Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər beynəlxalq seçki təcrübəsinə töhfə edilmiş yeni ənənələrlə yadda qaldı

Azərbaycan xalqının iradəsi və dövlətimizin qətiyyəti sayəsində daha bir seçki uğurla başa çatdı

{nl}

Bəzən təşkilatçılar seçki kampaniyasında 5-6 mərhələnin olduğunu iddia edirlər. Ancaq əslində burada mükəmməl hazırlıq prosesindən və səsvermə günü insanların fəallığının təmin edilməsindən başqa bir mərhələ yoxdur.
Duqlas HÖRD, Böyük Britaniyanın dövlət xadimi

{nl}

Seçkidən-seçkiyə və hətta, ildən-ilə daha da təkmilləşən Azərbaycan demokratik dəyərlərin daha geniş şəkildə tətbiq edilməsi və insan hüquqlarının daha mükəmməl şəkildə qorunması baxımından yeni çalarlarla zənginləşir. Elə bir seçki olmur ki, orada Azərbaycan təcrübəsi adıyla beynəlxalq seçki praktikasına hansısa yenilik təqdim edilməsin.
"Bizim başladığımız islahatlar ölkədə bütün sahələrin dünya təcrübəsi səviyyəsində müasirləşməsinədək davam edəcəkdir" - deyən ulu öndər Heydər Əliyevin daim yeniləşməyə çağıran tezisləri uğurla icra edilir. 2008-ci ildə keçirilmiş prezident seçkilərində ölkəmizə müşahidəçi kimi gəlmiş Avropa ekspertləri məmnunluq ifadə edirdilər ki, Azərbaycanda xalq seçkinin ədalətli və şəffaf keçirilməsini arzu etməklə kifayətlənmir, buna çalışır. Dövlət isə insanların bu istəyinin reallaşmasına zəmin yaradır. Prezident İlham Əliyevin həmin seçki ərəfəsində imzaladığı iki sərəncam Avropa ekspertlərinin böyük marağına səbəb olmuşdu. O zaman avropalılar məmnunluq ifadə etmişdilər, bu gün isə biz məmnunluqla qeyd edirik ki, ölkəmizdə keçirilmiş 7 noyabr parlament seçkiləri də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirildi. Hörmətli oxucular qəzetimizin bu nömrəsi də daxil olmaqla bir neçə sayında beynəlxalq müşahidəçilərin ürək sözləri ilə tanış ola biləcəklər.
Yazının əvvəlində britaniyalı dövlət xadimindən sitat gətirmişdik. İngilis siyasətçi qeyd edir ki, istənilən seçkidə əsas mərhələ kimi seçkiyə hazırlıq məsələləri qəbul edilməlidir. Onun fikrincə qalan bütün məsələlər texniki xarakterlidir. Britaniyanın yüz illərin dövləti olduğunu və orada minlərlə seçkinin keçirildiyini nəzərə alsaq, həmin tezisi tam şəkildə qəbul edərik. Ancaq 7 noyabr tarixli parlament seçkisinin hələ 20 il müstəqillik tarixi olmayan, cəmi dördüncü dəfə öz milli parlamentini formalaşdıran ölkədə keçirildiyini nəzərə alanda, buradakı bütün mərhələlərin bizim üçün əsaslı və məsuliyyətli olduğu qənaətinə gəlirik. Yəni biz seçki ilə bağlı bütün məsələlərə və mərhələlərə yüksək məsuliyyət hissi ilə yanaşmaqda tamamilə haqlıyıq. Bununla belə üzümüz Avropaya doğru olduğuna görə biz də bu yazıda son parlament seçkisinin iki mərhələsi - hazırlıq prosesi və seçicilərin səsvermə günü nümayiş etdirdiyi fəallıq barədə söz açırıq.
Seçki günü baş çəkdiyimiz bütün məntəqələrdə yüksək mütəşəkkillik və seçici fəallığını gördük. Müşahidəçilərin fikrincə bu fəallığın əsas səbəbi deputatlığa namizədlərin çox olması ilə bağlı idi. Siyasi partiya mənsubları isə seçicilərin fəallığını beynəlxalq müşahidəçilərin və xarici mətbuat nümayəndələrinin çoxluğu ilə bağlayırdılar: "İnsanlar inanırlar ki, o qədər xarici müşahidəçinin və jurnalistin gözü qabağında heç bir neqativ hala yol vermək mümkün olmayacaq. Ona görə də həvəslə gəlib öz istədikləri namizədə səs verirlər".
Yəqin ki, diqqətli oxucu əsas məqsədimizi tutdu. Deməli, seçicilərin səsvermə günü nümayiş etdirdiyi fəallığı seçkinin təşkilatçıları təşkil etmişdilər. Namizədlər bir və ya iki partiyanı təmsil etsəydi və ya seçkini Ermənistanda olduğu kimi ancaq yerli müşahidəçilər izləsəydilər, təbii ki, ədalətli nəticəyə inam bu qədər olmazdı və seçicilər məntəqəyə bu qədər mütəşəkkilliklə gəlməzdilər. Seçkidən cəmi üç gün əvvəl Pakistan mətbuatı yazırdı ki, Azərbaycan parlamentindəki 125 yer üçün 40 partiyanın təmsilçiləri mübarizə aparırlar. Biz Türkiyə, Rusiya, Almaniya və ABŞ-dakı həmkarlarımızın deyil, başı terror faciələrinə, zəlzələyə, təbii fəlakətlərə qarışmış Pakistandakı həmkarlarımızın ifadələrini yada saldıq. Bu da təsadüfi deyil. Yəni bizim seçkiyə hamının marağı var və hamı çoxsaylı siyasi partiyalar üçün geniş meydan açıldığını görür.
Hazırlıqla bağlı çoxsaylı faktlardan bəzilərini yada salaq. Mərkəzi Seçki Komissiyası öncə seçici siyahılarını dəqiqləşdirərək komissiyanın internet saytında yerləşdirmişdir ki, səsvermə hüquqlu vətəndaşların heç biri seçkidən kənarda qalmasın. 4 milyon 900 minə yaxın seçicinin hər birinin səs verəcəyi məntəqədə də adını siyahıda görə bilməsi üçün bütün məntəqələrdə siyahılar asılmışdı. Hələ seçkiyə bir neçə ay qalmış dairə və məntəqə seçki komissiyalarının, hüquq-mühafizə orqanlarının, mətbuat nümayəndələrinin iştirakı ilə müxtəlif treninq, görüş və seminarlar keçirilmişdi. Seçkilərlə əlaqədar xüsusi təlimatlar, yaddaş kitabçaları və digər məlumat topluları çap olunaraq arzu edən şəxslərin hamısına paylanılmışdır. 125 dairə üzrə 5314 məntəqənin hamısında səsverməni keçirmək və nəticələri hesablamaq üçün bütün lazımi şərait yaradılmışdı. Milli Məclisdəki 125 deputat yeri üçün 690 namizəd mübarizə aparırdı. Bir ay əvvəl seçkini izləyəcək yerli müşahidəçilərin 40 min civarında olacağı bildirilsə də, son məqamda bu göstərici 46.639 nəfər oldu ki, bu da seçkiyə ölkə daxilindəki marağın artmasının nəticəsi idi. Elə beynəlxalq müşahidəçilər də gözləniləndən çox idi. Mərkəzi Seçki Komissiyasında 48 ölkəni və 21 beynəlxalq təşkilatı təmsil edən 1029 beynəlxalq müşahidəçi qeydə alınmışdı.
Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyeası, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM, eləcə də ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya, Finlandiya və Belçika səfirlikləri, Avropa Seçki Müşahidə Akademiyası, Qazaxıstanın Mərkəzi Seçki Komissiyası və "Vestnik Qafqaz" analitik informasiya agentliyi 7 noyabr seçkisinə böyük maraq göstərən və səsverməni müşahidə edənlər arasında idi.
Dünyanın aparıcı kütləvi informasiya vasitələrindən olan İTAR-TASS, Röyters, Bi-Bi-Si, Əl-cəzirə, TRT, Assoşieyted Press, Frans Press, EPA, Anadolu, İhlas-Xəbər, Doğan Xəbər, Daliy İttehad, Sinxua agentlikləri, "Zi Nyus" qəzeti, Gürcüstan İctimai Televiziyası, "Stoliçnoye TV", İran TV, "Oqonyok" jurnalı da daxil olmaqla 18 xarici kütləvi informasiya vasitəsi Azərbaycanda keçirilən parlament seçkilərini işıqlandırırdı. Ölkənin mətbuat vasitələri üçün isə heç bir məhdudiyyət yox idi. Bu prosesi bir qədər də genişləndirmək üçün - yəni səsvermə prosesini seçki məntəqələrindən kənarda canlı izləmək üçün seçki məntəqələrinin 500-də vebkameralar quraşdırılmışdı.
Yuxarıda qeyd etmişdik ki, Azərbaycanda keçirilən hər seçkidə bir yenilik tətbiq olunur. 7 noyabr seçkisinin yeniliyi "Parlament-2010" Seçki Monitorinqi Koalisiyasının tətbiq etdiyi elektron səsvermə təcrübəsi idi. Bu koalisiya "Elektron hökumət" sisteminin "Elektron səsvermə və ictimai rəyin öyrənilməsi" komponenti vasitəsiylə elektron səsvermənin təşkilini həyata keçirirdi. Qeyd edək ki, bu komponent Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzində elan olunmuş müsabiqənin nəticələrinə görə "Parlament-2010" Seçki Monitorinqi Koalisiyasının istifadəsinə verilmişdir. Yəni, dövlət seçkinin ədalətli və şəffaf keçirilməsi üçün lazım olan heç bir imkanı əsirgəmirdi. Əlavə edək ki, "Elektron səsvermə və ictimai rəyin öyrənilməsi" komponenti vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə Milli Məclisə seçkilərdə qeydiyyata alınmış namizədlərə elektron səs verməsinə imkan yaradırdı. Bunun üçün seçicinin www.e-seçim 2010.az internet saytına daxil olması kifayət idi. Daha bir əlavə edək ki, elektron səsvermənin nəticələrinin hüquqi qüvvəsi yoxdur və yalnız ictimai rəyin öyrənilməsi məqsədi daşıyır. "Exit-poll"un keçirilməsi isə Azərbaycan seçki təcrübəsində yenilik olmadığına görə bu barədə geniş söz açmağa ehtiyac yoxdur. Ancaq xüsusi məqamı vurğulamağa ehtiyac var. Belə ki, üz tutduğumuz seçki məntəqələrinin hamısında "exit-poll" təmsilçilərinin fəallığını görürdük. "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin təşkil etdiyi "exit-poll"da 3 min nəfər iştirak edirdi. Onların müəyyən etdiyi nəticə Mərkəzi Seçki Komissiyasının nəticələri ilə kifayət qədər uyğun gəlirdi.
Beləliklə, dördüncü çağırış Azərbaycan Milli Məclisinə seçkilər xalqın arzuladığı şəkildə, dövlətin həyata keçirdiyi mükəmməl hazırlıq işlərinin uğurlu nəticəsi kimi başa çatdı. Beynəlxalq müşahidəçilərin ilkin rəyləri də həmin nəticəni təsdiqləyir. Ən başlıcası isə odur ki, bütün dairələrdə seçki baş tutdu və xalq öz iradəsini ifadə etdi.
Səsvermə prosesi başa çatandan bir neçə saat sonra kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirən MSK sədri Məzahir Pənahov bildirmişdir ki, saat 19.00-da - məntəqələr bağlandıqdan sonra verilmiş məlumata görə 4 milyon 946 min 588 seçicidən 2 milyon 480 min 205 nəfəri səsvermədə iştirak etmişdir. Bu da ümumi seçicilərin 50,14 faizinə bərabərdir. Hesab edirəm ki, bu rəqəm Azərbaycan ictimaiyyətinin parlament seçkilərinə olan marağının göstəricisidir. Səsvermə aşkarlıq şəraitində keçirilmişdir. Ümumilikdə 5 partiya blokuna daxil olan 13 partiyanı və müstəqil şəkildə səsverməyə qoşulmuş 10 partiyanı da nəzərə alsaq, 23 partiyanın nümayəndələrinin və müstəqil müşahidəçilərin iştirakı ilə keçirilmiş səsvermə bütün demokratik tələblərə cavab verirdi. Qanunvericiliyə əsasən seçkinin rəsmi nəticələri səsvermədən sonra iki gün ərzində elan edilir. İlkin məlumatlar isə xalqın iradəsini əks etdirmək baxımından yüksək qiymətləndirilir.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında