22 noyabr Ədliyyə İşçiləri Günüdür

Məhkəmələr xalqın güvənc yeridir
Ümummilli liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 22 noyabr ədliyyə işçilərinin peşə bayramı hər il təntənəli surətdə qeyd edilir. Azərbaycan ədliyyəsinin yaranmasının zəngin tarixi vardır. Bu tarix 1918 -ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlanmışdır. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək məhz 1918-ci il may ayının 28-də - Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmış, noyabr ayının 22-də isə nazirliyin əsasnaməsi təsdiq edilmişdir. Cümhuriyyətin mövcudluğu ərzində Ədliyyə Nazirliyi tərəfindən ədliyyə, məhkəmə və istintaq orqanlarının fəaliyyəti üçün müvafiq infrastruktur yaradılmış, yeni hüquq sisteminin təşkili ilə bağlı bir çox əhəmiyyətli qərarlar qəbul olunmuş, mühüm qanun layihələri hazırlanaraq parlamentin müzakirəsinə çıxarılmışdır.
1920-ci il sovet işğalından sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi dəfələrlə ləğv edilərək yenidən yaradılmış, onun ayrı-ayrı funksiya və səlahiyyətləri müxtəlif dövlət orqanlarına həvalə edilmişdir.
Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən təsis edilməsi məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Şərəfli və mürəkkəb inkişaf yolu keçmiş Ədliyyə Nazirliyi ulu öndərin 1969-cu ildə Azərbaycana rəhbərliyə gəldiyi dövrdə mühüm dövlət orqanı kimi yenidən təşəkkül tapmışdır. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da ölkə ədliyyəsi tarixində yeni mərhələ başlanmışdır.
1972-ci ildə Ədliyyə Nairliyinin əsasnaməsi təsdiq edildi, ədliyyə sisteminin yeniləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edildi, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərtəfəli zəmin yaradıldı. Məlumdur ki, Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə yenidən öz müstəqilliyini əldə etmişdir. Təəssüf ki, gözəl nemət olan müstəqilliyin əldə edildiyi bir dövrdə, dövlətimizin taleyi naşı, səriştəsiz insanların əlində olduğu üçün xalqımız nəinki onu qoruyub saxlamaq iqtidarında deyildi, hətta həmin dövrdə Azərbaycan bir dövlət kimi dağılmaq, parçalanmaq təhlükəsi ilə üzləşmişdi, adamlar çaş-baş qalaraq dövlətə olan inamını itirmişdilər.
Erməni quldurları tərəfindən torpaqlarımız işğal olunurdu. Ölkədə vətəndaş müharibəsi başlanmışdı. Məhz belə bir dövrdə ulu öndər Heydər Əliyevin xalqımızın təkidli çağırışı ilə dövlət hakimiyyətinin idarə olunmasına yenidən qayıdışı respublikamızı dağılmaq təhlükəsindən xilas etdi, çox qısa bir müddətdə ölkədə qayda-qanun yaradıldı. Sabitlik bərpa olundu, həyatın bütün sahələrində inkişafa yönəldilmiş geniş islahatlar aparılmağa başlandı.
Ölkədəki ictimai-siyasi sabitliyi qoruyub saxlamaq üçün Ermənistanla aparılan müharibədə atəşkəs rejiminə nail olundu. İqtisadi sahədə saysız-hesabsız mühüm müqavilələr imzalandı. Respublikamız yeni qanunlarla idarə olunmağa başlandı. Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referndium) yolu ilə qəbul edildi.
İlk milli Konstitusiyamız müstəqil Azərbaycan dövlətinin inkişaf yollarını özündə təsbit etmişdir. Konstitusiya əsasında hüququ islahatlar aparıldı. Ölkədə insan hüquqlarının əsl təminatçısı kimi müstəqil məhkəmə hakimiyyəti formalaşdırıldı. İndi insanlar məhkəmələrə güvənc yeri kimi baxırlar.
Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamış, ölkəmizdə ilk dəfə olaraq test üsuli ilə, şəffaf prosedurlarla yeni hakim korpusu formalaşdırılaraq, onların yüksək statusu müəyyən olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı Azərbaycan dövlətinin uğurlu inkişafı möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər sahədə olduğu kimi, hüquqi sahədə də yeni-yeni nailiyyətlər əldə edilir.
Bu gün dünyanın hər yerindən Azərbaycana axın var. İş adamları, turistlər, müxtəlif təşkilatların nümayəndələri respublikamıza gəlirlər. Qeyri-ixtiyari onların diqqəti məhkəmələrin fəaliyyətinə, onların obyektivliyinə yönəlir. Ölkəmizin demokratik inkişafına da bu nöqteyi-nəzərdən qiymət verirlər. Görəndə ki, məhkəmələrdə ədalət mühakiməsi dünya təcrübəsinə uyğun şəkildə həyata keçirilir, insanların dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən... asılı olmayaraq hamının hüququ eyni dərəcədə qorunur, onların ölkəmizə marağı da artır.
Yəni fakt budur ki, məhkəmələrin fəaliyyəti ölkəmiz haqqında rəy formalaşdırır. Odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhkəmələrin fəaliyyətindəki nöqsanların tezliklə aradan qaldırılmasını, bu istiqamətdə təsirli tədbirlər görülməsini, islahatların daha keyfiyyətlə aparılmasını qətiyyətlə tələb edir. Məhkəmə - Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə prezidentin fərman və sərəncamlarından, normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin icrası üçün hazırlanmış tədbirlər ardıcıllıqla, qətiyyətlə həyata keçirilir. Məhkəmələrin inzibati binaları müasir tələblərə uyğunlaşdırılır, texniki vasitələrlə təminatı yüksəkdir. Hakimlərin təkmilləşdirilməsi işi daim diqqət mərkəzindədir. Beynəlxalq təşkilatların təcrübəli ekspertləri ilə keçirilən seminarlar hakimlərin fəaliyyətinin dünya təcrübəsinə yaxınlaşmasına kömək edir.
Bizim yolumuz Avropa ailəsinə doğrudur. Odur ki, bu istiqamətdə islahatları daha keyfiyyətlə aparmalıyıq. Ümummilli liderimiz Heydər Əliyev də bunu tövsiyə edirdi. O, hələ 1995-ci ildə deyirdi: "Biz hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu kursu götürmüşük. Ona görə də ölkənin bütün qanunvericilik bazasını müasir dünya standartları səviyyəsinə qaldırmalıyıq, hüquq islahatlarını dərinləşdirməliyik, xüsusən, ədliyyə sahəsində sivil dünya təcrübəsinə əsaslanan islahatlar həyata keçirməliyik. Tam əmin ola bilərsiniz ki, biz bunların hamısını edəcəyik". O vaxtdan ötən müddət ərzində çox işlər görülüb, böyük inkişaf yolu keçmişik. Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilata üzv qəbul edilmişik. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq konvensiyalara qoşulmuşuq.
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi 2004-cü ildə "Məhkəmə-Hüquq Şurası haqqında" Qanunun qəbulu və "Məhkəmələr və hakimlər haqqında" Qanuna əsaslı dəyişikliklərin edilməsi ilə başlandı. Qanuna hakimlərin seçim proseduru, fəaliyyətlərinin qiymətləndirilməsi, səlahiyyət müddəti, toxunulmazlığı, məsuliyyəti və digər məsələlər əlavə edilmişdir. Bu normativ-hüquqi aktlardan irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər nəticəsində məhkəmə hakimiyyətinin özünüidarə funksiyasını yerinə yetirən, mahiyyətcə yeni qurum olan Məhkəmə-Hüquq Şurası yaradıldı. O cümlədən, qanunla yeni yaradılan Hakimlərin Seçki Komitəsi vakant hakim vəzifələrinə namizədlərin seçilməsi prosesinə başladı.
Bundan sonra ölkə başçısı cənab İlham Əliyevin "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" 2006-cı il 19 yanvar tarixli fərmanı ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi və inkişafında mühüm rol oynadı.
Fərmanda regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni, o cümlədən, bölgələrdə apellyasiya məhkəmələrinin, əlavə iqtisad məhkəmələrinin yaradılması nəzərdə tutulmuşdur. O cümlədən, vətəndaşların narazılığına səbəb olan sui-istifadə, süründürməçilik hallarının aradan qaldırılması üzrə tapşırıqlar verilmiş, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılmasına yönələn və digər mühüm vəzifələr müəyyən edilmişdir.
Qeyd etmək lazımdır ki, artıq hakim adının və nüfuzunun qorunmasında xüsusi əhəmiyyət kəsb edən Hakimlərin Etik Davranış Kodeksi, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edən məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, mütərəqqi qaydaları da qəbul edilmişdir.
Ədliyyə Nazirliyinin Əsasnaməsinin, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun qəbul edilməsi və digər normativ-hüquqi aktlar bu gün ədliyyə orqanlarının fəaliyyətini keyfiyyətcə yüksəldib. Məhz bu səbəbdən hakim korpusunun yenidən formalaşması, vakant hakim vəzifələrinə namizədlərin seçilməsi yüksək tələbkarlıqla həyata keçirildi. Bu isə məhkəmələrin səmərəli fəaliyyətində, ədalət və aşkarlıq prinsipinin gözlənilməsində öz bəhrəsini verir. Məsələn, bizim məhkəməyə təyin olunan gənc hakimlər hazırlıqlı, ümid verəndirlər. Onlar bugünkü tələbkarlığa cavab verən səviyyədədirlər. Həmçinin bilik və bacarıqlarını artırmaq üçün təcrübəli hakimlərdən öyrənməyə çox maraqlıdırlar.
Görülmüş işlər çoxdur. İslahatlar isə davam edir. Doxsan illik yubileyimizi, peşə bayramımızı belə bir inkişaf müstəvisində qeyd etdik. Bizə olan diqqət və qayğı, sosial problemlərimizin yüksək səviyyədə həlli, məsuliyyət hissi əsas verir deyək ki, ədliyyə və məhkəmə orqanlarımız insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsini təmin edəcək bir səviyyədədirlər. Qarşıdakı illərdə bu təminat daha dayanıqlı, dönməz bir prinsipə çevriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərmanı isə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində yeni mərhələ olmuş, fərmana əsasən vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, habelə regionlarda hüquq institutlarının inkişafı məqsədilə yeni məhkəmələr, o cümlədən ölkənin bütün bölgələrində apellyasiya məhkəmələri təşkil edilmişdir. Dövlət başçısının apardığı hüquqi islahatların müvəffəqiyyətlə həyata keçirilməsi, ölkədə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolu ilə inkişaf etməsində, bugünkü qüdrətli bir dövlətə çevrilməsində Azərbaycan ədliyyəsinin xidmətləri böyükdür. Ona görə də ulu öndər Heydər Əliyev tərəfindən təsis edilmiş ədliyyə işçilərinin peşə bayramı hər il qürür hissi ilə qeyd olunur.
Azərbaycan ədliyyəsinin 90 illik yubleyi münasibəti ilə möhtərəm Prezident İlham Əliyev özünün təbrik məktubunda inamla yazmışdır: "Əminəm ki, məhkəmə və ədliyyə orqanları hüquqi dövlət quruculuğu istiqamətində səylərini bundan sonra da davam etdirəcək və qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəkdir".
Bu gün Şamaxı Rayon Məhkəməsinin kollektivi də ədliyyə işçilərinin peşə bayramını iftixarla qeyd edir, dövlət başçısının məhkəmə və ədliyyə orqanları qarşısında qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, qanunların aliliyinin təmin oluması üçün var qüvvəsi ilə çalışır.

{nl}

Təranə HÜSEYNOVA, Şamaxı Rayon Məhkəməsinin hakimi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında