Noyabrın 7-də Azərbaycan daha bir ciddi siyasi kampaniyadan alnıaçıq-üzüağ çıxdı. Təbii ki, biz dördüncü çağırış Milli Məclisə keçirilən seçkiləri nəzərdə tuturuq. Budəfəki seçkilərin də azad və ədalətli, şəffaf keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə demokratik ölkə imicini daha da artırdı. 50-yə yaxın ölkədən gəlmiş, müşahidəçilərin kütləvi informasiya vasitələrinin izlədiyi seçkilər heç bir ciddi qanun pozuntusu olmadan başa çatdı.
Beynəlxalq müşahidəçilər həm seçkiyə hazırlıq işlərini, həm də seçki prosesinin gedişini yüksək qiymətləndirdilər. Onlar ötən seçkilərdə olduğu kimi, bu dəfə də şəffaflığın təmin olunması üçün bir sıra yeniliklərin tətbiq olunduğunu razılıqla qeyd etdilər. Seçicilərin yüksək-əhval ruhiyyədə olmaları, istədikləri namizədə sərbəst səs vermələri üçün hər cür şəraitin yaradılması beynəlxalq müşahidəçilər tərəfindən müsbət dəyərləndirilib.
Ötən seçkilərdə olduğu kimi, budəfəki seçkilərdə də müxalifət təmsilçilərindən narazı qalanlar oldu. Nədənsə, seçkilərdən narazı qalanlar həmişə məğlublar olur. Bu dəfə də narazılıq edənlər məğlublardır. Özü də simaları hamıya yaxşı tanış olan, əməlləri xalqa xəyanətdən yoğrulmuş, yalnız öz şəxsi mənafyelərini düşünən bir qrup antimilli, radikal müxalifət. 1993-cü ilin oktyabrından bu vaxta qədər keçirilən bütün seçkilərdə biabırçı şəkildə məğlubiyyətə uğrayan radikal müxalifət nümayəndələri əslində xəcalətlərindən çoxdan tində-bucaqda gizlənməli idilər. Amma, onlar "bəlkə də qaytardılar" hələ də xülyası ilə yaşayaraq rahat kreslo axtarırlar. Daha düşünmürlər ki, nə dövr, nə də xalq 1990-1992-ci illərdə olduğu kimi qalmayıb. Xalq deputat seçir ki, qarşıya çıxan problemlərlə məşğul olsun, onu ləyaqətlə təmsil etsin, qanunvericilik bazasını təkmilləşdirsin. Müxalifət isə öz köhnə ampulasındadır: deputat seçiləcək, beş il öz qayğıları ilə məşğul olacaq, xarici himayədarlarının xoşuna gəlmək üçün ölkənin imicinə zərbə vuracaq, iqtidarın dalınca danışacaq və s. Xalq seçkidə belələrinə qətiyyətlə "yox" dedi. Əslində, radikal müxalifət bu cavabı alacaqlarını çox yaxşı bilirdi.
Xalq radikal müxalifətin iç üzünə yaxşı bələd idi. AXCP sədri Əli Kərimlinin hakimiyyəti ələ almaq üçün Ruslan Bəşirli vasitəsi ilə ermənilərdən kömək istəməsi, Müsavat Partiyasının başqanı İsa Qəmbərin seçki ərəfəsində ermənilərlə əməkdaşlıq etmək üçün müqavilə imzalaması, Arif Hacılının və digər müxalifət funksionerlərinin də belə antimilli mövqeyə dəstək verməsi adamda təəccüb doğurur. Üstəlik pulsuz efir vaxtı ədəb-ərkan qaydalarına, əxlaq normalarına məhəl qoymamaları xalqın onlara olan nifrətini, qəzəbini, daha da artırdı. AXCP sədrinin debata qatılmaması, onun müavini Fuad Qəhrəmanlının canlı efirdə etikasız davranışı, İsa Qəmbərin öz tərəfdaşları tərəfindən ifşa olunması seçicilərin səbr kasasını daşırdı. Nəticədə, radikal müxalifət seçkilərdə biabırçılıqla məğlub oldu. Amma, çox təəssüf ki, illərdən bəri seçkilərdə uduza-uduza gələn müxalifət nümayəndələri hələ də məğlubiyyəti etiraf etmək mədəniyyətinə yiyələnməyiblər. Seçkidə iştirak edən müxalifət partiyalarının və namizədlərinin müşahidəçiləri və səlahiyyətli nümayəndələri fəaliyyətlərini seçki prosesini izləməkdən çox, səsvermə prosesini pozmaq, "qanun pozuntuları"na yol verilməsi barədə fikir formalaşdırmaq beynəlxalq müşahidəçilərə yanlış, həqiqətə uyğun olmayan məlumatlar vermək cəhdləri üzərində qurmuşdular. "Yeni Müsavat" qəzetinin əməkdaşları 30 saylı "Suraxanı 1-ci seçki dairəsinin 6 saylı məntəqəsində müşahidəçilərə və səsverməyə gələnlərə açıq-aşkar təzyiq edirdilər. Onlar Seçki Məcəlləsinin tələblərini kobud surətdə pozaraq seçiciləri müxalifətin namizədlərinə səs verməyə çağırırdılar.
17 saylı Yasamal üçüncü seçki dairəsinin 16 saylı seçki məntəqəsində AXCP - Musavat siyasi partiyalar blokunun Mənzər adlı müşahidəçisi seçki prosesinə müdaxilə etdiyinə görə komissiya üzvləri tərəfindən iki dəfə akt tərtib olunmuş, nəhayət onun qanunsuz hərəkətləri barədə polisə müraciət olunmuşdur.
31 saylı Suraxanı seçki dairəsində AXCP sədri Əli Kərimlinin tərəfdarları, 6 nəfər müxalifət müşahidəçisi səslərin sayılmasına mane olduqlarına görə məntəqə sədri yenə polisə müraciət etməyə məcbur olmuşdur.
Özlərini ana müxalifət hesab edən AXCP və Müsavat Partiyası seçki ərəfəsində "birləşərək" guya blok yaratdıqlarını bəyan etdilər. Əslində gözdən pərdə asmaq naminə yaradılmış bir "birlik" idi. Müxalifət funksionerlərinin əksəriyyəti etiraf edirdi ki, Əli Kərimli ilə İsa Qəmbər bir-birilərinə nifrət edirlər, onlar heç vaxt birləşə bilməzlər. Bu "birləşmə" onlara qrant verən xarici himayədarlarının sifarişi idi. Ancaq, bu partiyaların himayədarları hardan biləydilər ki, onların ara qarışdırmaq, başıpozuqluq yaratmaq, icazəsiz mitinqlər keçirmək naminə verdikləri qrantlar radikal müxalifət nümayəndələri tərəfindən eyş-işrətə, azyaşlı qızları əxlaqsızlığa cəlb etməyə sərf olunur.
"Azadlıq" qəzetinin kommersiya direktoru, Əli Kərimlinin sağ əli hesab olunan Azər Əhmədovun yetkinlik yaşına çatmamış bir qızla (deyilənə görə yaxın qohumu) əxlaqsız hərəkətləri "AXCP-Müsavat" siyasi partiyalar blokunun parlament seçkiləri ərəfəsində "təbliğat-təşviqat kampaniyasının" başlanğıcı oldu. Belə bir "təbliğat kampaniyası" ilə seçkilərə başlamış "AXCP-Müsavat" siyasi partiyalar blokunun xalq tərəfindən necə qarşılanacağı aydın idi. Biz bunu AXCP sədrinin Yeni Günəşlidə seçicilərlə keçirdiyi görüş zamanı da gördük. Görüşə gəlmiş "D" massivinin sakini Elmira adlı bir qadın Ə.Kərimliyə üz tutaraq "Utanmırsınız, hansı üzlə bu camaatın qarşısına çıxmısınız? Torpaqları satdınız, günahsız insanların ölümünə bais oldunuz, 20 Yanvarda insanları güllə qabağına göndərdiniz, indi nə istəyirsiniz bu xalqdan? Əxlaqsızlıq, tərbiyəsizlik etdiyiniz bəs deyilmi? Xalq sizə nifrət edir. Sizlərə səs verməyəcəyik". (Bəzi sözləri etika xatirinə yazmırıq - Ə.B.) Vəziyyətin mürəkkəbləşdiyini görən Ə.Kərimli səsgücləndirici ilə Elmira Quliyevanın səsini batırmağa çalışdı, çünki cavab verməyə üzü yox idi. Fakt qarşısında qalmışdı.
Belə faktlar istənilən qədərdir. Radikal müxalifət nümayəndələri nə qədər canfəşanlıq etsələr də, yalan vədlər versələr də ətraflarına kimsəni toplaya bilmədilər. Odur ki, yenə məğlubiyyətlərini ört-basdır etmək üçün yenidən xarici təşkilatlara üz tutmağa, böhtan, iftira püskürməyə başlayıblar. 2003-cü ildə seçki başa çatmamış, səsvermə bülletenləri sayılmamış özlərini qalib elan edənlər bu dəfə də həmin üsuldan yararlanmaq istəyirlər. Məsələn, seçkinin sonuna hələ xeyli vaxt qalmış Rauf Arifoğlu, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Gözəl Bayramova artıq özlərini "deputat" hesab edirdilər.
Görünür, müdriklərimiz məxsusi olaraq belə əxlaq, etika sahibləri üçün deyiblər ki, "Utanmasan, oynamağa nə var?" Ancaq, onların məğlubiyyəti 48 mindən çox müşahidəçinin gözləri qarşısında baş verib. 50 ölkədən gəlmiş beynəlxalq müşahidəçilər də radikal müxalifətin rüsvayçı məğlubiyyətinin şahidi olub. Daha bundan sonra müxalifətin cəfəng uydurmalarına inanan tapılmaz.
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.