Andreas Lorenz: Azərbaycandakı seçkilər Avropa standartlarına uyğundur

Müstəqil Azərbaycanda Milil Məclisə keçirilən dördüncü çağırış parlament seçkilərini izləyən xarici müşahidəçilərdən biri də Almaniyanın Bavariya torpağının parlamentinin üzvü Andreas Lorenzdir. O, Bakıya Avropa Seçkiləri Müşahidə Akademiyasının nümayəndəsi kimi təşrif buyurub. Mən onunla 7 noyabr seçkilər günü 31 saylı Suraxanı ikinci seçki dairəsinin 2 saylı seçki məntəqəsində görüşmüşəm. Almaniyalı müşahidəçiyə özümü təqdim edərkən, müsahibim lütfkarcasına "mən jurnalistlərlə dostam, bütün suallarınıza cavab verməyə hazıram" deyərək seçkilər ilə bağlı müşahidələrini belə açıqladı:
-Mən Azərbaycana gəlməzdən qabaq sizin ölkəniz barədə internetdən kifayət qədər dolğun məlumatlar almışam. Xəbərim var ki, neftlə zəngin olan Azərbaycanda son illər sürətli iqtisadi tərəqqi baş vermişdir. Sizin iqtisadi uğurlarınızla bərabər, xalqınız haqqında, gözəl paytaxtınız Bakı barədə şəxsi təəssüratlara malik olmaq arzusunda idim. Mən budəfəki səfərimdə azərbaycanlıların çox mehriban, qonaqpərvər və istiqanlı insanlar olduqlarının şahidi oldum. Görünür, bu təəssüratlarım uzun illər mənim qəlbimdə yer alacaqdır.
Mən bütün bunları ona görə deyirəm ki, hər bir ölkədə demokratiya davamlı olaraq, ilk növbədə möhkəm iqtisadi zəmin üzərində bərqərar olur. Yəni təkcə hüquqi aktları qəbul etməklə iş bitmir. Demokratik inkişaf yolu seçmiş xalqlar paralel olaraq öz cəmiyyətlərinin iqtisadi inkişafını da təmin etməlidirlər. Yaxşı haldır ki, Azərbaycan dövləti demokratik inkişaf yolunu məhz iqtisadi islahatlarla paralel surətdə həyata keçirir. Bu mənada mən sizdə demokratik proseslərin davamlı olacağına böyük ümidlər bəsləyirəm.
İndi isə konkret olaraq şəxsi müşahidələrim barədə söz aça bilərəm. Mən bu gün Zaurla (tərcüməçi-red) birlikdə bir çox seçki məntəqələrində olmuşam. Diqqətimi ən çox cəlb edən bu olub ki, bütün məntəqələrdə çoxlu sayda yerli müşahidəçilər vardı və onlar seçki prosesini çox diqqətlə izləyirdilər. Məsələn, 31 saylı Suraxanı ikinci dairəsindəki 2 saylı seçki məntəqəsində 21 müşahidəçi var. Avropada, elə bizim Almaniyada bir məntəqədə bu qədər müşahidəçi olmur. Bunu müsbət hal kimi qəbul edir və tamamilə təqdir edirəm.
Mən müşahidə apardığım seçki məntəqələrində ciddi bir qanun pozuntusu aşkar etmədim. Seçicilər öz seçimlərində tam azad idilər. Bir çox seçki məntəqələrində həm iqtidarı, həm də müxalifəti təmsil edən yerli müşahidəçilərdən seçkilər ilə bağlı fikirlərini soruşdum. Demək olar ki, heç kəs şikayət etmirdi. Başqa bir yaxşı hal odur ki, gənclər seçkilərdə fəal iştirak edirlər. Mən bilirəm ki, Azərbaycanda ailələr çoxuşaqlıdırlar. Buna görə də əhali Avropa dövlətlərinə nisbətən daha cavandır. Bu, Azərbaycanın gələcək inkişafı üçün vacib amildir.
Bakıdan noyabrın 10-da ayrılacağam. Ümid edirəm ki, qarşıdakı iki-üç gündə kifayət qədər asudə vaxtım qalacaq və bundan Azərbaycanın ən böyük şəhərinin (Bakı nəzərdə tutulur-red) tarixi, görməli yerləri ilə tanış ola bilcəyəm. Almaniyada azərbaycanlılara etnik cəhətdən çox yaxın olan 2 milyondan çox türk var. Onların arasında mənim dostlarım da var. Onlardan biri ilə Bakıya uçmazdan qabaq görüşmüşdüm. Parlament seçkilərini izləmək üçün bura gələcəyimi biləndə dostum çox sevindi. Bakılılara salamını yetirməyini xahiş etdi. Mən Almaniyaya qayıdandan sonra onunla yenidən görüşərkən Bakıdan xoş təəssüratlarla ayrıldığımı bildirəcəyəm.
İnanıram ki, Bakı ilə, sizin ölkə ilə yenidən görüşə biləcəyəm. Ümid edirəm ki, o zaman uğurlarınız indikindən də çox olacaq. Xalqınıza, hər birinizə uğurlar arzulayıram.{nl}

Qələmə aldı: Məsaim ABDULLAYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında