Milli Məclisdə Konstitusiyanın 15 illiyi ilə bağlı beynəlxalq konfransın iştirakçılarından bir qrupu ilə görüş keçirilmişdir

Noyabrın 12-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda Konstitusiya Gününə həsr olunmuş konfrans iştirakçılarının bir qrupu ilə görüşmüşdür.
O.Əsədov Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Andrey Trebkovun başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini Milli Məclisdə görməkdən məmnunluğunu bildirmişdir. O demişdir ki, bu gün müstəqil Azərbaycan ölkənin əsas sənədi - Konstitusiyanın qəbul olunmasının 15 illiyini böyük təntənə ilə qeyd edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başçılıq etdiyi komissiya tərəfindən hazırlanmış bu sənəd 1995-ci il noyabrın 12-də referendumda qəbul olunmuşdur. Konstitusiya layihəsi üzərində işləyən komissiya bu sahədə dünya və milli təcrübəni dərindən öyrənmiş, dövlətçilik sistemimizin hüquqi bazasını təşkil edən sənədi ümumxalq səsverməsinə çıxarmışdır. Məqsədimizin hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu olduğu sənəddə təsbit olunmuşdur.
Qeyd olunmuşdur ki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti obyektiv və subyektiv səbəblərə görə dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Bu gün 15 illik yubileyini qeyd etdiyimiz hazırki Konstitusiya müstəqillik dövründə Azərbaycanın ilk Əsas Qanunudur. Bu sənəd dövlətin ali qanunu kimi ölkənin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir. Konstitusiyada hakimiyyətin xalqa məxsusluğu və hakimiyyət bölgüsü prinsipləri öz əksini tapmışdır. Bu gün Azərbaycanda həyatın bütün sahələrində olduğu kimi hüquq-mühafizə və məhkəmə sistemində də islahatlar uğurla davam etdirilir. Heç də təsadüfi deyildir ki, Konstitusiyanın maddələrinin üçdəbiri insan hüquq və azadlıqlarının qorunmasına həsr olunmuşdur.
Parlamentin sədri bildirmişdir ki, əsası ulu öndər tərəfindən qoyulmuş ölkənin milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, demokratiyanın daha da dərinləşməsi, Avropaya inteqrasiya istiqamətində əldə edilən nailiyyətlər ölkənin əsas sənədində bir sıra dəyişikliklər edilməsini zəruri etmişdir. Belə ki, 2009-cu ilin martında referendum yolu ilə qəbul olunmuş əlavə və dəyişikliklər Konstitusiyanın mətninə daxil edilmişdir. Bu, 1995-ci ildən bu günədək ölkənin əsas sənədinə edilmiş ikinci əlavə və dəyişikliklərdir. Konstitusiya islahatı ölkənin siyasi sisteminin inkişafı məqsədi ilə aparılmışdır.
Milli Məclisin sədri "İnsan hüquq və azadlıqlarının müdafiəsinin Konstitusiya mexanizmi" mövzusunda Bakıda keçirilən konfransın əhəmiyyətini yüksək dəyərləndirmiş, konfrans iştirakçılarına uğurlar arzulamışdır.
Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Andrey Trebkov Azərbaycanda Konstitusiya gününə həsr olunmuş konfransın işindən söz açmışdır. O bildirmişdir ki, Azərbaycan Konstitusiya Məhkəməsinin və Avropa Şurasının Venesiya Komissiyasının birgə təşkil etdikləri konfransda Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu yolunda əldə etdiyi nailiyyətlər barədə fikir mübadiləsi aparılmış, ölkədə qısa müddətdə bu sahədə görülmüş işlər yüksək dəyərləndirilmişdir.
Bildirilmişdir ki, sürətlə inkişaf edən Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində öz nailiyyətləri ilə bundan sonra da dostlarını sevindirəcəkdir.
Tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimləri Kamran Şəfiyev, Ceyhun Qaracayev, Avropa İnsan Haqları Məhkəməsinin, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan Konstitusiya məhkəmələrinin hakimləri və digər rəsmi şəxslər iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında