Şriftin ölçüsü:
09.11.2010 00:25 | Oxunma sayı: 454
Noyabrın 7-də Azərbaycan parlamentinə növbəti seçkilər başa çatdı. Artıq Mərkəzi Seçki Komissiyası, eləcə də seçkilərin gedişi ilə bağlı müşahidə aparan bir sıra "exit-poll" təşkilatları seçkilərin ilkin nəticələrini elan etməyə başlayıb. Təbii ki, bir neçə gün ərzində seçicilər özlərinin səs verdikləri dairələrdə hansı namizədin daha çox səs toplayaraq deputat seçildiyini dəqiqliklə öyrənə biləcəklər. Ancaq, bu gün artıq bir həqiqət öz təsdiqini tapır ki, Azərbaycan Respublikası özünün 19 illik müstəqilliyi dövründə növbəti dəfə azad, ədalətli və demokratik seçkilərini keçirdi, Azərbaycan qanunlarına və beynəlxalq standartlara uyğun şəkildə parlamentin yeni heyətini müəyyənləşdirdi.
Beləliklə, Azərbaycan bütün dünyanın gözü qarşısında növbəti dəfə demokratiya sınağından uğurla çıxdı. Ölkə növbəti demokratik seçkiləri arxada qoydu, demokratikləşmə istiqamətində daha bir addım irəli getdi. Bu fikri seçki günü prosesi yaxından izləmiş yerli və xarici müşahidəçilər, çoxsaylı beynəlxalq təşkilatların nümayəndələri də birmənalı şəkildə təsdiq etdilər. Xarici müşahidəçilərdən bir neçəsinin rəyini oxucuların diqqətinə çatdırırıq:
Yanes Lenarçi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru:
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri səsvermə başladıqdan keçən müddət ərzində təxminən 200 məntəqədə seçkilərin gedişini izləyiblər. Ümumilikdə bu gün (noyabrın 7-də - red.) missiyamızın 400-dən artıq üzvü həm Bakıda, həm də regionlarda seçkilərin gedişini izləyib. Həm paytaxtda, həm də regionlarda seçkiləri müşahidə edən missiyasızın üzvləri ayrı-ayrılıqda hesabat hazırlayacaqlar. Yekun hesabat isə iki ay sonra açıqlanacaq.
Xoakin Ramiraz, ispaniyalı müşahidəçi: 15 saylı Yasamal seçki dairəsinin 19 saylı məntəqəsində seçkilərin gedişini izləmişəm Əsas məqsədimiz bu idi ki, burada seçki sistemini görək. Azərbaycanda ilk dəfədir ki, oluram. Görürəm ki, seçki demokratik keçirilir. İnsanlar səs vermək üçün həvəslə gəlirlər. Çox fəaldırlar. Bu, çox müsbət haldır.
Türkiyə Böyük Millət Məclisinin AKP-dən millət vəkili Özləm Türkönə 25 saylı Nizami ikinci seçki dairəsinin 3 saylı məntəqəsində seçki prosesini izləyərək ölkəmizdə demokratik dəyərlərin yüksək səviyyədə qorunduğunu bildirib:
- Burada AŞ PA-nın nümayəndəsi olaraq iştirak edirəm. Seçkilərin Azərbaycan xalqına, millətinə xeyirli olmasını arzulayıram. Bu ana qədər seçkilərin xoş əhvalla davam etdiyinin şahidiyəm. Azərbaycan demokratik dəyərlərin qorunması baxımından önəmli addımlar atır.
MDB Müşahidə Missiyasının nümayəndəsi Andrey Knorr 9 saylı cəzaçəkmə müəssisəsində seçkilərin gedişini müşahidə edərək bildirib ki, məntəqədə səsvermə yüksək səviyyədə təşkil olunub, Azərbaycanda gedən iqtisadi inkişaf seçkinin təşkilində də özünü göstərib.
Hollandiya parlamentinin üzvü Coşqun Gölüz parlament seçkilərinin demokratik, şəffaf keçdiyini xüsusi olaraq vurğulayıb və bu halın nəticələrə böyük təsir göstərəcəyini bildirib. - Seçicilər seçki məntəqələrinə normal şəkildə gedərək səs veriblər. Bu seçkilər Azərbaycanı daha da irəli aparacaq. Gözləmirdik ki, seçki məntəqələrində bu qədər müşahidəçi olacaq.
Kanada senatının üzvü Konsilio Di Nino bir sıra seçki məntəqələrində seçkilərin gedişini izlədiyini, eyni zamanda, səhər saat 8-də məntəqələrdən birinin açılışında iştirak etdiyini, seçki prosesinin normal keçdiyini deyib. Səsvermə zamanı bəzən xırda problemlərin üzə çıxdığını söyləyən Di Nino bunun nəticələrə heç bir təsir etmədiyini qeyd edib. "Bu kimi hallar dünyanın bütün ölkələrində müşahidə olunur".
Avropa Seçki Müşahidə Akademiyasının Azərbaycanda parlament seçkilərini müşahidə edən missiyasının üzvü Viktor Papazov da seçkilərin gedişi ilə bağlı müsbət fikirlər söyləyib:
- Seçkilər texniki baxımdan yaxşı təşkil olunub, demokratik mühitdə keçirilir, səsvermə prosesi çox yaxşı təşkil olunub. Sözün açığı, bilmirəm ki, Azərbaycanda seçki sistemi ilə bağlı daha nəyi təkmilləşdirmək olar?
{nl}
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.