Xeyirxahlıq fədaisi

Həyatda elə insanlar var ki, onlarda tükənməyən bir enerji, işıq var. Sankı ana təbiət onlara xüsusi vergi verib: özlərini təmkinli, sadə və səmimi aparsalar da, nəyə görəsə onlarla təmasda olanda, yanaşı duranda, elə bil canına hərarət və işıq seli axır. Nə qədər qəmli, qayğılı və gərgin olsan da könlün açılır, ruhun cilvələnir. Bu ilahi verginin adı sevgidirmi, xeyirxahlıqdırmı, mərhəmətdirmi, səmimiyyətdirmi, demək çətindir. İlahinin bu vergisinə sahib olan insanlar həyatdan köçəndən sonra belə, özlərindən qeyri-adi, insana xoş duyğular yaşadan, onu isidən bir xatirə qoyub gedirlər. Eynən Fəxrəddin Gülmirzə oğlu Cavadov kimi.

Tanrı səxavətilə vergilənmiş bu insan 7 il əvvəl bu dünyadan qəfil köç etsə də, indi varlığından qalan xatirələri ilə onu sevənlərin və tanıyanların arasında dolaşır, onlara xoş duyğular yaşadır, könülləri isidir, xoş əhvala kökləyir.

Ömür tarixçəsini vərəqləyərkən, Fəxrəddin Cavadovun 57 il yox, sanki bir qərinə yaşadığını düşünürsən. 20 aprel 1951-ci ildə Bakı şəhərində, Buzovnanın görkəmli ziyalılarından olan Gülmirzə Cavadovun ailəsində dünyaya göz açmışdı. Ziyalı atasından və gözəl həkim olan anasından insanlara əl tutmaq, mərhəmətli olmaq, xeyirxahlıq etmək nümunəsi götürmüş, tərbiyəli, ədəbli və əxlaqlı olmaq dərsi almışdı. Bir sözlə, bütün ruhu bu ocağın doğmalara, yaxınlara, elə, obaya,Tanrının yer üzünə əşrəf göndərdiyi insana sevgisi, məhəbbətilə yoğrulmuşdu. Halallıq, nəciblik, humanizm canına, qanına hopmuşdu.

Orta məktəb illərindən təhsilə, elmə yüksək marağı ilə diqqət çəkmişdi. Peşə seçimində isə təbiətindəki xeyirxahlıq, nəciblik Fəxrəddini özünə məhrəm olan sahəni – həkimliyi seçməyə yönəltmişdi. Uşaqlıq illərindən həkimliyin çətin, məsuliyyətli peşələrdən biri olduğunu bilsə belə, bu yolu seçməkdən çəkinməmişdi. 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsinə qəbul olunub çox ciddi səylə ali təhsil almağa başlamışdı.

İnstitutu bitirdikdən sonra 1975-ci ildə Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasında səyyar həkim kimi əmək fəaliyyətinə başlamışdı. Deyirlər ki, özünü tibbə həsr etmiş insanın, həm də bu sahədə bir Tanrı vergisi, istedadı olmalıdır. İstedad yoxdursa, həkimlik sənətini oxumaqla öyrənmək mümkün deyil. Bu, özünü ağ xalatlı gənc həkimdə artıq institut illərindən göstərməyə başlamışdı və əmək fəaliyyətinin elə ilk dövründə hətta bir çoxları Fəxrəddinin xəstəylə qısa təmasdan sonra necə dəqiq diaqnoz qoymasına heyrət edirdilər. Ömrünün ən gözəl illərində həyatda birgə addımladıqları ömür-gün yoldaşı, həm də həmkarı Gövhər xanım deyir ki, Fəxrəddin çox gözəl klinikaçı idi. Xəstənin üzünə baxıb, zahiri əlamətlərinə görə dəqiq diaqnoz qoyurdu. Çox güclü energetikası vardı və bircə dəfə ağrıyan başa toxunanda ağrı dərhal keçib gedirdi.

Bu keyfiyyətlər Fəxrəddinin 1977-ci ildə 5 saylı şəhər poliklinikasında həkim-cərrah işləməyə başladığı dövrdə də özünün təsdiqini tapmışdı. Lakin xarakterinə təkəbbür və eqoizmin yad olduğu gənc oğlan tibbin dərinliklərinə baş vurub daha kamil həkim olmaq istəyində idi. Elə bu məqsədlə də o, 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun urologiya kafedrasında baş laborant, assistent kimi elmi biliklərini daha da dərinləşdirməyə və peşəsini təkmilləşdirməyə davam etmişdi. Dərin bir sevgi ilə elmi iş üzərində çalışmağa başlamış və 1985-ci ildə Moskva vilayətinin M. Vladimirski adına Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almışdı. Elə həmin ildə “Uraloji katetor” ixtirasına görə SSRİ Dövlət Patent Komitəsinin müvafiq şəhadətnaməsinə sahib olmuşdu. Bu, gənc alimin elmi potensialının, təsdiqini tapan və seçilən ilk uğuru olmadı.

İstedadlı, böyük perspektivlər vəd edən gənc Fəxrəddinin işgüzarlığı, səhiyyəyə bağlılığı respublikanın rəhbərliyində çalışan müdrik insanların diqqətini çəkdi. Çox keçmədi ki, o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə işə dəvət aldı. 1986-cı ildə bu ali dövlət orqanına işə qəbul olunan Fəxrəddin Cavadov əvvəlcə elm və təhsil müəssisələri şöbəsində, 1989-cu ildən isə ictimai-sosial şöbəyə təlimatçı təyin olundu.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycanın Xalq yazıçısı, özünün sədaqətli dostu Fəxrəddini heç zaman unutmayan Elçin yazır: “Mən çox insanlar tanıyıram ki, sadə, mehriban, səmimi məxluqlar olublar. Amma elə ki, yüksək vəzifəyə getdilər, tamam dəyişib başqa adam olublar. Ancaq Fəxrəddin MK-da işləyəndə, elə bil, daha artıq sadə, mehriban və xeyirxah olmuşdu”.

Bu illər istedadlı gəncin yüksək insani keyfiyyətlərinə, səmimiyyətinə yeni rənglər qatdı, onun daha təvazökar bir şəxsiyyət olduğunu göstərdi. Eyni zamanda onun idarəçilik, təşkilatçılıq təcrübəsi qazanmasında çox böyük rol oynadı. Verilən tapşırıqları yüksək səviyyədə, operativ həll etmək, geniş düşünmək, vaxtında və düzgün qərar qəbul etmək qabiliyyəti, yüksək təşkilatçılıq bacarığı rəhbərliyin diqqətindən yayınmadı. Və Fəxrəddin Cavadov 1990-cı ildə sovet dövrü üçün çox gənc – 39 yaşında Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsinə irəli çəkildi.

1996-cı ilədək bu vəzifədə çalışan Fəxrəddin Cavadovun fəaliyyəti ilə yaxından tanış olan insanlar indi də bunu çox yüksək dəyərləndirirlər. Xalq yazıçısı Elçin yazır: “İş belə gətirdi ki, mən 1993-cü il sentyabrın 1-də Baş nazirin müavini vəzifəsinə təyin olundum, Fəxrəddin isə səhiyyə nazirinin birinci müavini vəzifəsində çalışırdı, sonra bir müddət nazir vəzifəsini icra etdi. 1996-cı ilə qədər birgə işlədiyimiz o dövrdə mən Fəxrəddini daha yaxından tanıdım, onun bacarığı, işgüzarlığı, vəzifəsi ilə bağlı məsuliyyət hissi daim onunla bir yerdə olurdu.

... Müstəqilliyimizin ilk illərində Azərbaycan səhiyyəsinin dirçəlməsində, islahatların aparılmasında, tibbi xidmət baxımından keyfiyyət göstəricilərinin yüksəlməsində, yeni tibbi texnologiyaların respublikamıza gətirilməsində, səhiyyə sahəsində beynəlxalq inteqrasiya prosesində Fəxrəddin Cavadovun əməyi, enerjisi, təşəbbüskarlığı az rol oynamadı".

Azərbaycan müstəqilliyinin ağır illərində, xüsusilə Ermənistanın işğalçılıq müharibəsinin davam etdiyi bir vaxtda ölkənin səhiyyə sistemi çox ciddi problemlər qarşısında idi. Qaçqınlara, Qarabağ uğrunda döyüşlərdə yaralananlara, müharibə əlillərinə və ümumiyyətlə, əlillərə tibbi xidmətin təşkil edilməsi, onların dərmanla təchiz olunması kimi ağır işlərin böyük bir qismi səhiyyə nazirinin birinci müavini kimi onun üzərinə düşürdü. Digər tərəfdən, döyüşlərin ən ağır vaxtlarında Fəxrəddin Cavadov həm də Azərbaycan Respublikasının Hərbi Tibb Qərargahının rəisi kimi cəbhə xəttində səyyar hospitalların yaradılmasına bilavasitə nəzarət edir və bütün tədbirlər onun göstərişi ilə həyata keçirilirdi. Sözün əsl mənasında, istirahət bilmədən, son dərəcə gərgin bir vəziyyətdə, çox böyük fədakarlıqla çalışırdı.

Bu ağır illərin şahidi və iştirakçısı olan Türkiyə Respublikasının sabiq səhiyyə naziri Halil Şıvqın həmkarı və dostu Fəxrəddinin xidmətlərini qiymətləndirərkən deyir: “Fəxrəddin Cavadov mənim Azərbaycanda tanıdığım ilk səmimi dostlarımdandır. Onun Dağlıq Qarabağ müharibəsi zamanı, o ağır və dəhşətli günlərdə Vətəni və insanları üçün necə yorulmadan çalışdığının, çabalarının şahidi oldum. O, çətin və fövqəladə günlərin qəhrəmanıdır!”

Fəxrəddin həyatda heç kimin yerinə iddia etməyən, həmişə özünə məxsus olan yerdə oturan bir şəxsiyyət idi. Ailədən, bəlkə də təbiətindən gələn ziyalılığı, səmimiyyəti, ədəbli davranışı, nəzakətli danışığı ilə seçilirdi. Bu cazibədar cizgisi bir həkim kimi də onu hamıya - xəstələrə də, həmkarlarına da, elə dost-tanışa da sevdirirdi.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə 30 ilə yaxın dostluq etdiyi, şəxsiyyətinə, sədaqətinə, insanlığına özü kimi bələd olduğu Fəxrəddin həkimdən söz düşəndə ixtiyarsız onun gənclik illərinə qayıdır: “1980-ci illərin əvvəllərindən Mərkəzi Komitədə işləyirdim. İlk iş birliyimiz də elə o dövrə təsadüf edir. Fəxrəddin Cavadov Azərbaycan cəmiyyətində ən yüksək ziyalı keyfiyyətlərini özündə birləşdirən bir sima idi. Dostum Azərbaycan səhiyyəsində əvəzedilməz bir iz buraxdı. İstedadlı həkim və səhiyyə təşkilatçısı kimi, uzun illər ərzində görülməyən işlərin öhdəsindən uğurla gəldi. Mən Fəxrəddin Cavadov imzasını XX əsr Azərbaycan səhiyyəsinin inkişafına xidmət edən əvəzsiz şəxsiyyətlərlə yanaşı qoyardım. Fəxrəddin Cavadov səhiyyənin bütün incəliklərinə bələd olan, respublika səhiyyəsində cərəyan edən bütün aktual problemləri maraqla izləyən, təhlil edən, tədqiqatlar aparan elm xadimi, doktor idi”.

Elə bu keyfiyyətlərinə görə ciddi narahatlıq keçirənlər, yuxuları ərşə çəkilənlər ona tutduqları vəzifə kürsüsünün potensial rəqibi kimi baxırdılar. Fəxrəddinin üstün keyfiyyətləri, gördüyü möhtəşəm işlər, əldə etdiyi uğurlar, qazandığı böyük nüfuz xüsusilə Səhiyyə Nazirliyinin o vaxtkı rəhbərini çox ciddi narahat edirdi. Bu narahatlığa son qoymağınsa bir yolu vardı - Fəxrəddin Cavadovu istedadını, biliyini, bacarığını və təşkilatçılığını nümayiş etdirmək imkanlarından məhrum etmək. Xudbinliyin, paxıllığın və qısqanclığın hökmü öz işini gördü və o, vəzifəsindən uzaqlaşdırıldı.

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev yazır: “Fəxrəddin müəllim müəyyən haqsızlıqlar üzündən bir müddət işsiz qalmışdı. Bu çoxumuzu üzsə də, ona dəstək verməyə elə bir imkanımız yox idi. Sonradan o, Həkimləri Təkmilləşdirmə İnistitutunun prorektoru kimi peşəkar fəaliyyətini davam etdirməyə başladı”.

1998-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tibb fakültəsi üzrə prorektoru təyin olunan Fəxrəddin Cavadov, bir qədər sonra I prorektor, eyni zamanda institutun urologiya və operativ nevrologiya kafedrası üzrə dosenti vəzifəsinə seçildi. Burada çalışdığı az bir müddətdə də o, ruhdan düşmür və elmi araşdırmalarını davam etdrirdi.

2000-ci ilin fevralında Fəxrəddinə arzularının kiçik bir modelini reallaşdırmağa və potensialını ortaya qoymağa yeni bir fürsət yarandı. O, Səhiyyə Nazirliyinin tabeliyində olmayan Mərkəzi Neftçilər Xəstəxanasına baş həkim təyin olundu. Azərbaycan Respublikasının sənaye və energetika naziri, ARDNŞ-in sabiq prezidenti Natiq Əliyev deyir: “ Mərkəzi Komitədə bir işləmişdik və çox yaxın dost olduğumuzdan potensialına yaxşı bələd idim. Fəxrəddini Mərkəzi Neftçilər Xəstəxanasına baş həkim təyin edəndən az bir müddət sonra burada əsl inqilab baş verdi. Onun islahatlar və yenidənqurma ilə bağlı müraciətlərinə və təkliflərinə ”yox" demək mümkün deyildi. Çünki onlar neftçilərimiz, ümumilikdə xalqımız üçün çox mühüm əhəmiyyət daşıyırdı. Bizim birbaşa maliyyə vəsaitimizlə MNX əsaslı şəkildə təmir edildi, tamamilə yeni avadanlıq, ən müasir müayinə və labaratoriya cihazları ilə təmin olundu. Xəstəxanaya yeni bir nəfəs gəldi və personal daha böyük həvəslə işləməyə başladı...

...Fəxrəddin fitri istedada malik, çox elmli və bilikli bir mütəxəssis olduğu üçün onun məsləhətləri də dəyərli olurdı. Yadımdadır, Fəxrəddin yanıma gəlib xəstəxananın yeni avadanlıqla təchiz olunmasını minnətdarlıqla qeyd etdi və bu cihazları işlədəcək həkimlərin peşəkarlığını artırmağa zərurət yarandığını vurguladı. Mən də onun bu təşəbbüsünü dəstəkləyib bir çox mütəxəssislərin Almaniyaya və Türkiyəyə göndərilməsinə razılıq verdim."

Düşüncələrinin əhatə dairəsi təkcə həkim borcunun və vəzifəsinin sərhədlərində dayanıb durmurdu. Tükənməyən yaradıcılığı və usanmayan zəhməti ilə cəmiyyətə, mənsub olduğu xalqa fayda vermək, ölkəsinin səhiyyəsini, tibb elmini, azərbaycanlı həkimləri, ən azından, yaxından tanıdığı və olduğu ölkələrin səhiyyəsi ilə yanaşı, burada çalışan həkimlərlə bərabər səviyyədə görmək ehtirası ilə yaşayırdı. Milli intelektimizin gücünə, xalqımızın potensialına, gənclərimizin istedadına inamı o qədər güclü idi ki, bu istedadın parlaması üçün ona sadəcə yol açmağın, təkan verməyin yetərli olacağını düşünürdü. Bəlkə elə bu düşüncələrini həyata keçirmək ehtirası, onu tanıyan ən sadə insanlardan, zəkasına güvəncli arxasız gənc istedadlardan tutmuş, adlı-sanlı ictimai-siyasi xadimlərə qədər hamını, Fəxrəddin Cavadov şəxsiyyətinin, insanlığının cazibəsinə salırdı, ovsunlayırdı.

...Onun 57 illik yaşam tərzini, fəaliyyətini addım-addım izləyib, xarakterini, insanlıq ruhunu öyrəndikcə anladım ki, Fəxrəddinin qəlbində böyük bir həyat eşqi cağlayıb. Bu eşqdən ailəsi, doğmaları ilə yanaşı, xalqına, millətinə, dövlətinə, ölkəsinə və peşəsinə, bir sözlə onu tanıyana da, hətta tanımayana da pay düşüb.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru, professor Hafiz Paşayev yazır: “O, əsl xalq adamı idi. Xalq içində böyüyən, onun ehtiyaclarını həssaslıqla hiss edən bu insan öz missiyasını xalqa xidmətdə görürdü. Fəxrəddin müəllim “səhiyyənin inkilşafı üçün nə etməli?” sualının cavabını gözəl bilirdi. Rayonlarda onun yaxından iştirakı ilə yaradılan diaqnostika mərkəzlərinin işinə can qoyurdu. Fəxrəddin müəllim bu yolun fədakarı idi və bu yolda da özünü yandırdı..."

Elə uzun müddət bir yerdə işləməsələr də, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin də Fəxrəddin haqqında xatirələri az deyil. O, dostu haqqında xatirələrində yazır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi nəzarəti və rəhbərliyi altında həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində gerçəkləşdirilən layihələrdə ARDNŞ də fəal iştirak edirdi. Şirkətin birbaşa maliyyə vəsaiti ilə ölkəmizin bir çox regionlarında ən müasir tələblərə uyğun, yüksək tibbi xidmət göstərəcək yeni xəstəxana və müalicə-diaqnostika mərkəzləri tikilib istifadəyə verilirdi. Şübhəsiz, bu işlərdə peşəkar kimi Fəxrəddinin məsələyə baxışı, təklif və rəyləri öyrənilirdi. Çünki bu sahənin mütəxəssisi kimi Fəxrəddin Cavadov dövlət başçısının regionlarda səhiyyənin inkişaf etdirilməsi xəttini böyük şövqlə təqdir edir və alqışlayırdı. Məhz buna görə də tez-tez MNX-nin yüksək hazırlıqlı mütəxəssisləri ilə bölgələrdəki həmin mərkəzlərə baş çəkir, o dövr üçün nadir tibbi əməliyyatların və müayinələrin həyata keçirilməsinə bilavasitə rəhbərlik edirdi. Tez-tez dünyanın bir çox tanınmış tibb xadimlərini, alimləri Azərbaycana dəvət edir, seminarlar, simpoziumlar keçirir, ölkə səhiyyəsinin dünya standartları səviyyəsinə yüksəlməsi üçün əlindən gələni edirdi. Dünya şöhrətli əcnəbi həmkarları onun xidmətlərini həmişə təqdir edirdilər...”

Bu, həqiqətən belə idi. Milan Universitetinin professoru, MNX-nin intensiv terapiya və reanimasiyalar üzrə koordinatoru, ürək cərrahı, reanimatoloq Ermanno Mazadirin dərin kədər hissi ilə və qədirbilənliklə dediyi sözlər buna sübutdur:

“Doktor Fəxrəddin yeganə insan idi ki, mənim burada qalıb çalışmağımın gərəkliyi barədə tutarlı dəlillər gətirməyi bacardı. Daha bir səbəb bizim təfəkkür tərzimizin eyni olması idi: işləmək, pasiyentlərin həyatını xilas etmək naminə çalışmaq! O istəyirdi ki, mən yerli həkimlərə ürək-damar xəstəliklərindən müalicə olunan pasiyentlərin, xüsusilə pediatrik xəstələrin əməliyyat sonrası dövrdə müalicəsinin aparılmasını öyrədim. Mən görürdüm ki, bu insan real olaraq Azərbaycanda səhiyyənin yaxşılaşmasına can atır, bütün elədiklərini o, özü üçün yox, ürəkdən öz ölkəsi üçün edirdi.”

Beləcə, sanki ölkəsinə fayda verməyə, xalqına xeyirxahlıq etməyə tələsirdi Fəxrəddin. Bütün arzuların, niyyətlərin gerçəkləşməsi üçün insan ömrünün yetərli olmadığına kim inanmaz ki?! O da inanırdı və güman edirdi ki, ömrü onun işlərinin, planlarının çoxunu həyata keçirməyə vəfa edəcək. Amma ömrün “vəfasızlığını”, başqalarından daha az yaşayacağını haradan biləydi?! Bir də bilsəydi nə dəyişəcəkdi ki? Yenə ömrünü xeyirxahlığa xərcləməyə tələsəcəkdi.

Fəxrəddin Cavadov elmi araşdırmalara, tədqiqatlara, həkim kimi kamilləşməyə çəkdiyi zəhmətin az da olsa haqqını almışdı. Vaxtsız ölümündən bir il əvvəl – 2008-ci ildə, vaxt tapıb çoxdan hazır olan doktorluq dissertasiyasını müdafiə etmişdi. Rusiya Federasiyasının Tibb Elmləri Akademiyasının həqiqi xarici üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının səhiyyənin təşkili sahəsində professoru idi.

Azərbaycanın dövlət başçısı tərəfindən də xidmətləri layiqincə qiymətləndirilmişdi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Fərəddin Cavadov 2004-cü ildə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmiş, 2006-cı ildə isə “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülmüşdü.

O, həyatda heç kimin yaşamasına mane olmadan, əksinə, çoxlarının yaşamasına yardım edə-edə, onlara öz sevgisindən pay verə-verə özünə ayrılmış ömür payını yarımçıq yaşadı. Onun mərhəmət, xeyirxahlıq fədaisi kimi daim yanımızda olacağına elə arxayın düşmüşdük ki, amansız əcəlin “gözlə qaş arasında” olduğunu unutmuşduq. Tanrının qəfil hökmünə neçə illərdir ki, şərh verə bilmirik. Yalnız İlahinin öz mərhəmətindən və xeyirxahlığından yoğurduğu bu insanı, cəmiyyətin unutmaması üçün bu dünyadan tez ayırdığı düşüncəsi ilə təsəlli tapırıq. Və bu da bir sınaqdır deyirik. Amma yox, Tanrının sınaqdan keçirdiyi Fəxrəddin yox, bizik - onu ölümündən sonra yaşada, sevə bilənlərdir, əgər sevib yaşada biliriksə. Əslində Fəxrəddin cismən bizi tərk etsə də, ruhən doğmalarının, munislərinin düşüncələrində, xatirələrində yaşayır. Nə qədər ki, belə insanların əmanət qoyduğu dəyərlər yaşayır, demək, onlar özləri də yaşayacaq.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında