Xarici kütləvi informasiya vasitələri Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə keçirildiyini yazırlar

Xarici ölkələrin kütləvi informasiya vasitələri noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkilərini diqqətdə saxlamaqda davam edirlər. Dünyanın tanınmış informasiya agentlikləri, o cümlədən BBC, Assoşeyted Press, Frans-Press, İTAR-TASS, RİA-Novosti, İnterfaks, The Deutsche Welle, Kazinform agentlikləri, habelə "Vesti", "SKAY-NYUS", "Azadlıq", "Rusiyanın səsi", "Exo Moskvı" kimi məşhur telekanal və radio yayımları şirkətləri öz proqramlarında, video xəbərlərində seçkilərlə bağlı müxtəlif səpkili materiallar vermişlər.
Xarici kütləvi informasiya vasitələri seçicilərin parlament seçkilərində iqtidar partiyasına səs verməklə Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini xüsusilə vurğulamışlar. Ümumi qənaət belədir: Azərbaycanda parlament seçkiləri Konstitusiya çərçivəsində qanunlara ciddi riayət olunmaqla və demokratik prinsiplər əsasında keçirilmişdir.
Rusiya KİV-lərində Azərbaycanda keçirilmiş 7 noyabr parlament seçkiləri geniş işıqlandırılır. "Polit.ru" saytında, "Vzqlyad", "Novıye İzvestiya", "Nezavisimaya qazeta", "Vremya Novostey", "Kommersant" kimi qəzetlərdə qeyd olunur ki, beynəlxalq müşahidəçilər Mərkəzi Seçki Komissiyasının seçkilərə hazırlıq səviyyəsini yüksək qiymətləndirirlər. Müşahidəçilər üçün bütün şəraitlər yaradılmışdır. Qeyd edilir ki, Azərbaycanda parlament seçkiləri sakit şəraitdə keçmiş, səsvermə zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. AŞPA-nın seçkiqabağı hesabatında bildirilir ki, əvvəlki seçkilərlə müqayisədə budəfəki parlament seçkilərində müsbət dəyişiklər baş vermişdir. MDB-dən olan müşahidəçilərin rəylərinə görə, bütün deputatlığa namizədlərə azad təşviqat kampaniyası üçün eyni imkanlar yaradılmış, hamısına 4 dəqiqəlik pulsuz efir vaxtı ayrılmışdır. İTAR-TASS-ın məlumatına görə, budəfəki seçkiqabağı vəziyyət Azərbaycanın yeni tarixi boyunca ən sakiti olmuşdur. Heç bir mitinq, yürüş, kütləvi aksiya baş verməmişdir. İkili səsvermənin qarşısını almaq üçün seçicilərin barmaqlarına rəngsiz mürəkkəb vurulmuş, hər kəs MSK-nın saytına girərək dairələrdə quraşdırılmış veb-kameralar vasitəsilə səsverməni sərbəst izləmək imkanına malik idi. Seçkilər zamanı heç bir polis əməkdaşı qanun pozuntusuna yol verməmişdir.
"Kommersant" qəzeti noyabrın 8-də dərc etdiyi seçkilərə həsr olunmuş yazıda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözlərinə istinadən qeyd etmişdir ki, seçkilər sakit şəraitdə qanunvericiliyə müvafiq olaraq keçirilmişdir. İlkin proqnozlara görə, Prezident İlham Əliyevin partiyası növbəti qələbə qazanmışdır. Yazıda Avropa Şurası Parlament Assambleyasının məruzəsindən sitat gətirilmişdir. Sitatda seçkiqabağı kampaniyanın yekunlarına görə, ötən seçkilərlə müqayisədə müsbət dəyişikliklərin olduğu qeyd edilmişdir.
Rusiyanın RİA-Novosti agentliyi MDB müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin icraçı katibi Sergey Lebedevə istinadən gələcəkdə seçkilərdə barmaqların mürəkkəblənməsi təcrübəsindən imtina olunması təklifinə xüsusi yer ayırmışdır. S.Lebedev noyabrın 8-də Bakıda keçirilmiş mətbuat konfransında həmin üsulun insanların heysiyyatına toxunduğunu bildirmişdir. Bundan başqa, qeyd olunmuşdur ki, ilkin məlumatlara görə, seçkilərdə Yeni Azərbaycan Partiyası qalib gəlmişdir.
Agentliyin məlumatına görə, Yeni Azərbaycan Partiyası deputat mandatlarının mütləq əksəriyyətini qazanmışdır. Agentlik seçkilərdə 2 480 205 seçicinin iştirak etməsini seçkilərə böyük marağın göstəricisi kimi qiymətləndirmişdir.
"Nezavisimaya qazeta" Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə seçki məntəqəsinə gəlməsi barədə yazmışdır. Material "Reuters" agentliyinin təqdim etdiyi Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın fotoşəkli ilə verilmişdir. Qəzet MSK-ya istinadən dördüncü çağırış parlament seçkilərinin pozuntular olmadan keçdiyini bildirmişdir. Yazıda Azərbaycanda birpalatalı 125 yerlik parlamentə seçkilərin respublikanın Konstitusiyasına müvafiq olaraq majoritar sistem üzrə keçirilməsinə də toxunulmuşdur. Qeyd edilmişdir ki, respublikanın yaşı 25-dən az olmayan hər bir vətəndaşı parlamentin deputatı ola bilər. Azərbaycanda seçkilərin keçirilməsi üçün 5.314 min seçki məntəqəsi yaradılmışdır. Azərbaycanlı seçicilərin öz iradəsini ifadə etməsini təxminən 47 min yerli və mindən çox xarici müşahidəçi izləmişdir. "Rəy" monitorinq mərkəzinin seçkidən əvvəl təxminən 1500 respondent arasında keçirdiyi sorğuya əsasən 42,2 faiz seçicinin hakim partiyanın namizədlərinə səs verməyi planlaşdırdığı da yazıda öz əksini tapmışdır. Seçkilər səsvermənin nəticələrinə təsir edə biləcək kobud pozuntular olmadan sakit şəraitdə keçmişdir.
"Exo Moskvı" radiosu Prezident İlham Əliyevin arxadaşlarının 125 deputat mandatından ən azı 68-nə sahib ola biləcəyini qeyd etmişdir. Bu, MSK-nın ilkin məlumatlarıdır. Agentlik MSK-ya əsasən səsvermə və bülletenlərin sayılması zamanı ciddi pozuntular qeydə alınmadığını bildirmişdir.
İTAR-TASS agentliyi ilkin məlumatlara görə, Yeni Azərbaycan Partiyasının ən azı 68 mandat əldə edəcəyini xəbər vermişdir. Agentlik yazır ki, bunu noyabrın 8-də MSK-nın "Seçkilər" informasiya mərkəzinin saytında yerləşdirilmiş məlumatlara əsasən bunu demək mümkündür.
Rusiyanın RBK telekanalı Yeni Azərbaycan Partiyasının ölkə parlamentinə seçkilərdə 125 deputat yerindən 68-ni əldə edəcəyi barədə ilkin məlumatları vermişdir. Bu telekanal da seçki prosesində ciddi pozuntuların olduğu barədə MSK-ya müraciətlərin daxil olmadığını bildirmişdir.
"Lenta ru" internet saytı da Azərbaycanda Milli Məclisə keçirilmiş seçkilərə toxunmuşdur. Qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərində 125 yerdən ən azı 68-nə iddialıdır. Namizədlərə qələbə üçün sadəcə səsçoxluğu qazanmaq kifayətdir. Səsvermə hüququ olan ölkə vətəndaşlarının 50,14 faizi səsvermədə iştirak etmişdir. Saytda göstərilmişdir ki, Mərkəzi Seçki Komissiyasına səsvermə və səslərin hesablanması zamanı seçkilərin nəticələrinə təsir edəcək pozuntular barədə məlumatlar daxil olmamışdır.
"Vremya Novostey" isə yazır ki, seçkilərdə saxtakarlığa yol verməmək üçün seçki məntəqələrində veb-kameralar quraşdırılmış, bəzi xırda texniki xarakterli pozuntular dərhal aradan qaldırılmışdır. MDB müşahidəçilər missiyasına rəhbərlik edən Sergey Lebedev isə demişdir ki, "biz seçki məntəqələrində seçicilər tərəfindən şikayətlərin olub-olmadığını soruşduq, məlum oldu ki, heç bir şikayət yoxdur. Seçki normal qaydada keçmişdir".
Gürcüstanın "The Georgian Times" elektron qəzeti noyabrın 8-də yazdığı materialda qeyd etmişdir ki, seçki məntəqələrindən çıxanlar arasında aparılan sorğuların nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə irəli gedir. Rəyi soruşulanların 42 faizi iqtidar partiyasının namizədlərinə səs verəcəklərini bildirmişlər. Rəsmi məlumatlara əsasən bu il seçkilərə gələnlərin sayı 2005-ci il parlament seçkiləri ilə müqayisədə 4 faiz çoxdur.
"Azadlıq" radiosu bildirmişdir ki, hakim Yeni Azərbaycan Partiyası Milli Məclisə keçirilən seçkilərdə səslərin mütləq əksəriyyətini qazanmışdır. Seçki məntəqələrini tərk edən seçicilər arasında aparılan sorğulara əsasən belə qənaətə gəlmək mümkündür. Yeni Azərbaycan Partiyasının nümayəndələri artıq özlərinin inamlı qələbə qazandıqlarını bildirirlər. Seçkiyə gələnlərin sayı 50 faizi ötmüşdür.
Almaniyanın The Deutsche Welle agentliyi Prezident İlham Əliyevin seçki məntəqəsində səs verməsinə dair fotomaterial dərc etmişdir. Agentlik yazır ki, noyabrın 7-də keçirilən parlament seçkilərində Prezident İlham Əliyevin başçılıq etdiyi Yeni Azərbaycan Partiyası qalib gəlmişdir. Məlumatda deyilir ki, MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev Azərbaycanda keçirilən seçkiləri demokratik adlandırmışdır. Agentlik qeyd etmişdir ki, Azərbaycan Avropa İttifaqı üçün strateji baxımdan vacib ölkədir. Qərb onun reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan neft kəməri yanacaqla təmin olunur. Azərbaycanın ərazisindən Nabukko qaz kəməri də keçəcəkdir. Avropa İttifaqı Rusiyadan asılılığını azaltmaq üçün Mərkəzi Asiyadan həmin kəmər vasitəsilə mavi yanacaq almaq niyyətindədir.
BBC informasiya agentliyi yazmışdır ki, Prezident İlham Əliyevin partiyası parlament seçkilərində yerlərin əksəriyyətini əldə etmişdir. Seçkilərdə 50 faizdən çox seçicinin iştirakı yaxşı göstəricidir. Hakim partiyada daha çox səs qazananlar arasında ölkənin birinci xanımı Mehriban Əliyeva irəlidə gedir. Məqalədə səsvermə prosesinin çoxsaylı müşahidəçilər tərəfindən izlənməsi xüsusi qeyd olunmuşdur.
Qazaxıstanın Kazinform agentliyinin məlumatına görə, Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası qalib gəlmişdir. Seçkilərdə seçicilərin 50,14 faizi iştirak etmişdir. Ölkədə seçkiləri təxminən 50 min yerli müşahidəçi və MSK-da qeydiyyatdan keçmiş mindən artıq xarici müşahidəçi izləmişdir. Onların arasında AŞPA, Avropa Şurası, Avropa Parlamenti, ATƏT-in Parlament Assambleyası və MDB-dən olan müşahidəçilər də vardır. ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya və Belçika səfirliklərinin təmsilçiləri də seçkiləri müşahidə etmişlər. Seçkinin gedişinə nəzarət etmək üçün 500 seçki məntəsəində vebkameralar quraşdırılmışdır.
Bundan əlavə, qeyd olunmuşdur ki, Azərbaycanda əhali ən çox Yeni Azərbaycan Partiyasını dəstəkləyir. Çünki məhz bugünkü hakimiyyətin sayəsində Azərbaycanda hazırda sabitlik hökm sürür, yeni evlər, məktəblər, uşaq bağçaları, idman və mədəniyyət obyektləri, yolar və s. tikilir. Agentlik ATƏT-in hesabatından sitat gətirərək bildirir ki, MSK aşağı seçki komissiyalarının sədrlər və üzvləri üçün müxtəlif treninqlər keçirmiş, müzakirə ediləcək məsələləri qabaqcadan demiş, qərarlar ictimaiyyətə dövlət KİV-ləri və MSK-nın internet saytı ilə çatdırılmışdır. Məqalədə sonda o da qeyd olunur ki, ölkədə qayda-qanun hökm sürür, yeni iş yerləri açılmışdır, əmək haqları və pensiyalar artırılmış, paytaxt və bölgələrdə böyük abadlıq işləri aparılır.
"Amerikanın səsi" radiostansiyasının saytında yazılır ki, Azərbaycanda seçkilər sürprizsiz ötüşmüşdür. "Azərbaycanda seçkilər: sürpriz ehtimalı azdır" adlı məqalədə bildirilir ki, parlament seçkilərinin ilkin nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası böyük üstünlüklə qalib gəlmişdir.
"Reuters" agentliyi Yeni Azərbaycan Partiyasının seçkilərdə qalib gəldiyini yazır: "İlkin rəsmi məlumata görə, Yeni Azərbaycan Partiyası 125 seçki dairəsindən 74-də qalib gəlmişdir. Onlarla digər dairədə isə bitərəf namizədlər qalib gəlmişdir". Məlumatda qeyd olunur ki, strateji baxımdan əlverişli mövqedə yerləşən Azərbaycan əsas neft və qaz ixracatçısı olmaqla yanaşı, ABŞ-ın Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarda mühüm rol oynayır. Bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. İqtisadi inkişaf ilə yanaşı, ölkədə uzunmüddətli sabitlik də hökm sürür.
"Sinxua" agentliyi də Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qazandığı qələbə haqqında yazır. Qeyd edilir ki, ölkənin hakim partiyası noyabrın 7-də keçirilmiş seçkilərdə səslərin böyük əksəriyyətini qazanmışdır. Məqalədə səsvermə prosesini seçki məntəqələrindən kənarda canlı izləmək üçün məntəqələrin 500-də veb-kameralar quraşdırılması xüsusi qeyd olunmuşdur.
"Frans-Press" agentliyi beynəlxalq müşahidəçilərdən birinə istinadən yazır ki, seçkilər çox sakit şəraitdə keçmiş, bütün siyasi partiyalar prosesdə iştirak etmişlər.
ABŞ-ın nüfuzlu "The Wall Street Journal" qəzetində Azərbaycanda keçirilmiş parlament seçkiləri haqqında geniş məqalə dərc olunmuşdir. Məqalədə qeyd edilir ki, 50,14 faiz seçicinin iştirak etdiyi seçkilərdə səslərin yarıdan çoxunu Yeni Azərbaycan Partiyası qazanmışdır. Məqalədə namizədlər arasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ən çox səs toplaması xüsusi qeyd olunur. Yazıda bildirilir ki, nüfuzu getdikcə artan Azərbaycan mühüm neft və qaz ixracatçısıdır. Sürətli iqtisadi inkişafa malik olan bu ölkə Xəzər dənizindən Qərb bazarlarına enerji resurslarının nəqlində əhəmiyyətli rol oynayır.
Türkiyənin "Hürriyyət" qəzeti Prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyasının seçkidən qələbə ilə çıxdığını yazmışdır.
"Milliyyət" qəzeti də Azərbaycan Mərkəzi Seçki Komissiyasının seçki gecəsi ilkin nəticələri açıqlamağa başladığına diqqət çəkərək yazmışdır: "Xalq Cəbhəsi və Müsavat partiyaları "AXCP-Müsavat" adı altında seçki ittifaqı yaratmış və seçkiyə ortaq namizədlərlə getmişdilər. Lakin, onlardan heç birinin seçilmə şansı yoxdur. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə seçkilərə kölgə sala biləcək hər hansı hadisənin baş vermədiyini söyləmişdir".
"Sabah" qəzeti isə seçki xəbərini "İlkin nəticələrə görə İlham Əliyevin partiyası öndədir" başlığı ilə vermişdir.
Türkiyənin NTV telekanalının xəbərində bildirilir: "Seçkinin nəticələrinə görə, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası 125 yerlik parlamentdə ən çox yer əldə etmişdir. Müxalifətdəki Müsavat və Xalq Cəbhəsi partiyalarının namizədləri məclisə girə bilməyiblər".
Eyni zamanda, Türkiyənin DHA, "İhlas" xəbər agentliklərində qeyd olunur ki, Mərkəzi Seçki Komissiyası seçkilərə çox güclü hazırlaşmış, dairələrdə 500 veb-kamera quraşdırmış və öz binasında mətbuat nümayəndələrinin işini asanlaşdırmaq üçün İnformasiya mərkəzi təşkil etmişdir. Türkiyənin "Hürriyyət", "Sabah" qəzetləri, "Yeniasya", "Zaman", "Star", "Türkiyə" və digər mətbuat orqanlarının materiallarında qeyd olunur ki, seçki prosesində 23 partiya və 5 siyasi blok iştirak etmiş, bütün namizədlər üçün eyni şərait yaradılmış və hər bir namizədə təşviqat üçün 4 dəqiqə pulsuz efir vaxtı ayrılmışdır. Bildirilir ki, Azərbaycanda keçirilmiş budəfəki parlament seçkiləri böyük beynəlxalq marağa səbəb olmuş, seçkiləri mindən çox xarici və 47 minə yaxın yerli müşahidəçi izləmişdir. Seçkilər zamanı heç bir qanun pozuntusu qeydə alınmamışdır.
Türkiyənin rəsmi dövlət agentliyi Anadolu Agentliyinin materiallarında hakim Yeni Azərbaycan Partiyasının seçkilərin nəticələrinə əsasən böyük üstünlük əldə etməsi göstərilmişdir. Bildirilmişdir ki, açıqlanan ilk rəsmi nəticələrə görə YAP 125 seçki dairəsindən 74-də böyük üstünlük qazanmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında