Bakı sammiti tərəfləri Xəzərin hüquqi statusu barədə əsaslı saziş imzalamağa yaxınlaşdırdı

Bakı, Moskva, Tehran, Astana və Aşqabad 15 illik müzakirələrdən sonra ilk beştərəfli sazişi Azərbaycan paytaxtında imzaladılar

{nl}

Təhlükəsizliyə dair saziş, habelə, birgə bəyanat Xəzər hövzəsində əməkdaşlığın inkişafında növbəti mühüm mərhələdir. Bu, Xəzərə dair hazırda işlənib hazırlanma mərhələsində olan məsələlərin gələcəkdə razılaşdırılması işində çox mühüm addımdır.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

{nl}

Təşəkkür edirəm ki, Azərbaycan bizi bir neçə ay əvvəl bəlkə də tamamilə hipotetik görünən sammitə toplamış və bu sammit tam konkret nəticələr vermişdir. Buna görə açıq demək istəyirəm, üçüncü Xəzər sammitinin nəticələrindən mən də çox razıyam.
Dmitri MEDVEDEV, Rusiya Federasiyasının Prezidenti

{nl}

Dünyanın müxtəlif siyasətçilərinin müxtəlif dövrlərdə dilə gətirdikləri bir məntiq var. Hərənin özünəməxsus şəkildə ifadə etdiyi həmin məntiqin ümumiləşdirilmiş forması artıq hamının işlətdiyi aforizm şəklini almışdır: "Zamana hamının və hər şeyin ehtiyacı olsa da, həmin ehtiyacı siyasətçilər daha çox hiss edirlər". Əsaslı arqumentdir. Uzun illərdən bəri müzakirə edib ortaq məxrəcə gələ bilmədiyimiz bir məsələnin - Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün vahid konvensiyanın hazırlanması məsələsinin həllinə yaxınlaşmağımızı da məhz zaman təmin etdi. Tərəflərin hər birinə sərf edən, eyni zamanda beynəlxalq hüququn prinsipləri və dünya təcrübəsinin ən mütərəqqi normaları çərçivəsində hazırlanacaq bu sənədin ərsəyə gəlməsi artıq real görünür. Nəinki 10-15 il, hətta, 4-5 il əvvəl də bu məsələ barədə ortaq məxrəcə nail olacağımıza inananlar həddən artıq az idi. Ancaq belə inamlı siyasətçilər var idi və məhz onların müdrikliyi, siyasi uzaqgörənliyi nəticəsində haqqında söz açdığımız ilkin nəticəyə nail ola bilmişik.
Xəzəryanı ölkələrin dövlət başçıları Bakı sammitindən əvvəl birinci sammitə Aşqabadda (2002-ci il), ikinci sammitə isə Tehranda (2007-ci il) toplaşmışdılar. Aşqabad sammitindən sonra tərəflərin heç bir razılığa gələ bilmədiyini görən, regionda sabitliyi gözü götürməyən bəzi siyasi qüvvələr dünya mətbuatında çox bədbin proqnozlarla çıxış etmişdilər. Hətta, Xəzərə heç bir dəxli olmayan Ermənistan siyasətçiləri sevincək olmuşdular ki, guya "Xəzərdən qan iyi gəlir". Həmin sammitdən beş il sonra Tehranda görüşən dövlət başçıları (aradakı illərdə xarici işlər nazirləri və dövlət başçılarının Xəzər məsələləri üzrə şəxsi nümayəndələri daim görüşür, əhatəli müzakirələr aparırdılar) İran paytaxtında 25 bənddən ibarət Tehran Bəyannaməsinin imzalanmasına nail olmuşdular. Doğrudur, Tehranda belə bir sənəd imzalanmışdı, ancaq həmin bəyannamə başdan-başa danışıqların davam etdirilməsini və müzakirələrin səmərəliliyinin artırılması zərurətini ehtiva edirdi. Bakı sammitində isə artıq tərəflər konkret razılığa gəlməyin bir addımlığına qədər irəliləyiblər. Əbəs deyil ki, sahilyanı ölkələrin hamısındakı mütəxəssislər Bakı sammitinin Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın dərinləşdirilməsi üçün yeni mərhələ olacağına ümid edirlər. Ekspertlərin həmin inamını dövlət başçılarının Bakıda verdiyi bəyanatlar və sammitdə səsləndirdikləri fikirlər də təsdiq edirdi.
Ulu öndər Heydər Əliyevin söylədiyi "Xəzər əsrlərdən bəri dostluq və əməkdaşlıq dənizi olmuşdur və biz bu ənənənin davam etdirilməsinə nail olacağıq" - ifadəsi öz təsdiqini və həyata vəsiqəsini bilavasitə Heydər Əliyevin Vətənində, onun qurub inkişaf etdirdiyi Azərbaycan dövlətinin paytaxtında tapdı. Bilavasitə Azərbaycan dövləti, dövlətin yeritdiyi xarici siyasət və zamanın tələblərinə cavab verən şəkildə qurulmuş diplomatiyamız cənab Dmitri Medvedevin də söylədiyi kimi üç-dörd ay əvvəl heç kəsin inana bilmədiyi bir nəticəyə nail oldu. Bu zaman bir məsələ xüsusilə vurğulanmalıdır. Belə ki, Azərbaycan tərəfi Heydər Əliyevin rəhbərliyi ilə hələ əvvəldən Xəzərin statusu ilə bağlı məsələlər müzakirə edilərkən beynəlxalq hüququn prinsip və normalarını əsas götürürdü. Bu istiqamətdə aparılan ikitərəfli danışıqlar nəticəsində Azərbaycan-Qazaxıstan, Qazaxıstan-Rusiya və Rusiya-Azərbaycan razılaşmaları əldə edilmişdi. 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə Bakıya etdiyi səfər çərçivəsində Azərbaycanla Rusiya arasında 20 sənəd imzalanmışdı ki, onlardan biri də Xəzərin dibinin milli sektorlara bölünməsi, su səthinin ticarət və qarşılıqlı əməkdaşlıq baxımından ümumi istifadədə qalmasını ehtiva edən "Birgə Bəyannamə" idi. İndi isə artıq Bakı bu razılığın təkcə ikitərəfli qaydada deyil, beştərəfli qaydada əldə edilməsinə nail olur.
Xəzəryanı ölkələrin dövlət başçılarının III Bakı sammitinin təşkili, keçirilməsi və nəticələri barədə həm ölkə mətbuatında, həm də bütün dünyanın kütləvi informasiya vasitələrində yetərincə söhbət açılıb. Çünki bu məsələ təkcə Xəzəryanı ölkələr üçün deyil, bütün dünya ölkələri, xüsusən, Avrasiya məkanı üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, müasir iqtisadi maraqlar Şanxaydan başlayaraq Londona qədər uzanan nəqliyyat dəhlizinin tezliklə reallığa çevrilməsini tələb edir. Bu yol isə Xəzərdən keçərək, Azərbaycan ərazisi vasitəsiylə Avropaya yük daşınmasını təmin edəcək. Yəni Xəzəryanı ölkələrin bir-birilə dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması bütün Avrasiya üçün vacibdir. Eləcə də Qazaxıstan və Türkmənistanda istehsal edilən neft və qazın dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərlərindən istifadə edilməsi məsələsi daim gündəlikdədir. Xəzərin sülh və əməkdaşlıq dənizinə çevrilməsi bu iqtisadi layihələrin də sürətləndirilməsinə təkan verəcək. Bundan başqa Xəzərin statusunun göl və ya dəniz kimi müəyyən edilməsi (onların milli sektorlara bölünməsi tamamilə fərqlidir) sahilyanı ölkələrin öz iqtisadi layihələrini söz-söhbətsiz reallaşdırmasını da təmin edəcəkdir. Bu statusun müəyyənləşdirilməsi sahilyanı ölkələrin ekoloji məsuliyyətinin çəkisini də müəyyən edəcək və kimin ekoloji mühitin korlanmasına, bioloji müxtəlifliyin pozulmasına nə qədər ziyan vurduğu və ya bu sahəyə nə qədər məsuliyyətlə yanaşdığı məlum olacaq. Bir sözlə, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilk növbədə region ölkələri üçün, daha sonra isə Avrasiya məkanı və bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edən məsələ olacaqdır. Noyabrın 18-də Bakıda keçirilən sammitdə çıxış edən dövlət başçıları bu mühüm amilləri nəzərə alaraq ümumbəşəri əhəmiyyətli addımlar atdılar və yüksək qiymətləndiriləcək qətiyyət nümayiş etdirdilər.
Sammit iştirakçıları Xəzərdə Təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş və prezidentlərin birgə bəyanatını imzaladılar. Bu mühüm sənədlərin imzalanmasından sonra dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış edərək yüz minlərlə insanın Bakı sammitindən gözlədiyi nəticələri açıqladılar. Bəyanatların sonuncusu səslənənədək kimsə gözləyirdi ki, Bakı sammitində də əvvəli sammitlər kimi fikir ayrılıqları, mövqelərin müxtəlifliyi və ya hansısa xoşagəlməz məqamlar olacaqdır. Ancaq sammitin mənfi nəticələrini gözləyənlər həmin nəticələri görmədilər. Dövlət başçılarının hər biri Bakı sammitinin nəticələrindən razılıq etdi. Bəzi sitatlarla fikirmizi əsaslandıraq:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Mən çox şadam ki, bu gün bu əlaqələr daha da yüksək pilləyə qalxıbdır. Azərbaycan qonşuları ilə qarşılıqlı surətdə faydalı, işgüzar, dostluq münasibətləri qurubdur və bu münasibətlər getdikcə güclənir. Bugünkü Zirvə Görüşü regional əməkdaşlıq baxımından çox böyük əhəmiyyətə malikdir. Əminəm ki, görüşün çox gözəl nəticələri olacaqdır".
İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad: "Gələn il Xəzər dənizinin hüquqi statusunun razılaşdırılması üzrə işləri tamamilə və birdəfəlik yekunlaşdırmağı təklif edirəm. Bunun üçün bütün məsələlərin ədalətli və sabit razılaşdırılmasına nail olmağın daha güclü təminatı olan beştərəfli formatda iclasların keçirilməsi davam etdirilməlidir... Ümid edirəm ki, iştirakçıların əməkdaşlığı və qarşılıqlı fəaliyyəti, görüşlər yaxşı nəticə verəcəkdir".
Qazaxıstan Respublikasının Prezidenti Nurslutan Nazarbayev: "Yaxın günlərdə Qazaxıstanda Xəzərin dəniz mühitinin mühafizəsinə dair Çərçivə Konvensiyasının razılığa gələn tərəflərin üçüncü konfransı keçiriləcəkdir. Konfransda dörd əlavə protokolun ən azı ikisini imzalamaq nəzərdə tutulur. Biz razılaşmışıq ki, dövlət başçıları ildə bir dəfə görüşəcəklər və belə görüşlər kifayət qədər səmərəli və faydalı olacaqdır".
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev: "Əlbəttə ki, bu cür zirvə görüşlərinin əsas mövzusu Xəzər dənizinin müasir geosiyasi reallıqlara cavab verən yeni hüquqi statusunun müəyyənləşdirilməsidir və biz sazişlə bu sahədə bəzi işlər görmüşük, bir sıra mühüm məsələlərə dair prinsipial razılığa gəlmişik".
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov: "Xəzər dənizinin hüquqi statusu barədə konvensiyanın layihəsi üzərində konstruktiv iş aparılır. Bu gün tərəflər həmin sənədin müddəalarının əksəriyyəti barədə konsepsusa nail oldular... Əminəm ki, bu sammit Xəzəryanı dövlətlərin dostluğunun və əməkdaşlığının inkişafında mühüm mərhələ olacaq, Xəzəri sülh və firavanlıq regionuna çevirmək üçün birgə əzmimizi daha da möhkəmləndirəcəkdir".
Beləliklə, Xəzər hövzəsi ölkələrinin aylardan və illərdən bəri gözlədiyi mühüm tarixi sənədin ərsəyə gəlməsi üçün həlledici addım Bakıda atılmış oldu. Əminik ki, dövlət başçılarının dediyi kimi, əsas sənəd yaxın illərdə və ya elə 2011-ci ildə ərsəyə gələcəkdir.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında