Radikal müxalifət parlament seçkilərində məğlubiyyətini pərdələmək üçün böhtana əl atır

Dördüncü çağırış Milli Məclisə seçkilərin gedişini izləmiş beynəlxalq müşahidəçilər hər hansı bir ciddi qanun pozuntusu ilə rastlaşmadıqlarını, seçkiyə müdaxilə hallarının qeydə alınmadığını bildirirlər. Beynəlxalq müşahidəçilər seçkilərin Azərbaycan qanunvericiliyinin tələbləri səviyyəsində keçirildiyini deyiblər.
Yol verilmiş bəzi nöqsanlar isə texniki xarakter daşıdığından seçkinin nəticəsinə elə bir ciddi təsir etməyib. Hər şey şəffaf və qanunauyğun şəraitdə keçirildi. Namizədliyi qeydə alınanların hansı siyasi partiyanı və qurumu təmsil etmələrindən asılı olmayaraq hamısı üçün bərabər şərait yaradılmışdır. ATƏT-in və Avropa Şurasının Azərbaycanda parlament seçkilərini müşahidə edən nümayəndələrinin də yaydığı ilkin məlumatlarda qeyd olunub ki, seçkilərdə bütün siyasi partiyaların bərabər şəkildə iştirakı təmin edilib, seçkilər demokratik şəraitə uyğun keçirilib, eyni zamanda bütün namizədlərə debatlarda öz fikirlərini çatdırmaq üçün bərabər şərait və mühit yaradılıb.
Seçkilərdə qalib və məğlub tərəflər olur. Uduzan tərəfin öz məğlubiyyəti ilə barışmaması aydın məsələdir. Bu zaman onlar günahı özlərində yox, digər tərəfdə axtarırlar. Dördüncü çağırış Milli Məclisə seçkilər zamanı da bunun şahidi olduq. Bu seçkilərdə uduzan yenə radikal müxalifət oldu. Seçkilər bir daha göstərdi ki, seçicilər radikalizmə "yox" deyir. Təbliğat-təşviqat kampaniyası zamanı radikallığı, qeyri-konstruktivliyi təbliğ edənlərin məğlubiyyətə uğramaları gözlənilən idi. Parlament seçkilərinə qatılan hər bir namizəd unutmamalıdır ki, onun siyasətdə, həmçinin xalqın, Vətənin mənafeyi naminə müəyyən fəaliyyəti olmalıdır.
AXC-Müsavat cütlüyü hakimiyyətdə olan vaxtlarda bu partiyaların təmsilçiləri Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləri mühüm vəzifələrə malik idilər. Onların hakimiyyətdə olduqları dövrdə Azərbaycan uğursuzluq zolağından çıxa bilmədi. Ölkənin ictimai-siyasi həyatında anarxiya, xaos baş alıb gedirdi. Azərbaycan müstəqilliyini tamamilə itirmək üzrə idi. Nə yaxşı ki, xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev yenidən ölkəyə rəhbərlik etməyə razılıq verdi. Azərbaycan həmin vaxtdan başlayaraq inkişaf yoluna qədəm qoydu. Bugünkü uğurlara, əmin-amanlığa, inkişafa və sabitliyə görə xalq, eləcə də radikal müxalifət yalnız ümummilli lider Heydər Əliyevə borcludur.
Radikal müxalifət nümayəndələri parlament seçkilərinə qatılmaq və yenidən siyasi hakimiyyətə can atmaqla olub-keçənləri unutdurmağa çalışırlar. Azərbaycan cəmiyyəti isə heç nəyi unutmur, İsa Qəmbər, Əli Kərimli və onların tərəfdarlarının hakimiyyətdə olduğu dövrdə Azərbaycana yaşatdıqları bəlaları unutmayıb. Ona görə də xalq belələrinə səs verib deputat seçməklə öz üzərində yenidən eksperiment aparılmasına razılıq verə bilməzdi. Belə insanlara seçicilərin etimad göstərməmələri, səs verməmələri həmin insanların fəaliyyətlərinin nəticəsidir. Ona görə də məğlubiyyətin səbəbini özgə yerdə yox, özlərində axtarmalıdırlar.
Bu gün seçkilərdə saxtakarlıqdan, qanun pozuntularından danışan müxalifət nümayəndələrinin özləri seçkini pozmağa cəhd göstərmiş, seçki məntəqələrində dava-dalaş salaraq beynəlxalq təşkilatların diqqətini həmin məntəqələrdə, guya, qanun pozuntularına yol verildiyinə cəlb etmək istəyirdilər. Məsələn, 81 saylı Beyləqan, 25 saylı Nizami ikinci, 20 saylı Nərimanov ikinci, 23 saylı Nəsimi-Səbail, 8 saylı Binəqədi birinci və 86 saylı İmişli seçki dairələrinin əhatəsində olan seçki məntəqələrində müxalifəti təmsil edən müşahidəçilər seçki prosesinə müdaxilə etməyə çalışsalar da, onların qarşısı qanun çərçivəsində alınmışdır. AXCP - Müsavat siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri və müşahidəçiləri beynəlxalq müşahidəçilərin seçki məntəqələrində olduqları vaxt yersiz səs-küy yaratmaları məqsədli şəkildə həyata keçirilirdi. Onlar bu yolla məntəqə seçki komissiyasının fəaliyyətinə kölgə salmağa, guya, qanun pozuntuları və saxtakarlıq hallarının baş verməsi barədə rəy formalaşdırmaq istəyirdilər. Onların gün ərzində yaydıqları məlumatın heç bir əsası olmayıb.
125 saylı Zəngilan - Qubadlı seçki dairəsinin 4 saylı seçki məntəqəsində AXCP - Müsavat seçki blokunun müşahidəçisi Əbülfəz Sadıxov, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 2 saylı məntəqəsində müşahidə aparan müxalifət nümayəndəsi Xalid Qarayev, 10 saylı Binəqədi seçki dairəsindən "Qarabağ" siyasi partiyalar blokundan deputatlığa namizəd Qorxmaz İbrahimlinin seçki qərargahının rəhbəri Azər Rəşidoğlu, 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 4 saylı məntəqəsində məşvərətçi səs hüquqlu müxalifət nümayəndəsi Məhbubə Məmmədova və 103 saylı Gədəbəy seçki dairəsindən namizədliyi qeydə alınmış Nizami Quliyevin tərəfdarları Qoşabulaq və Nərimankənd kəndlərində yerləşən seçki məntəqələrində seçkini pozmağa cəhd göstəriblər.
8 saylı Binəqədi birinci seçki dairəsinin 17 saylı seçki məntəqəsində müxalifətdən olan müşahidəçi Oruc Şirinov və 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsinin 28 saylı məntəqəsindən Cavid adlı müsavatçı müşahidəçi özlərini seçki komissiyasının üzvləri kimi apararaq səsverməyə gələnlərin şəxsiyyəti təsdiq edən sənədlərini yoxlamaq istəyiblər. Onlara məşvərətçi səs hüququna malik olmaları xatırlanıb və belə şəxslərin vəzifələri barədə bir daha məlumat verilib. Lakin müxalifət nümayəndələri bununla razılaşmayaraq vəzifə səlahiyyətlərini aşaraq seçkiyə müdaxilə etməyə çalışıblar. Son anda onlar barəsində protokol tərtib edilmiş və polisə müraciət olunmuşdur.
Əksər seçki məntəqələrində müxalifətdən olan müşahidəçilər vəzifə səlahiyyətlərini aşıblar. Bu da onların savadsızlıqlarının, seçki qanunvericiliyindən tamamilə bixəbər olmalarının nəticəsidir. MSK tərəfindən yaddaş kitabçaları nəşr edilsə də, kifayət qədər maarifləndirmə işləri aparılsa da, müxalifətdən olan müşahidəçilər seçkilərin gedişi zamanı yenə öz savadsızlıqlarını nümayiş etdiriblər. Bütün bunlara baxmayaraq, radikal müxalifətin parlament seçkilərində qarşıya qoyduğu iğtişaşlar törətmək planı baş tutmadı. Onlar seçkini pozmaq və Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək tapşırığını yerinə yetirə bilmədilər. İndi xarici himayədarlarına nə cavab verəcəkləri barədə düşünürlər.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında