Azərbaycanda aparılan uğurlu islahatlar, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində irəliyə doğru atılan qətiyyətli addımlar, insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar bir-birinin ardınca həyata keçirilən əhəmiyyətli tədbirlər ölkəmizin beynəlxalq miqyasda əlaqələrini daha da möhkəmləndirib. Demokratik, şəffaf, azad və ədalətli seçkilər üçün istiqamətində yaradılmış möhkəm qanunvericilik bazası, bu istiqamətdə yeni qanunvericilik aktlarının qəbul edilməsi, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını xeyli sürətləndirib.
Azərbaycan azad və ədalətli, obyektiv seçki keçirməyə qadir ölkə olduğunu dəfələrlə təsdiqləyib. Seçkidən - seçkiyə demokratik dəyərlərə xüsusi diqqət yetirilməsi ölkəmizin nüfuzunu xeyli artırıb.
Məlum olduğu kimi, Azərbaycanda dövlət hakimiyyətinin əsasını xalqın iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi mütəmadi keçirilən seçkilərdə, habelə ümumxalq səsverməsində - referendumda öz təzahürünü tapır. Ona görə də xalqın öz iradəsini sərbəst ifadə etmək üçün şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər cür vasitələrdən istifadə edilir. Bundan ötrü ölkədə demokratik xarakterli, beynəlxalq səviyyəli qanunvericilik aktları qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamları qanunvericilik bazasını daha da möhkəmləndirirdi. Həmin sərəncamların qarşıya qoyduğu vəzifələr ölkənin seçki sistemini daha da təkmilləşdirdi, şəffaflığın və demokratik prinsiplərin təmin olunması istiqamətində bir sıra yeniliklər ortaya qoydu. Elə yeniliklər ki, hələ bu vaxta qədər Avropanın qabaqcıl ölkələrinin əksəriyyətində sınaqdan keçirilməyib. Bu yeniliklərin ölkəmizdə keçirilən seçkilərdə obyektivliyin və şəffaflığın təmin olunmasında böyük rol oynaması beynəlxalq müşahidəçilər və tanınmış ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq miqyasda azad və ədalətli, şəffaf seçki keçirməyə böyük üstünlük verən demokratik dövlət kimi tanınıb. Noyabrın 7-də dördüncü çağırış Milli Məclisə keçirilən seçkilərlə Azərbaycan demokratik və şəffaf seçki keçirməyə qadir olduğunu yenidən təsdiqlədi.
Ötən illərdə olduğu kimi, budəfəki seçkilər də böyük maraqla izlənilirdi. Bunu seçki prosesini müşahidə etmək istəyənlərin sayı da təsdiqləyir. Əvvəlcə qeyd edək ki, Milli Məclisdəki 125 deputat yeri uğrunda 690 namizəd mübarizə aparırdı. Qeyd edək ki, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir namizəd üçün bərabər səviyyəli şərait yaradılmışdı. Onların təbliğat-təşviqat kampaniyaları üçün İctimai Televiziyada 4 dəqiqə pulsuz efir vaxtı ayrılmışdı. Halbuki, dünyanın heç bir ölkəsində deputatlığa namizədlər üçün belə bir şərait yaradılmır. Onların seçiciləri ilə görüş keçirmələrində də hər hansı bir məhdudiyyət qoyulmamışdı. Namizədliyi qeydə alınanların hər biri mövcud qanunvericilik aktlarına müvafiq olaraq öz seçiciləri ilə açıq və qapalı yerlərdə görüşlər keçirdilər. Seçkilərdə şəffaflığın təmin olunması üçün 46 min 639 müşahidəçiyə hər cür əlverişli şərait yaradılmışdı. 48 ölkəni və 21 beynəlxalq təşkilatı təmsil edən 1029 beynəlxalq müşahidəçi, habelə 17 beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələri seçki prosesini çox diqqətlə izlədilər. Beynəlxalq müşahidəçilər də bunu yüksək dəyərləndirdilər. Məsələn, Estoniya Mərkəzi Seçki Komissiyasının üzvü xanım Tellomon Kadri Azərbaycanda seçki prosesini izləyən müşahidəçilərin çoxluğunu şəffaflığın təmin olunması üçün yaradılmış şərait kimi qiymətləndirmiş, bunun demokratik hal olduğunu bildirmişdir. O demişdir ki, Estoniyada bir məntəqədə müşahidəçilərin sayı 3-4 nəfərdən artıq olmur. Azərbaycanda isə seçki məntəqələrində 8-12 müşahidəçinin olduğunu gördüm. Avropa Şurası Parlament Assambleyasının müşahidəçilər qrupunun polşalı üzvü Yanuş Raxon isə seçki məntəqələrinə quraşdırılmış veb-kameraları yüksək dəyərləndirmişdir. Onun fikrincə, bu üsul səsvermədə şəffaflığın və obyektivliyin təmin olunmasında çox yaxşı effekt verir.
Artıq seçki prosesi başa çatıb. Bütün ölkələrdə seçkilərdən sonra narazılıqlar və şikayətlər qeydə alınır. Bu da təbii bir haldır. Çünki seçkilərdə etimad qazana bilməyənlər məğlubiyyətləri ilə barışmaq istəmir, bütün vasitələrdən, hətta yalan, böhtan və iftiralardan da yan keçməyərək özlərinə bəraət qazandırmaq istəyirlər. Məğlublar beynəlxalq təşkilatlara üz tütüb onlardan da kömək istəyirlər. Ancaq belələri unudurlar ki, Azərbaycanda qalibləri beynəlxalq təşkilatlar yox, seçicilər müəyyənləşdirir. Buna baxmayaraq, həmin beynəlxalq təşkilatlar seçkinin nəticəsi ilə əlaqədar öz münasibətlərini açıqlayarkən həm də məğlublara cavab vermiş olurlar. Beynəlxalq təşkilatların müşahidə missiyasına rəhbərlik edənlərdən bəzilərinin, həmçinin bir neçə beynəlxalq müşahidəçinin rəyini diqqətə çatdırmaqla Azərbaycanda keçirilən parlament seçkilərinin demokratikliyinə heç bir şübhə olmadığını yəqinləşdirmək olar. Məsələn, AŞPA müşahidə missiyasının rəhbəri Poll Bill bəyan etmişdir ki, seçkilər beynəlxalq standartlara və ATƏT standartlarına tam uyğun keçirilmişdir. Seçkilər sakit şəraitdə keçmiş, seçki prosesinin texniki təminatı yüksək səviyyədə olmuşdur. Bütün bunlar Azərbaycanın demokratik ölkə kimi inkişaf etdiyini deməyə əsas verir.
GUAM müşahidə missiyası da Azərbaycanda parlament seçkilərinin beynəlxalq standartlara və demokratik seçki standartlarına uyğun keçirildiyini bəyan edib. Missiyanın rəhbəri, GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib ki, Azərbaycanda parlament seçkiləri ATƏT və Avropa Şurası qarşısında götürülən öhdəliklərə, milli qanunvericiliyə, MSK-nın hazırladığı qayda və proseduralara uyğun keçirilib. Parlament seçkilərini sakit, azad və ədalətli seçkilər kimi müsbət dəyərləndirmək olar. MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev də seçkilərin Azərbaycanın seçki qanunvericiliyinə uyğun, yüksək səviyyədə keçdiyini bəyan edib. Fransalı beynəlxalq müşahidəçi Filipp Vitel də seçki prosesini yüksək qiymətləndirərək demişdir ki, bu seçki prosesini izlədikdən sonra məndə belə bir fikir formalaşdı ki, Azərbaycanın seçki modeli Avropanın Qərb modelinə daha da yaxınlaşmışdır.
Avropa Şurası Parlament Assambleyası da seçkilərin yüksək səviyyədə keçirildiyini bəyan edib. qurumun daimi komitəsinin bu yaxınlarda Türkiyədə keçirilən iclasında Azərbaycanda keçirilmiş Milli Məclisə seçkilərlə bağlı məsələlər müzakirə edilib. Seçkiləri müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri, bir sıra dövlətlərin parlament üzvləri Azərbaycanda keçirilən seçkilərlə bağlı rəylərini bildiriblər. Qeyd olunub ki, noyabrın 7-də baş tutan seçkilər şəffaf və demokratikdir. Səslərin hesablanması şəffaf şəkildə həyata keçirilib, seçki məntəqələrinə giriş azad olub. Seçicilərin barmaqlarının mürəkkəblənməsi düzgün şəkildə təşkil olunub. Seçkinin təşkil edilməsində Mərkəzi Seçki Komissiyasının xüsusi rolu olduğunu bildirən qurumun sədri Mövlud Çavuşoğlu isə əlavə edib ki, seçkiyə hazırlıq, Azərbaycanın seçki qanunvericiliyi, beynəlxalq seçki standartlarına və demokratik seçkilər sahəsində beynəlxalq öhdəliklərə tam uyğundur.
Hər dəfə olduğu kimi, bu dəfə də bəzi qüvvələr ölkəmizə qarşı apardıqları qərəzli kampaniyalarından, ikili mövqe sərgiləməkdən əl çəkməmiş, parlament seçkilərinin obyektiv və demokratik şəraitdə keçirilməsinə kölgə salmaq üçün yalan və böhtan maşınlarını işə salmışlar. Lakin belə qərəzli fikirlər seçkinin şəffaf keçirilməsinə kölgə sala bilməz.
Onların Azərbaycanda keçirilən seçkilərlə əlaqədar beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq cəhdləri baş tutan deyil. Çünki seçkiləri müşahidə edən beynəlxalq qurumların təmsilçiləri artıq öz müsbət münasibətlərini bildiriblər. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev jurnalistlərə verdiyi müsahibəsində 7 noyabr seçkiləri ilə əlaqədar fikrini bildirməklə qərəzli və ikili mövqedə olanlara tutarlı cavab verib. R.Mehdiyev deyib: "7 noyabr parlament seçkiləri tam demokratik keçib. Beynəlxalq müşahidəçilərin 99 faizi bu seçkiləri şəffaf, açıq və demokratik kimi qəbul edib. Bu seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi qəbul etmək lazımdır. Çünki həqiqətən Azərbaycanda çox şəffaf seçkilər keçirilib. Bütün siyasi qüvvələr üçün eyni vəziyyət, şərait yaradılıb. Deyə bilərəm ki, bütün siyasi qüvvələr bu seçkidə iştirak edib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mövqeyi Avropa müşahidəçilərinin mövqeyindən bir qədər fərqlənir. Hesab edirəm ki, bu subyektiv xarakter daşıyır, qeyri-obyektivdir və müəyyən qədər tapşırıqlar əsasında səslənən fikirlərdir. Onu deyə bilərəm ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu hər dəfə Azərbaycanda seçkilər keçiriləndə, burada olarkən bir fikir səsləndirir, lakin 1-2 aydan sonra fikirlərini dəyişib başqa fikir səsləndirir. Bu da onu göstərir ki, bu fikirlər müəyyən təzyiqlər altında səslənir".
Dördüncü çağırış Milli Məclisə seçkilər bir daha təsdiqlədi ki, Azərbaycanda demokratik təsisatlara xüsusi diqqət yetirilir, azad və ədalətli, şəffaf seçkilər keçirilməsi prioritet vəzifələrdən biri hesab olunur.{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.