Aylardan bəri ölkə əhalisinin və müvafiq qurumların cidd-cəhdlə hazırlaşdığı 2010-cu il parlament seçkiləri artıq tarixə döndü. Son 17 ildə reallaşdırdığımız bütün seçki və referendumlar kimi 7 noyabr seçkiləri də insanların öz arzu və istəklərini ifadə etməsi baxımından əhəmiyyətli bir siyasi hadisə olaraq çox böyük əks-səda ilə yadda qaldı. Regionda və ölkəmizdə müxtəlif aspektlərdən marağı olan ölkələr bu seçkinin ədalətli, demokratik və şəffaf keçirilməsini arzulayırdılar Çünki istənilən seçki ölkənin həyatında müsbət və ya mənfi məqamlara yol açır.
Ermənistanda bu proses daha çox mənfi istiqamətdə inkişaf etsə də (orada istənilən seçki iqtidarı nüfuzdan salır və beynəlxalq aləmdə ölkənin imicinə xələl gətirir), gündən-günə inkişaf edən Azərbaycanda keçirilmiş hər seçki dövlətimizin nüfuzunu artırmış olur. Bunun nəticəsidir ki, Ermənistan hökuməti seçkini müşahidə edən əcnəbilərin sayını ildən-ilə azaltdığı halda, Azərbaycan beynəlxalq müşahidəçiləri və dünya mətbuatını hər seçkidə daha böyük ürək açıqlığı və səmimiyyətlə ölkəyə dəvət edir.
Burada xüsusilə qeyd edilməli bir məqam da var. Seçkini müşahidə etmək üçün gələn əcnəbilər və səsvermə prosesini işıqlandırmaq missiyasını yerinə yetirən xarici mətbuat təmsilçiləri ölkədə olduqları müddətdə təkcə seçki məntəqəsini, seçicini və səsvermə bülletenini görmür, bütövlükdə ölkəni görür, respublikanın həyatı ilə tanış olur, demokratik dəyərlərin cəmiyyət həyatında tətbiq edilməsinin vəziyyəti ilə, sosial-iqtisadi inkişaf ilə, insanların rifah halı ilə tanış olurlar.
Gündəlik həyatın elə bir sahəsi olmaz ki, oradakı adi bir detal əcnəbi mətbuat təmsilçilərindən kiminsə diqqətindən yayınmış olsun (Elə bu sətirlərin müəllifi də Türkiyədə və İranda keçirilmiş müxtəlif seçkiləri işıqlandırmaq üçün öz həmkarları ilə həmin ölkələrdə olandan sonra yazılarında seçkidən daha çox ölkə həyatı barədə söz açmışdı). Ona görə də əcnəbi jurnalistə göstərmək üçün separatçılıq, işğalçılıq, terrorçuluq və oğurluqdan başqa heç bir faktı olmayan, üstəlik, seçkiləri silah altında, qorxu içində keçirən Ermənistan dövləti səsverməni demək olar ki, əcnəbilər üçün qapalı keçirir.
Sosial-iqtisadi inkişafı dünyanın bütün beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilən, tikinti-quruculuq, abadlıq işləri regionun bütün ölkələri üçün əlçatmaz səviyyədə olan, insanların rifah halı gündən-günə yaxşılaşan, eyni zamanda istənilən seçkini ədalətli, demokratik və şəffaf şəkildə keçirməyi bacaran Azərbaycanda isə mənzərə tamamilə başqadır. Ölkəmizdə keçirilmiş 7 noyabr parlament seçkilərini işıqlandırmaq üçün gəlmiş əcnəbi KİV təmsilçilərinin və ümumi müşahidəçilərin sayı bəlkə də Ermənistanda keçirilən hansısa seçkidəki səs verənlərin sayından çox idi.
Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilirdi ki, 7 noyabr parlament seçkilərini işıqlandırmaq üçün həm Azərbaycanın dəvəti ilə, həm də öz təşəbbüsü ilə ölkəmizə gələn əcnəbi müşahidəçilərin sayı 1029 nəfər idi. Onlar 48 ölkəni və 21 beynəlxalq təşkilatı təmsil edirdilər. Yerli müşahidəçilərin sayı isə təxminən 47 min nəfər idi. Yəni bədnam qonşumuzdan fərqli olaraq Azərbaycan seçkini beynəlxalq aləmə açıq elan etməklə öz həqiqətlərini gizlətmək yox, əksinə, təbliğ etmək imkanı qazanmışdı. Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM və digər beynəlxalq təşkilatlar öz rəsmi təmsilçiləri vasitəsiylə bu seçkini müşahidə edirdilər. Həmin sıraya ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya, Finlandiya, Belçika və başqa ölkələrin Bakıdakı səfirlikləri də qoşulmuşdular.
Eyni zamanda, dünyanın bütün mənalarda müxtəlif qütblərini təmsil edən çoxsaylı kütləvi informasiya vasitələri də Azərbaycanda keçirilən seçkiləri səmimiyyətlə, dostcasına işıqlandırırdılar. İTAR-TASS, Röyter, Bi-Bi-Si, Əl-Cəzirə, TRT, Assoşieyted Press, Frans-Press, İhlas Xəbər, Doğan Xəbər kimi kütləvi informasiya vasitələri bu prosesdə öndə idilər.
Qəzetimizin ötən saylarında həm xarici müşahidəçilərin, həm də dünya mətbuatı təmsilçilərinin 7 noyabr parlament seçkiləri barədə söylədiyi fikirlər, qələmə aldığı məqamlar barədə söhbət açmışıq. Seçkinin ədalətli, şəffaf və demokratik dəyərlərə uyğun keçirildiyini birmənalı olaraq hamı etiraf edib. Bu həqiqəti hər kəs öz məntiqi, arqumenti ilə təsdiqləyib. Ona görə də bu yazıda başqa bir məqama diqqət yetirmək istəyirik. Belə ki, seçki ərəfəsində, səsvermə günü və seçkidən sonra ölkəmizdə olan kütləvi informasiya vasitələrinin təmsilçiləri ənənəvi olaraq işlədilən konkret fikirlərindən əlavə digər məqamlara da yer ayırırdılar.
Məsələn, "Bi-Bi-Si" informasiya agentliyi xəbər verir ki, Prezident İlham Əliyevin partiyası parlament seçkilərində yerlərin əksəriyyətini əldə etmişdir. Yəni "seçkidə yerlərin çoxunu Yeni Azərbaycan Partiyası tutmuşdur" - ifadəsi "Bi-Bi-Si" əməkdaşının fikirlərinin hamısını əhatə edə bilməzdi. O, mövcud iqtidarın ölkədəki nüfuzunu dilə gətirmək üçün məlumatı məhz yuxarıda qeyd etdiyimiz şəkildə verə bilərdi. Rusiyada nəşr edilən "Kommersant" qəzeti isə həmin ifadəni Azərbaycan həqiqətləri fonunda bir az da dəyişdirərək "Prezident İlham Əliyevin partiyası növbəti qələbə qazanmışdır" - şəklində verir. Yəni seçkinin nəticələri konkret siyasi partiyanın ölkədəki nüfuzu ilə bərabər göstərilir.
Ölkədə siyasi qüvvələrin çəkisini, xalq arasındakı nüfuzunu və xalqın öz iqtidarına inamını ifadə etmək baxımından "İTAR-TASS"ın məlumatı daha maraqlı idi: "Budəfəki seçkiqabağı vəziyyət Azərbaycanın yeni tarixi boyunca ən sakiti olmuşdur. Heç bir mitinq, yürüş, kütləvi aksiya baş verməmişdir". Fikrimizcə, çox peşəkarlıqla qələmə alınmış xəbərdir. Çünki "ölkədəki müxalif siyasi qüvvələrin elektoratı yoxdur", "iqtidar partiyası daha güclüdür" kimi ifadələri işlədərək bir növ siyasi partiyaların mövcud durumunu yada salmaq istəməyən rusiyalı həmkarlarımız xəbəri məhz bu şəkildə qurmaqla həm də siyasi ustalıq etmişlər.
Bununla yanaşı, "Frans-Press" agentliyi xəbər verir ki, Azərbaycanda keçirilmiş parlament seçkilərində bütün siyasi partiyalar iştirak etmişlər. Fikrimizcə, Azərbaycan həqiqətlərinin olduğu kimi ifadə edilməsi baxımından dolğun xəbərdir. "Sinxua" agentliyinin verdiyi xəbərdə özünə yer tutan Səsvermə prosesini seçki məntəqələrindən kənarda canlı izləmək üçün məntəqələrin 500-də veb-kameralar quraşdırılması diqqət çəkən idi" - cümləsi də məhz həmin baxımdan qiymətli idi.
Beləliklə, dördüncü çağırış Azərbaycan Milli Məclisinə seçkilər geridə qaldı. Bu siyasi kampaniya təkcə bizim ədalətli, demokratik və şəffaf seçki təşkil etmək imkanlarımızın deyil, eləcə də ölkəmizin hərtərəfli imkanlarının dünya ictimaiyyətinə növbəti dəfə təqdim edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi. Ölkə əhalisi əmindir ki, respublikamızda keçiriləcək növbəti seçkilər daha yüksək şəkildə təşkil olunacaq və beynəlxalq aləmdə daha böyük əks-səda qazanacaqdır.{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.