Şriftin ölçüsü:
21.11.2010 00:35 | Oxunma sayı: 442
Azərbaycanda işgüzar səfərdə olan İsgəndəriyyə Kitabxanasının direktoru doktor İsmayıl Siracəddin noyabrın 20-də Xırdalanda olmuşdur.
2500 il bundan əvvəl yaradılmış İsgəndəriyyə Kitabxanası antik dünyanın əsas elmi mərkəzi hesab edilirdi.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonaqları salamlayaraq rayonun tarixi və onun iqtisadi inkişaf mərhələləri barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin uğurlu regional siyasəti öz müsbət nəticələrini verir. Son yeddi ildə rayon sürətlə dəyişir və inkişaf edir. İndi Abşeron rayonu təkcə kənd təsərrüfatı regionu kimi deyil, həm də sənaye regionu kimi məşhurlaşmışdır.
Zakir Fərəcov Abşeron rayonu ilə Misirin Qalubiyyə əyaləti arasında səmərəli əlaqələrin uğurla inkişaf etməsi barədə qonağa məlumat vermişdir. O qeyd etmişdir ki, qardaşlıq münasibətləri 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına səfəri zamanı Abşeron rayonunun İcra hakimiyyəti ilə Qalubiyyə əyaləti arasında əməkdaşlıq haqqında Memorandum imzalanmasından başlanır. Bu müddətdə tərəflər dörd dəfə nümayəndə heyətlərini mübadilə etmişlər. İndi Abşeron rayonu dünyanın 40 ölkəsində müxtəlif şəhərlərlə dostluq əlaqələri olan bu əyalətin qardaşlaşdığı ən fəal şəhərlərdən biridir.
Rayon rəhbərinin sözlərinə görə, Xırdalanın mərkəzində Azərbaycan-Misir dostluq parkı yaradılmışdır. Memar təfəkkürünün dərinliyi və gözəl icrası ilə diqqəti cəlb edən bu parkda Misir Ərəb Respublikasının Prezidenti Hüsni Mübarəkə abidə qoyulmuşdur. Qalubiyyədə salınmış oxşar parkın mərkəzində isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə abidə ucaldılmışdır.
Zakir Fərəcov əməkdaşlığın perspektivləri üzərində ətraflı dayanmışdır. O bildirmişdir ki, Xırdalanda əczaçılıq fabriki tikilməsi barədə danışıqlar aparılır. Bundan əlavə mərmər zavodu inşa ediləcək yer müəyyənləşdirilmişdir.
İsgəndəriyyə Kitabxanasının direktoru doktor İsmayıl Siracəddin səmimi qəbul üçün təşəkkür edərək Azərbaycanın dinamik inkişafından məmnun olduğunu bildirmişdir. O demişdir: "Sizin ölkəniz haqqında çox eşitmişdim. Misirin birinci xanımı Süzan Mübarək iqtisadi və mədəni cəhətdən inkişaf etməkdə olan ölkələrə Azərbaycanı nümunə göstərir. Ölkənizin yüksək dərəcədə inkişaf etməsini görməyə şad oldum".
Görüşdə xüsusi qeyd edilmişdir ki, dövlət başçıları və birinci xanımlar arasında dostluq əlaqələri Azərbaycan ilə Misir arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə və inkişafına ciddi təkan verir.
Görüşün sonunda Abşeron rayon İcra hakimiyyətinin başçısı İsgəndəriyyə Kitabxanasının direktoruna azərbaycanlı ustalar tərəfindən toxunmuş xalça və Abşeron haqqında kitab bağışlamışdır.
Görüşdə qonaqla bərabər Milli Məclisin deputatları Qənirə Paşayeva və Şəmsəddin Hacıyev, habelə Misir XİN-in müşaviri Haqa İslambuli də iştirak etmişdir.
Sonra qonaqlar şəhər mədəniyyət və istirahət parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə tər çiçəklər qoymuşlar.
Azərbaycan-Misir dostluq parkı ilə tanışlıq xüsusi maraq doğurmuşdur. Bu memarlıq kompleksinə gələnlər özlərini antik mədəniyyət dünyasında hiss edirlər. Qonaqlar Misir Prezidenti Hüsni Mübarəkin parkda ucaldılmış abidəsi önündə şəkil çəkdirmişlər. Daha sonra onlar Misirin xarici işlər naziri tərəfindən hədiyyə edilmiş heykələ tamaşa etmişlər. Tezliklə bu heykəl rayon sakinlərinin sevimli istirahət guşələrindən birini bəzəyəcəkdir.
Elə həmin gün qonaqlar Süzan Mübarək adına 9 nömrəli ixtisaslaşdırılmış orta məktəbdə olmuşlar. Ərəb dili təmayüllü bu orta təhsil müəssisəsində 2100 şagird təhsil alır. Qonaqlar məktəbdə yaradılmış, ümummilli lider Heydər Əliyevin adını daşıyan muzeydə və ixtisaslaşdırılmış ərəb dili siniflərində də olmuşlar. Məktəbin konfrans salonunda şagirdlərin qonaqlarla görüşü olmuşdur.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.