Şriftin ölçüsü:
09.11.2010 00:50 | Oxunma sayı: 434
MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri Svetlana Orlova: "Azərbaycan xalqı öz iradəsini azad şəkildə ifadə etdi"
Avropa Seçkiləri Müşahidə Akademiyasının Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən missiyası seçkilərin nəticələrinə dair hesabatlarını açıqlayıb. Hesabatda Azərbaycanda parlament seçkilərinin beynəlxalq qanunvericiliyə uyğun, açıq və şəffaf keçirildiyi bildirilir.
Belçikadan olan parlamentari Alan Desteks müşahidə missiyasının yekun mövqeyini açıqlayarkən bildirib ki, seçkiliəri 27 Avropa ölkəsini, ABŞ və Kanadanı təmsil edən 163 deputat və seçki eksperti izləyib. Beynəlxalq müşahidəçilər seçki günü 77 dairədə müşahidə aparıblar.Müşahidəçilərin qənaətinə görə, seçkiyə hazırlıq, Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq seçki standartlarına və demokratik seçkilər sahəsində beynəlxalq öhdəliklərə tam uyğundur. Missiya Mərkəzi Seçki Komissiyasının fəaliyyətini də yüksək qiymətləndirib. Hesabatda o da vurğulanıb ki, səsvermə beynəlxalq standartlara uyğun təşkil olunub, seçki günü seçicilərin aktivliyi müşahidə edilib, hətta məntəqələrdə seçici növbələri yaranıb.
Parlament seçkilərini izləyən MDB-nin müşahidəçi missiyası müşahidələrin nəticələrilə bağlı bəyanatla çıxış edib. Missiyanın rəyinə əsasən, seçkilər yüksək təşkilatçılıq şəraitində keçib və demokratikliyi ilə yadda qalıb. Azərbaycan rəhbərliyinin dəvəti ilə parlament seçkilərinin hazırlığı və keçirilməsi ilə bağlı MDB-nin uzunmüddətli müşahidəçi missiyası ölkəyə avqustun 15-dən, qısamüddətli missiyası isə oktyabrın 18-dən gəlib. Missiyada seçkilərin təşkili ilə bağlı yüksək təcrübəyə malik 352 müşahidəçi təmsil olunub. Seçki günü onlar paytaxtla yanaşı, regionlarda da olub, 3 minə yaxın seçki məntəqəsində müşahidələr aparıblar.
MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev: "Azərbaycanda Seçki qanunvericiliyinin təkmilləşməsi prosesində müsbət irəliləyiş var. Seçki məntəqələrində veb kameraların quraşdırılması seçkilərin şəffaf şəraitdə keçdiyini sübut edir. Seçki komissiyalarında bütün partiyalar təmsil olunub. Seçkilər demokratikliyi ilə yadda qalıb. Prosesin gedişatı və səslərin sayılmasına nəzarət təmin edilib. Hər bir dairə üzrə 5-dən 8-ə qədər namizədin mübarizə aparması seçicilərə real seçim imkanı yaratdı. Və Azərbaycan vətəndaşları bu imkandan istifadə ediblər.
MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri Svetlana Orlova ölkəmizdə seçki prosesində ciddi inkişaf nəzərə çarpdığını, xalqın öz iradəsini azad şəkildə ifadə etdiyini vurğulayıb:
"Mən seçkilərin yüksək səviyyədə təşkilini, seçicilərin dəqiq siyahılarının hazırlanmasını, seçki komissiyalarının fəal işini, çoxpartiyalılığı, debatları, "exit-poll"un gördüyü işi, seçkilərə çox sayda gənclərin, qadınların cəlb olunduğunu, seçki məntəqələrində veb kameraların quraşdırıldığını, seçkilərin majoritar sistem üzrə keçirilməsini qeyd etmək istərdim".
MDB müşahidə missiyasında deputatlar korpusuna rəhbərlik edən, Rusiya Dövlət Dumasının nümayəndəsi Vladimir Kolesnikov isə demişdir: "Azərbaycanın qanunverci bazası demokratiya prinsiplərinə tam uyğundur".
Rusiya Mərkəzi Seçki Komissiyasını təmsil edən Yelena Dubrovina Azərbaycanda namizədlərin qeydiyyatı prosedurunun asanlığını və bunun demokratikliyin daha bir əlaməti olduğunu bildirmişdir.
MDB müşahidə missiyasının Azərbaycandakı parlament seçkiləri ilə bağlı ümumi rəyi belə olmuşdur: ölkə hakimiyyəti demokratik seçkilərin keçirilməsi üçün bütün lazımi tədbirləri görüb, seçkilər yüksək təşkilatçılıq səviyyəsində təşkil olunub. MDB müşahidə missiyasının bəyanatının yekun variantı seçkilərin yekun nəticələri elan olunduqdan sonra təqdim ediləcək.{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.