Naxçıvan şəhərinə 14 yeni sərnişin avtobusu gətirilmişdir

Noyabrın 24-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yeni avtobusların təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov tədbirdə çıxış edərək muxtar respublikada nəqliyyatın dinamik inkişafının təmin edildiyini, sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, son illər 5 ədəd 3 qapılı "Liaz" və 23 ədəd "King-Long" markalı avtobuslar alınıb gətirilərək marşruta buraxılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov avtobusların gətirilməsi münasibətilə işə yeni qəbul olunan sürücüləri təbrik edərək demişdir: Ölkəmizdə bütün sahələrdə olduğu kimi, nəqliyyat sistemində də ciddi tədbirlər görülür, lazım olan nəqliyyat vasitələri - avtobuslar, taksilər ölkəmizə gətirilir və sərnişinlərə xidmətin səviyyəsi get-gedə yüksəldilir. Muxtar respublikada da bu işlər başlanılmışdır. Artıq daxili sərnişin daşımalarında heç bir problem yoxdur. Avtovağzallar yenidən qurulur, yollar standartlara uyğunlaşdırılır, müasir tələblər səviyyəsində olan avtobuslar alınıb gətirilir. Naxçıvan avtomobil zavodunda taksi standartlarına uyğun avtomobillər istehsal olunur və muxtar respublika sakinlərinin istifadəsinə verilir.
Görülən işlər Naxçıvanda sərnişin nəqliyyatı sahəsində həyata keçirilən tədbirlərin daha da səmərəli olmasına, əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılmasına şərait yaradır.
Yeni avtobuslar yaxşılaşdırılmış yeni nəqliyyat xidməti, yeni iş yerləri deməkdir. Dövlət belə tədbirlərin həyata keçirilməsinə həmişə qayğı göstərir. Təkcə bu avtobusların alınıb muxtar respublikamıza gətirilməsinə 640 min manat dövlət vəsaiti sərf olunmuşdur. Ona görə də sürücülər avtomobillərin qorunmasında, əhaliyə nümunəvi xidmət göstərilməsində daim səy göstərməlidirlər.
Ali Məclisin sədri nəqliyyat sahəsində yaradılmış nizam-intizamın bundan sonra da davam etdiriləcəyinə, daha da möhkəmləndiriləcəyinə, təkcə daxili daşımalarda deyil, eyni zamanda, sərnişinlərin muxtar respublikadan xaricə daşınmasında da nümunəvi xidmət göstəriləcəyinə əmin olduğunu bildirmiş, bu işdə sürücülərə uğurlar arzulamışdır.
Avtobusların açarları sürücülərə təqdim olunmuş, yeni nəqliyyat vasitələrinə baxış keçirilmişdir.
Məlumat verilmişdir ki, "King-Long" markalı bu avtobuslar Çin Xalq Respublikasında istehsal olunur. Yeni nəqliyyat vasitələri öz texniki göstəriciləri ilə fərqlənir. Avtobusların geniş və rahat salonu vardır. Hər birinin 25 oturacaq yeri vardır və ayaq üstə dayanmaqla 48 nəfər sərnişin daşımaq imkanına malikdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında