Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə əməl olundu

NƏSİMİ
Paytaxtın əsas yaşayış massivlərindən olan mikrorayonların müasir tipli məktəbləri bu istirahət günü ərazidə yaşayan şagirdlərin valideynlərinin, böyük bacı-qardaşlarının ixtiyarına verilmişdi. Dördüncü mikrorayondakı 5 saylı məktəbin geniş, işıqlı dəhlizləri daha bir səsvermə prosesinin ünvanı olmuşdu. Seçicilər üçün yaxınlığına və əlverişli şəraitinə görə bu təhsil ocağında 21 saylı Nəsimi Seçki Dairəsinin 2 məntəqəsi yaradılıb. Hər iki məntəqə səhər radələrindən seçicilərin aramsız axınını qəbul etməyə başlamışdı.
15 saylı məntəqənin giriş dəhlizində 1373 nəfər seçicinin siyahısı asılmışdı. Başqa bir tərəfdəki iri lövhədən isə deputatlığa namizədlərin dünənədək sıralanmış iri şəkilləri və platformaları çap olunmuş plakatlar qoparılmışdı. Elə bu yerdə qoyulmuş stolda xüsusi aparatla seçicilərin baş barmaqları yoxlanır və şəffaf mürəkkəblə işarələnirdi. Şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçib bülleten alanlar cərgələnmiş səsvermə kabinələrində seçimlərini edib, qatlanmış bülleteni şəffaf qutulara atırdılar. Seçki komissiyası ahəngdar bir mexanizm kimi maneəsiz səsverməni təmin edirdi.
Baş tərəfdə əyləşmiş müşahidəçilər qrupu gözqırpmadan prosesə nəzarət edirdilər. Seçki bülletenində adları yazılmış namizədlər müxtəlif siyasi qüvvələri təmsil etdiyi kimi, müşahidəçilər də mövqe və baxışlarına görə fərqli adamlar idilər. Azərbaycan Demokratik Partiyasının təmsilçisi Natiq Rəhimov, Seçki Monitorinqi və Demokratiyanın Tədrisi qurumunun nümayəndəsi Səbuhi Həsənov, Yeni Azərbaycan Partiyasının təəssübkeşi Təranə Ağalarova, bitərəf müşahidəçilər Fərid Məmmədzadə, Səidə Murtuzəliyevə, Dilarə Hüseynova, Sevinc Rzayeva eyni sözləri təkrarladılar: proses normal keçir, qanun pozuntusu, səsverməni pozan heç bir hadisə qeydə alınmayıb.
Məntəqə sədri Məlahət Hüseynova bildirdi ki, 2 aydan bəri aparılan hazırlıq işləri yetərli olduğundan seçicilər heç bir çətinliklə rastlaşmadan səsvermə hüququndan bir neçə dəqiqəyə istifadə edə bilirlər. Əvvəlki illərdən fərqli olaraq, müddəti keçmiş şəxsiyyət vəsiqəsi ilə gələnlərə və adı hansı səbəbdənsə seçici siyahısına düşməyənlərə də dəqiqləşdirmədən sonra bülleten verilməsi qaydası hər hansı bir narazılığa və narahatlığa əl yeri qoymur. Müxtəlif səbəblərdən məntəqədə səsverməyə gələ bilməyən 15 seçicinin ərizəsi nəzərə alınmaqla, komissiya üzvləri qutunu və bülleteni onların mənzillərinə aparacaqlar. Komissiyanın 2 üzvü YAP-ı, 1-i BAXCP-ni, 1-i Ümid partiyasını və 2 nəfəri bitərəfləri təmsil etdiyindən fəaliyyətimizdə qeyri-obyektivliyə, tərəfkeşliyə heç bir əsas qalmayıb. O ki qaldı yaratdığımız şəraitə, bunu seçicilər özləri desinlər.
Sakitcə və ədəb-ərkanla səs verən müxtəlif yaşlı seçicilər dəhlizin o başındakı qapıdan bayıra çıxardılar. Elə buradaca ELS qurumunun "ekzitpolçuları" onları haqlayır, kimə səs verdiklərini anonim olaraq qeydə alır, seçkiyə münasibətlərini öyrənirdilər. Onlardan 2-si rəyini qəzetimiz üçün də açıqladı.
Mirabdulla SEYİDOV: - Namizədlərdən heç biri ilə tanışlığım yoxdur. Sadəcə, platformaları və şəxsiyyətləri ilə maraqlanmışam. Yüksək vədlər verən namizədlərə, düzü, o qədər də inanmamışam. Platforması milli maraqlarımızla, reallıqla, Milli Məclisin işi ilə uyğun gələn namizədə daha çox inandım və ona səs verdim. Arzu edərdim ki, həmin adam daha çox səs toplasın. Ümumiyyətlə, kim seçilir-seçilsin, biz onun səsini parlamentdən ciddi, faydalı çıxışlarla eşidək. Əməldə isə o, rayonun, dairənin problemlərinə, müraciət edən seçicilərə yardıma cəhd göstərsin.
Ceyhun GÖZƏLOV: - Mən ilk dəfədir ki, səs verirəm. Əvvəllər qarşıdakı binanın pəncərəsindən səs verənlərə həsədlə baxmışam. Səs verdiyim namizəd bizim məhəllədə yaşayır. Şəxsən tanımasam da, böyüklər deyirlər ki, savadlı, diribaş, qayğıkeş adamdır. Təki belə olsun. İstərdim ki, həyatımda ilk dəfə səs verdiyim şəxs qalib gəlsin. Bu məni məmnun edər, özümə inamımı artırar. Əgər həmin namizəd seçilsə mən mütləq onunla görüşüb məhəlləmizdə abadlıq işlərinin aparılmasını, gənclərin asudə vaxtını mənalı keçirməsi üçün şərait yaradılmasını, bir də ağır xəstə olan uşaqların müalicəsinə, kasıb tələbələrin təhsil haqqının ödənilməsinə kömək göstərməsini xahiş edəcəyəm.
Dairənin 14, 16, 19 saylı məntəqələrində də eyni mənzərənin şahidi olduq, müşahidəçi və seçicilərdən oxşar mülahizələr eşitdik. 9 saylı məntəqədə səs vermiş yaşlı qadın Elnarə Sadıqova dedi: "Mən 1982-ci ildən bəri bütün seçkilərə həvəslə gəlmişəm. O vaxt mənzil məsələmin həllində deputatlardan həlledici kömək gördüm və onlara inandım. Gərək deputatını seçəsən, ona inanasan, sıx əlaqədə olub tələblərini çatdırasan. Yoxsa, bəzən nə deputat seçicini axtarır, nə də seçici onu. Mən seçkiyə gəlməyən vətəndaşı qınayıram. Gərək qanunun verdiyi bu ali hüquqdan mütləq istifadə edəsən. Deputat görəndə ki, ona daha çox adam etimad göstərib, bu onun fəallığını və məsuliyyətini artırır. İnsafən, mikrarayon əhli seçkilərdə həmişə yüksək faizlə iştirak edir".
Həmin gün 21 saylı dairə üzrə 38134 seçicilərin 22,21 faizi səsvermədə iştirak edib.

{nl}

SƏBAİL
Xəzər dənizçilərinin mədəniyyət evi çox seçkilərin şahidi olub. Paytaxtın mərkəzi rayonunun Neftçilər, Zərifə Əliyeva, Xaqani və Nizami küçələrində yaşayan seçicilərin böyük hissəsi həmişə burada yerləşən məntəqədə səs verib. Milli Məclisə növbəti seçkilərdə 29 saylı Səbail Seçki Dairəsinin mədəniyyət evində yerləşən 3 nömrəli məntəqəsi 1068 nəfər seçiciyə səsverməyə gəlmək üçün bildiriş göndərib.
Səhər tezdən səsvermə başlananda artıq xeyli seçici məntəqənin qarşısına toplaşmışdı. İlk saatlarda yaşlı və qoca seçicilər üstünlük təşkil edirdi. Saat 10-dan sonra gənc oğlanların və qızların sıraları sıxlaşdı. Günortaya qədər hətta seçicilərin içəri keçmək üçün növbəsi yaranmışdı. Məntəqə seçki komissiyasının sədri Nadir Babayev tez-tez növbə gözləyənləri sakitləşdirir və işçiləri bir az da cəld olmağa çağırırdı. O, bu mənzərədən məmnunluğunu gizlətmədi:
- Bizim seçicilər həmişə fəallıqları ilə seçilirlər. Mədəniyyət evi özü də onlar üçün doğma obyektdir. Yaxınlıqda olduğu üçün tez-tez burada keçirilən tədbirlərdə iştirak edirlər, müxtəlif dərnəklərdə məşğul olurlar. Düzdür, bu gün bir balaca gözləməli olurlar, amma, seçimlərini etmək üçün hər cür şərait yaratmışıq. Bu günədək seçicilərimizlə çox təmaslarımız olub. Namizədlərlə görüşlərini təşkil etmişik, hər bir mənzilin qapısını döyüb seçkinin rəsmi bildirişini çatdırmışıq. Şəhərin nüfuzlu ərazisi olduğundan yaşayış yerini dəyişənlər az deyil. Ona görə də neyləsən də, adı seçici siyahısına düşməyənlər olur. Bu vaxtadək 5 belə seçicimiz müraciət edib. Rəsmi ünvanı dəqiqləşdirməklə, adlarını əlavə siyahıya yazıb səsverməyə buraxmışıq. Başqa bir gözlənilməz, arzuolunmaz hadisə olmayıb. Komissiya üzvləri müxtəlif siyasi qüvvələri təmsil etsə də, fəaliyyətimizdə əsas qanunun tələbi, obyektivlikdir.
Məntəqə sədrinin dediklərini sayı heç də az olmayan müşahidəçilər də təsdiqlədilər. Vətəndaş Cəmiyyəti Uğrunda QHT-nin nümayəndəsi Arzu Qarayeva, YAP-çı Telman Səlifov, bitərəf Əligül Ağayev heç bir irad və qeydləri olmadığını söylədilər. Əksinə, dedilər ki, hər şey yaxşıdır, fəallıq var, şəffaflıq tam təmin olunub. YAP təmçilçisi Zemfira Bağırova əlavə etdi ki, onun gözlədiyi əsas məqam səslərin sayılması və düzgün protokollaşmasıdır. Bu məsələdə məntəqə komissiyası ilə yanaşı, onların da üzərinə vicdani bir məsuliyyət düşür.
Səs verib məntəqəni tərk edən yaşlı seçici Kamil HƏKİMOV dedi:
- Hər şey yaxşı təşkil olunub. Ehtiyac duymasam da mənzilimə bildiriş gətiriblər. Bizdə seçki mədəniyyətinin yüksəlməsi məndə məmnunluq doğurur. Əvvəlki seçkilərdə, görürdün ki, hansı səbəbdənsən adı siyahıda olmayanlar hay-küy salırlar. Müxalif müşahidəçilər də narahat və əsəbi görünürdülər. İndi işlər nizamlı və aşkar getdiyindən, görürsünüz, necə sakitlikdir. Rahatca səs verdim, seçimimi etdim. Kim seçilsə, mən onu öz deputatım kimi qəbul edəcəyəm. Gərək həmin adam da bizi unutmasın, xüsusən rayonumuzda gedən abadlıq-quruculuq işlərinə dəstək versin, dara düşənlərə yardımçı olsun.
Eyni mənzərəni və mülahizələri 23 saylı Nəsimi - Səbail Seçki dairəsinin digər məntəqələrində də gördük və eşitdik. 7 nömrəli orta məktəbdə yerləşən 22 saylı məntəqədə konstitusiya hüququndan istifadə etmələri üçün 1274 seçiciyə bildiriş göndərilib. Ayrı-ayrı deputatlığa namizədlər, onları dəstəkləyən siyasi və ictimai qurumlar, şəxslər də seçiciləri fəallığa təşviq ediblər. Nəticəsi gözlənildiyindən də yaxşı idi. Çoxları inandığı namizədi parlamentdə görmək üçün öz səsini qeydə aldırmaq üçün məntəqəyə gəlməyi günün ən vacib məsələsi saymışdı. Belələrindən biri Rafiq YEQANOV dedi:
- Səbail rayonunu haqlı olaraq paytaxtın paytaxtı adlandırırlar. Bu, biz sakinlərin üzərinə xüsusi məsuliyyət qoyur. Səbaillilər Bakının digər rayonlarına nümunə olmaq üçün son illərdə təşəbbüskarlıq, əzmkarlıq göstərir, bir sıra yeniliklərə imza atırlar. Hamı görür ki, rayonun mərkəz hissəsi böyük zövq və qayğı ilə yenidən qurulur, ətraf qəsəbələrin də problemləri sürətlə həll olunur. Prezident İlham Əliyevin xüsusi qayğısı və nəzarəti ilə həyata keçirilən bu işlərdə bizim seçəcəyimiz deputatın da boynuna çox ağır yük düşür. O, qanunverici orqanın, icra strukturlarının, eləcə də adamların əlbir fəaliyyətində mühüm əlaqələndirici simadır. Mən öz seçimimdə bu ciddi tələbi əsas götürdüm.
Milli Məclis yersiz ittihamlar, ədalətsiz, cəfəng tələblər tribunası, yaxud öz maraqlarını güdən şəxslərin klubu deyil. Millət vəkili demokratik inkişafın yükünü daşıdığını, xalqa xidmət etdiyini unutmayan, bunu davranışı, fikri, əməli ilə sübut edən inanılmış, səlahiyyət almış şəxsdir. İnanmaq istərdim ki, tək rayonumuzda yox, bütün ölkəmizdə səs almış təzə deputatlar məhz belə fəaliyyətləri ilə xalqımızı sevindirəcəklər.
Xatırladaq ki, Səbail rayonunun 37 min 270 seçicisi 29 saylı dairənin 32 məntəqəsində, 11271 seçicisi isə 23 saylı mütərək dairənin 10 məntəqəsində səs verməyə çağırılmışdı. Səslər hesablandıqdan sonra məlum oldu ki, 23 saylı dairədə seçicilərin35,61- faizi, 29 saylı dairədə isə 50,67- faizi səsvermədə iştirak edib. Bu dairələrdən seçiləcək 2 qalib namizəd millət vəkili kimi ölkə parlamentində təkcə öz seçicilərini deyil, Səbail rayonunun 91 min əhalisini də təmsil edəcək.

{nl}

SUMQAYIT
Milli Məclisə seçkilər Sumqayıtda azad və şəffaf şəraitdə keçmişdir. Gənclik şəhərindəki 41 saylı birinci, 42 saylı ikinci, 43 saylı üçüncü və 44 saylı Sumqayıt-Abşeron seçki dairələrinə daxil olan məntəqələrdə gün ərzində qələbəlik olmuş və seçicilər səsvermə hüquqlarından tam sərbəst şəkildə istifadə edə bilmişlər.
Bu sətirlərin müəllifi öncə ailə üzvləri ilə birlikdə yaşadığı ərazidə, 42 saylı ikinci seçki dairəsinin 18 saylı məntəqəsində səsvermədə iştirak etdikdən sonra digər məntəqələrə gedərək seçkilərin gedişini müşahidə etdi. Həmin dairədə komissiya sədri Seyidrza Seyidov məlumat verdi ki, sübh tezdən bütün məntəqələrdə seçkilər mütəşəkkil başlanıb, səsvermə prosesi Seşki Məcəlləsinə tam uyğun aparılıb. "Kimyaçı" sarayında yerləşən dairənin əhatə etdiyi ərazilərdə 36 seçki məntəqəsi yaradılıb. Səsvermə hüququ olan 42 636 seçicidən 582-si ilk dəfə səs verənlər (548-i 18 yaşlılar), 12 nəfəri isə 80-100 yaşarası olan vətəndaşlardır. Məntəqələrdə altı vebkamera quraşdırılıb. Qeydiyyatdan keçmiş 463 nəfər müşahidəçi üçün bərabər şəkildə lazımi şərait yaradılıb. Səsvermənin gedişini MDB Parlamentlərarası Assambleyasının, AŞPA-nın və Polşa Parlamentinin müşahidəçi qrupları izləyiblər. Şəhərin mərkəzində, Sumqayıt Dövlət Musiqili Dram Teatrının binasında yerləşən 42 saylı ikinci seçki dairəsinin məntəqələrində də gün ərzində xeyli xarici müşahidəçi olub. Dairə seçki komissiyasının sədri Məzahir Süleymanov səsvermənin gedişi barədə məlumat verərək dedi:
- Dairəmizin 39 seçki məntəqəsi var, 42595 nəfər seçicinin istədiyi namizədə səs verməsi üçün hər cür şərait yaradılıb. İlk dəfə səs verən 785 seçicimiz, yaşı 80-100 arası olan 573 seçicimiz var. Hazırlıq mərhələsində lazımi maarifləndirmə işi aparmış, bütün vətəndaşları seçkilərdə fəal iştiraka çağırmışıq. Nəticəsi göz qabağındadır: adamlar böyük həvəslə, dəstə-dəstə məntəqələrə gələrək siyasi iradələrini sərbəst ifadə edirlər. Səkkiz məntəqədə vebkameralar quraşdırılıb. Bütün məntəqələrimizdə müşahidəçilər səsvermənin gedişini izləyirlər. Milli Məclis üzvlüyünə namizədlərimiz 11 nəfərdir. Onlar müxtəlif partiyaları və blokları təmsil edirlər. Düşünürəm ki, səsvermə axşama kimi beləcə yüksək şəraitdə keçəcək, sonrakı prosedurların da qanuna tam müvafiq surətdə icrası təmin ediləcək.
Dairənin əhatə etdiyi seçki məntəqələrinin bəzilərində biz də olduq və səsvermənin böyük coşqu ilə getdiyini gördük.
Sumqayıtın 10-cu mikrorayonunda, ayrıca binada yerləşən 43 saylı üçüncü seçki dairəsində komissiya sədri Həsən Məmmədov bildirdi ki, günortaya qədər seçicilərin artıq 26,3 faizi məntəqələrə gedərək namizədlərə səs verib. Səsvermə get-gedə daha da intensivləşir. Bu dairənin əhatə etdiyi 33 məntəqədə 42977 seçicinin səs verəcəyi gözlənilir. Altı məntəqədə vebkameralar qoyulub. Çeşidli müşahidəçi qrupları səsvermənin qanunauyğunluğuna nəzarət edirlər. Sonda hər şeyin yaxşı olacağına inanırıq. Nə səsverməni pozmağa çalışanlar var, nə də seçicilərin sərbəstliyinə müdaxilə edənlər. İndi hamı qanunu dərindən bilir və ona riayət etməyə çalışır.
Şəhərin 18-ci mikrorayonunda, ikimərtəbəli yaraşıqlı binada yerləşən 44 saylı Sumqayıt-Abşeron seçki dairəsində sədr Vaqif Məmmədov bizə ətraflı məlumat verərək bildirdi:
-Cəmi 44192 nəfər seçicimiz var və onlar dairəmizin əhatə etdiyi 35 məntəqədə səsverməyə çağrılıblar. Üç vebkamera Sumqayıtdakı məntəqələrimizdə, beşi isə Abşeron rayonuna aid məntəqələrdə quraşdırılıb. Seçicilərin 639 nəfəri ilk dəfə səs verənlər, 419 nəfərsə 80-100 yaşarası ahıl vətəndaşlardır. Əlbəttə, ahılların arasında məntəqəyə getməyə çətinlik çəkənlər də var. Onların əziyyət çəkmədən öz evlərində daşınan qutular vasitəsilə səs vermələrinə şərait yaradırıq.
On nəfər namizədin hər birinin müşahidəçiləri üçün bərabər şəkildə yüksək şərait yaratmışıq. Bütün məntəqələrimizdə seçkinin qanuna tam uyğun şəkildə keçirilməsi təmin edilib. Dairəmizdə qeydiyyatdan keçən 277 müşahidəçi var. Hələ MSK-da qeydiyyatdan keçməklə məntəqələrimizə gələn müşahidə missiyalarını demirəm. Belə olduğu halda kimsənin qanun-qaydanı pozmağa nə haqqı çatar, nə də imkanı olar. Tam demokratik, azad və şəffaf seçki keçiririk.
Biz bu dairənin əhatə etdiyi bir neçə məntəqədə olarkən deyilənlərin tam həqiqiliyinə şahidlik etdik.
Söhbət etdiyimiz müşahidəçilər də, seçicilər də Sumqayıtda mühüm siyasi kampaniyaya yüksək hazırlıq görüldüyünü, məntəqələrin təchizatının nümunəvi olduğunu vurğuladılar. Narazılıq edən olmadı. ATƏT müşahidəçiləri Limante Aqne, Hoffman Dominik, Kasman Silja və Yelena Arkhipova, eləcə də polşalı müşahidəçilər Karoll Karpski və Marik Şikinski Azərbaycanda bu seçkiləri demokratiyaya doğru çox möhtəşəm bir addım kimi dəyərləndirdilər, seçkidən-seçkiyə böyük tərəqqi əldə edildiyini vurğuladılar. Belə sözləri eşitmək olduqca xoş idi
Axşam saat 19-dan sonra Sumqayıtdakı seçki dairələri ilə bir daha əlaqə saxlayıb yekun nəticələrlə maraqlandıq. Öyrəndik ki, 41 saylı birinci dairə üzrə seçicilərin 39,56 faizi, 42 saylı saylı dairə üzrə 47,31 faizi, 43 saylı dairə üzrə 47 faizi, 44 saylı dairə üzrə isə 47,54 faizi səs verib.

{nl}

ŞABRAN-SİYƏZƏN
Ölkənin hər yerində olduğu kimi 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində də seçkilərdə böyük fəallıq müşahidə olunmuşdur. Dairə Seçki Komissiyasının sədri Əmircan Ocaqov telefonla bizə verdiyi məlumatda bildirdi ki, noyabrın 7-də günorta saat 15:00-a dairə üzrə 48358 seçicinin 36 faizi səsvermədə iştirak etmişdir. İki rayonu birləşdirən bu dairədə ümumilikdə 68 seçki məntəqəsi fəaliyyət göstərir. Şabran rayonunda bu məntəqələrin sayı 45, Siyəzən rayonunda isə 23-dür. Seçicilərin sayı isə rayonlar üzrə - Şabranda 28483, Siyəzəndə isə 19873 nəfər təşkil edir. Dairə üzrə ilk dəfə səs verənlərin sayı 1156 nəfərdir.
Dairə sədri onu da bildirdi ki, bu ərazidə seçki prosesini izləmək üçün 397 müşahidəçi qeydə alınmışdır. Onlardan 68 nəfəri siyasi partiyalardan, 58 nəfəri isə qeyri-hökumət təşkilatlarındandır. 273 nəfər isə öz təşəbbüsü ilə müşahidəçilik missiyasına qoşulmuşdur. Bu bir daha onu göstərir ki, müstəqil ölkənin demokratiya sınağı olan parlament seçkilərinin keçirilməsinə region əhalisi də böyük maraq göstərir.
Əmircan Ocaqov həmçinin bildirdi ki, seçki günündən əvvəl və səsvermə prosesində ATƏT-in uzunmüddətli müşahidəçilər qrupu və MDB-nin müşahidə missiyasının nümayəndələri dairədə olmuş və hazırlıq işlərini, səsverməni yaxından izləmiş, görülən tədbirlərdən, yaradılan şəraitdən razı qalmışlar.
- Səsvermə başa çatana qədər beynəlxalq müşahidəçilər məntəqələri gəzmiş, yerli müşahidəçilərlə görüşmüş və seçkilərin tam ədalətli keçməsindən, demokratik prinsiplərə yüksək səviyyədə əməl edilməsindən məmnunluqla danışmışlar.
Günün sonunda aldığımız informasiyadan aydın olmuşdur ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində seçicilərin 52,7 faizi, yəni 25479 nəfər səsvermədə iştirak etmiş və öz seçimlərini seçki bülletenlərində tam demokratik şəraitdə, gizli səsvermə yolu ilə bildirmişlər. Bu bir daha onu göstərir ki, bu dairədə də Milli Məclisə seçkilər baş tutmuşdur. Nəticələri isə Mərkəzi Seçki Komissiyası yekunlaşdırıb rəsmən elan edəcək.

{nl}

SAATLI
MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinin verdiyi məlumatda bildirilirdi ki, nahar fasiləsinə qədər ölkə üzrə seçki fəallığına, mütəşəkkilliyə və səsverməyə gələnlərin sayına görə Saatlı rayonu yüksək nəticə əldə edib. Bu da rayonda aparılan hazırlıq işlərinin, maarifləndirmənin müasir tələblər səviyyəsində qurulmasından irəli gəlir.
62 saylı Saatlı dairə seçki komissiyasının sədri Arif Əliyev bildirdi ki, bu seçkilərdə 35 seçki məntəqəsi üzrə 38242 seçici səs verəcək. Rayon seçicilərinin fəallığının artması ölkəmizdə seçkilərin azad və ədalətli, şəffaf keçirilməsinin nəticəsidir.
4 saylı Saatlı şəhər məntəqə seçki komissiyasının sədri Hacı Kamal Gülüşov dedi:
- Finlandiyadan olan müşahidəçilər Rahula Leena, Leeh Eero Neeki və beynəlxalq müşahidəçi Aygün Şahbazova seçki məntəqəsində yaradılmış şəraiti, seçicilərin səs vermək üçün hətta növbəyə durduqlarını yüksək qiymətləndirdilər. Finlandiyalı müşahidəçilər seçki məntəqəsində yaradılmış "ana və uşaq" otağı və "həkim kabinəsi"ni gördükdə - "bunlar bizim ölkəmizdə yoxdur" dedilər. Onlar həkim kabinəsindəki həkimlərin hər cür ləvazimatla təmin olunduqlarından mmmnun qaldıqlarını bildirdilər.
Nahar fasiləsinə qədər seçicilərin demək olar ki, əksəriyyəti səsvermədə iştirak etmişdi. Yaşlı qadınlar , kişilər səsvermədə böyük həvəslə iştirak edir, heç bir müdaxilə olmadan istədikləri namizədə səs verirdilər. Onu da qeyd edək ki, neçə vaxtdan bəri aparılan hazırlıq işləri öz bəhrəsini verdi. Seçkilərin gedişi zamanı hər hansı bir ciddi qanun pozuntusu qeydə alınmadı. Müşahidəçilər seçkinin gedişindən razı qaldıqlarını bildirdilər. Builki seçkilərdə seçki məntəqələrinin əl fanarları və elektrik generatorları ilə təmin olunması da yüksək qiymətləndirildi. Seçkiyə hazırlıq işləri yüksək qurulduğundan bu ləvazimatlara ehtiyac qalmadı.
Sonda məlum oldu ki, seçicilərin 21247 nəfəri (55,55 faizi) səsvermədə iştirak edib.
Azərbaycan demokratik və şəffaf seçki keçirməyə qadir olduğunu bir daha təsdiqlədi.

{nl}

ABŞERON
Finlandiya, Almaniya, Danimarka, Belçika, Hollandiya və Qazaxıstandan olan müşahidəçilər də daxil olmaqla 45 saylı Abşeron Dairə Seçki Komissiyasının 35 məntəqəsi üzrə seçkiləri 234-dən çox müşahidəçi izləmişdir. DSK-nın sədri Dilşad Abbasova qeyd etdi ki, hətta hollandiyalı müşahidəçilər səhər saat yeddinin yarısından məntəqələrdə, necə deyərlər, müşahidə mövqelərini müəyyənləşdirmişdilər. 5 məntəqədə vebkamera quraşdırılmışdır. Saat 19-a kimi 26886 seçici səsvermədə iştirak etmişdir ki, bu da ümumi sayı 44916 olan seçicilərin 59,85 faizini təşkil edir. Səsvermə zamanı qanun pozuntularına və digər narahatlıq doğuran hallara rast gəlinmədiyini bildirən D.Abbasova vurğuladı ki, bu mühüm siyasi kampaniyada fəallıq nümayiş etdirən abşeronlular da növbəti demokratiya sınağından üzüağ çıxmağı bacardılar.

{nl}

SALYAN
7 noyabrda Milli Məclisə keçirilən seçkilər Salyan rayonunda da yüksək əhval-ruhiyyə və coşğunluqla tamamlandı. Bu seçkilərin əhəmiyyətini yüksək qiymətləndirən salyanlılar seçki məntəqələrinə gələrək növbəti beş il müddətinə onları təmsil edəcək namizədləri müəyyənləşdirmək üçün səs verdilər. 50 saylı Salyan Dairə Seçki Komissiyasının sədri Səlamət Kərimovun məlumatına əsasən 37 məntəqə üzrə səsvermə hüququna malik seçicilərin ümumi sayı 37308 nəfərdir. Saat 17.00-a kimi 20756 seçicinin səs verdiyini bildirən DSK sədri dedi ki, bu rəqəm ümumi seçicilərin 55,63 faizini təşkil edir. 300-dən çox ATƏT, MDB və yerli müşahidəçinin izlədiyi səsvermə zamanı heç bir qanun pozuntusuna yol verilməmiş, narahatlıq doğuran hallar yaşanmamışdır. 60 saylı Salyan - Neftçala Dairə Seçki Komissiyasının əhatə etdiyi 37 məntəqə üzrə də vəziyyət qənaətbəxş olmuşdur. DSK-nın sədri Qalib Manafovun sözlərinə görə saat 19.00- a qədər 36515 seçicinin 57,76 faizi səsvermədə iştirak etmişdir. 6-sı xarici vətəndaş olmaqla səsverməni 509 müşahidəçi izləmişdir. Əldə olunan məlumatlar bunu deməyə əsas verir ki, Salyanda seçkilərin demokratik şəraitdə keçirilməsi, seçicilərin istədikləri namizədlərə səsvermə hüququ təmin olunmuşdur.

{nl}

QUBA
Noyabrın 7-də səsverməyə start verilən elə ilk dəqiqələrdən Qubada seçki məntəqələrinin bir çoxunun önündə böyük izdiham müşahidə olunmaqda idi. 52 saylı seçki dairəsinə daxil olan 22, 36, 42 və 44 saylı məntəqələrdə seçici fəallığı daha aydın nəzərə çarpırdı. Həmin məntəqələrdə saat 15-dək seçicilərin təqribən 50 faizi seçkilərdə iştirak etmişdi.
Axşama doğru ayrı-ayrı məntəqələrdə, xüsusən şəhər məntəqələrində izdiham daha da artmaqda idi.
Məlumat üçün bildirək ki, noyabrın 7-də keçirilən parlament seçkilərində Quba rayonu üzrə ümumiyyətlə siyahılarda 81195 nəfər səsvermə hüququ olan seçicinin adı vardı. Onlardan 44086 nəfəri 52 saylı Quba, 37109 nəfəri isə 53 saylı Quba-Qusar seçki dairəsinə aiddir. Rayon ərazisində 128 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdə səsvermə prosesinin normal aparılması üçün bütün zəruri hazırlıq tədbirləri həyata keçirilib.
52 saylı Quba dairə seçki komissiyasının sədri Mübariz Abasovdan aldığımız məlumata görə, seçicilər 4 namizəd arasında seçim etməlidirlər. Onlardan bir nəfər Yeni Azərbaycan Partiyasını, bir nəfəri isə Azərbaycan Milli İstiqlal Partiyasını təmsil edir, 2 nəfər isə bitərəf namizəd kimi seçkilərə qatılıb. 53 saylı Quba - Qusar dairəsində isə 6 nəfər namizəd deputat adı qazanmaq uğrunda mübarizə aparmışdır.
Seçkilərin gedişi 1000 nəfərdən artıq yerli və xeyli sayda beynəlxalq müşahidəçi tərəfindən izlənilmişdir. Beynəlxalq müşahidəçilər içərisində ilkin olaraq MDB-dən olan müşahidəçilər Qubada parlament seçkilərinin azad, demokratik və şəffaf keçdiyini bildirmişlər.
Dairə seçki komissiyalarından aldığımız məlumata görə saat 19-dək 52 saylı Quba seçki dairəsi üzrə seçicilərin 52,82 faizi, 53 saylı Quba - Qusar dairəsi üzrə isə 54,22 faizi səsvermədə iştirak etmişdir.

{nl}

QUSAR
Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə yüksək siyasi fəallıq nümayiş etdirən Qusar seçiciləri 51 və 53 saylı dairələri əhatə edən 87 məntəqədə səs vermişlər. Seçki məntəqələrindən 62-si 51 saylı Qusar, 15-i isə 53 saylı Quba-Qusar dairəsinə aiddir. Dəqiqləşdirilmiş siyahıya əsasən rayon üzrə seçicilərin ümumi sayı 52072 nəfər təşkil edir.
51 saylı Qusar dairə seçki komissiyasının sədri Cəlil İbrahimovdan aldığımız məlumata görə, rayonda deputatlığa namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası uğurla keçmişdir. Millət vəkili seçilmək uğrunda mübarizə aparan 4 namizədin hamısına seçki təbliğatı aparmaq məqsədilə qanun çərçivəsində tam demokratik şərait yaradılmışdır. Namizədlərdən hansının seçkiqabağı vədlərinin və seçki platformasının seçicilərin daha çox ürəyincə olduğunu isə səsvermənin nəticələri göstərəcəkdir. İrəlicədən təkcə onu deyə bilərik ki, noyabrın 7-də Qusar seçiciləri səsvermə başlanan elə ilk dəqiqələrdən məntəqələrə gəlməklə bir daha Azərbaycanda siyasi proseslərin inkişafına, ölkəmizin yeni parlamentinin formalaşmasına biganə olmadıqlarını nümayiş etdirmişlər. Deyilənlərin təsdiqi olaraq bildirək ki, saat 19-dək 51 saylı dairə üzrə seçkilərin 51,82 faizi artıq səsvermədə iştirak etmişdi. Seçkinin gedişi 412 nəfər yerli, habelə Norveç, Belçika və MDB-dən olan müşahidəçilər tərəfindən izlənilmiş və heç bir ciddi qanun pozuntusu qeydə alınmamışdır.

{nl}

XAÇMAZ
Son illər Xaçmaz rayonunun sosial-iqtisadi və mədəni həyatında qazanılan uğurlar, bütövlükdə rayonda ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsi, sakinlərin həyat şəraitinin yaxşılaşması, onların əhval-ruhiyyəsinin yüksəlməsi, bu isə öz növbəsində insanların sabaha inamının artması, onların Azərbaycan iqtidarı ətrafında daha sıx birləşməsi ilə nəticələnmişdir. Bütün bunlar, əlbəttə, seçkilərin gedişinə və nəticələrinə də təsirsiz ötüşə bilməzdi. Növbəti parlament seçkiləri də bu cəhətdən istisnalıq təşkil etmədi.
Məlumat üçün bildiririk ki, Xaçmaz seçiciləri noyabrın 7-də 55 və 56 saylı seçki dairələrinə daxil olan 81 seçki məntəqəsində səs vermişlər. 55 saylı Xaçmaz (şəhər) seçki dairəsi üzrə 38 məntəqədə 42157, 56 saylı Xaçmaz (kənd) seçki dairəsi üzrə isə 43 məntəqədə 44098 seçicinin adı ilkin səsvermə siyahılarına daxil edilib. Dairə seçki komissiyalarından aldığımız məlumata görə, 55 saylı dairədə 7, 56 saylı dairədə isə 5 nəfər namizəd millət vəkili adı qazanmaq uğrunda mübarizə aparıb. Deyilənlərə əlavə olaraq onu da bildirək ki, hər iki dairədə deputatlığa namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası Azərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında qanunvericiliyə uyğun təşkil olunub. Seçkiqabağı kampaniya ATƏT-in qısamüddətli və uzunmüddətli missiyaları, habelə ABŞ-ın Azərbaycandakı səfirliyinin iki əməkdaşı tərəfindən diqqətlə izlənilmiş, heç bir ciddi qanun pozuntusu qeydə alınmamışdır.
55 saylı Xaçmaz (şəhər) dairə seçki komissiyasının sədri Bəhram Ömərovun verdiyi məlumata görə, saat 19-dək seçicilərin 52,46 faizi, 56 saylı Xaçmaz (kənd) dairə seçki komissiyasının sədri Zöhrab Səfərovdan aldığımız məlumata görə isə 55,40 faizi məntəqələrə gələrək səsvermədə iştirak etmişdir. Seçkilər 725 nəfərdən artıq yerli, habelə ATƏT, MDB, ABŞ, Norveç və Çexiyadan olan beynəlxalq müşahidəçilər tərəfindən izlənilmişdir. Seçkinin gedişi zamanı istər yerli, istərsə də beynəlxalq müşahidəçilər tərəfindən heç bir ciddi qanun pozuntusu qeydə alınmamışdır. Bir sözlə, Xaçmazda parlament seçkiləri azad, ədalətli, demokratik və şəffaf şəraitdə keçmişdir.

{nl}

T.AYDINOĞLU, Ə.NƏCƏFXANLI, İ.RÜSTƏMOV, Ə.BƏDƏLOV, S.HÜSEYNOĞLU, Q.CƏFƏROĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında