Son illər Azərbaycan ilə Polşanın sürətlə inkişaf edən əməkdaşlığı daxili işlər orqanları arasındakı əlaqələrə də müsbət təsir göstərmişdir

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 23-də Polşa Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda ilə görüşmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, qonağı səmimiyyətlə salamlayan nazir yeni təyinatı münasibətilə onu təbrik etmiş, xidməti fəaliyyətində uğurlar arzulamışdır. Ramil Usubov ölkələrimiz arasında işgüzar əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və faydalı əməkdaşlığın əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu xatırlatmışdır. Dövlət başçılarımızın qarşılıqlı səfərlərinin, görüşlərinin və bağlanmış sazişlərin ölkələrimiz arasında münasibətlərin inkişafı üçün geniş hüquqi əsaslar yaratdığı və onun yeni səviyyəyə qalxmasına təkan verdiyi xüsusi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, son illər iki ölkənin sürətlə inkişaf edən əməkdaşlığı daxili işlər orqanları arasındakı əlaqələrə də müsbət təsir göstərmişdir. Bunun nəticəsidir ki, Azərbaycanın daxili işlər nazirinin 2008-ci ilin iyun ayında Varşavaya səfəri zamanı "Beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq" haqqında hökumətlərarası Saziş imzalanmışdır.
Nazir R.Usubov xatırlatmışdır ki, səmərəli əməkdaşlıq İnterpol, BMT, NATO, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla işbirliyi çərçivəsində də uğurla həyata keçirilir. Belə ki, son illər bu mötəbər beynəlxalq təsisatların təşəbbüsü ilə Polşada keçirilən konfranslarda, sessiyalarda, seminar və treninqlərdə 30-dan çox əməkdaşımız iştirak etmişdir.
Daha sonra qonağa ölkəmizdəki kriminogen vəziyyətlə bağlı qısa məlumat verilmiş, son illər polis fəaliyyətinin demokratik dəyərlərə uyğunlaşdırılması, bununla əlaqədar müvafiq qanunvericilik bazasının yaradılması sahəsində görülən işlərdən danışılmışdır.
Görüşdə bütün bəşəriyyəti narahat edən transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı növlərinə qarşı mübarizə məsələlərinə də toxunulmuş, regional təhlükə və təhdidlərlə bağlı iki dost dövlətin səylərinin daha sıx birləşdirilməsinin zəruriliyi vurğulanmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında