Bununla bağlı Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi, Ədalət və Sosial Rifah partiyaları birgə bəyanat imzalamışlar
Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov dünən partiyanın mərkəzi qərargahında Milli Məclisə seçkilərdə iştirak edən siyasi partiya rəhbərləri ilə birgə mətbuat konfransı keçirmişdir. Əli Əhmədov seçkilərin tam normal, ədalətli, demokratik və bərabər rəqabət şəraitində reallaşdığını diqqətə çatdırmışdır.
İcra katibi seçkilərə əksər müxalif partiyaların qoşulduğunu, seçkilərin normal keçməsi üçün zəruri şəraitin təmin edildiyini, səsvermənin Seçki Məcəlləsinin tələblərinə uyğun aparıldığını vurğulamışdır. Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov bütün məntəqələrdə səsvermənin 50 minədək yerli və mindən çox xarici müşahidəçi tərəfindən izlənilməsi faktına toxunmuş, seçkidən sonra bu mühüm kampaniyanın gedişinə xarici ekspertlərin müsbət münasibətini göstərmişdir.
Mətbuat konfransında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıyev, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu və Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü çıxış etmiş, seçkilərin demokratik normalara və beynəlxalq standartlara uyğun keçirildiyini diqqətə çatdırmışlar.
Sonda Azərbaycan Respublikasında 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərdə iştirak etmiş yuxarıda adları çəkilən siyasi partiyaların birgə bəyanatı yayılmışdır. Bəyanatda deyilir:
- Biz, bu bəyanatı imzalayan siyasi partiyalar, Azərbaycanda 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərini demokratiya istiqamətində irəliyə doğru mühüm addım hesab edərək aşağıdakıları bəyan edirik:
- seçkiöncəsi ölkədə hərtərəfli plüralist ab-hava, demokratik mühit formalaşmış, siyasi partiyaların seçki kampaniyasına qoşulması imkanları təmin edilmiş, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq namizədlər sərbəst şəkildə qeydiyyata alınmışdır;
- qeydə alınmış namizədlərə və onların təmsil etdiyi partiyalara seçkiqabağı proqramlarını elan etmək, seçicilərlə görüşərək, öz təşviqatlarını aparmaq üçün bərabər imkanlar yaradılmışdır. Namizədlərin seçicilərlə sərbəst görüşlər keçirmək və öz təbliğatını mətbuat vasitəsilə ictimaiyyətin diqqətinə çatdırmaq imkanı olmuşdur. İctimai televiziyada deputatlığa namizədlərin öz mövqelərini seçicilərə çatdırması üçün pulsuz efir vaxtı ayrılmış, dairələr üzrə bütün namizədlərin debatları təşkil edilmişdir;
- seçki kampaniyası texniki baxımdan yüksək səviyyədə təşkil olunmuş, prosesin şəffaflığı təmin edilmişdir. Müasir informasiya vasitələrindən geniş istifadə edilmiş, onlayn rəy sorğuları həyata keçirilmiş, ölkə praktikasında ilk dəfə olaraq internet səsverməsi təşkil olunmuşdur;
- seçki kampaniyasının bütün mərhələlərini, xüsusilə səsvermənin gedişini minlərlə yerli və xarici müşahidəçi, o cümlədən AŞPA, ATƏT-in Parlament Assambleyası, ATƏT - in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM, Avropa Seçki Müşahidə Akademiyası və TürkPA, həmçinin dünyanın aparıcı KİV nümayəndələri izləmişdir. Məmnunluq hissi ilə qeyd etmək olar ki, yerli və beynəlxalq müşahidəçilərin böyük əksəriyyəti 7 noyabr parlament seçkilərinin təşkilini və gedişini müsbət qiymətləndirmişdir.
Bəyanatda daha sonra bildirilir:
- Lakin təəssüflər olsun ki, istər seçkiyə hazırlıq, istərsə də seçkiqabağı fəaliyyətin bütün parametrlərində öz rəqiblərinə uduzduğunu dərk edən bəzi müxalifət partiyaları hələ seçkidən əvvəl bu siyasi kampaniyanı pozmağa yönəlmiş cəhdlər göstərmişlər. Seçkilərdən dərhal sonra isə heç bir obyektiv əsas olmadan onlar kampaniyanın demokratik və şəffaf imicinə kölgə salmağa çalışırlar. Biz seçki kampaniyasının gedişini və nəticələrini təhrif etmək yolu tutmuş hərəkətləri pisləyir, bunu demokratik davranış qaydalarına və siyasi mədəniyyət normalarına sığmayan hərəkət kimi qiymətləndiririk.
Bəyanat belə yekunlaşır:
- Biz, Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan siyasi partiyalar hesab edirik ki, 7 noyabr parlament seçkiləri azad, demokratik, şəffaf və ədalətli şəraitdə keçirilmiş, Azərbaycan xalqının iradəsini aydın və dəqiq şəkildə ifadə etmişdir. Ölkənin bütün siyasi qüvvələrini və beynəlxalq təşkilatları Azərbaycan Respublikasında keçirilən parlament seçkilərinə və onun nəticələrinə obyektiv qiymət verməyə səsləyirik.{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.