Builki parlament seçkiləri radikal müxalifət partiyalarının öz ənənəvi dağıdıcı, pozucu və qeyri-konstruktiv mövqelərindən hələ də əl çəkmədiklərini bir daha təsdiqlədi. Adlarını demokrat qoyan belələri əslində öz şəxsi mənafelərini həmişə xalqın, Vətənin taleyüklü məsələlərindən üstün tutublar. Noyabrın 7-də keçirilmiş parlament seçkiləri zamanı da bunun şahidi olduq. Azərbaycanda gedən demokratik inkişafa kölgə salmaq üçün pusquda dayanıb məqam gözləyən antimilli müxalifət nümayəndələri çoxdan bəri səbirsizliklə gözlədikləri donosbazlıq üçün sanki fürsət tapıblar.
Dördüncü çağırış Milli Məclisə keçirilən seçkilərdə həm iqtidar, həm də müxalifət nümayəndələrinə bərabər şərait yaradılmışdı. Seçki kampaniyası dövründə namizədlərin təbliğat-təşviqat zamanı hər hansı bir maneə ilə qarşılaşmamaları və ciddi qanun pozuntusu ilə əlaqədar şikayətin qeydə alınmaması da bunu təsdiqləyir. Bəzi partiya funksionerlərinin təbliğat-təşviqat kampaniyasına ayrılmış müddətin azaldılmasına etiraz etmələrinin də heç bir əsası yox idi. Çünki seçicilər bir neçə gün ərzində onlara yağlı vədlər verənlərə yox, uzun illərdən bəri tanıdıqları, ictimai və siyasi fəaliyyətlərinə yaxşı bələd olduqları, həyatda tutduqları mövqeyə görə fərqlənən şəxslərə səs verirlər. Ona görə də budəfəki seçkilərdə də acınacaqlı məğlubiyyətə uğrayanlar səbəbi özlərində axtarmalıdırlar.
Seçki kampaniyasına start verilən gündən "AXCP-Müsavat" siyasi partiyalar blokunun namizədləri və onların səlahiyyətli nümayəndələri öz keçmiş ənənələrinə sadiq qalaraq radikal mövqe sərgilədilər. Seçki qanunvericiliyindən xəbərsiz olan radikal müxalifət nümayəndələrinin seçki günü qanunu mütəmadi olaraq pozmaları, onların kimlərinsə sifarişlərini yerinə yetirmələrindən xəbər verirdi. Biz belə hallarla ötən seçkilərdə də rastlaşmışdıq. Hər dəfə Azərbaycanda hər hansı bir ciddi siyasi kampaniyaya başlananda ölkəmizdə pozuculuq və çaşqınlıq yaratmaq fikrinə düşənlər radikal müxalifət nümayəndələrini çirkli pullar hesabına çox asanlıqla ələ alır və öz xəbis niyyətlərini həyata keçirmək istəyirlər. Təbii ki, belə antimilli qüvvələrin qarşısı qanunla alınır və onların çirkin niyyətlərini həyata keçirməsinə imkan verilmir. Bundan sonra həmin qüvvələr Azərbaycanda "demokratiyanın olmaması", "insanların hüquqlarının pozulması", "seçkilərdə saxtakarlıq edilməsi", "azad sözə yer verilməməsi" barədə cəfəng uydurmalar səsləndirməyə başlayırlar. Onların sözündən belə çıxır ki, əgər 15 saylı Yasamal II seçki dairəsindən İsa Qəmbər, 21 saylı Nəsimi birinci seçki dairəsindən Sərdar Cəlaloğlu, 25 saylı Nizami ikinci seçki dairəsindən Rauf Arifoğlu və 31 saylı Suraxanı ikinci seçki dairəsindən Əli Kərimli deputat seçilsəydi, seçkilər demokratik, şəffaf və obyektiv keçirilmiş hesab ediləcəkdi. Onlar seçilməyiblərsə, demək yerli və beynəlxalq müşahidəçilərin də gördükləri obyektiv deyilmiş. Dünənə qədər beynəlxalq təşkilatlara, onların ekspertlərinə pənah aparan radikal müxalifət nümayəndələri indi onları da "iqtidarın adamı" hesab edirlər. "Səbəbi" də budur ki, həmin şəxslər hər şeyi olduğu kimi deyirlər. Bu da seçkilərdə məğlub olanlara sərf etmir. Onlara xatırlatmaq istərdik ki, seçki məntəqələrinə göndərdikləri nümayəndələr də artıq vicdanlarının səsini eşidərək gördüklərini olduğu kimi söyləməyə başlayıblar. Fakt üçün deyək ki, "İslahat" blokunun müşahidəçisi Məcid Abbasov, "AXCP-Müsavat" blokunun müşahidəçisi Sirac Cabbarov, "Yeni Müsavat" qəzetinin əməkdaşı Həbibə Abdulla, AXCP-Müsavat blokunun nümayəndəsi Nəriman Məmmədov müşahidə apardıqları seçki məntəqələrində qanun pozuntuları ilə qarşılaşmadıqlarını bildiriblər. 25 saylı Nizami II seçki dairəsinin 10 saylı seçki məntəqəsində müşahidə aparan "Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxan, "Səsvermə necə gedir" sualına "Səsvermə prosedur qaydalarına uyğun gedir" cavabını vermişdir. Buna baxmayaraq, A.Ayxan müşahidəçi kimi bütün səlahiyyətləri aşaraq səsverməyə gələnlərə yaxınlaşıb onlara nəsə pıçıldamış, bəzilərinə göstərişlər vermiş, seçicilərin sərbəst səs vermələrinə mane olmuşdur.
