Prezident İlham ƏLİYEV: Bu gün İran- Azərbaycan münasibətləri bölgənin inkişafı üçün önəmli amilə çevrilibdir

Azərbaycanla İran arasında tarixi və mədəni əlaqələr qədimdir. Son illər hər iki ölkə arasında münasibətlər dostluq, əməkdaşlıq zəminində dinamik inkişaf edir, ictimai-siyasi həyatın bütün sahələrində müsbət nəticələr əldə olunur. Enerji, nəqliyyat sistemində nəzərəçarpacaq irəliləyiş mövcuddur. İqtisadiyyatın digər sahələrində də inkişaf meyilləri özünü qabarıq büruzə verir. Bütün bunlar isə şübhəsiz ki, qardaş, dost xalqları bir-birinə daha da yaxınlaşdırır, onların həyat tərzinə, maddi şəraitlərinə müsbət təsirini göstərir. Bütün bunlar barədə noyabrın 17-də ölkəmizə rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşlərdə və hər iki ölkənin dövlət başçılarının bəyanatlarında ətraflı bəhs edilmişdir.
Dövlət başçımız Azərbaycan-İran münasibətləri ilə bağlı demişdir: ... Bu gün möhkəm təməl üzərində qurulmuş bu əlaqələr, əlbəttə ki, inkişaf etməlidir. Yeni layihələr müzakirə olunur. Ümid edirəm ki, həm İran tərəfində, həm Azərbaycan tərəfində hazırda görülən işlər, qoyulan sərmayə gələcəkdə enerji sahəsində əməkdaşlığın daha da genişlənməsini təmin edəcəkdir.
Münasibətlərimizin çox böyük tarixi vardır. Xalqlarımız dost, qardaş xalqlardır. Əsrlər boyu xalqlarımız bir yerdə olmuşlar, bir yerdə yaşamışlar. Bizi bağlayan bu tarixi və mədəni əlaqələr bugünkü əlaqələrimizin möhkəm təməlidir. Biz münasibətlərimizi bu təməl üzərində qurmuşuq. Azərbaycan müstəqilliyə qovuşandan sonra ikitərəfli münasibətlərimiz çox sürətlə inkişaf etməyə başlamışdır. Münasibətlərimizin bugünkü səviyyəsi, məncə, ən yüksək səviyyədir. Biz bu səviyyənin qaldırılması üçün ardıcıllıqla praktiki addımlar atırıq. Biz qonşuyuq, dostuq, qardaşıq. Biz bu bölgədə vacib rola malikik. Bu gün İran ilə Azərbaycan arasındakı münasibətlər nəinki iki ölkə arasındakı münasibətlər kimi formalaşıbdır, eyni zamanda, münasibətlərimizin bölgədə gedən proseslərə mühüm təsiri vardır. İran-Azərbaycan münasibətləri bölgənin inkişafı üçün önəmli amilə çevrilibdir...
Görüş çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulmuşdur. Bununla bağlı Prezident İlham Əliyev bəyanatında demişdir ki, Azərbaycan məsələnin tezliklə, beynəlxalq hüquq normaları əsasında həll olunmasının tərəfdarıdır. Bu münaqişə öz həllini Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, ATƏT və digər beynəlxalq təşkilatların qətnamələri və qərarları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu, yeganə yoldur və Azərbaycan bu məqsədlərə çatmaq üçün səylərini davam etdirəcəkdir.
Bütün dünya artıq çoxdan bilir ki, Azərbaycan torpaqları uzun illərdir Ermənistan tərəfindən işğal edilib. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bu işğal və Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. İşğal edilmiş torpaqlarda bütün infrastruktur dağıdılıb, bütün binalar yerlə-yeksan edilib. Tarixi abidələrimiz, əcdadlarımızın qəbirləri, müqəddəs yerlərimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıbdır. Bu, böyük ədalətsizlik və qəddarlıqdır...
İran Prezidenti Mahmud Əhmədinejad bəyanatında Azərbaycan və İran xalqlarının qardaş xalq olduğunu vurğulamış, göstərmişdir ki, bu qardaşlıq tarixin, mədəniyyətin, iki millətin dini inanclarının dərinliyindən əmələ gəlmişdir. Bu qardaşlıq birgünlük və keçici deyildir. Bunun dərin kökləri vardır və həmişə də olacaqdır.
İran Prezidenti daha sonra bildirmişdir: Bu gün Azərbaycan-İran münasibətləri çox yaxşıdır. Azərbaycan-İran qardaşlıq əlaqələri bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmlidir. Bölgədə sülhün qorunub saxlanılmasında, inkişafında iki ölkənin rolu əvəzsiz və böyükdür. Bu gün bizim müştərək baxışlarımız, yanaşmalarımız və müştərək proqramlarımız bölgədə sülhün bərqərar olmasına, bölgənin inkişafına və beynəlxalq aləmdə sabitliyə yönəlmişdir. Necə ki, mənim əziz qardaşım vurğuladı, ölkələrimizin potensialı mövcud əməkdaşlıqdan qat-qat çoxdur. Biz belə qərara gəlmişik ki, ikitərəfli əlaqələri - iqtisadi, investisiya, ticarət, nəqliyyat sahələrində imkan daxilində genişləndirək. Bu, iki millətin, bölgənin və bölgədəki sülhün və təhlükəsizliyin xeyrinədir.
Bölgə və Xəzər barədə baxışlarımız eynidir. Hər ikimiz bu fikirdəyik ki, Xəzər sülh və qardaşlıq dənizidir, hamı Xəzərin sərvətlərindən ədalətli şəkildə bəhrələnməlidir. Azərbaycan və İranın Xəzər dənizində rolu böyük və təyinedicidir. Azərbaycan Respublikasının möhtərəm Prezidentinin rəhbərliyi və təşəbbüsü ilə Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü keçiriləcəkdir. İnanıram ki, Azərbaycan Prezidentinin bacarığı və digər dövlət başçılarının iştirakı ilə bu sahədə çox yaxşı qərarlar qəbul ediləcək, böyük addımlar atılacaqdır.
İran Prezidentinin ölkəmizin təhlükəsizliyi ilə bağlı fikirləri də böyük maraqla qarşılanmışdır. M.Əhmədinejad demişdir ki, biz də Qarabağ məsələsi ilə bağlı bu fikirdəyik ki, bu problem danışıqlar və ədalət əsasında həll olunmalıdır, hamı gərək danışıqlara və ədalətə arxalansın. Biz var qüvvəmizlə bu problemin danışıqlar, haqq-ədalət və beynəlxalq hüquq çərçivəsində qısa müddətdə həllinə yardımımızı göstərməyə hazırıq. Azərbaycanın təhlükəsizliyi və onun inkişafı İran üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın inkişafını, təhlükəsizliyini özümüzün inkişaf və təhlükəsizliyi hesab edirik. Bütün beynəlxalq təşkilatlarda və dünya birliyində Azərbaycanın yanında olacağıq. Biz iki qardaş dövlətik. Bu qardaşlıq davam edəcək, zaman keçdikcə güclənəcək və dərinləşəcəkdir...
Xatırladaq ki, noyabrın 18-də Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə görüşündə çıxışı zamanı İran Prezidenti Xəzər dənizinin hüquqi statusu ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləmiş və göstərmişdir ki, biz Bakıda böyük əməkdaşlığın, böyük dostluğun, inteqrasiyanın əsasını qoyduq. Yüksək konstruktivlik və qarşılıqlı anlaşma ruhunda yaxşı qərarlar qəbul edildi və Xəzər dənizinin hüquqi statusunun hazırlanması işinin tezliklə başa çatdırılması yolu hamarlandı. Mən də bu işi tezliklə başa çatdırmaq çağırışına qoşuluram ki, beş ölkənin hamısı öz münasibətlərini, əməkdaşlığı planlaşdırmaqda davam edə bilsin...
Göründüyü kimi, Azərbaycan-İran münasibətləri aydan-aya, ildən-ilə inkişaf edir. İran Prezidentinin Azərbaycana səfəri də bu inkişafın, tərəqqinin yeni mərhələyə daxil olmasına təkan verəcəkdir. M.Əhmədinejadın dediyi kimi, bu səfər həm ikitərəfli əlaqələrdə, həm regional çərçivədə, həm də beynəlxalq miqyasda iki millətin xeyrinə və mənafeyinə, dünyada sülhə və sabitliyə müsbət töhfəsini verəcəkdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında