Cəbhə xəttində bayram şənliyi

Artıq üçüncü ildir ki, laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsində Qurban bayramı böyük təntənə ilə qeyd olunur. Builki Qurban bayramında da Laçın rayonu icra strukturlarının fəaliyyət göstərdiyi Taxtakörpüdə və digər yerlərdə qurbanlar kəsilmiş, müxtəlif tədbirlər keçirilmişdir.
Bayram günü laçınlı fermerlərin və imkanlı şəxslərin gətirdikləri 2 baş dana, 180 baş qoyun kəsilmiş və qurban payı ərzaq yardımları ilə birlikdə respublikanın 30-dək rayonunda müvəqqəti məskunlaşmış Laçın rayonundan olan şəhid, Qarabağ müharibəsi əlili, Böyük Vətən müharibəsi iştirakçısı, tənha və imkansız 1500 ailəyə çatdırılmışdır.
Qurban bayramı günü rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Ağdam rayonunun cəbhə xəttində yerləşən "N" hərbi hissəsində xidmət keçən əsgərlərlə görüş keçirilmişdir. Döyüşçülərə bayram sovqatı aparılmış və burada da qurbanlar kəsilmişdir. Düşmənlə təmas xəttində nümunəvi xidmət edən 14 əsgərə və hərbi hissə komandirinə qol saatı hədiyyə olunmuşdur. Hərbi hissəyə müxtəlif tikinti materialı ilə köməklik edilmişdir.
Hərbi hissənin həyətinə toplaşmış əsgər və zabitləri bayram münasibətilə təbrik edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov onlara Vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, xoşbəxtlik arzulamışdır.
Əmək qəhrəmanı Şərqiyyə Vəliyeva, Ağsaqqallar Şurasının sədri Ağayar İsmayılov, müharibə veteranı Qasım Qasımov, Laçın Rayon Polis Şöbəsinin rəisi, polkovnik Məhəmməd Kərimov, şəhid atası Müzəffər Şərifov Milli Ordumuzun güclü və qüdrətli olması üçün dövlətimizin həyata keçirdiyi tədbirlərdən, xalqımızın Vətənin müdafiəçilərinə bəslədiyi etimad və ehtiramdan söz açmışlar.
Tədbir tanınmış laçınlı musiqiçilərin iştirakı ilə geniş bayram konserti ilə davam etdirilmişdir. Təntənəli mərasim əsgərlərimizdə yüksək vətənpərvərlik əhval-ruhiyyəsi yaratmışdır. Eyni zamanda, rayon sakinləri Azərbaycan Milli Ordusunun döyüşkənliyinə, doğma yurdlarına tezliklə qayıdacaqlarına əmin olmuşlar. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızın azad olunacağına, laçınlıların da öz doğma torpaqlarına qayıdacaqlarına inam görüşdə dönə-dönə vurğulanmışdır
Hərbi hissənin rəhbərliyi diqqət və qayğıya görə laçınlılara təşəkkür etmiş, Vətənin göz bəbəyi kimi qorunacağını bildirmişdir.

{nl}

Ziyəddin SULTANOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında