxış edən X.Hüseynli bildirdi ki, rayon icra hakimiyyəti başçısının 12 noyabr 2010-cu il tarixli sərəncamı ilə 2010-2011-ci illərin qış mövsümünə hazırlıqla əlaqədar "Tədbirlər planı" hazırlanmış, rayon qərargahının tərkibi təsdiq edilmiş, aparatın aidiyyatı struktur bölmələrinə - rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və xidmət sahələrinin rəhbərlərinə rayon ərazisində tabeliyindən asılı olmayaraq, yaşayış binalarının, məktəb, uşaq bağçaları və sosial obyektlərin, binadaxili xətlərin işlək vəziyyətə gətirilməsi, rayon istilik təsərrüfatının etibarlı fəaliyyət göstərməsi, əhalinin müntəzəm elektrik enerjisi, təbii qaz, içməli su və istilik enerjisi ilə təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır.
Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındakı mənzil fonduna daxil olan yaşayış binalarından 128-də su, kanalizasiya və istilik xətlərində cari, 37-də isə əsaslı təmir işləri aparılmış, 4042 paqonometr su, 3932 paqonometr kanalizasiya, 5277 paqonometr istilik xətti, 1380 paqonometr su navalçaları dəyişdirilmiş, 271 kvadratmetr ümumi istifadə olunan yerlər şüşələnmiş, binaların girişlərində 375 ədəd qapı təmir olunmuş, 829 paqonometr tüstü bacası və hava çəkən kanal təmizlənmiş və daxili imkanlar hesabına 15193 kvadratmetr dam örtüyü təmir olunmuşdur.
İstilik mövsümünə hazırlıqla bağlı, "Azəristiliktəchizat" ASC-nin rayon üzrə fəaliyyət göstərən istismar sahələri tərəfindən xidməti ərazilərdə binaların zirzəmilərində aşağı paylayıcı xətlərdə əsaslı təmir işləri aparılmış, 1660 paqonometr istilik xətti dəyişdirilmiş, kanalizasiya xətləri təmir olunmuşdur. Bundan başqa qazanxanalarda, bütün istilik kameralarında, məntəqələrdə avadanlıqlar təmir olunmuş, 885 paqonometr məhəllədaxili istilik xətti dəyişdirilərək, qış mövsümünə hazır vəziyyətə gətirilmişdir.
Bütövlükdə 2009-2010-cu illərdə 503 çoxmərtəbəli yaşayış binasından 355-i 25 orta ümumtəhsil məktəbin, 33 uşaq bağçasından 30-u, 34 səhiyyə müəssisəsi və digər obyektlərdən 20-i istiliklə təmin olunmuşdur. Eyni zamanda 2010-2011-ci ilin istilik mövsümündə investisiya proqramı və daxili imkanlar hesabına əlavə 29 yaşayış binasının istiliklə təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir. Hazırda bir neçə yüksəkmərtəbəli yaşayış binasının istiliklə təmin olunması üçün işlər davam etdirilir. A.Cəlilov, Nobel prospekti, S.Orucov küçələrində yerləşən yaşayış binaları, səhiyyə müəssisələri və digər obyektlərin istiliklə təmin olunması üçün yeni qazanxana binasının tikintisi ilə əlaqədar "Azəristiliktəchizat" ASC ilə birgə fəaliyyət proqramı əsasında işlər davam etdirilməkdədir.
Natiq həmçinin qeyd etdi ki, payız-qış mövsümündə rayon əhalisinin elektrik enerjisinə, mavi yanacağa, içməli suya olan tələbatı, kanalizasiya problemlərinin həlli istiqamətində də xeyli işlər görülmüşdür. Bu gün inamla qeyd edə bilərik ki, əhalinin enerji daşıyıcılarının dəyərini vaxtında ödəməsi bütövlükdə problemlərin tez həll olunmasında çox böyük rol oynamışdır.
Sonra məruzə ətrafında rayonun ayrı-ayrı təsərrüfat və idarə rəhbərlərinin çıxışı dinlənildi. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov ayrı-ayrı idarə rəhbərlərinin işlərindəki nöqsanları, əhalidən daxil olan şikayətləri də çıxışlar zamanı konkret faktlarla qeyd etdi və hər birisinin çox qısa bir zamanda aradan qaldırılmasını və vətəndaşların şikayətlərinə dərhal reaksiya göstərib problemlərinin həllini tələb etdi. Rayon icra hakimiyyətinin başçısı xüsusi vurğuladı ki, hər bir rayon məmurunun vəzifəsi xalqa, vətəndaşlara xidmət etməkdir. Onların sosial-məişət problemlərinin bizim fəaliyyətimizdən asılı olan hissəsini həll etmək bizim borcumuzdur.
Sonda natiq bir daha idarə və təsərrüfat rəhbərlərini cavabdeh olduqları sahələrdə mövcüd nöqsan və problemlərin ən qısa zamanda aradan qaldırılmasını və rayon rəhbərliyinə məlumat vermələrini istədi və bildirdi ki, əsas məqsəd əhalinin qışda heç bir ciddi problem yaşamasına imkan verməməkdir.
{nl}
İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.