Xəzər: seçici fəallığı istənilən ölkə üçün nümunə sayıla bilər
Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində Söz Azadlığı və jurnalist Peşəkarlığı Koalisiyası "Etik curnalistika və seçkilər" mövzusunda üçgünlük (1-3 noyabr ) seminar-treninq keçirmişdi. Mətbuat Şurasının konfrans zalında respublika jurnalistlərinin həmkarlar ittifaqı təşkilatının dəstəyi ilə keçirilən həmin seminarda Beynəlxalq jurnalistlər Federasiyasının Londondan gəlmiş iki eksperti - Andrien Kollin və Devid Bevan ölkənin kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinə seçki zamanı təhlükəsizlik qaydalarına necə əməl etməyin yolları və hər hansı bir fövqəladə hadisə baş verərkən özünü müdafiə üsulları barədə dünya təcrübəsindən geniş söhbət açdılar, dediklərini əyani vasitələrlə dinləyicilərin nəzərinə çatdırdılar.
Müstəqil respublikamızın KİV təmsilçiləri üçün son dərəcə vacib və faydalı olan seminar-treninqdə öyrəndiklərim 7 noyabr seçkilərindən material hazırlayarkən çox karıma gəldi. Bəri başdan deyim ki, seçkinin gedişini izlədiyim Xəzər rayonunda seçicilərin və KİV nümayəndələrinin təhlükəsizliyi beynəlxalq standartlara uyğun yüksək səviyyədə təşkil olunmuşdu. Dairə Seçki Komissiyaları və seçki məntəqələrinin hamısı müasir üsulda tikilmiş binalarda yerləşməklə, təhlükəsizlik tələblərinə tam cavab verirdi. Məntəqələr etibarlı rabitə, kompyuter sistemi, davamlı elektrik enerjisi, yanğından mühafizə ləvazimatları, tibbi vasitələr və sair avadanlıqla təchiz olunmuşdu. İstər 13 saylı Xəzər birinci, istərsə də 14 saylı Xəzər ikinci seçki dairələri və səsvermə məntəqələrinin hamısı polis əməkdaşları tərəfindən etibarlı şəkildə mühafizə edilirdi.
Buna görə də seçkilər sakit və təhlükəsizlik şəraitində keçirdi. Səhər saat 10-da Mərdəkan qəsəbəsindəki mədəniyyət sarayına gələndə seçicilərin böyük fəallığının şahidi olduq. 13 saylı dairənin iki seçki məntəqəsi burada yerləşirdi. Sarayın birinci mərtəbəsində 1 saylı, ikinci mərtəbəsində isə 2 saylı məntəqə yerləşirdi. Sol əlin baş barmağı görünməz mürəkkəblə işarələnən seçici şəxsiyyət vəsiqəsini təqdim edərək səsvermə bülletenini götürüb qapalı kabinəyə keçir, istədiyi namizədin adını dairəyə alaraq büllüteni seçki qutusuna salır. Bütün bu proses tam sərbəst və demokratik şəraitdə davam edir.
Mədəniyyət sarayının foyesində bədii özfəaliyyət kollektivlərinin üzvləri maraqlı konsert proqramları göstərirdilər. Musiqinin, çal-çağırın səsi ətrafı bürümüşdü.Kənarda dayanıb bu mənzərəni seyr edən orta yaşlı bir kişi ilə tanış oluruq.
- Azərbaycan müstəqillik əldə etdikdən sonra prezident, parlament, bələdiyyə, ümumxalq referendumu səsvermələrinin təşkilində müəyyən xidmətlərim olub, - deyə 13 saylı Xəzər birinci seçki dairəsi komissiyasının sədri Mütəllim Balaqardaşov dillənir. - Dairəmizdə dörd namizəd səsə qoyulub. Onların hamısı üçün eyni şərait yaradılıb. Məntəqələrimizin demək olar ki, hamısında deputatlığa namizədlərin nümayəndəsi var.
13 saylı Xəzər birinci seçki dairəsi 8 qəsəbənin seçicilərinə xidmət edir. Onun tərkibində 34 məntəqə fəaliyyət göstərir. 432 nəfər gənc oğlan və qız ilk dəfədir ki, səs verir. Dairə üzrə səsvermənin gedişini 253 nəfər yerli müşahidəçi izləyir. Müşahidəçilərin 170 nəfəri öz təşəbbüsü, 34 nəfəri qeyri-hökumət təşkilatları, 49 nəfəri isə siyasi partiyalar tərəfindən irəli sürülmüşlər. 7 seçki məntəqəsində veb kameralar quraşdırılmışdır ki, onların vasitəsilə seçkilərin gedişini internetlə dünyanın hər yerindən izləmək mümkün idi.
Buzovna qəsəbəsindəki 234 nömrəli orta məktəbdə fəaliyyət göstərən 11 saylı seçki məntəqəsində səsverməyə gələn bir ailə diqqətimizdən yayınmadı. Qəsəbə sakini Abbas Mövsümov həyat yoldaşı, üç oğlu və bir gəlini ilə səs verməyə gəlmişdi. Onlar öz vətəndaşlıq borclarını yerinə yetirdikdən sonra Abbas kişidən təəssüratını soruşduq. O dedi:
- Mən dünyagörmüş adamam, ağı qaradan seçməyi bacarıram. Seçkiqabağı təbliğat və təşviqat kampaniyasının gedişini diqqətlə izləyirdim. Müstəqilliyimizin başlanğıcında hakimiyyətin imkanlarını "dərindən öyrənmiş" indiki müxalifətçilər yenidən iqtidara can atırlar. Çünki dağıdıb, talan ediləsi sərvətlər, maliyyə vəsaitləri çoxalıb. Ancaq onlar bunu bir də görməyəcəklər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində, bütün ölkədə olduğu kimi, yaşadığım Xəzər rayonunda da geniş quruculuq işləri sürətlə davam edir. İntensiv inkişaf üçün yaradılan münbit zəmin rayonda sosial-iqtisadi göstəricilərin yüksəlməsinə, yeni istehsal sahələrinin yaradılmasına, sahibkarlığın tərəqqisinə imkan vermişdir. Bunun nəticəsi olaraq yeni ticarət, iaşə obyektləri, müxtəlif əyləncə mərkəzləri yaradılmışdır. Dənizkənarı sahillərdə istirahət komplekslərinin, mehmanxanaların açılması rayonda turizmin inkişafına təkan vermiş, yeni iş yerlərinin və məşğulluğun artmasına səbəb olmuşdur. Bütün bunları görən seçici əlbəttə ki, səsini iqtidarı dəstəkləyən namizədə verəcəkdir.
14 saylı Xəzər ikinci seçki dairəsinin ərazisində 35 məntəqə yaradılmışdır. Bu məntəqələrdə 40513 nəfər seçici səs verməlidir. Dairə seçki komissiyasının sədri İmran Qəmbərov səsvermənin gedişindən razılıqla danışaraq dedi:
- Səsvermə başlanandan bəri qanun pozuntusu, anlaşılmazlıq barədə heç bir məlumat daxil olmayıb. Seçicilərin fəallığı yüksəkdir. Bunu məntəqələrdən verilən ilk məlumatlar da təsdiqləyir. İstər yerli, istərsə də xarici müşahidəçilərdən hələlik seçki qanunlarının pozulmasına dair şikayət və iradlar eşidilməmişdir.
Səsvermədə ilk dəfə iştirak edən gənclər daha çox fəallıq göstərirdilər. Dairə üzrə onların sayı 462 nəfərdir. Şüvəlan qəsəbəsindəki 237 nömrəli orta məktəbin direktoru, 4 saylı məntəqə seçki komissiyasının sədri Təranə Qurbanova bildirdi ki, ilk dəfə səs verənlərdən 6 nəfəri bizim məzundur. Məntəqəmizə gəlmiş MDB, Avropa Şurasının müşahidəçiləri də seçkilərdə gənc nəslin nümayəndələrinin fəallığını yüksək qiymətləndirdilər.
- Sevincimin həddi-hüdudu yoxdur, - deyə Xanım Bədəlova dillənir. - Ona görə ki, mən bu gün ilk dəfə səs verməklə artıq doğma Azərbaycanımızın tam hüquqlu vətəndaşı olmuşam. Bununla fəxr edirəm, qürur duyuram. Səsvermə bülletenində deputatlığa namizəd dörd nəfərin adı vardı. Heç bir tərəddüd etmədən Mehriban xanım Əliyevaya səs verdim. Ölkəmizin birinci xanımı 2005-ci ildə keçirilən parlament seçkilərində rayonumuzdan deputat seçilmişdi. Ötən beş il ərzində o, millət vəkili adını layiqincə, ləyaqətlə doğrultmuşdur. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti nəticəsində məktəbimiz əsaslı təmir olunmuş, qəsəbələrimiz xeyli abadlaşmış, yeni təhsil, səhiyyə ocaqları, müasir tələblərə cavab verən sosial obyektlər istifadəyə verilmişdir.
Rayonda parkların və yaşıllıq zolaqlarının salınması geniş vüsət almışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması naminə 2007-ci ilin mart ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlayan "Hərəmiz bir ağac əkək!!" aksiyası bütün respublikada geniş əks-səda doğurmuşdur. Ölkənin birinci xanımının iştirakı ilə təkcə Qala qəsəbəsində 9 minə yaxın sərv, küknar, şam ağacları əkilmişdir.
Bütün bunları görən və dərindən dərk edən seçicilərin böyük əksəriyyəti növbəti beş il üçün də öz səslərini Mehriban xanım Əliyevaya verirdilər. Bunu seçicilər arasında aparılan eksklüziv sorğunun nəticələri də sübut edirdi. Axşam saat 19-da 13 saylı Xəzər birinci seçki dairəsi üzrə seçicilərin 62,9 faizi, 14 saylı Xəzər ikinci seçki dairəsi üzrə isə 78,2 faizi öz vətəndaşlıq borclarını yerinə yetirmişdilər.
{nl}
Telman ƏLİYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.