Azərbaycan demokratik seçki sınağından uğurla çıxdı

Xətai rayonu
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə 7 noyabrda keçirilən seçkiləri müstəqil dövlətçiliyimizin quruculuq tarixində demokratiyanın növbəti sınağı da hesab etmək olar. 33 saylı Xətai birinci seçki dairəsinin bir neçə məntəqəsində apardığımız müşahidələr və öyrəndiyimiz rəylərdən belə bir qənaətə gəlmək olar ki, müstəqil Azərbaycan bu sınaqdan da şərəflə çıxdı və demokratik prinsiplərin bərqərar olması üçün çox mühüm siyasi bir kompaniyanı uğurla həyata keçirdi.
Seçki prosesinin gedişi ilə tanışlığım 33 saylı Xətai birinci seçki dairəsindən başladı. Yaradılan şəraitdən və seçki prosesini izləmək üçün həyata keçirilən texniki tədbirlərdən aydın görünürdü ki, az bir vaxtda xeyli iş görülmüşdür. Dairənin rəhbər heyəti xarici ölkələrdən və beynəlxalq təşkilatlardan gələn müşahidəçilərlə məşğul olduğundan Dairə Seçki Komissiyasının baş məsləhətçisi Sədyar Musayevlə görüşüb səsvermənin gedişi ilə bağlı məlumat verməsini xahiş etdik. S.Musayev məlumat üçün bildirdi ki, 43283 seçicini əhatə edən bu dairədə 35 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 1-i qapalı müəssisədə - həbsxanada, qalanı isə müxtəlif müəssisələrdə yerləşir. Məntəqələrin 6-da səsvermə prosesini canlı izləmək üçün vebkameralar quraşdırılmış və digər məntəqələr bütün texniki və rabitə vasitələrilə təmin olunmuşdur.
Həmçinin qeyd olundu ki, səsverməyə çıxarılan namizədlərin hər birinin məntəqələrdə müşahidəçiləri var. Bununla belə, müxtəlif partiya, siyasi və ictimai təşkilatlara, müstəqil vətəndaşlara da seçki prosesini müşahidə etmək üçün imkan yaradılmışdır. Avropa Parlamenti seçki müşahidə missiyasının, MDB müşahidəçilərinin və müstəqil xarici müşahidəçilərin də diqqətlə izlədikləri seçkilər hələ ki, insidentsiz keçir.
Saat 10-a olan ilkin məlumata görə seçicilərin 4,37 faizi, yəni 1893 nəfəri öz seçimlərini edib, səs vermişdilər. Seçki təcrübəsi zəngin olan S.Musayev istirahət gününə təsadüf edən bu seçkilərin dairədəki seçici fəallığını normal qiymətləndirdi.
Yolumuzu dairənin 15 saylı məntəqəsindən saldıq. Məntəqənin sədri Svetlana Əkbərova bildirdi ki, seçicilərin 78 nəfəri saat 10.00-a qədər səs verib. Heç bir qanun pozuntusu qeydə alınmayıb. Fəallıq günortaya yaxın artmaqdadır.
Məntqədə müşahidəçi qismində iştirak edən KXCP nümayəndəsi İlham Mirzəliyev və AXCP nümayəndəsi Əlifağa Ağayev seçkilərin normal ahəngdə, demokratik şəraitdə keçdiyini və hələ ki, heç bir qanun pozuntusunun müşahidə olunmadığını bildirdilər.
Eyni sözləri 33 saylı Xətai Seçki Dairəsinin 14 saylı seçki məntəqəsinin sədri Mətanət Süleymanovadan da eşitdik. 1442 seçicisi olan məntəqədə saat 11.30-a artıq 100 nəfərə yaxın seçici öz seçim hüququndan istifadə etmişdi. 60-a yaxın müşahidəçinin iştirakı ilə keçirilən səsvermə məntəqəsində vebkamera da quraşdırılmışdı.
1407 seçicisi olan 20 saylı seçki məntəqəsində isə 32 müşahidəçinin nəzarət etdiyi səsvermədə saat 10.00-a artıq 104 seçici öz mövqeyini ifadə etmişdi. Vebkameranın quraşdırıldığı bu məntəqədə 3 saata yaxın bir müddətdə heç bir qanun pozuntusu qeydə alınmamışdı.
AXCP-ni təmsil edən müşahidəçi Aslan Babayev suallarımızı cavablandıraraq bildirdi ki, hər şey qaydasındadır və saat 11:35-ə olan vəziyyətə görə demək olar ki, seçkilər normal axarda davam edir.
1367 seçicisi olan 21 saylı və 1178 seçicisi olan 11 saylı seçki məntəqələrində də vəziyyət eynən belə davam edirdi. Saat 12.00-a olan məlumata görə 11 saylı məntəqədə artıq fikrini ifadə edənlərin sayı 160 nəfəri keçmişdi.
Məlumat üçün onu da qeyd etmək lazımdır ki, məntəqələrdə səsvermə prosesini çoxsaylı yerli müşahidəçilərlə yanaşı Avropadan, MDB ölkələrindən, həmçinin beynəlxalq təşkilatlardan gələn müşahidəçilər də çox diqqətlə izləyirdilər. Onlardan biri MDB müşahidə missiyasını təmsil edən Belarus parlamentinin deputatı Vladimir Aleksandroviç Popovla görüşüb mövqeyini soruşduq. Qonaq dedi:
- Səhər açılandan artıq beşdən yuxarı məntəqədə olmuşam. Etiraf etmək lazımdır ki, hər yerdə seçkilərin tam demokratik və ədalətli keçməsi üçün yüksək şərait yaradılmışdır. Səhər səsvermə başlayanda, açığı bir qədər narahatlıq var idi ki, seçicilər fəallıq göstərmir. Amma günortaya doğru artıq bu narahatçılıq da aradan qalxdı və indi insanlar dəstə-dəstə məntəqələrə gəlirlər. Saat 12-yə qədər olduğumuz məntəqələrdə nə müşahidəçilərdən, nə də komissiya üzvlərindən qanun pozuntuları barədə heç bir söz eşitməmişik. Mənə elə gəlir ki, insanlar istirahət günü olduğu üçün səsverməyə bir qədər gec gəlməyə başladılar. Amma indi daha da fəallaşırlar. Günün ikinci yarısında, güman edirəm yeni bir dalğa başlayacaq.
Həqiqətən də günün birinci yarısında saat 12-dən başlayaraq seçki məntəqələrində böyük canlanma müşahidə olundu. Saat 19.00-da bütün məntəqələrdə səsvermənin başa çatdırıldığı bildirildi. Məntəqə komissiyalarının üzvləri qutuları açıb bülletenlərin hesablanmasına başlayanda biz 33 saylı Dairə Seçki Komissiyasına gəlib ilkin yekun nəticənin açıqlanmasını gözləyirdik. Seçki məntəqələrindən alınan nəticələr protokollaşdırılıb Dairə Seçki Komissiyasına daxil olurdu. Beləliklə, saat 19.00-da 33 saylı Dairə Seçki Komissiyası səsvermənin ilkin nəticələrini elan etdi. 7 noyabr 2010-cu il dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 33 saylı Xətai ikinci seçki dairəsində səsvermənin ilkin nəticələri belə oldu:
Dairənin 43283 seçicisindən səsvermədə 18132 nəfər iştirak etmişdir ki, bu da seçicilərin ümumi sayının 41,9 faizini təşkil edir. Bu bir daha göstərir ki, 33 saylı Xətai ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə IV çağırış seçkilər baş tutmuşdur. Demək, Xətai rayonu demokratiyanın daha bir seçki sınağından uğurla çıxdı.

{nl}

Yasamal rayonu
Dördüncü çağırış Milli Məclisə seçkilərin gedişini izləmək üçün 17 saylı Yasamal üçüncü seçki dairəsinin bir neçə seçki məntəqəsinə getdik.
Əvvəlcə 16 saylı seçki məntəqəsində olduq. Seçicilər bildiriş vərəqələrini təqdim edib qeydiyyata düşür və bülletenləri götürüb kabinələrə keçirdilər.
Məntəqənin sədri Mənsurə Qurbanova bildirdi ki, məntəqə üzrə 1409 seçici vardır. O, seçkinin seçicilərin fəallığı ilə müşayiət olunduğunu bildirdi. Orada olduğumuz müddətdə səsverməyə gəlmiş ağbirçək nənəni, tələbələri, evdar qadınları, gənc ailələri gördük. Saat 1-ə qədər 250 nəfərin səs verdiyini öyrəndik. Müşahidəçilər heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirdilər.
Normal işgüzar şərait 10 saylı məntəqədə də hökm sürürdü. Məntəqənin sədri Lalə Məmmədova bildirdi ki, mənətəqə üzrə 1451 seçici vardır. Sədr qeyd etdi ki, bu vaxta qədər seçicilərdən və müşahidəçilərdən hər hansı irad və ya tənqid daxil olmayıb. Müşahidəçilər də seçki prosesinə mane olan, onun demokratik və şəffaf keçirilməsini əngəlləyən heç bir hadisənin şahidi olmadıqlarını bildirdilər. Saat 1-ə qədər mənətəqədə 240 nəfər səs vermişdi.
31 saylı seçki dairəsində də insanların seçki hüquqlarını sərbəst yerinə yetirmələri üçün lazımi şəraitin yaradıldığının şahidi olduq. Məntəqədə seçicilərdən tələbə Aydan Abbasova və pedaqoq Sara Aydınqızından seçkinin gedişi barədə təəssüratlarını soruşduq. Onlar səsvermə prosesində heç bir çətinlik, nöqsan və ya kənar müdaxilələrlə rastlaşmadıqlarını bildirdilər.
Bundan başqa 4, 9 və 14 saylı məntəqələrdə də seçicilərin yüksək fəallığı müşahidə edilirdi. Müşahidəçilər məntəqələrdə seçki prosesi üçün hər bir şəraitin yaradıldığını və qanun pozuntuları ilə üzləşmədiklərini vurğulayırdılar.

{nl}

Sabunçu rayonu
Bu rayonda MSK-nın 3 seçki dairəsi fəaliyyət göstərir. Onlar 26, 27 və 28-ci seçki dairələridir ki, bunlarda da Milli Məclisə keçirilən seçki üzrə ciddi hazırlıq işləri aparılmışdır.
Biz, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 26 saylı seçki dairəsində olduq. Dairə seçki komissiyasının sədri Hacı Əliyev bildirdi ki, artıq saat 8-dən məntəqələr seçiciləri qəbul edir. O qeyd etdi ki, 32 seçki məntəqəmiz vardır. Onlarda 45845 nəfər seçici səs verməlidir. Bütün məntəqələrdə hazırlıq vəziyyəti yoxlanılmış, heç bir ciddi problemin olmadığı müəyyənləşdirilmişdir. Seçki məntəqələrinin 7-də vebkamera quraşdırılmışdır. Elektrik təchizatı məsələləri həll olunmuş, əlavə generatorlar qoyulmuşdur. Məntəqələrin mühafizə məsələsi də həllini tapmışdır. Hələlik heç bir qanun pozuntusu yoxdur. Dairə üzvləri operativ olaraq məntəqələrə baş çəkir, lazımi köməkliklər göstərirlər.
Demək olar ki, əksər partiyalardan, beynəlxalq təşkilatlardan müşahidəçilər var. Türkmənistandan olan beynəlxalq müşahidəçilər Vepa Aşirov, Əhməd Çarıyev məntəqələrimizdə seçkinin gedişini izləmişlər. İtaliyadan olan müşahidəçilər Antonio Ramellaro, Meqhia-Manqo Del də məntəqələrdə olacaqlar.
17 saylı məntəqədə Almaniyadan olan Katerina Rohi və rusiyalı müşahidəçi Oleq Zibarovla görüşdük. Onlar seçkinin gedişindən məmnunluqla danışdılar və olduqları məntəqələrdə seçkilərin yüksək səviyyədə keçirildiyini bildirdilər. Öyrəndik ki, saat 12 -də bu dairədən 30 faiz, saat 19 -da isə 42,5 faiz seçici səs vermişdir.
27 saylı dairə seçki komissiyasında sədr Nadir Əjdərovla görüşdük. O da seçki məntəqələrində seçicilərin aktivliyini vurğuladı. Bu dairəyə Sabunçu rayonunun Sabunçu, Balaxanı, Ramana, Kürdəxanı, Pirşağı qəsəbələri, eyni zamanda Zabrat qəsəbəsinin bir hissəsinin seçiciləri aiddir. Nadir müəllim bildirdi ki, 31 seçki məntəqəsi var ki, onlarda da seçicilərin ümumi sayı 43378 nəfərdir. 6 məntəqədə vebkamera quraşdırılmışdır. Müşahidəçilər isə əsasən partiya nümayəndələridir.
ATƏT-in Polşadan olan nümayəndələri - Qubovska Aleksandrova, Qlinevska-Rodovska Maqonata, İoce Kosta, Erik Simaşik bizim məntəqədə seçkilərin gedişini müşahidə edəcəklər.
Olduğumuz Kürdəxanı 24 saylı və Sabunçu 4 saylı məntəqələrdə seçicilərin fəallığını müşahidə etdik.
Ümumiyyətlə, bu dairədən saat 12 -də 13084, saat 19 -da isə 21812 seçici (50,28 %)səsvermədə iştirak etmişdir.
Maştağa qəsəbəsində yerləşən 28 saylı Sabunçu dairəsində də vəziyyət qənaətbəxş idi. Dairə seçki komissiyasının sədri Hacıbala Babayev bildirdi ki, dairədə 43798 seçici var. 1450 nəfər seçici isə əlavə seçkilərə qatılmışlar. Məntəqələrdə rayonun bir neçə qəsəbəsinin seçiciləri səs verəcək. Bütün məntəqələrdə demək olar ki, hazırlıq prosesi yüksək səviyyədə həyata keçirilmişdir. Saat 12 -də seçicilərin 18,6 faizi, saat 19 -da 51,7 faizi səs vermişdir.
Daha sonra biz dairənin 30 saylı seçki məntəqəsində olduq. Məntəqə sədri Vüqar Əliyev bildirdi ki, səsvermə yüksək səviyyədə keçir. Müşahidəçilər fəal şəkildə seçkini izləyirdilər. Bu məntəqədə qeydiyyatda olan 1488 seçicinin saat 12-yə dək 30 faizi səs vermişdi.
Həmişə olduğu kimi Sabunçu rayonunda yerləşən dairə seçki komissiyaları bu seçkidə də öz fəallığı, yüksək təşkilatçılığı ilə seçilmişlər.

