Azərbaycanın görkəmli neftçisi Süleyman Vəzirovun 100 illiyi qeyd edilmişdir

Noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli neftçisi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, əməkdar elm və texnika xadimi Süleyman Vəzirovun anadan olmasının 100 illiyi qeyd edilmişdir.
Tədbiri açan Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ulu öndər Heydər Əliyevin ölkəmizin neft və qaz sənayesinin inkişafında xidmətləri olan neftçilərə göstərdiyi diqqət və qayğıdan danışmış, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Azərbaycan neftçilərinin gərgin əməyinin nəticəsi olaraq bu günlərdə kəşf olunan "Ümid" yatağının ölkəmizin neft-qaz sənayesinin inkişafında böyük xidmətlər göstərmiş Süleyman Vəzirovun xatirəsinə bir töhfə olduğunu söyləyən R.Abdullayev görkəmli alimin layiqli davamçılarının yetişdiyini vurğulamışdır.
Prezident İlham Əliyevin Süleyman Vəzirovun 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı 2010-cu il 1 oktyabr tarixli sərəncamının əhəmiyyətindən danışan ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə əməkdar elm və texnika xadiminin həyat və yaradıcılığı barədə məlumat vermişdir. Bildirmişdir ki, 1910-cu il noyabrın 18-də anadan olmuş S.Vəzirov 1927-ci ildə əmək fəaliyyətinə başlamış, neftölçən, texnik, mühəndis vəzifələrində çalışmışdır. Özünə və tabeliyində olanlara qarşı tələbkarlığı, əməksevərliyi, insanlarla iş görmək bacarığı nəticəsində 1940-cı ildə "Azneftkombinat"a baş mühəndis vəzifəsinə irəli çəkilən S.Vəzirov 1945-ci ildə "Azneft" Birliyinin rəisi təyin edilmişdir. Sonralar SSRİ Neft Sənayesi Nazirliyində Cənub və Qərb rayonlarında neft hasilatı üzrə Baş İdarənin rəisi, nazirlikdə texniki idarə rəisinin müavini işləmiş, Türkmənistanda "Qum-Dağ" neft yatağının mənimsənilməsinə rəhbərlik etmişdir.
1954-cü ildə respublikanın neft sənayesi naziri təyin olunan Süleyman Vəzirovun rəhbərliyi ilə Azərbaycanda dərin qazma texnologiyası, konturarxası suvurma üsulunun işlənməsi, dənizdə neft hasilatı texnologiyası, layların neftvermə əmsalının artması və s. sahələrdə böyük işlər görülmüşdür. 1959-cu ildə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri, 1965-ci ildə Nazirlər Soveti sədrinin müavini təyin olunan S.Vəzirov 1970-ci ildən ömrünün sonuna qədər Ali Sovetin Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.
X.Yusifzadə Vətən qarşısında xidmətlərinə görə 4 dəfə "Lenin" ordeninə, 6 dəfə "Qırmızı Əmək Bayrağı" ordeninə, Sosialist Əməyi Qəhrəmanı adına, Dövlət mükafatına layiq görülən Süleyman Vəzirovun əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağına əminliyini bildirmişdir.
Sonra çıxış edənlər Azərbaycan neft sənayesinin inkişafında, müharibə illərində ön cəbhənin neftlə təmin olunmasında S.Vəzirovun xidmətlərini nəzərə çarpdırmışlar.
Tanınmış neftçinin həyat yoldaşı Validə Vəzirova S.Vəzirovla bağlı xatirələrini bölüşmüş, oğlu Rauf Vəzirov göstərilən diqqət və qayğıya görə ailəsi adından Prezident İlham Əliyevə minnətdarlıq etmişdir.
Sonda Azərbaycanda neft-qaz sənayesinin inkişafında böyük xidmətləri olan alimin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında