Şriftin ölçüsü:
14.11.2010 03:37 | Oxunma sayı: 536
Qış fəsli yarısı aran, yarısı da dağlıq zonada yerləşən Cəlilabad rayonunda adamları həmişə ciddi sınaqlara çəkir. Bu sınaqlardan uğurla çıxmaq üçün hər il əvvəlcədən ciddi tədbirlər görülür. Qış aylarında əhalinin, eləcə də təhsil, səhiyyə ocaqlarının və digər sahələrin işıq, qaz və yanacaqla etibarlı təminatından ötrü işçi qruplar yaradılaraq konkret vəzifələr müəyyənləşdirilir.
Qarşıdakı qışın daha soyuq keçəcəyi ilə bağlı proqnozlar rayon rəhbərliyini hazırlıq tədbirlərinə xüsusi əhəmiyyət verməyə sövq edib. İşıq probleminin olmaması üçün Cəlilabad, Göytəpə və Cəlayır yarımstansiyalarında zədələnmiş izolyatorlar dəyişdirilib, yağ açarları əsaslı təmir edilib. Transformatorlar normal işləsin deyə, onlara üç tondan artıq yağ əlavə olunub. İlin əvvəlindən rayonun elektrik təsərrüfatlarında 17 transformator təmir edilib, yararsız vəziyyətdə olan 14 kilometrədək elektrik hava xətti yenisi ilə əvəz olunub, 239 elektrik dirəyi dəyişdirilib. Şəhərin yeni yaşayış massivinə elektrik hava xətlərinin çəkilişi əsasən başa çatdırılıb və həmin ərazidə yeni şəbəkənin tikintisi də sona yaxınlaşıb. Bütün bunlarla bərabər, ucqar məntəqələrdə qabaqlayıcı tədbirlər görülməlidir ki, şaxtalı havalarda ciddi çətinliklər yaranmasın.
Rayonun mavi yanacaqla təchizatının yaxşılaşması məqsədilə görülən tədbirlər ara vermir. Mərkəzi qazpaylayıcı məntəqədən rayona yeni qaz xətti çəkilib, Kazımabad kəndində 2 min poqonmetr orta təzyiqli xətt əsaslı təmir edilərək 180 mənzilə təbii qazın verilməsinə nail olunub. Cəlilabad şəhərinin H. Aslanov, M.Əzizbəyov, M.Hadi küçələri, Göytəpə şəhərinin O.Eynullayev və Pişəvəri küçələri boyunca qaz kəmərlərinin yararsız hissələri dəyişdirilib. Alar və Günəşli kəndlərinin qazlaşdırılmasından ötrü yeni paylayıcı stansiya tikilir. Köhnə xətlər polietilen borularla əvəz edilir. Amma vaxt var ikən şəhərin bir sıra məhəllələrindəki xətlərin texniki nasazlığı da aradan qaldırılmalıdır.
Qış mövsümündə rabitə avadanlığının normal işləməsi üçün ATS-lərdə cari təmir işləri aparılıb. Kəndlərlə rabitə əlaqəsini yaxşılaşdırmaqdan ötrü birləşdirici xətlərdəki nasazlıqlar aradan qaldırılıb və stansiyalar dizel generatorları ilə təmin edilib. Cəngan və Əliqasımlı kəndlərindəki ATS-lər elektronlaşdırılıb. Göytəpədən Privolnoye kəndinə, Sərhədabaddan Şiləvəngə kəndinə "FO" tipli daha keyfiyyətli kabellər çəkilib. Poçt xidmətinin avtomobilləri tam təmir olunub, şöbələrə qızdırıcılar verilib.
Su-kanal idarəsi yüzlərlə metr su xəttini təmir eləyib. Subartezian quyulardakı nasoslar təmir olunub, xeyli yararsız elektrik xətti dəyişdirilib. Şəhər təsərrüfatının qış aylarında lazımi qaydada işləməsi üçün kommunal müəssisələr kombinatında və mənzil-istismar sahəsində maşın və mexanizmlər saz vəziyyətə gətirilib. Fövqəladə hallarda operativliyi təmin etməkdən ötrü məsul şəxslərin vəzifələri müəyyənləşdirilib. Kommunal binaların ətrafında səliqə-sahman yaradılıb. Bir sıra binanın daxili kanalizasiya sistemi və dam örtüyü təmir olunub. Şəhərdən məişət tullantılarının vaxtlı-vaxtında daşınması təmin edilir.
Rayon yol istismarı idarəsinin maşın və mexanizmləri işlək vəziyyətə gətirilib, körpülərə və buz bağlamaq ehtimalı olan yollara səpməkdən ötrü qum və duz ehtiyatı yaradılıb. Rayon mərkəzindən Hamarqışlaq və Cəngan kəndlərinə gedən yollara çınqıl döşənib, Alar və Günəşlidə yollar əsaslı təmir edilib. Cəlilabad şəhərinin səkkiz küçəsinə asfalt vurulub.
Büdcədən maliyyələşən təşkilatlarda yanacaq xərclərinə 130 min manatadək vəsait ayrılıb. Təhsil, mədəniyyət, səhiyyə müəssisələrində qışa hazırlıq məsələləri müzakirə edilib və mövcud çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər həyata keçirilib. Qarazəncir, Ocaqlı, Ağdaş, Üçtəpə kənd, Göytəpə şəhər 3 saylı, Privolnoye kənd 1 saylı, Sabirabad kənd 1 saylı orta məktəblərinin binaları əsaslı təmir olunub. Bir çox məktəblərin ətraf əraziləri abadlaşdırılıb, biunaları yanacaq və odunla təmin edilib. Rayondakı 18 məktəbəqədər tərbiyə müəssisəsinin hamısında maye yanacaqdan istifadə ediləcək.
Mədəniyyət və turizm şöbəsinin kitabxana binalarında il ərzində cari təmir işləri görülüb. Rayon Mədəniyyət Evi üçün yeni qazanxananın qurulmasına ehtiyac var. Kənd mədəniyyət evləri, klub və kitabxanalarının dam örtükləri dəyişdirilsə, yaxşı olar. Xəstəxana, ambulatoriya və tibb məntəqələri da qışa lazımınca hazırlanıb. Ucqarlarda yerləşən tibb ocaqlarında dərman, peyvənd materialı və digər ləvazimatların ehtiyatı yaradılıb. Amma bəzi kənd tibb müəssisələrinin maddi-texniki bazası müasir tələblərə cavab vermədiyinə görə yüksək səhiyyə xidməti göstərilməsində çətinliklər olacağı istisna edilmir.
Mövsümə hazırlıq məqsədilə meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən 520 kubmetr odun tədarük edilib və satılıb. Bu iş davam edir.
Cəlilabadda qışa hazırlıq məsələləri rayon rəhbərliyi tərəfindən dəfələrlə müzakirə edilib, cavabdeh şəxslərə tapşırıq və tövsiyələr verilib. İcra hakimiyyətinin başçısı Əziz Əzizov görülən işləri ciddi nəzarətə götürüb. Sosial-iqtisadi məsələlər şöbəsi bu işlərlə gündəlik məşğul olur. Bütün bunlar deməyə əsas verir ki, rayonda qalan vaxtdan da səmərəli istifadə ediləcək və Cəlilabad qışı hazır vəziyyətdə qarşılayacaq.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.