AXCP-Müsavat blokunun digər nümayəndəsi Elşən İsmayılov 25 saylı Nizami II seçki dairəsinin 21 saylı məntəqəsində müşahidə aparan zaman guya qanun pozuntusu aşkarlayıb. O, bu hərəkətini beynəlxalq müşahidəçilər seçki məntəqəsinə daxil olan zaman etmiş və onlara seçkinin gedişi ilə əlaqədar yanlış məlumat vermişdir. E.İsmayılov haqqında akt tərtib olunmuş və polisə müraciət edilmişdir. Onun əqidə yoldaşı Nəriman Məmmədov demişdir ki, Elşən pozuculuq fəaliyyəti barədə aldığı tapşırığı yerinə yetirə bilmədi. 15 saylı Yasamal birinci seçki dairəsinin 21 saylı seçki məntəqəsində müşahidəçi olmuş müsavatçı Saleh Qəhrəmanlı seçki qanunvericiliyini pozduğuna görə ona bir neçə dəfə xəbərdarlıq edilmişdir. Lakin o, bundan nəticə çıxarmamış, yenidən seçkiyə müdaxilə etmişdir. Onun haqqında akt tərtib olunmuş, seçki məntəqəsindən çıxarılmışdır. S.Qəhrəmanlı bir azdan yenidən seçki məntəqəsinə qayıtmış, qanuna zidd hərəkətlərini davam etdirmişdir. O, seçki məntəqəsindən ikinci dəfə çıxarılsa da, yenidən məntəqəyə qayıtmışdır.
Seçkinin nəticəsini tanımamaq barədə bir neçə müxalifət partiyasının bəyanat qəbul etməsinin heç bir əsası yoxdur. Seçkidə konkret şəxslərin qələbə qazanması və ya qazanmaması, seçkilərin qeyri-demokratik şəraitdə keçirilməsi demək deyil. Bu, həmin namizədlərin uğursuzluğu, seçicilərin etimadını qazanmaması deməkdir. Seçkilərdə məğlub olanlar öz uğursuzluqlarını pərdələmək üçün böhtana əl atırlar. Artıq onlar rəhbərlik etdikləri partiya fəalları tərəfindən də qınaq hədəfinə çevriliblər. Həm cəbhəçilər, həm də müsavatçılar AXCP-Müsavat blokunun siyasi iflasa uğramasının günahını Əli Kərimli ilə İsa Qəmbərdə görürlər. Narazı müsavatçılar İsa Qəmbərin son ana qədər seçki komissiyalarına nümayəndə göndərməməsini kəskin pisləyir, bunu yanlış siyasət hesab edirlər. Narazı müsavatçılar deyirlər ki, əgər partiya rəhbərliyi əvvəlcədən seçki komissiyalarına nümayəndə göndərsəydi, 4-5 min müsavatçı komissiyada təmsil olunar, az da olsa, əmək haqqı alardılar. Onlar bildiriblər ki, Müsavat Partiyasının rəhbərliyi müsavatçıların əmək haqqı almamasından, dolanışıqlarının aşağı səviyyədə olmasından sanki həzz alır. Belə olmasaydı, seçki komissiyalarına nümayəndə göndərərdi. Onun bu hərəkəti müsavatçıların ciddi narazılıqlarına səbəb olub. Üstəlik, seçki ərəfəsində ermənilərlə əməkdaşlıq barədə müqavilə imzalaması partiya üzvlərini hiddətləndirib. Ona görə də parlament seçkiləri zamanı İ.Qəmbər kifayət qədər səs toplaya bilmədi. Göründüyü kimi, günahı başqasında yox, özündə axtarmaq lazımdır. "AXCP-Müsavat" siyasi partiyalar blokunun digər üzvlərinin də konstruktivlikdən uzaq olmaları onların bu seçkidə böyük məğlubiyyətə uğramalarının göstəricisidir. Son ümid yerləri isə xüsusi tapşırıq verdikləri "müşahidəçilər" vasitəsi ilə seçki məntəqələrində iğtişaşlar törətmək, seçkinin gedişini pozmaqla Azərbaycanı beynəlxalq aləmin gözündən salmaq, seçkilərin qeyri-demokratik şəraitdə keçirilməsi barədə rəy formalaşdırmaq idi. Onlar öz xəbis niyyətlərinə çata bilmədilər. Çünki beynəlxalq müşahidəçilər seçkilərdə şəffaflığın təmin olunmasından, seçicilərin yüksək əhval-ruhiyyədə səs vermələrindən razılıq edirlər. Bu günlərdə Avropa Şurası Parlament Assambleyası Daimi Komitəsinin Türkiyənin Antalya şəhərində keçirilmiş toplantısında Azərbaycan və Bosniya-Hersoqovinadakı parlament seçkilərində müşahidəçi olmuş millət vəkilləri öz münasibətlərini açıqlamışlar. Azərbaycanda seçkilərin demokratik şəraitdə keçirildiyi, müxalifət partiyalarının iştirakının təmin edildiyi, səsvermə prosesində heç bir qanun pozuntusu, yaxud qarşıdurmanın olmadığı qeyd edilmişdir.
Antimilli radikal mövqe sərgiləməkdən əl çəkməyən, buna görə də xalqdan həmişə "yox" cavabı alan məğlublar hazırda ölkəmiz barəsində donosbazlıq etmək üçün beynəlxalq təşkilat axtarırlar. Ən nüfuzlu beynəlxalq təşkilatların isə seçkinin ədalətli və demokratik keçirildiyini bəyan etmələrindən sonra bu biçarələrin qrant almaq cəhdləri müşkül işə çevrilib.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.