"Azərbaycanda parlament seçkisi beynəlxalq standartlara uyğun keçib"

TürkPA-nın beynəlxalq müşahidəçilər missiyasının rəyində belə deyilir
Azərbaycanda keçirilmiş parlament seçkilərində vətəndaşların öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün bütün şərait yaradılıb və seçki beynəlxalq standartlara uyğun keçirilib. Bu fikirlər Türkdilli Ölkələrin Parlament Assambleyasından (TürkPA) olan beynəlxalq müşahidəçilər missiyasının seçki ilə bağlı hazırladığı və ictimaiyyətə təqdim etdiyi rəyində öz əksini tapıb. Rəy istər ölkədə seçkiyə hazırlıq, namizədlərin təşviqat kampaniyası, istərsə də seçki prosesi ilə bağlı bir sıra məqamları əhatə etdiyi üçün xüsusi əhəmiyyət kəsb edir.
TürkPA-nın beynəlxalq müşahidə missiyasının tərkibində qurumun üzvü olan Türkiyənin və Qazaxıstanın parlament nümayəndələri, eləcə də TürkPA Beynəlxalq Katibliyinin rəsmiləri seçki öncəsi Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərdə seçkilərə hazırlıq mərhələsi ilə yaxından tanış olmuşlar.
Seçki günündə isə müşahidəçilər Bakının Nərimanov, Xəzər və Binəqədi rayonlarında yerləşən müxtəlif seçki məntəqələrinə baş çəkmiş, seçki prosesinin gedişini izləmişlər. TürkPA beynəlxalq müşahidəçilər missiyası qısa müddətli monitorinq aparmış, bu mərhələdə öz funksiyalarını yerinə yetirərkən seçki komissiyalarının və səsvermə üçün binaların hazırlığını qiymətləndirmiş, seçkiqabağı təşviqatın aparılmasının sonuncu mərhələsində onun gedişini təhlil etmişdir. Qurumun rəyinda ölkədə keçirilmiş 7 noyabr parlament seçkiləri zamanı beynəlxalq müşahidənin keçirilməsi üçün yaradılmış hüquqi və təşkilati-texniki şərait yüksək qiymətləndirilmişdir. Müşahidə missiyası namizədlərə ayrılan bərabər təşviqat kampaniyasını təhlil etmişdir. Hesabatda Seçki Məcəlləsinə uyğun olaraq, İctimai Televiziya və Radioda hər bir namizəd üçün dörd dəqiqə pulsuz efir vaxtının ayrılması, həmin pulsuz efir vaxtından istifadə etmiş seçki dairələrinin namizədləri üçün "Azərbaycan" qəzetinin səhifələrində bərabər həcmdə ödənişsiz dərc yerinin təmin olunması qeyd edilir və namizdlərə təşviqat kampaniyası üçün bərabər imkanlarının yaradıldığı vurğulanır.
Müşahidə missiyası baş çəkdikləri Binəqədi, Xəzər və Nərimanov rayonlarında seçicilərin fəallığının və vətəndaların sərbəst şəkildə səs vermədə öz iradələrini ifadə etmələrinin şahidi olmuşlar. "Seçicilərin irqindən, mlliyyətindən, cinsindən, dilindən, mənşəyindən, əqidələrindən, ictimai birliklərə mənsubluğundan asılı olmayaraq, onların səsvermədə iştirak etmələrinə birbaşa və ya dolayı məhdudiyyət faktları qeydə alınmamışdır. Seçicilər seçkilərdə bilavasitə və şəxsən iştirak etmiş, başqa şəxslərin əvəzinə səs verməyə yol verilməmişdir, " - deyə sənəddə qeyd edilir.
Builki parlament , eləcə də bundan öncəki seçkilərdə məntəqələrdə quraşdırılmış veb kameralar seçkinin şəffaf və demokratik qaydada keçirilməsini izləmək üçün əhəmiyyətli vasitə olaraq qiymətləndirilir. Müşahidə missiyasının bir qism seçki məntəqəsində quraşdırılmış bu cür yeni texnologiyaların səsverməni canlı olaraq internetlə izləmə imkanını sənəddə qeyd etməsi onların seçki prosesinin texniki təşkilinə verdikləri yüksək qiymət kimi dəyərləndirilə bilər. TürkPA beynəlxalq müşahidəçilər missiyası öz funksiyalarını həyata keçirərkən beynəlxalq standartlarla yanaşı, Azərbaycan Respublikasının Seçki Məcəlləsini də əsas tutmuşdur.
Hesabatda seçki prosesində müsbət cəhətlərlə yanaşı, bir sıra çatışmazlıqlar da qeyd edilmişdir. Bunlar müşahidə aparılan bir neçə məntəqədə məntəqə üzrə səs verənlərin sırasının tənzimlənməsi ilə bağlı yaranan növbələrin olması, seçkiləri tənzimləyən bir sıra normativ sənədlərin komplekt şəkildə olmaması kimi məqamlardır. Bütün bunlara baxmayaraq, TürkPA beynəlxalq müşahidəçilər missiyası qeyd olunan nöqsanların kütləvi xarakter daşımadığını və onların Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələrinin düzgünlüyünə şübhə yaratmadığını vurğulayıb. Sənəddə cüzi texniki qüsurlar istisna olmaqla, Milli Məclisə seçkilərin demokratik şəraitdə, milli qanunvericiliyə və beynəlxalq normalara uyğun keçirildiyi qeyd edilib. Rəydə vurğulanır ki, bu, Azərbaycan dövlətinin demokratik seçkilər keçirilməsi üzrə beynəlxalq öhdəliklərə riayət etməsini, seçki prosesinin bütün iştirakçılarının hüquq və azadlıqlarının təmin olunmasını təsdiq edir.{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında