Azərbaycanın gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır

Dövlət müstəqilliyinin 19-cu ildönümünü qeyd edən Azərbaycan qlobal miqyaslı dəyişikliklər prosesinə cəlb olunmuşdur. Ölkəmizdə sürətlə həyata keçirilən demokratik islahatlar, sivil dünyəvi dövlət quruculuğu istiqamətində atılan addımlar, ilk növbədə qlobal miqyaslı dəyişiklikər prosesinin tərkib hissəsi kimi qəbul edilməlidir. Ümummilli lider Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibətilə xalqa müraciətində demişdir: "XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur". Dünyada gedən proseslərə paralel olaraq ölkəmizdə həyata keçirilən və gündən-günə dərinləşən islahatların əsas hərəkətverici qüvvəsi Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasıdır.
XX əsrin 90-cı illərində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi üçün real zəmin yaransa da, 1988-1993-cü illər Azərbaycan xalqı üçün ağır sınaqlar, fəlakətlər dövrü olmuşdur. Həmin illərdə ölkəmiz son dərəcə ciddi ictimai-siyasi problemlərlə, sosial-iqtisadi çətinliklərlə, ən başlıcası isə mütəşəkkil erməni hərbi təcavüzü ilə üzləşmişdir. Cəmiyyətdə anarxiya və xaos, vətəndaş itaətsizliyi hökm sürürdü. Sosial-iqtisadi sahədə ağır böhran yaranmışdı, xalqın həyat şəraiti gündən-günə pisləşir, istehsal sahələri iflic vəziyyətə düşürdü. Bu vəziyyət vətəndaş qarşıdurmasına aparırdı və 1993-cü ilin iyununda vətəndaş müharibəsinə gətirib çıxarmışdır. Bütün bunlar sübut edirdi ki, Azərbaycanın 1991-ci il oktyabrın 18-də bəyan edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı real həyatda öz təsdiqini tapa bilmir. Sözün tam mənasında Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi reallığa çevrilməkdə idi. Belə bir tarixi dövrdə yenicə müstəqillik əldə etmiş respublikamızda 30-dan artıq siyasi partiya rəsmi qeydiyyatdan keçsə də, əslində bu partiyaların heç biri Azərbaycanı idarə etmək iqtidarında olmadıqlarından ölkəni uçuruma sürükləyirdilər. Qarabağ cəbhəsində bir-birini əvəz edən məğlubiyyətlər, ittifaq rəhbərliyinin antiazərbaycan mövqeyi daha acınacaqlı nəticələrlə - Azərbaycana o dövrdə rəhbərlik edənlərin öz millətinə qarşı xəyanətkar münasibəti ilə davam etdirilirdi. Nə Vəzirov-Mütəllibov hakimiyyəti, nə də Xalq Cəbhəsi-Müsavat iqtidarı Azərbaycanı düşdüyü ağır siyasi və iqtisadi durumdan xilas etmək gücündə deyildi. Müharibə şəraitində olan ölkədə 15 ay ərzində 4 dövlət başçısı və 5 müdafiə naziri dəyişilmişdi. Regionda strateji maraqları olan güc mərkəzləri isə Azərbaycanın parçalanması, quberniyalara, əyalətlərə bölünməsi planını cızırdılar.
Bütün bunlar Azərbaycanda yeni siyasi hərəkatın formalaşmasına, yeni siyasi gücə böyük ehtiyac yaratmışdı. Belə bir taleyüklü məqamda Azərbaycan milli azadlıq hərəkatının ağırlıq mərkəzi Naxçıvana keçmişdir. 1990-cı il iyul ayının 22-də böyük dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin Moskvadan Naxçıvana dönüşü ilə ölkənin ağır böhrandan çıxarılması yolunda mühüm mərhələ başlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Qayıdış" kitabında ulu öndərin Naxçıvana qayıdışını, onun tarixi xilaskarlıq missiyasını belə xarakterizə etmişdir: "Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdışı idi; böyük siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi".
Ulu öndər 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçilməklə yenidən fəal siyasət meydanına qədəm qoydu və bir il sonra - 1991-ci il sentyabrın 3-də əhalinin təkidli xahişi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilərək muxtar respublikanı həm sosial-iqtisadi fəlakətdən qurtarmaq, həm də erməni təcavüzündən qorumaq üçün taleyüklü bir xilaskarlıq missiyasını öz çiyinlərinə götürmüşdür.
Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan ümummilli liderimizin belə bir dövrdə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən bütövlükdə xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər tərəfdən bu, tarixin çoxdan bəri diktə etdiyi qaçılmaz, qarşısıalınmaz obyektiv tarixi zərurət idi. Məhz bu zərurəti və xalqın bütün təbəqələrinin arzusunu ifadə edən tanınmış ziyalılardan 91 nəfəri 1992-ci il oktyabr ayının 16-da "Səs" qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə Azərbaycanı fəlakətlərdən qurtaracaq yeni bir siyasi təşkilatın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq vermək xahişi ilə "Azərbaycan sizi gözləyir" adlı müraciət etmişdilər. Bu müraciətə 1992-ci il oktyabrın 24-də "Yeni, müstəqil Azərbaycan uğrunda" proqram xarakterli çağırışı ilə cavab verən ümummilli liderimiz yeni siyasi partiyanın yaradılması zərurətini əsaslandıraraq demişdir: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram". Ulu öndərin bu tarixi cavabını böyük uzaqgörənliklə təhlil edən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov deyirdi: "Bu fikirlər "Yeni Azərbaycan" uğrunda hərəkatda birləşmək üçün kifayət qədər əsas yaratmışdır.
Qısa müddət ərzində on minlərlə insan Heydər Əliyev şəxsiyyəti ətrafında birləşərək, azərbaycançılıq ideologiyası ilə silahlanaraq, yuxarıdan heç bir göstəriş gözləmədən könüllü şəkildə partiyamızın təşkilatlanmasına başlamışdır.
Əhali anlayırdı ki, bu təşkilat məzmunca partiya anlayışı daşısa da, əslində mahiyyət etibarilə xalqın böhrandan çıxması üçün tarixin yaratdığı yeganə şansdır".
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı öz işinə başlamışdır. Həmin dövrdə guya demokratiya bayrağı qaldıran, əslində isə totalitar təfəkkürün daşıyıcıları olan Xalq Cəbhəsi-Müsavat cütlüyü partiyanın təsis konfransının Bakı şəhərində keçirilməsinə icazə vermədiyindən, ölkəmizin müxtəlif bölgələrindən gələn və 550-dən artıq nümayəndənin iştirak etdiyi təsis konfransı blokada vəziyyətində, kəskin enerji çatışmazlığı şəraitində yaşayan Naxçıvanda baş tutmuşdur.
Beləliklə, 18 il əvvəl, ölkəmizdə xaosun, anarxiyanın, özbaşınalığın, hərc-mərcliyin, vətəndaş qarşıdurmasının tüğyan etdiyi bir dövrdə Yeni Azərbaycan Partiyası sağlam düşüncə, sağlam fikir, xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə yaradılmışdır.
YAP-ın yaranması Azərbaycanın siyasi həyatında mühüm bir mərhələ təşkil etmişdir. Tarixi proseslərə güclü təsir imkanına malik olan YAP Azərbaycan xalqının arzu və istəyindən, tarixi zərurətdən yaranmış, ulu öndər Heydər Əliyevin rəhbərliyi isə partiyamıza nüfuz və şöhrət gətirmişdir. Heydər Əliyev YAP-ı yaradarkən qarşıya bir məqsəd qoymuşdu: Azərbaycanın müstəqilliyini qorumaq, parçalanmasının qarşısını almaq, dövlətimizi yaşatmaq və daha da möhkəmlətmək. Bu şərəfli missiyanı həyata keçirən ümummilli liderimiz ölkəmizin siyasi tarix səhnəsindən silinməsinin qarşısını almış, dövlət müstəqilliyini daimi və əbədi etmişdir. Müasir, müstəqil Azərbaycan və ümumxalq hərəkatına çevrilən YAP ulu öndərimizin özündən sonra xalqımıza ən böyük töhfəsi və əmanətidir.
