Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə bağlı yekun protokolunu təsdiq etmişdir

Noyabrın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, iclasda 2010-cu il noyabrın 7-də dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyalarının protokollarının və onlara əlavə olunmuş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə məsələyə baxılmışdır.
Komissiyanın sədri bildirmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə noyabrın 7-də keçirilmiş seçkilər ölkəmizin tarixinə müstəsna əhəmiyyətə malik hadisələrdən biri kimi düşəcəkdir. Azərbaycan Prezidentinin 2010-cu il 3 sentyabr tarixli sərəncamı ilə Milli Məclisə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilmiş və bundan sonra Mərkəzi Seçki Komissiyasının sentyabrın 6-dakı iclasında Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənmişdir. Mərkəzi Seçki Komissiyasının və aşağı seçki komissiyalarının fəaliyyəti, eləcə də digər seçki subyektlərinin Milli Məclisə seçkilərlə bağlı atdığı bütün addımlar Təqvim Planına uyğun olmuşdur. Seçkilərin hazırlanması və keçirilməsi dövründə Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının norma və tələblərinə riayət olunmuş, seçki prosesi sistemli, mütəşəkkil aparılmışdır. Bu işlərə əsasən seçki təşkilatçılarının beynəlxalq qurumlarla yanaşı, respublikanın aidiyyəti üzrə müxtəlif orqanları da cəlb edilmişdir. Ümumilikdə seçkilər dünyada müəyyən edilmiş demokratik standartlara, seçki qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir.
Seçki subyektlərinin maarifləndirilməsindən ötrü genişmiqyaslı proqram həyata keçirilmiş, bu istiqamətdə beynəlxalq təşkilatlar və dövlət qurumlarının da iştirak etdiyi çoxsaylı tədbirlər təşkil edilmişdir.
Seçkiqabağı təşviqat dövründə namizədlər bərabər rəqabət şəraitində mübarizə aparmış, Azərbaycanın seçki tarixində ilk dəfə olaraq onlara əlavə təşviqat imkanı yaradılmışdır. Namizədlər seçkiqabağı təşviqat aparmaq məqsədilə İctimai Televiziyanın efirindən ödənişsiz əsaslarla istifadə etmişlər.
Seçkilər zamanı aşkarlığın təmin olunması üçün bütün tədbirlər görülmüş, qanuna müvafiq surətdə mövcud seçki məntəqələrinin 10 faizindən çoxunda veb-kameralar quraşdırılmış, müşahidəçilərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılması nəticəsində səsvermə günü 21 beynəlxalq (xarici) qurumdan 1029 beynəlxalq və 50 mindən çox yerli müşahidəçi, 43 beynəlxalq KİV təmsilçisi seçkilərin gedişini izləmişdir. Yerli KİV-lərin seçkiləri işıqlandırmasından ötrü heç bir məhdudiyyət qoyulmayaraq onlardan akkreditə tələb olunmamışdır. Səsvermənin gedişini izləmiş həm yerli, həm də beynəlxalq müşahidəçilər ümumən seçkiləri müsbət qiymətləndirmişlər.
Həm ölkə, həm də beynəlxalq ictimaiyyətin seçkinin nəticələri ilə dərhal tanış olması üçün səsvermə başa çatdıqdan sonra məntəqələr üzrə ilkin nəticələr, seçki dairələri üzrə liderlik edən namizədlər barədə məlumatlar Mərkəzi Seçki Komissiyasının nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzi tərəfindən 24 saat ərzində Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilmiş, yekun protokolları və digər seçki sənədləri məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına qanunla müəyyənləşdirilmiş müddətdə çatdırılmışdır.
Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından Milli Məclisə seçkilərlə bağlı dairə seçki komissiyalarının yekun protokollarını və digər seçki sənədlərini qanunla müəyyən olunmuş qaydada və müddətdə qəbul edib yoxlamışdır. Qeydə alınmış qanun pozuntuları ilə əlaqədar səsvermə günü və ondan sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər də qanunla müəyyən olunmuş qaydada və müddətdə araşdırılmış, qanunun tələbinə uyğun qərarlar qəbul olunmuşdur.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri çıxış edərək sədrin fikirlərinə şərik olduqlarını bildirmiş, noyabrın 7-də keçirilmiş seçkilərin ölkədə demokratik institutların daha da güclənməsində, vətəndaş cəmiyyətinin dayaqlarının möhkəmləndirilməsi istiqamətində irəliyə doğru atılmış əhəmiyyətli addım hesab etdiklərini vurğulamışlar.
Daha sonra MSK sədri komissiya üzvlərini Mərkəzi Seçki Komissiyasının 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərin ümumi yekunlarına dair protokolu ilə tanış etmişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin ümumi yekunlarına dair tərtib edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq olunaraq, müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunsun.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki Müşahidə Missiyasının, ABŞ səfirliyinin, Milli Demokratiya İnstitutunun (ABŞ) təmsilçiləri, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında