2010-cu ilin 7 noyabrında Milli Məclisə keçirilən seçkiləri müşahidə edən çoxsaylı beynəlxalq müşahidəçilər arasında Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin üzvləri də olubdur. Onlar Azərbaycan paytaxtında, Gəncədə, ölkəmizin digər şəhər və bölgələrində seçki prosesini diqqətlə izləyərək seçkilərin gedişi ilə bağlı yerli və xarici jurnalistlərə maraqlı fikir və mülahizələr bildirmişlər. Türkiyə parlamentinin nümayəndəsi Mustafa Ceylanla seçkilərin ertəsi günü Azərbaycan paytaxtında görüşərək ondan öz təəssüratlarını qəzetimizin oxucuları ilə bölüşməsini xahiş etdik. Türkiyəli qonaq bunları dedi:
- İlk sözüm budur: Azərbaycanlı bütün qardaş və bacılarımızı salamlayıram. Bu qədim ölkəni ziyarət fürsəti bulduğumdan çox məmnunam. Biz, əslində, doğma bir məmləkətə gəlmişik, necə deyərlər, Vətəndən Vətənə gəlmişik. Böyük öndər Mustafa Kamal Atatürk çox haqlı olaraq "Azərbaycanın dərdi bizin kədərimiz, mutluluğu bizim sevincimizdir" demişdir. Nə qədər səmimi və hər bir türkün qəlbindən dilinə axan gözəl sözlərdir! Azərbaycanın böyük oğlu mərhum Heydər Əliyev də bizim qardaşlığımızı çox tutumlu sözlərlə ifadə edirdi: "Biz bir millət, iki dövlətik". Bu ifadəni çağdaş Türkiyədə hər kəs bilir və bu qardaşlıqdan sonsuz qürur duyur. Nə yaxşı ki, bu gün həm Türkiyə, həm də Azərbaycan dövlətləri bu müdrik siyasi xəttə tam sadiqlik nümayiş etdirirlər. Ümid edirəm ki, bu, sabah da, o birisi gün də, bir sözlə, əbədi belə olacaqdır.
Azərbaycan parlamentinə 7 noyabrda baş tutmuş seçkiləri böyük həvəslə izlədim. Müşahidə apardığım bütün məntəqələrdə seçkilərin yüksək səviyyədə təşkil olunduğunun şahidi oldum. Müşahidəçilər üçün yerlər ayrılmışdı və onlar prosesi diqqətlə izləyirdilər. Bütün seçki məntəqələri texniki avadanlıqlarla kifayət qədər təchiz olunmuşdu, hətta bir çox seçki məntəqələrində veb-kameralar qoyulmuşdu. Avropanın elə ölkələri var ki, orada veb-kameralardan hələ də istifadə edə bilməyiblər. Yəni sizdəki seçkilər texniki cəhətdən Avropa standarlarından geri qalmır. Bir daha qeyd edim ki, mən şəxsən səsvermə zamanı seçicilərə kənardan təzyiqlər göstərilməsinin şahidi olmadım. Seçki məntəqələrinə gəlmiş vətəndaşlar sakit şəkildə bülletenləri götürüb sərbəst halda öz seçimlərini edirdilər. Aşkar duyulur ki, indi Azərbaycanda yaxşı seçki ənənələri yaranıb.
Görünən budur ki, Azərbaycan dövləti, seçkilərin təşkili ilə birbaşa məşğul olan qurum - Mərkəzi Seçki Komissiyası, onun sədri sayın Məzahir Pənahov son parlament seçkilərinin azad, şəffaf keçirilməsi, seçkilərdə hər kəsin qanuna hörmətlə yanaşması üçün çox əmək qoyublar. Lakin seçkilərdə kiçik, xırda qüsurların baş verməsi ehtimalını da inkar etmirəm. Seçkilər heç bir yerdə heç vaxt səhvsiz, mükəmməl olmur. Demokratiya prosesi canlı bir prosesdir, hər zaman yeniləşir. Elə hallar olur ki, bu gün məqbul sayılan hallar sabah az qəbul edilir. Lakin bir şey mənim üçün tam aydındır. Azərbaycanda seçkilərin uğurlu keçdiyinə heç bir şübhəm yoxdur.
Seçkilər heç bir yerdə seçki xatirinə keçirilmir. Məqsəd xalqın sabahını qura biləcək, bu zaman onun arzu və düşüncələrini, adət-ənənələrini, əxlaqını təmsil etməyə qadir olan işlək bir parlamenti seçməkdir. Vətəndaşlar seçki sandıqları (qutuları-red) qarşısında bu və ya digər namizədin lehinə öz seçimlərini etməklə ona böyük etimad göstərirlər. Millət vəkili bu etimadı doğrultmağa çalışmalıdır. Parlament arı kimi çalışıb bal toplamalıdır. Belə olanda millətin faydası çox olur. Mən əminəm ki, Azərbaycan vətəndaşlarının Milli Məclisə seçdikləri namizədlər onlara göstərilən böyük etimada layiq olacaqlarını işdə göstərə biləcəklər.
İndi Bakı təsəvvür etdiyimdən də gözəldir. Seçkiləri müşahidə edən Türkiyə nümayəndə heyətinin üzvləri də, ünsiyyətdə olduğum əcnəbi müşahidəçilər də məqam düşəndə Bakının çox gözəlləşdiyindən söz açırdılar. Bu şəhərdə hər yerdə milli və müasir memarlıq üslublarının uzlaşması diqqət çəkir, sanki burada tarixlə bugün görüşür. Bunlara görə də sevinirəm. Mən Azərbaycanı xoş duyğularla tərk edirəm. Dostun dostla qovuşması sevinc gətirirsə, ayrılanda, təbii ki, bir qədər üzülürsən. Azərbaycana bir daha dönəcəyimə inanıram. Gözəl Bakı, bu şəhərin səmimi, dostcanlı sakinləri ilə yenidən görüşməyimə ümid edir, bu qardaş məmləkətdən bizim Ankaraya bir qucaq sevgi aparıram.
{nl}
Qələmə aldı: Məsaim ABDULLAYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.