Qısa zaman kəsiyində YAP ümumxalq partiyası kimi ümumbəşər dəyərlərə əsaslanan proqram prinsiplərinə istinad edərək müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət, həmçinin ideoloji-təşkilati baxımdan Azərbaycan cəmiyyətinin ən nüfuzlu və inanılmış siyasi təşkilatına çevrilmişdir. Bu da bir həqiqətdir ki, YAP-ın yaradılmasından sonra Azərbaycanda fəaliyyət göstərən və yeni yaradılan siyasi partiyalardan heç biri onun qədər geniş sosial baza, siyasi proseslərə təsir imkanı qazana bilməmişdir.
Ölkənin iqtisadi inkişafının davamlı olması hökumətin iqtisadi siyasətinin və iqtidar partiyası qismində Yeni Azərbaycan Partiyasının iqtisadi platformasının təməl prinsipidir.
Ötən müddətdə respublikamızda iqtisadi potensialın hərtərəfli inkişafının təmin edilməsi, iqtisadiyyatın liberallaşdırılması, balanslaşdırılmış xarici ticarətin təşəkkülü, qeyri-neft sektorunun dinamik inkişafına yönəlmiş tədbirlərin əlaqələndirilmiş şəkildə reallaşdırılması əsasında regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisinin artması, iqtisadi resursların istifadəsində maksimum səmərəliliyin əldə olunması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, yerli istehsal və emal müəssisələrinin işə salınması, yoxsulluğun azaldılması və yüksək məşğulluq səviyyəsinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Düzgün iqtisadi strategiya nəticəsində respublikamızda maliyyə-iqtisadi sabitliyə nail olunmuş, bazar iqtisadiyyatına keçidlə bağlı lazımi hüquqi və iqtisadi baza yaradılmış, müvəffəqiyyətlə həyata keçirilən özəlləşdirmə proqramı iqtisadiyyatımızın tərəqqisinə müsbət təsirini göstərmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmizdə 2005-ci ildə 12522.5 milyon manat (adambaşına 1494.3 min manat) olan ümumi daxili məhsul istehsalı 2009-cu ildə 34578.7 milyon manata (adambaşına 3917.3 min manat) çatmışdır. 2010-cu ilin yanvar-oktyabr aylarında 2009-cu ilin eyni dövrü ilə müqayisədə ÜDM-də 4,1 faizlik artım əldə olunmuşdur. Dövlət büdcəsinin gəlirləri 2005-ci ildəki 2055.2 milyon manatdan 2010-cu ildə 11505 milyon manata çatmış, 2011-ci ilin dövlət büdcəsinin gəlirləri isə bu illə müqayisədə 4,8 faiz artıq, yəni 12061 milyon manat nəzərdə tutulmuşdur. Ölkəmizin strateji valyuta ehtiyatları 27 milyard ABŞ dollarını, Dövlət Neft Fondunda toplanan vəsait isə 14 milyard ABŞ dolları ötmüşdür.
Mühüm siyasi və iqtisadi əhəmiyyət kəsb edən torpaq islahatı nəticəsində aqrar sektor durğunluqdan çıxaraq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Əldə edilmiş nailiyyətlər bizə yaxın gələcək üçün Azərbaycan iqtisadiyyatının perspektivləri haqqında nikbin proqnozlar verməyə, ölkəmizin keçid dövrünün ağır və mürəkkəb mərhələsini arxada qoyduğunu söyləməyə əsas verir.
Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurları beynəlxalq maliyyə qurumlarında ölkəmizə inamı daha da artırmış, onun nüfuzunu xeyli gücləndirmişdir. Bu gün Azərbaycan Respublikası etibarlı tərəfdaş kimi Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları ilə əlaqələrini getdikcə genişləndirir. İpək yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməyə başlanılması, habelə bu ilin sentyabrında Bakı şəhərində reallaşdırılmasına dair Azərbaycan, Gürcüstan və Rumıniya arasında razılıq əldə olunmuş AGRİ qaz kəməri layihəsi Prezident İlham Əliyevin neft strategiyasının Azərbaycana verdiyi iqtisadi, siyasi, mənəvi səmərə iqtidarın düzgün siyasətinin nəticəsidir.
Hazırda müstəqil dövlətimiz dünyanın əksər ölkələri ilə çox geniş siyasi-diplomatik və iqtisadi əlaqələr saxlayır. Xarici siyasət sahəsində ölkəmiz əsaslı irəliləyişlərə nail olmuşdur. YAP sədri, Prezident İlham Əliyevin xarici siyasət doktrinasının ana xəttini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, ərazi bütövlüyümüzün bərpa edilməsi, bölgədə və dünyada yüksək nüfuza malik Azərbaycan dövlətinin inkişafı, milli və iqtisadi təhlükəsizliyin təmin edilməsi, qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində fəaliyyətin qurulması təşkil edir.
Daxili siyasət istiqamətində Azərbaycanda çoxpartiyalı sistem əsasında parlament, prezident, bələdiyyə seçkiləri keçirilmiş, siyasi partiyaların azad, sərbəst fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılmışdır.
Bu gün ölkəmizin demokratikləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkanda insan hüquqlarının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, sosial ədalət prinsiplərinin bərqərar edilməsi yönündə qazanılan uğurlar bütün dünyada qəbul edilməkdədir. İqtisadi və siyasi islahatların bir-birini tamamlaması dünya dövlətləri tərəfindən iqtisadi-siyasi inkişafın Azərbaycan modeli kimi qəbul edilmişdir.
Bütün bunların nəticəsidir ki, bu illər ərzində YAP Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkilərində ölkə ictimaiyyətinin böyük siyasi dəstəyini qazanaraq bir iqtidar partiyası kimi öz siyasi mövqeyini qoruyub saxlamaqdadır.
Dünənin, bu günün və gələcəyin partiyası olan YAP öz sıralarında 500 mindən artıq ölkə vətəndaşını birləşdirərək hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, respublikamızın ərazi bütövlüyünün təmin olunması, bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafı, cəmiyyətin hər bir üzvünün maddi rifah halının yüksəldilməsi, beynəlxalq aləmə sürətlə inteqrasiya istiqamətində görkəmli siyasi və dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyir.
YAP-ın məhz Naxçıvanda yaranması, partiya liderinin xalqın çağırışı və təkidli tələbləri ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə buradan qayıdışı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının formalaşması və təşəkkül tapmasında müstəsna rol oynamışdır. Ötən illər ərzində ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə, siyasi dəst-xəttə əsaslanmaqla hər bir partiya üzvü muxtar respublikada aparılan dövlətçilik və quruculuq işində yaxından iştirak etmişdir. Təqdirəlayiq haldır ki, YAP Naxçıvan Muxtar Respublika təşkilatının sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvlər hesabına genişlənməkdə və güclənməkdədir. Təşkilat 1992-ci ildə öz sıralarında 1118 nəfər, 2002-ci ildə isə 20 min nəfər üzvü birləşdirdiyi halda, hazırda onların sayı 46072 nəfərdir. Bu, muxtar respublikada siyasi fəal əhalinin 17 faizindən çoxunu təşkil edir. Üzvlərinin say tərkibinin əsas hissəsi ziyalılar, gənclər və qadınlar olan, onları 8 rayon (şəhər) partiya, 806 ərazi ilk partiya təşkilatlarında birləşdirən yerli təşkilat muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilmişdir. Təşkilat noyabrın 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə görə 3 üzvlə Milli Məclisdə, 41 üzvlə Ali Məclisdə, 2009-cu ilin dekabr ayında keçirilmiş seçkinin nəticələrinə əsasən 1270 üzvlə muxtar respublikamızın bələdiyyə orqanlarında təmsil olunur. Üzvlərin 17973 nəfərini (39 faizini) qadınlar, 19560 nəfərini (42,4 faizini) gənclər təşkil edir. Muxtar respublikanın əsas ziyalı potensialı da məhz YAP Naxçıvan Təşkilatında təmsil olunur. Belə ki, təşkilat üzvlərindən 2 nəfəri akademik, 17 nəfəri elmlər doktoru, professorlar, 207 nəfəri isə müxtəlif elmlər üzrə fəlsəfə doktorları, dosentlərdir.
Bu gün muxtar respublikada görülən böyük quruculuq işləri, yaranmış ictimai-siyasi sabitlik dövlətə və Heydər Əliyev ideyalarına olan sədaqətin bariz nümunəsidir. Blokadada olmasına baxmayaraq, son dövrlərdə muxtar respublikada tikilən çoxsaylı məktəblər, yeni-yeni körpülər və bütün sahələri kompleks şəkildə əhatə edən digər sosial infrastruktur obyektləri, Naxçıvan şəhərinin və eləcə də muxtar respublikanın digər yaşayış məntəqələrində aparılan geniş tikinti-quruculuq və abadlıq işləri partiya üzvlərini yeni əhval-ruhiyyə və tükənməz şövqlə bu möhtəşəm quruculuq işlərində yaxından iştiraka cəlb edir. Naxçıvanda son 15 ildə həyata keçirilən bu siyasət iqtidar partiyası kimi YAP-ın nüfuzunu artırmış, partiyanın muxtar respublika təşkilatının siyasi proseslərə təsir gücünü yüksək səviyyədə təmin etmişdir.
Ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi tarixi xilaskarlıq missiyası bu gün yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir.
Bu gün Naxçıvan Muxtar Respublikası mütərəqqi inkişaf meydanına, yalnız ölkəmizin deyil, həm də regionumuzun sürətlə tərəqqi edən bölgəsinə çevrilmişdir. Muxtar respublikanın əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul 2009-cu ildə ilk dəfə olaraq bir milyard (974 milyon manat) ABŞ dollarını ötmüşdür. Adambaşına düşən gəlirlər 2005-ci ildəki 602,9 manatdan 3,4 dəfə artaraq bu ilin 10 ayının göstəricilərinə görə 2059,3 manata çatmışdır. Son beş ildə muxtar respublikamızda 30324 yeni iş yeri açılmışdır ki, bunun da 21030-u (69,4 faizi) yeni iş yerləridir. Muxtar respublikanın sosial-iqtisadi yüksəlişi əhali sayının sürətli artımı ilə müşayiət edilməkdədir. 2010-cu il noyabrın 1-nə olan məlumata görə, muxtar respublikanın əhalisinin sayı 408578 nəfər olmuşdur ki, bu da 2005-ci ilin eyni dövrünə görə 26455 nəfər artım deməkdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının son 15 ildə xarici əlaqələri də bütövlükdə ölkəmizin xarici siyasəti kontekstində xeyli inkişaf etmişdir. Bu dövrdə muxtar respublika rəhbərinin qonşu ölkələrə etdiyi səfərlər, habelə nümayəndə heyətlərinin qarşılıqlı çoxsaylı səfərləri qonşu ölkələrlə muxtar respublikamızın səmimi münasibətlərini xeyli möhkəmləndirmişdir.
Son illərdə xarici ölkələrin Bakıdakı səfirlərinin, bir çox beynəlxalq təşkilatların rəhbərlərinin, xarici şirkət nümayəndələrinin Naxçıvana mütəmadi səfərləri muxtar respublikanın strateji əhəmiyyətinin göstəricisinə çevrilmişdir.
2009-cu ilin oktyabrında Türkdilli dövlətlərin IX Zirvə toplantısının Naxçıvanda keçirilməsi muxtar respublikanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə mühüm töhfə olmuşdur. 2009-cu il oktyabrın 14-də Bakıda keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı elan olunması da çox böyük uğurdur.
Qeyd olunanlar sübut edir ki, ötən illər ərzində ölkəmizdə fundamental islahatlar həyata keçirilmiş və bu prosesdə cəmiyyətin avanqard qüvvəsi kimi YAP öz liderlərinin rəhbərliyi ilə fəal rol oynamışdır. Ümumxalq partiyasına çevrilən YAP qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla yerinə yetirir.
YAP 18 il ərzində mühüm siyasi mübarizə və təşkilatlanma yolu keçmiş, Heydər Əliyev dühası sayəsində müxalifət partiyasından iqtidar partiyasına çevrilmiş, müstəqil Azərbaycan dövlətinin məhv olma təhlükəsindən qorunub saxlanmasında, inkişaf etməsində, dünya ölkələri arasında layiqli yer tutmasında böyük tarixi missiyanı yerinə yetirmişdir.
"Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir... Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur"-deyən Prezident, partiyanın sədri İlham Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin liderliyində misilsiz xidmətləri olmuş partiyanın ölkəmizin gələcək inkişafı ilə bağlı rolu haqqında söylədiyi aşağıdakı fikirlər Azərbaycan dövlətçiliyi ilə YAP-ın perspektivinin ayrılmaz olduğunu bir daha təsdiqləyir: "Azərbaycanın gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır! Azərbaycanın gələcəyi Heydər Əliyev və onun siyasəti ilə bağlıdır".
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında