Kürün sınağa çəkdiyi Kürdəmirdə istifadəyə verilən yaşayış və sosial obyektlərin sayı durmadan artır
2010-cu ilin aprel-may aylarında təbiətin ağır sınağı şübhəsiz ki, hələ uzun illər kürdəmirlilərin yaddaşından silinməyəcək. Çünki həmin dövrdə Kürdə suyun səviyyəsi artmış, Kürdəmir rayonunun xeyli yaşayış sahəsini və istifadəyə yararlı ərazisini sel suları, zinə və qrunt suları basmış, bir sözlə, əhaliyə ölçüyəgəlməz maddi zərər dəymişdir. Lakin dövlət başçısı İlham Əliyevin bu çətin vəziyyətin tezliklə aradan qaldırılması istiqamətində atdığı qətiyyətli addımlar öz nəticəsini verdi. Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov, müvafiq idarə və müəssisələrin rəhbərləri, həmçinin yerli əhali dövlətin qayğısından ruhlanaraq bütün səylərini səfərbər edə bildilər. Rayon rəhbərinin xüsusi vurğuladığı kimi, el gücü sel gücünə qalib gəldi, gərgin keçən günlər və çəkilən əziyyət öz bəhrəsini verdi. Ən çox narahatlıq doğuran hal, şükürlər olsun ki, yaşanmadı, yəni insan tələfatına yol verilmədi. Təbii ki, bir daha vurğulamağa dəyər ki, bu, məhz "Dəli Kür"ə qarşı inadlı mübarizənin ən sevindirici amili oldu.
... Aradan keçən təxminən altı aylıq zaman məsafəsi çərçivəsində təbii fəlakətin vurduğu ziyanın dəqiqləşdirilməsi və təbiətin yaratdığı fəsadların aradan qaldırılması üçün əlaqədar orqanlar fasiləsiz olaraq iş apardılar. Ölkə başçısının tapşırdığı kimi, daşqınlardan əziyyət çəkən rayonlarda, o cümlədən Kürdəmirdə infrastrukturun yenidən bərpa edilməsi üçün Fövqəladə Hallar Nazirliyi və başqa respublika və rayon qurumları tərəfindən qısa zaman ərzində adamı heyrətləndirəcək dərəcədə çox iş görüldü. Əlbəttə, Kürdəmir Rayon İcra Hakimiyyətinin timsalında yerli hakimiyyət orqanlarının da əməyini xüsusi vurğulamaq lazımdır.
Çünki təbii fəlakətin qızğın vaxtında olduğu kimi, sonrakı "dinc quruculuq dövründə" də rayon rəhbərləri yerli əhalini ən yüksək səviyyədə səfərbər edə bildilər və bütün qüvvələri düzgün istiqamətə yönəltməyi bacardılar.Bir sözlə, onlar hadisələri qıraqdan seyr edib əlini bir daşın altına qoymayanlardan fərqli olaraq bütün səylərini ortaya qoydular.
Rayon icra hakimiyyətinin başçısı çətin anda, dar məqamda fəlakətin ağrı-acılarını birbaşa yaşayan insanların yanında, gözü önündə idi. Dövlət başçısı İlham Əliyevin tapşırıqlarını yerinə yetirməklə o, kürdəmirlilər arasında "Prezidentin yerdə nümayəndəsi" kimi şərəfli adı doğrulda bildi.
... Noyabrın 20-də, mövsüm şərtlərinin əksinə olaraq havanın çox mülayim və günəşli keçdiyi bir gündə Kürdəmir - İmişli yolunun təxminən otuz kilometrliyində yerləşən Carlı kəndində yeni tikilmiş orta məktəbin açılış mərasiminə yığışmış yerli sakinlərin çöhrəsində ölkə başçısına olan sonsuz sevginin və inamın ifadəsi asanlıqla sezilirdi. Çünki onlar üçün bəlkə də xəyal kimi görünən bir məsələ gerçəyə çevrilmişdi: altmış yaşı olan kənd orta məktəbinin istifadəyə tamam yararsız, köhnə binasının əvəzində hər cür zəruri avadanlıq və istilik sistemi ilə təchiz olunmuş yaraşıqlı, yeni məktəb binası ərməğan edilirdi.
Qırx iki illik müəllimlik stajının iyirmi yeddisini Carlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışan, 2005-ci ildə "Əməkdar müəllim" adına layiq görülmüş Gülməmməd Eyvazov rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikovun və Fövqəladə Hallar Nazirliyinin idarə rəisi İbrahim Qulyevin iştirakı ilə keçirilən təntənəli açılış mərasimində məktəbin altmış illik tarixinə ekskurs edərək bildirdi ki, 1950-ci ildə çiy kərpicdən inşa edilmiş 10 sinif və inzibati otaqlardan ibarət məktəb 7 illik təhsil müəssisəsi kimi fəaliyyətə başlamış, 1965 - 1968-cı dərs ilində orta məktəbə çevrilmişdir. 2004-ü ildə məktəbin şagird kontingenti və mövcud vəziyyət nəzərə alınaraq dövlət vəsaiti hesabına 6 sinif otaqlı əlavə korpus inşa edilmişdir. Və nəhayət, bu ilin aprel-may aylarında Kür çayında suyun səviyyəsinin qalxması, zinə və qrunt sularının təsiri nəticəsində məktəbin köhnə binası uçmuşdur.
Rayon ərazisində Kür çayı boyunca yerləşən kəndlərdə qəzalı vəziyyətdə olan uçmuş yaşayış evləri və inzibati binalarla əlaqədar rayon icra hakimiyyətində yaradılmış komissiyanın araşdırması əsasında icra başçısı F.Məlikovun respublika təşkilatlarına müraciətlərindən sonra FHN iyul ayında məktəb binasına baxış keçirmiş və avqustun 15-də 220 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılmışdır.
Nazirliyin idarə rəisi İbrahim Quliyev məktəbin tikinitisi barədə ətraflı məlumat verərək bildirdi ki, tikinti işlərini "İntelligent qrup" MMC aparmış, 40 nəfəri yerli sakin olmaqla tikintidə 80-90 fəhlə və mütəxəssis çalışmışdır. Yeni məktəb binasında 80 nəfərlik akt zalı, kitabxana, direktor və müəllimlər otağı inşa edilmiş, "kombi" tipli yeni istilik sistemi, 100 kilovoltluq transformator, elektromühərriklə işləyən 5 kubmetrlik su çəni quraşdırılmışdır. Bundan başqa, 1000 kvadratmetr asfalt meydança salınmış, 220 kvadratmetr meydançaya tamet döşənmiş, dekorativ gül kolları və ağaclar əkilmiş, məktəb 15 ədəd kompyuter dəsti ilə təmin olunmuşdur. Göründüyü kimi, hazırda 225 şagirdin təhsil aldığı, 30 müəllimin çalışdığı, Çarlı kənd orta məktəbinin hazırkı vəziyyətini daha dəqiq təsvir etmək üçün "tam müasir" sözünü mütləq əlavə etmək lazımdır.
Rayon icra hakimiyyətinin başçısı yeni məktəb binasını Carlı məktəblilərinə ən gözəl hədiyyə sayaraq xüsusi vurğuladı ki, bu məktəb, eləcə də yüzlərlə bu cür yeni tikilmiş sosial obyektlər, həmçinin minlərlə yaşayış evləri, ölkə başçısı İlham Əliyevin Azərbaycan vətəndaşlarına, o cümlədən Kürdəmir əhalisinə diqqət və qayğısının ən bariz nümunəsidir.
- Bu gün ölkəmizin hər bir guşəsində yüksək səviyyədə abadlıq-quruculuq işləri aparılır, Vətənimiz günbəgün gözəlləşir, - deyə sözünə davam edən icra başçısı əlavə etdi ki, respublikamızın istənilən bölgəsində möhtərəm dövlət başçısının ölkə əhalisinə bu diqqət və qayğısından xəbər verən hansısa yeni bir təhsil, səhiyyə müəssisəsinin, istehsal sahəsinin, yaxud digər mühüm əhəmiyyətli obyektin inşa edilərək əhalinin istifadəsinə verildiyini görə bilərsiniz.
Belə mühüm təyinatlı və yaraşıqlı obyektlər Kürdəmirin rayon mərkəzində və kəndlərində də inşa edilir. Son vaxtlar rayonda 3 sosial obyekt - 220 yerlik Carlı kənd orta məktəbi, Ərəbxana kənd orta məktəbinin əlavə binası, Qocalı kənd həkim məntəqəsi tikilərək təhvil verilmişdir. Bundan başqa, Köhünlü kənd həkim məntəqəsi də əsaslı təmir edilmiş, Şüşün, Köhünlü, Çöhranlı, Qocalı, Mollakənd, Carlı kəndlərində və rayon mərkəzində 119 ədəd yeni ev tikilmişdir.
Bu istiqamətdə işlərin davam edəcəyini, Kürün yaratdığı fəsadlardan əsər-əlamət qalmayacağını, deyən F.Məlikov yeni məktəb binasında hər cür şəraitlə təmin olunan şagirdlərin yüksək səviyyəli biliyə yiyələnmələrini gələcəkdə vətənə, xalqa layiqli vətəndaşlar kimi formalaşmalarını və ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Respublikasını ləyaqətlə təmsil etmələrini arzuladı.
{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.