{nl}

Binəqədi rayonu
Dünən ölkəmizdə Milli Məclisə keçirilən seçkilər demokratik, şəffaf şəraitdə başa çatdı. Bu muhum hadisə xalqın iradəsinin tam şəkildə ifadə olunması ilə yadda qaldı.
Binəqədi rayonunun seçki dairə və məntəqələrində olanda bunu bir daha yəqin etdik. Xatırladaq ki, rayonda 3 əsas və 1 qarışıq seçki dairələri üzrə 106 seçki məntəqəsi yaradılmışdır. Həmin dairələrdən 28 nəfər Milli Məclisə deputatlığa öz namizədliyini irəli sürmüşdü.
Milli Məclisə seçkilərin rayonda necə keçirilməsi ilə bağlı 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 9 saylı seçki məntəqəsində oldum. Burada diqqətimizi cəlb edən ilk cəhət seçicilərin fəallığı olduq. Məntəqənin qarşısındakı növbə buna əyani sübut idi. Təəssüratımı məntəqə sədri Hüseyn Qədimovla bölüşəndə o da bizimlə razılaşdı: - Məntəqəmiz 1178 seçicini əhatə edir. Səsvermə başlananadək müşahidəçiləri də, məntəqə üzvlərini də qeydiyyatdan keçirmişik. Siyahıda adı olanların hamısı səsvermə başlanandan bir saat əvvəl məntəqədə idi. Hamı seçki prosesinə böyük məsuliyyətlə yanaşır. Səsvermə gününə necə hazırlaşdığımızı isə xahiş edirəm ki, deputatlığa namizədlərin vəkillərindən və müşahidəçilərdən soruşun...
"Qarabağ" seçki blokunun nümayəndəsi Elxan Məmmədov dedi: - Şikayətimiz yoxdur. İndiyədək səsvermə zamanı hansısa qanun pozuntusu qeydə alınmayıb. Etiraf edim ki, seçicilər səsvermə hüquqlarından yüksək səviyyədə yararlanırlar və səsvermə prosesi qanunauyğun şəkildə keçir.
E.Məmmədov daha sonra bildirdi ki, məntəqədə yaradılmış şərait də qaneedicidir. Vəziyyətin ürəkaçan olduğu, səsvermə üçün lazımi şərait yaradıldığı göz önündədir.
"AXCP-Müsavat" seçki blokunun nümayəndəsi Rüstəm Hacıyev isə vurğuladı: - Əhalinin seçkilərə belə ciddi maraq göstərməsi, hər şeydən əvvəl, seçicilərin qanunverici hakimiyyətin daha yüksək səviyyədə formalaşması istəyinin təsdiqidir.
9 saylı məntəqədə seçicilərin "exit poll"da da fəal iştirakının şahidi olduq. Burada "exit poll"u keçirən Aynur Süleymanlı bildirdi ki, bu fəallığın əsasında hər bir seçicinin səsinin mahiyyətini dərk etməsi dayanır... Heç şübhə etmirəm ki, bu seçki Azərbaycanın demokratiya yolu ilə inkişafında mühüm rol oynayacaq, növbəti bir mərhələ olacaqdır.
Burada seçicilərin də fikirlərini dinləməyə ehtiyac duyduq. Binəqədi qəsəbəsi, I mədən, ev 133 ünvanında yaşayan Məmmədağa Əhmədov dedi: - Şikayətimiz yoxdur. Məntəqədə bizə səs vermək üçün yaxşı şərait yaradılıb. Heç bir maneə ilə rastlaşmadıq...
Binəqədi qəsəbəsi, I mədən, ev 100 ünvanında yaşayan müəllim Məqsəd Nəbiyev: - Mən bir ziyalı kimi sevinirəm ki, artıq Azərbaycanda demokratik seçki keçirmək ənənəsi uğurla formalaşır. Hər seçkidən seçkiyə seçici fəallığı artır, seçici mədəniyyəti yüksəlir. Budəfəki seçkilərdə də bunun bir daha şahidi olduq...
Məntəqədə olarkən ATƏT-in müşahidəçisi Enekson Anili ilə rastlaşdıq. Ondan əvvəlcə ölkədəki seçki prosesinə münasibətini öyrəndik. Bildirdi ki, Mərkəzi Seçki Komissiyası müntəzəm iclaslar keçirmiş və həmin iclaslarda KİV nümayəndələrinin və müşahidəçilərin iştirakına icazə vermiş, qərarları internet səhifəsində yerləşdirmiş, seçkilərlə bağlı texniki hazırlıq işlərinin əksəriyyətini Seçki Məcəlləsinin müəyyən etdiyi son tarixlərə qədər başa çatdırmış, KİV vasitəsilə geniş şəkildə seçicilərin maarifləndirilməsi proqramını reallaşdırmışdır. Bütün bunlar təqdir olunası haldır.
ATƏT-in müşahidəçisinin sözlərinə görə, namizədlər seçki kampaniyası zamanı seçicilərlə fəal surətdə təmasda olmuş, onlar İctimai Televiziyanın pulsuz efir vaxtından yararlanaraq, öz mesajlarını xalqa çatdırmışlar. Başqa sözlə, yayımlanan debatlar namizədlərə yaxından tanış etmək imkanı yaratmışdır.
Enekson Anili daha sonra dedi: - Mən Azərbaycan xalqının yüksək mədəniyyətə malik xalq olduğunu bilirəm, Bakıda bunu bir daha gördüm və məmnunluq duyğusu yaşadım. Bu məmnunluğu seçki prosesi zamanı müşahidə etdiyim sakitlik, əmin-amanlıq, seçicilərin sərbəst səs verə bilməsi, hər kəsin öz siyasi əqidəsini istədiyi şəkildə ifadə etmək imkanı qazanması bir qədər də artırdı.
10 saylı Binəqədi üçüncü seçki dairəsinin sədri İsgəndər Əliyev bildirdi ki, bütün məntəqələrimizdə Seçki Məcəlləsinin tələblərinə ciddi əməl olunur. Seçkilərin demokratik keçirilməsi ilə bağlı müvafiq qaydalar dəqiqliklə yerinə yetirilir. Bu işdə müşahidəçilərin, namizədlərin vəkillərinin köməyindən səmərəli istifadə edirik. Heç bir qanun pozuntusu qeydə alınmayıb.
Səsvermə prosesi başa çatdıqdan sonra DSK sədri ilə əlaqə saxladıq. Sədr bildirdi ki, dairə üzrə 43319 seçicinin 14089 nəfəri (32,52 faizi) səsvermədə iştirak etmişdir.

{nl}

Suraxanı rayonu
31 saylı Suraxanı ikinci seçki dairəsinin sədri İmran İskəndərov dairə üzrə Milli Məclisə 7 noyabr seçkilərinin gedişi ilə bağlı sualımıza cavab verməzdən qabaq öz gileyini çatdırdı:
- Təssəvür edin ki, bu gün seçkilər başlar-başlamaz bizim dairəyə daxil olan bir neçə məntəqədə Xalq Cəbhəsi-Müsavat seçki blokunun müşahidəçiləri və məşvərətçi səs hüququna malik olan üzvləri məntəqə sədrlərindən möhürlə təsdiqlənmiş protokol nümunələrini tələb etmişlər. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə, hər bir məntəqədə protokollar yalnız seçki proseduru tam bitəndən və bülletenlər komissiya üzvləri və MSK tərəfindən rəsmən qeydiyyata alınmış müşahidəçilərin iştirakı ilə hesablanandan sonra təqdim oluna bilər.
- Məqsədləri nədir? - deyə soruşdum.
- Yalnız bir niyyətləri var. Möhürlənmiş protokolları əldə edib seçkilərin nəticələrini saxtalaşdırmaq istəyirlər. Axı, bizim dairə üzrə namizədlərdən biri AXCP sədri Əli Kərimlidir. 2005-ci il Milli Məclisə seçkilərdə olduğu kimi, bu dairədə yenidən kütləvi qanun pozuntularına yol verməklə seçkilərin nəticələrininin ləğv olunmasına nail olmaq istəyirlər.
Dairə sədri daha sonra bildirdi ki, dairədə qanunun pozulmasına imkan verilməyib və hazırda dairə üzrə bütün 28 seçki məntəqəsində seçki qanunvericiliyinə tam uyğun olaraq azad, demokratik seçkilər keçirilir.
Biz dairə üzrə 2, 13, 14, 20 saylı məntəqələrdə olarkən həqiqətən seçkilərin tam şəffaf və azad şəraitdə keçirildiyinin şahidi olduq. 2 saylı məntəqənin sədri Qiymət Tağıyeva ixtisasca ingilis dili müəllimidir. Onun ingilis dilini əla bilməsi bu gün (dünən-red) çox karına gəldi. Belə ki, Qiymət müəllimə məntəqədə seçkiləri müşahidə edən Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşı, beynəlxalq müşahidəçi statusu olan Klara Brounla sərbəst danışır, onun seçki proseduru ilə bağlı suallarına əhatəli cavablar verirdi.
Qurban Abbasov adına mədəniyyət sarayında yerləşən 20 saylı məntəqə üzrə isə 1161 vətəndaş səs verməli idi. Məntəqə sədri Minayə Həsənova fəxrlə dedi ki, məntəqə üzrə saat 12 radələrinə kimi artıq seçicilərin 25 faizindən çoxu səs veribdir. Minayə müəlliməni ən çox razı salan gənclərin builki seçkilərə fəal qatılmalarıdır. Dedi ki, o, beş il əvvəl də məntəqə sədri olub, həmin dövrə nisbətən indi gənclər seçkilərdə daha fəaldırlar.
Seçici Şəmil Mehdiyev isə məntəqə sədrinin bu sözlərini eşidib söhbətə müdaxilə edərək dedi ki, indi hamı yaxşı başa düşür ki, müstəqil Azərbaycanın tərəqqisi ölkədə demokratik vətəndaş cəmiyyəti quruculuğundan asılıdır. Vətəndaş təəssübkeşliyi isə hər bir seçicidən ölkənin sabahı naminə indi daha fəal olmağı tələb edir. Ş. Mehdiyev 7 noyabr seçkilərinin onun həyatında bir əziz bayram qədər dəyərli olduğunu vurğuladı. Yeri gəlmişkən, həmin 20 saylı məntəqədə AXCP-Müsavat seçki blokunun bu məntəqə üzrə müşahidəçisi Xanbala Bağırov ilə görüşərkən ondan seçki prosesi ilə bağlı iradlarının olub-olmadığını soruşduq. X. Bağırovun dediklərini qeyd etdik:
- Hələlik heç bir narazılıq etməyə əsas görmürəm. Ümid edirəm ki, seçki prosesinə bundan sonra da müdaxilələr olmayacaq.
32 saylı Suraxanı üçüncü seçki dairəsində isə 28 əsas və bir qapalı seçki məntəqəsi fəaliyyət göstərir. Dairə Seçki Komissiyasının üzvü Sabir Allahverdiyev bildirdi ki, dairə üzrə 36459 vətəndaş səs verməlidir. Onun sözlərinə görə, hələ ki, heç bir məntəqədə ciddi qanun pozuntusu qeydə alınmamışdır. Ən son məlumatlara görə isə 32 saylı Suraxanı üçüncü seçki dairəsində dünən 14,183 nəfər, yəni seçicilərin 38,9 faizi səsvermədə iştirak etmişlər.

{nl}

İlqar RÜSTƏMOV, Ayaz HƏMİDOĞLU, Mehdi MÜKƏRRƏMOĞLU, Vaqif BAYRAMOV, Məsaim ABDULLAYEV, Rafiq SALMANOV (foto) "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında