Azərbaycan-Misir əlaqələri inkişaf edir

Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru, senator İsmayıl Siracəddin noyabrın 23-də Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşmüşdür.
Oqtay Əsədov qonağı səmimi salamlayaraq onu Milli Məclisdə görməyindən məmnun olduğunu bildirmişdir. Milli Məclisin sədri demişdir ki, ölkələrimiz arasında dostluq əlaqələri sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri vardır. Hələ keçmiş sovetlər dövründə Azərbaycan ilə Misir arasında mehriban dostluq əlaqələri olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsni Mübarək arasındakı dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaratmışdır. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
O.Əsədov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ilə Misir Prezidentinin xanımı Syuzan Mübarəkin bir sıra humanitar sahələrdə əməkdaşlığının ölkələrimizin tərəqqisinə xidmət etdiyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanın birinci xanımı İsgəndəriyyə kitabxanasının Qəyyumlar Şurasının fəxri üzvü seçilmişdir.
Ölkələrimiz arasında bu günədək 48 sənəd imzalanmışdır. Hər iki ölkə neft və qaz hasil edən dövlətlər kimi dünya enerji bazarının tənzimlənməsində mühüm rol oynayır. İqtisadi münasibətlərimizin dərinləşməsi üçün geniş imkanlar mövcuddur.
Parlamentlər səviyyəsində əməkdaşlıq da çox əhəmiyyətlidir. Hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımız müxtəlif beynəlxalq qurumlarda prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər.
Söhbətdə tarixi qədim dövrlərə gedib çıxan mədəni əlaqələrimizin dinamik inkişafından söz açan O.Əsədov Misirin İsgəndəriyyə kitabxanası ilə Azərbaycan kitabxanaları arasında yaranan əməkdaşlığın əhəmiyyətini yüksək dəyərləndirmişdir. Qeyd edilmişdir ki, xalqımızın tarixi-mədəni, elmi-estetik irsinin qorunub saxlanmasında, cəmiyyətimizin intellektual potensialının yüksəlməsində kitabxanalar əvəzsiz rol oynayır. Bu gün müstəqil Azərbaycanda 12 mindən çox müxtəlif tipli kitabxana fəaliyyət göstərir. Ölkə rəhbərliyi bu sahəni daim diqqət mərkəzində saxlayır.
Milli Məclisin sədri Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Misirin ölkəmizin mövqeyini müdafiə etməsini yüksək dəyərləndirmişdir. O, İsmayıl Siracəddinin səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsiri göstərəcəyinə inamını ifadə etmişdir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Azərbaycanda gördüyü inkişafdan və səfər müddətində keçirdiyi görüşlərdən məmnun olduğunu bildirmişdir. O demişdir ki, Misir oxşar mədəniyyətə malik Azərbaycan ilə həyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafına böyük maraq göstərir. Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə mövcud olan əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir. Dövlətlərimizin başçıları arasında mövcud olan dostluq münasibətləri dövlətlərarası əlaqələrə də öz müsbət təsirini göstərir.
Bu gün Misirin müxtəlif dövlət qurumları ilə Azərbaycanın müvafiq strukturları arasında hər iki xalqın mənafeyinə xidmət edən əməkdaşlıq mövcuddur. Biz gələcəkdə də əlaqələrimizi dərinləşdirmək niyyətindəyik.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında