Şriftin ölçüsü:
24.11.2010 01:58 | Oxunma sayı: 400
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, nazirlik tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri narkotiklərin qaçaq yolla daşınması ilə məşğul olan, habelə mühafizə olunan dövlət sərhədini qanunsuz keçərək Azərbaycan Respublikasının ərazisinə odlu silah, döyüş sursatı və soyuq silah gətirmiş şəxslərin yaxalanması ilə nəticələnmişdir. Həmin tədbirlər zamanı ümumilikdə 61 kiloqramdan artıq narkotik vasitə götürülmüşdür.
MTN və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Arzu Nadir oğlu Rusiyanın Sankt-Peterburq şəhərində saxlanılmış, ondan 40 kiloqram 300 qram həşiş aşkarlanaraq götürülmüşdür.
Məlum olmuşdur ki, Arzu Mahmudov və hazırda şəxsiyyətləri istintaq tərəfindən araşdırılan İran İslam Respublikasının vətəndaşları cinayət əlaqəsinə girərək əvvəlcədən əldə olunmuş razılığa əsasən həmin həşişi İrandan Rusiyaya yola saldıqları və içərisində xurma olan yük konteynerində gizlətmişlər.
MTN-in həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Astara rayon sakinləri Məmmədov Vaqif Yadulla oğlu, Hidayətov Xocəhməd Ramazan oğlu və onun həyat yoldaşı Hidayətova Yaqut Kişi qızı, İbrahimov Zaur Kişi oğlu, Əhmədov Habil Məmmədhəsən oğlu və Əhmədov Mühəndis Məmmədhəsən oğlu saxlanılmışlar.
Müəyyən edilmişdir ki, adları çəkilən şəxslər və qeyriləri qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitəni qaçaq yolla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətirmişlər.
Qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, 2010-cu ilin oktyabr ayının əvvəllərində Vaqif Məmmədov satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etməsinə vasitəçilik göstərməsi üçün Zaur İbrahimova müraciət etmişdir. Zaur İbrahimov bu barədə bacısı Yaqut Hidayətova və onun həyat yoldaşı Xocəhməd Hidayətov ilə danışıb cinayət əlaqəsinə girərək Vaqif Məmmədov üçün külli miqdarda narkotik vasitə tapmağı onlara tapşırmışdır. Yaqut Hidayətova və Xocəhməd Hidayətov Zaur İbrahimovla ümumi razılığa gəldikdən sonra sonuncu onlara bu işin müqabilində 1500 ABŞ dolları verəcəyini vəd etmişdir. Bundan sonra, Yaqut Hidayətova və Xocəhməd Hidayətov tanışları Habil Əhmədovla satış üçün narkotik vasitə əldə etmək barədə razılaşmışlar. Habil Əhmədov Astara rayonunun Pəlikeş kəndi yaxınlığında şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşları ilə görüşüb sifariş verdikləri 21 kiloqram 106,7 qram həşiş qatranını onlardan təhvil almış və yaşadığı kəndin yaxınlığındakı meşədə gizlətmişdir.
Habil Əhmədov sonradan həmin narkotik vasitəni Yaqut Hidayətova və Xocəhməd Hidayətovun yaşadıqları Astara rayonunun Vaqədi kəndindəki evlərinə aparıb orada Vaqif Məmmədovla Zaur İbrahimova təhvil vermişdir. Vaqif Məmmədov həmin narkotiklərin müqabilində Habil Əhmədova 11 min 750 manat və 3 min ABŞ dolları vermişdir. Vaqif Məmmədov narkotikləri Astara rayonunun Kolatan kəndinə gətirmiş və yaşadığı ünvanda gizlədərkən MTN-in əməkdaşları tərəfindən saxlanılmışdır. Vaqif Məmmədovun yaşadığı ünvana keçirilmiş baxış zamanı 21 kiloqram 106,7 qram həşiş qətranı, həmçinin qrupun saxlanılmış digər üzvlərindən biri Habil Əhmədovun üstündən isə Vaqif Məmmədov tərəfindən ona verilmiş 11 min 750 manat və 3 min ABŞ dolları məbləğində pul aşkarlanaraq götürülmüşdür.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılmışdır. Narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılığı ilə məşğul olan şəxslər barəsində müvafiq cinayət təqibi tədbirləri görülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində satış məqsədi ilə qanunsuz olaraq odlu silahı, döyüş sursatını və satış məqsədi olmadan soyuq silahı Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycana gətirmiş İran İslam Respublikasının vətəndaşları Nəzəri İnye Sofla Əli Qulam oğlu və Rəhimi Rüstəm Təqi oğlu saxlanılmışlar.
Məlum olmuşdur ki, Əli Nəzəri və Rüstəm Rəhimi cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini gecə saat 2-3 radələrində pozaraq, Çexoslovakiya istehsalı olan 7,92 mm kalibrli yivli tüfəngi, həmin silaha aid 10 ədəd 7,92 mm kalibrli patronu, həmçinin uzunluğu 593 mm olan, kustar üsulla hazırlanmış metal xəncəri Azərbaycan Respublikasının Yardımlı qəsəbəsinə gətirmişlər. Əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəm Rəhimi və Əli Nəzəri saxlanılmış, onlardan qeyd olunan odlu silah, döyüş sursatı və soyuq silah aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 318.2 (dövlət sərhədini qanunsuz keçmə), 228.2.1 və 228.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və soyuq silah əldə etmə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır. Rüstəm Rəhimi və Əli Nəzəri təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.