Azərbaycanın sığorta-pensiya sistemindəki islahatları öncül yerdədir

Son vaxtlar bir sıra dövlətlərin sığorta-pensiya sistemlərində aparılan islahatlar Azərbaycanda qurulan modelin keçid dövrü ölkələri üçün örnək kimi tövsiyə edilməsinin heç də təsadüfi olmadığını təsdiqləyir. Bu baxımdan Rusiya Federasiyasının pensiya sistemində təklif olunan islahatların məzmunu diqqət çəkir.
Belə ki, Rusiya Federasiyası Səhiyyə və Sosial İnkişaf Nazirliyi pensiya sistemindəki islahatlar barəsində mümkün variantları əks etdirən "Pensiya islahatlarının nəticələri və dünya maliyyə böhranının təsiri nəzərə alınmaqla Rusiya Federasiyasının pensiya sisteminin uzunmüddətli inkişaf perspektivləri" adlı məruzəsini hökumətə təqdim etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan redaksiyaya daxil olan məlumatda deyilir ki, bu sənəddə nazirlik və Rusiya Pensiya Fondu 2002-2010-cu illərdə pensiya islahatının 1-ci və 2-ci mərhələlərinin nəticələri haqqında təhlillər aparmış və islahatın növbəti mərhələsinin reallaşdırılması zəruriliyi barədə müəyyən arqumentlər gətirmişlər.
Təklif olunan variantlardan biri hərbçilərin və daxili işlər orqanlarında çalışanların (hazırda həmin şəxslərin pensiyaları federal büdcədən ödənilir) məcburi dövlət sosial sığortasına cəlb edilməsidir. Qeyd olunmalıdır ki, Azərbaycanda bu istiqamətdə hələ dörd il bundan öncə islahat tədbirləri həyata keçirilmişdir. 2007-ci il yanvarın 1-dən respublikamızda hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin əmək pensiyaları ilə təminatına keçilmişdir. Bu tədbirlər nəticəsində hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin yeni sığorta-pensiya sisteminin üstünlüklərindən (pensiyalarının fondun hesabına verilən plastik kartlarla ödənilməsi, natamam hərbi xidmət müddətinin pensiya məbləğlərinə təsirinin təmin olunması, hərbi qulluqçular və dövlət qulluqçularının gələcəkdə sığorta-pensiya sistemində yığım komponentinin tətbiqində iştirakı və s.) istifadə etmələrinə imkan yaradılmışdır.
Hökumətə təqdim edilən sənəddə vaxtından əvvəl pensiyaya çıxan şəxslər üzrə ödəmələr pensiya sisteminin mürəkkəb problemlərindən biri kimi qiymətləndirilmiş, bu sahədəki güzəştlərin ləğvi əsas islahat istiqaməti kimi müəyyənləşdirilmişdir. Xatırladaq ki, Azərbaycan Respublikasında hələ 2009-cu ildə bu istiqamətdə zəruri tədqiqatlar aparılaraq qanunvericiliyə müvafiq dəyişikliklər edilmişdir.
Növbəti əsas təklif pensiya sistemində yığım komponentinin tətbiqi ilə bağlıdır. Bu istiqamətdə səslənən arqumentlər ondan ibarətdir ki, Rusiyanın pensiya sistemində hazırki qaydada yığım komponentinin tətbiqi maliyyə bazarının mövcud inkişafının səviyyəsi ilə üst-üstə düşmür və bu səbəbdən də vəsaitlərin yerləşdirilməsində yaranan problemlər nəinki nəzərdə tutulan dividendləri, hətta inflyasiyadan qoruma imkanını da vermir. Digər tərəfdən, yığım hissəsinin pensiyaların cari maliyyələşdirilməsinə sərf olunmaması pensiya fondunun büdcə kəsirini daha da dərinləşdirir. Bununla bağlı pensiyaların yığım hissəsinin perspektivinə dair məruzədə bir neçə variant əks olunmuşdur. Bunlardan biri pensiyaların yığım hissəsi məsələsinin tamamilə istisna edilməsidir. Digər bir variant kimi bu komponentin könüllülük prinsipi əsasında tətbiqi irəli sürülmüşdür. Üçüncü variant isə yığım hissəsinin həcminin azaldılmasıdır.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının pensiya qanunvericiliyi də baza, sığorta və yığım hissələrindən ibarət olmaqla üçpilləli pensiya təminatını nəzərdə tutur. Ölkədə qurulmuş yeni sığorta-pensiya sistemi çərçivəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və artırılması mexanizmləri uğurla tətbiq edilmişdir. Yığım komponentinin tətbiqi ilə bağlı isə son dərəcə ehtiyatlı (konservativ) mövqe tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda yığım komponentinin tətbiqinin daha mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən çox asılı olduğu xüsusilə qeyd olunmuş, bunun üçün beynəlxalq təcrübənin öyrənilməsi, əvvəlcə sosial sığorta haqlarının fərdi hesabın yığım hissəsinə (fərdi yığım hesablarına) yönəldilməsi mexanizmləri və həmin vəsaitlərin idarə olunması qaydalarının düzgün müəyyən edilməsi, bundan sonra sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılması müəyyənləşdirilmişdir.
Fonddan bildirmişlər ki, bütün bunlar ölkəmizin digər dövlətlərlə müqayisədə sığorta-pensiya sistemində aparılan islahatlarda qabaqcıl mövqeyini bir daha sübut edir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında