Şriftin ölçüsü:
11.11.2010 00:02 | Oxunma sayı: 441
7 noyabr günü günorta radələri idi. Həmin gün Milli Məclisə keçirilən seçkilərlə bağlı 32 saylı Suraxanı üçüncü seçki dairəsinə daxil olan bir neçə seçki məntəqəsində olmuşdum. Məqsədim qəzetimizə seçkilərin gedişi barəsində reportaj hazırlamaq idi. Seçki məntəqələrində qeydlər aparandan sonra dairə üzrə ümumi götəriciləri öyrənmək üçün 32 saylı seçki dairəsinin yerləşdiyi Suraxanı qəsəbəsinə gəlmişdim.
Dairənin yerləşdiyi yeni, yaraşıqlı, ikimərtəbəli binaya yaxınlaşanda MDB İcraiyyə Komitəsinin icraçı katibi, MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri S.N. Lebedevi missiyanın bir neçə üzvü ilə birlikdə 32 saylı Suraxanı üçüncü seçki dairəsinin qarşısında gördüm. O, bu dairənin sədri İlham Bayramovla vidalaşaraq başqa seçki dairələrinə getməyə hazırlaşırdı.
2005-ci il parlament seçkiləri zamanı Sergey Nikolayeviçin iştirakı ilə keçirilmiş mətbuat konfransında iştirak etdiyimdən onu tanıyırdım. Nüfuzlu qonağa ərklə yanaşıb ondan seçki prosesinin gedişi ilə bağlı "ən isti fikirlərini" söyləməsini xahiş etdim. Mənim qonağın öz təbirincə desək, "Narodnaya qazeta"dan ("Xalq qəzeti" nəzərdə tutulur-red) olduğumu xatırlayaraq bir anlığa gülümsündü və öz fikir və müşahidələrini açıqlamağa başladı:
- Mən bu gün MDB-dən olan həmkarlarımla bərabər Bakının bir neçə seçki dairəsində parlament seçkilərini müşahidə etmişəm. Hər yerdə seçkilərin tam sərbəst, demokratik şəkildə keçirildiyinin şahidi olmuşam. Seçkilərdə qanun pozuntularına yol verilmirdi. Bunu MDB-nin Parlamentlərarası Assambleyasının seçkiləri izləyən müşahidə missiyasının bütün üzvləri təsdiq edə bilərlər. Yeri gəlmişkən, bu il Azərbaycandakı dördüncü çağırış parlament seçkilərini izləmək üçün Müstəqil Dövlətlər Birliyindən 352 nəfərdən ibarət müşahidəçilər missiyası gəlib. Missiyanın əksər üzvləri bölgələrdə olacaqlar. Hələlik missiyanın heç bir üzvü mənə seçkilərdə hər hansı bir ciddi qanun pozuntusu baş verməsi barədə məlumat verməyib. Qeyd etdiyim kimi, mən özüm də qanun pozuntuları ilə rastlaşmamışam.
Mən artıq bir neçə dəfədir ki, Azərbaycanda keçirilən seçkiləri izləyirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycanda seçki mədəniyyəti ildən-ilə, hər seçkidən seçkiyə təkmilləşir. Bunun əsas səbəbi dövlətinizin və xalqınızın bu mühüm kampaniyaya kifayət qədər yüksək diqqət və önəm verməsindən irəli gəlir. Bu, çox müsbət haldır və MDB məkanında Azərbaycanın bütün dostları kimi, mən də ölkənizin bu uğurlarından çox sevinirəm. Siz yaxşı bilirsiniz ki, ayrı-ayrılıqda heç bir xalq, heç bir millət inkişaf, tərəqqi edə bilməz. Güc, inkişaf, necə deyərlər, birlikdədir. Məmnunam ki, Azərbaycan dövləti MDB məkanında gedən inteqrasiya proseslərində fəal iştirak edir, bundan həm Azərbaycan, həm də MDB-nin digər üzv dövlətlər qazanır. Bu siyasət Azərbaycanın strateji maraqlarına tam cavab verir. Azərbaycanı irəli aparan bu yol zəmanəmizin böyük siyasi xadimi Heydər Əliyev tərəfindən başlanıb və bu gün Azərbaycanın gənc, çox enerjili lideri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın həqiqi dostu olaraq bir məsələni də qeyd etməyi özümə borc bilirəm. Bu da Azərbaycanda son illər vüsət alan böyük quruculuq işləri ilə bağlıdır. Hər dəfə Bakıya gələndə bu qədim şəhərin necə sürətlə yeniləşdiyinin, daha da gözəlləşdiyinin şahidi oluram. Paytaxtda inşa edilən yeni körpülər, təmir olunan yollar, əhalinin işlə təmin olunması istiqamətində görülən böyük işlər Azərbaycan rəhbərliyinin xalqın rifahına böyük qayğı göstərdiyini sübut edir. Mən bu seçkilər ərəfəsində və seçkilər günü ölkə vətəndaşlarının çox yaxşı əhval-ruhiyyədə olduğunu da xüsusi vurğulamaq istəyirəm.
PS. Sergey Nikolayeviç ayrılanda mənə öz vizit kartını təqdim etdi. Mən bu qeydləri çapa hazırlayarkən Rusiyanın "ria-Novosti" informasiya agentliyinin MDB İcraiyyə Komitəsinin icraçı katibi, MDB Parlamentlərarası Asssambleyasının müşahidə missiyasının rəhbəri Sergey Lebedevə istinadən yaydığı maraqlı bir məlumat oxudum. Məlumatda bir daha qeyd edilirdi ki, S. Lebedev rusiyalı jurnalistə Azərbaycandakı 7 noyabr parlament seçkilərinin tam demokratik şəkildə baş tutmasını vurğulayıb. Lakin o, gələcəkdə seçkilərdə barmaqların mürəkkəblənməsi təcrübəsindən imtina olunmasını təklif etmişdir. Sergey Lebedev noyabrın 8-də Bakıda keçirdiyi mətbuat konfransında da həmin üsulun insanların heysiyyatına toxunduğunu bildirmişdir.{nl}
Qələmə aldı: Məsaim ABDULLAYEV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.