Oleq Slijevski: Seçkilər Azərbaycan dövlətinin demokratik dəyərlərə sədaqətini əks etdirdi

Azərbaycanda keçirilmiş parlament seçkilərini izləmək üçün ölkəmizə gəlmiş çoxlu sayda beynəlxalq müşahidəçi arasında MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvü Oleq Slijevski də olmuşdur. Seçkilər günü onunla Bakı şəhərində yerləşən 23 saylı Nəsimi-Səbail seçki dairəsinin seçki məntəqələrinin birində görüşdük. Seçkilərin təşkili və gedişi barəsində fikrini bildirməyimizi xahiş edəndə O. Slijevski bunları dedi:
- Mən, MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının Azərbaycana gəlmiş digər bir neçə üzvü ilə bərabər şəhərin mərkəzindəki bir çox seçki məntəqələrində müşahidələr aparmışam. Tam məsuliyyətlə deyə bilərəm ki, həmin seçki məntəqələrində vətəndaşların azad, demokratik şəkildə səsvermələri üçün tam şərait yaradılmışdır. Heç bir seçki məntəqəsində seçicilərə bu və ya digər namizədin lehinə və yaxud əleyhinə səs vermələri üçün təzyiqlər edilmirdi.
Mən seçki məntəqələrində çoxlu sayda yerli müşahidəçilərin seçkilərin gedişini diqqətlə izlədiklərinin də şahidi oldum. Onlar müxtəlif seçki bloklarını, müstəqil namizədləri təmsil edirdilər. Seçkilərin təşkili ilə bağlı onların da fikirlərini soruşdum. Mənim seçkilər günü ünsiyyətdə olduğum yerli müşahidəçilərin demək olar ki, hamısı seçkilərin qanunun tələbləri çərçivəsində keçirildiyini bildirdilər.
Bu faktlar bir daha Azərbaycan dövlətinin, hazırki iqtidarın demokratik dəyərlərə sədaqətini göstərir. Mən sevinirəm ki, Azərbaycanda demokratik seçki ənənələri formalaşır. Hər bir dövlətdə demokratik proseslərin, o cümlədən mütərəqqi seçki ənənələrinin təşəkkül taparaq formalaşması təkcə müvafiq qanunların qəbul edilməsindən asılı deyildir. Burada həmin ölkənin iqtisadi inkişaf səviyyəsi də böyük rol oynayır. Demək istəyirəm ki, iqtisadi cəhətdən inkişafda olan ölkələrdə demokratik prosesləri daha uğurla həyata keçirmək mümkün olur.
Demokratik proses həm də o vaxt uğurlu olur ki, siyasi islahatlarla iqtisadi dəyişikliklər harmoniya təşkil edir. Bu baxımdan Azərbaycan postsovet məkanında bir örnək rolu oynaya bilər. Bəziləri iddia edir ki, Azərbaycandakı iqtisadi artım ölkənin zəngin nefti hesabınadır. Lakin, mən bilirəm ki, Azərbaycan iqtidarı neftdən gələn gəlirləri, ilk növbədə cəmiyyətin intellektual potensialının inkişafına, insan amilinin gücləndirilməsinə yönəldə bilmişdir. Bu düzgün siyasətdir, bunun cəmiyyətə müsbət təsirini, fikrimcə, ölkənizdə son parlament seçkilərinin kifayət qədər stabil şəraitdə keçməsi bir daha sübut etdi.
O dövlət ki, davamlı iqtisadi inkişafa diqqət yetirir, bir qayda olaraq başqa ölkələrlə, xalqlarla qarşılıqlı faydaya əsaslanan dostluq və əməkdaşlıq əlaqələrini gücləndirməyə çalışır. Azərbaycan iqtidarı bu istiqamətdə də siyasətini düzgün qura bilib. Bu gün hamıya bəllidir ki, Azərbaycanın paytaxtı Bakı şəhəri bir çox millətlərin nümayəndələrinin mehriban və səmimi şəraitdə yaşadığı bir meqapolisdir. Qədim, zəngin mədəniyyətə sahib olan Azərbaycan xalqı başqa xalqların mədəniyyətinə, onların adət-ənənələrinə daim hörmətlə yanaşıb. Mən heç vaxt Bakıda milli zəmində iğtişaş və münaqişələrin baş verdiyi barədə məlumat almamışam. Burada yaşayan slavyan millətlərinin, bütün rus dilli əhalinin dillə heç bir dil problemi olmur. Bütün bunlar Azərbaycanda millətlərarası və dinlərarası tolerantlığın yüksək səviyyədə bərqərar olmasına bariz nümunədir. Mən Azərbaycanın yeni seçilmiş parlamentinin Azərbaycan iqtidarının bu istiqamətdəki uğurlarını dəstəkləyəcəyinə əminəm.
Azərbaycana təşrif buyuran digər müşahidəçilər kimi, bu dəfəki gəlişim zamanı mən də ölkə paytaxtında vüsət almış böyük quruculuq, abadlıq işlərinə heyran qaldım. Xəzərin qoynuna sığınan qədim Bakı gündən-günə yeniləşərək daha da gözəlləşir. Bakının sosial infrastrukturunun yenidən qurulmasına ayrılan vəsaitlər əhalinin geniş təbəqələri üçün yeni iş yerlərinin açılmasına şərait yaradır. Bu isə insanların maddi rifahının yüksəlişinə birbaşa xidmət edir. Mənim aldığım məlumatlara görə, təkcə Azərbaycan paytaxtında deyil, ölkənin bütün regionlarında geniş həcmli quruculuq işləri görülür, çoxlu sayda yeni iş yerləri açılır, nəticədə, Azərbaycanın iqtisadi imkanları daha da genişlənir. MDB məkanında Azərbaycanın son illər "iqtisadi çəkisi"nin artdığının da hamımız fərqindəyik və ölkənizin həqiqi dostlarından biri kimi mən də bu uğurlarınıza çox sevinirəm.
Siz bir qədər əvvəl məndən Azərbaycana bu dəfəki səfərimin yaddaşımda ən çox nə ilə qalacağını soruşdunuz. Yaddaşımda qalan budur ki, mən Azərbaycanda seçkilərdə iştirak edən, və yaxud paytaxtın yaraşıqlı meydan və parklarında rastlaşdığım adamların böyük əksəriyyətinin yaxşı əhvali-ruhiyyədə olduqlarını hiss elədim. Bu, ona dəlalət edir ki, insanlar ölkədə gedən proseslərdən razıdırlar, onların maddi problemləri həll olunur. Bu, çox yaxşı haldır. Axı, hər şey, ilk növbədə, insana, onun cəmiyyətdəki rolunun artmasına, güzəranın yaxşılaşmasına xidmət etməlidir. Hiss olunur ki, ölkə vətəndaşlarının qayğı və problemləri dövlətin diqqətindədir.

{nl}

Qələmə aldı: Məsaim ABDULLAYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında