Nərimanov rayonu
Azərbaycan Respublikasının ali qanunverici orqanına - Milli Məclisə seçkilərin tam şəffaf və demokratik keçirilməsi üçün rayonda hazırlıq işləri yüksək səviyyədə başa çatdırılmışdır. Məhz bunun nəticəsi idi ki, rayon ərazisində fəaliyyət göstərən seçki dairələrinin dislokasiyalarına daxil olan seçki məntəqələrində səhər saat 8-dən etibarən yüksək seçici fəallığı müşahidə olunurdu. Xatırladaq ki, Nərimanov rayonu üzrə 19 və 20 saylı seçki dairələri ilə yanaşı, 18 saylı Nərimanov - Nizami seçki dairəsi də fəaliyyət göstərir.
19 saylı birinci Nərimanov seçki dairəsinin dislokasiyasına 31 məntəqə daxildir. Dairə seçki komissiyasının sədri Etibar Abdullayevdən aldığımız məlumata görə, bu məntəqələr üzrə səsvermə hüququna malik 42591 nəfər seçici vardır. Hazırlıq prosesi dövründə seçici siyahıları tam dəqiqləşdirilmiş, dairə seçki komissiyası, eləcə də məntəqələr bütün lazımi texniki vasitələrlə tam təmin olunmuş, vətəndaşların seçim hüquqlarının reallaşdırılması üçün hər cür şərait yaradılmışdır. Seçkilərin gedişini izləmək üçün 7 məntəqədə vebkamera quraşdırılmışdır. Xatırladaq ki, sözügedən dairə üzrə müxtəlif partiya və seçki bloklarını təmsil edən yeddi nəfər namizəd qeydə alınmışdır. Dairə üzrə 450 nəfər müşahidəçi, 54 nəfər məşvərətçi və deputatlığa namizədlərin 23 nəfər vəkili səsvermə prosesini izləyirdi.
Saat 12-də 19 saylı Nərimanov seçki dairəsi üzrə 8433 nəfər seçim hüququnu reallaşdırmışdı ki, bu da ümumi seçicilərin 19,8 faizini təşkil edirdi. Həmin ana qədər dairə seçki komissiyasının dislokasiyasına daxil olan 26, 28 və 30 saylı seçki mətəqələrində daha yüksək seçici fəallığını müşahidə etdik.
19 saylı birinci Nərimanov seçki dairəsi üzrə seçici fəallığı gün ərzində davam edirdi. Belə ki, saat 17-yə olan məlumata görə, 19038 nəfər məntəqələrə gələrək öz seçim hüququnu reallaşdırmışdı ki, bu da ümumi seçicilərin 44,7 faizi təşkil edirdi.
Müşahidələrimizi 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə davam etdiririk. Dairə seçki komissiyasının sədri Eldar Sadıxovdan aldığımız məlumata görə, bu ərazidə seçkilərin mütəşəkkil və demokratik keçirilməsi üçün təşkil olunmuş 32 məntəqə üzrə 42451 nəfər seçici səs verməlidir. Dairə seçki komissiyasının yerləşdiyi bina da, eləcə də seçki məntəqələrində yüksək səviyyəli hazırlıq işləri görülmüş, vətəndaşların öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün bütün lazımi şərait yaradılmışdır. Səsvermə prosesinin izlənilməsi üçün yaradılmış şərait də yüksək səviyyədə təşkil olunmuş, 7 məntəqədə veb kamera quraşdırılmışdır. Seçkilərin gedişini müşahidə etmək istəyən 412 nəfər müşahidəçi və 88 nəfər məşvərətçi qeydiyyatdan keçmişdir.
Dairə seçki komissiyasına daxil olan məntəqələrdə səsvermə prosesi yüksək seçici fəallığı şəraitində keçirdi. Səsvermə prosesinin davam etdiyi ilk 4 saat ərzində - gündüz saat 12-yə qədər dairə üzrə 7527 nəfər səsvermə hüququndan istifadə etmişdi ki, bu da ümumi seçicilərin 17,8 faizini təşkil edirdi. Saat 17-yə olan məlumata görə isə dairə üzrə seçicilərin 41,7 faizi (17711 nəfər) səs vermişdi.
Yeri gəlmişkən rayonun ən qocaman sakinlərindən olan 101 yaşlı Qaraş Qasımov da öz nəvələri ilə birlikdə 20 saylı məntəqəyə gələrək səsvermədə iştirak etdi.
18 saylı Nərimanov - Nizami seçki dairəsi üzrə isə 31 məntəqə yaradılmışdır ki, onlardan da üçü seçkiyə 5 gün qalmış təşkil olunmuş qapalı tipli məntəqələrdir. Dairə seçki komissiyasının sədri Qabil Kərimov bildirdi ki, bütün mənətəqələr üzrə 42390 nəfər seçici səs verməlidir. Seçkiləri izləmək üçün 480 nəfər müşahidəçi və 62 nəfər məşvərətçi qeydiyyatdan keçmişdir. Komissiya sədri dedi ki, səsvermə prosesinin başlandığı vaxtdan ötən 4 saat ərzində məntəqələrdə yüksək mütəşəkkillik, seçici fəallığı müşahidə olunur. Bu baxımdan 5,15 və 24 saylı məntəqələr diqqəti daha çox cəlb edir. Bütövlükdə isə saat 12-yə olan məlumata görə, 18 saylı Nərimanov - Nizami seçki dairəsi üzrə 6867 vətəndaş (16,1 faiz) məntəqələrə gələrək istədikləri namizədə səs vermişdi.
Müşahidəmi adı çəkilən seçki dairəsinin 1 saylı məntəqəsində davam etdirirəm. Qeydiyyatda olduğum ərazi üzrə bu məntəqədə seçki hüququmdan istifadə edərək layiq bildiyim namizədə səs verirəm. Məntəqə seçki komissiyasının sədri Zemfira Mahmudova deyir ki, burada seçici fəallığı yüksəkdir, yerli və beynəlxalq müşahidəçilər səsvermə prosesini diqqətlə izləyirlər. Məntəqədə səsvermə prosesini müxtəlif siyasi partiya və blokları təmsil edən 22 nəfər yerli və 5 nəfər xarici müşahidəçi izləyirdi. Müstəqil müşahidəçi Kəmalə Hacıyeva və YAP-ın nümayəndəsi Bəylər Eminov səsvermə prosesinin tam demokratik və şəffaf keçdiyini, heç bir qanun pozuntusu qeydə almadıqlarını bildirdilər.
Gün ərzində dairə seçki komissiyası ilə bir neçə dəfə əlaqə saxlayıb, seçkilərin gedişi ilə bağlı operativ məlumat aldıq. Axşam saat 5-dək adı çəkilən dairə üzrə 14515 nəfər seçici (34,2 faiz) səsvermədə iştirak etmişdi.
... Səsvermə prosesi başa çatdıqdan sonra hər üç dairə seçki komissiyası ilə əlaqə saxlayıb ilkin nəticələri öyrəndik. Məlum oldu ki, 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə 21636 nəfər (50,3 faiz), 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə 18403 nəfər (43,4 faiz), 18 saylı Nərimanov - Nizami seçki dairəsi üzrə isə 17478 nəfər (41,2 faiz) seçici səsvermədə iştirak etmişdir.
{nl}
Nizami rayonu
Ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Nizami rayonunda da parlament seçkilərinin şəffaf və demokratik şəkildə keçirilməsi, vətəndaşların seçmək və seçilmək hüququnun reallaşdırılması üçün hər cür şərait yaradılmışdır. Rayon ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə səhər saatlarından etibarən müşahidə olunan seçici fəallığı bunu deməyə əsas verirdi ki, vətəndaşlar növbəti beş il üçün millət vəkilini müəyyənləşdirməyə böyük maraq göstərir, ölkəmizdə bərqərar olunmuş demokratik şəraitin onlara verdiyi imkanlardan maksimum yararlanmağa çalışırlar.
24 saylı birinci Nizami seçki dairəsi dairə seçki komissiyasının sədri Niyazi Səfərov bildirdi ki, seçicilərin seçim imkanlarından azad və sərbəst şəkildə istifadə etmələri üçün təşkil olunmuş 33 məntəqədə bütün lazımi şərait yaradılmış, binalar hər cür texniki vasitələrlə təmin olunmuşdur. Qeyd edək ki, dairə üzrə məntəqələrin 4-ü seçkiyə beş gün qalmış təşkil edilmiş qapalı məntəqələrdir. Bu dairə üzrə qeydiyyatda olan seçicilərin sayı 41712 nəfər təşkil edir. Seçkilərin gedişini izləmək üçün 7 məntəqədə vebkamera quraşdırılmışdır. Bundan əlavə, dairə üzrə qeydiyyatdan keçmiş 298 müşahidəçinin, 29 məşvərətçinin və parlament seçkilərinə namizədliyi qeydə alınmış ayrı-ayrı şəxslərin 7 nəfər vəkilinin səsvermə prosesini izləmələri üçün məntəqələrdə hər cür şərait yaradılmışdır. Onu da deyək ki, dairə üzrə dörd nəfərin namizədliyi qeydə alınmışdır ki, onlar da Yeni Azərbaycan Partiyasını, Klassik Xalq Cəbhəsi Partiyasını, eləcə də "Demokratiya" və "İnsan Naminə" seçki bloklarının təmsilçiləridir.
Səhər saat 10-dək dairə üzrə 3331 nəfər seçim hüququnu reallaşdırmışdı ki, bu da seçicilərin 7,9 faizini təşkil edirdi. Onu da qeyd edək ki, dairə seçki komissiyasının dislokasiyasına daxil olan 1, 2, 3, 17 və 18 saylı məntəqələrdə seçici fəallığı daha aydın nəzərə çarpırdı.
Saat 15-dək isə 24 saylı birinci Nizami seçki dairəsi üzrə 16291 nəfər səsvermədə iştirak etmişdi ki, bu da ümumi seçicilərin 39 faizi deməkdir.
25 saylı Nizami ikinci seçki dairəsi üzrə 32 məntəqə təşkil olunmuşdur. Dairə seçki komissiyasının sədri Heydər Vəliyevin məlumatına görə, dairə üzrə 42022 nəfər seçici qeydə alınmışdır. Vətəndaşların seçim imkanlarından azad və sərbəst şəkildə istifadə etmələri üçün hər cür şərait yaradılmış, seçki məntəqələri bütün texniki vasitələrlə təmin olunmuşdur. Seçkilərin gedişini izləmək üçün müraciət etmiş 429 nəfər yerli və 7 nəfər xarici müşahidəçi, 158 nəfər məşvərətçi və ayrı-ayrı namizədlərin 30-dək vəkili qeydiyyatdan keçmişdir. Səhər saat 10-a olan məlumata görə, dairə üzrə 1825 nəfər səs vermişdi ki, bu da ümumi seçicilərin 4,34 faizini təşkil edirdi. Dairənin dislokasiyasına daxil olan 1, 9 və 30 saylı məntəqələrdə isə seçici fəallığı daha yüksək idi.
25 saylı Nizami ikinci seçki dairəsi üzrə səsvermə prosesini izləyib lazımi qeydlər aparmaq məqsədilə 17 saylı məntəqədə olduq. Səhər saatları olmasına baxmayaraq, vətəndaşlar axın-axın məntəqəyə gələrək səsvermə hüququndan istifadə edirdilər. Burada seçkinin gedişini izləyən müşahidəçilərə yaxınlaşıb səsvermə prosesi ilə bağlı fikirlərini öyrənirəm. "İslahat" seçki blokunun təmsilçisi Yavər Bayramov və müstəqil müşahidəçi Babək Həsənov qeyd edirlər ki, ötən iki saat ərzində heç bir qanun pozuntusu, səsvermə prosesinə müdaxilə halları ilə rastlaşmamışlar, bir sözlə, seçkilər tam demokratik və şəffaf keçir. Elə buradaca seçkilərin gedişini izləyən ATƏT müşahidəçiləri Konsilyu Di Nino və Coşqun Çörüz ilə qarşılaşıram. Fürsətdən istifadə edib onların rəyləri ilə maraqlanıram. Beynəlxalq müşahidəçi Konsilyu Di Nino deyir: - Səhər tezdən, məntəqələrin öz qapılarını seçicilərin üzünə açdığı andan müşahidələrə başlamışıq. Bir daha əmin olduq ki, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün bütün lazımi şərait yaradılmışdır. Vətəndaşların da seçkilərə münasibəti normaldır. Bir sözlə, Nizami rayonunda təşkil olunmuş hər iki dairə seçki komissiyası üzrə müşahidələrimiz onu deməyə əsas verir ki, yaradılmış hərtərəfli şərait yüksək səviyyəli seçki keçirməyə tam imkan verir. Dünyanın müxtəlif ölkələrində seçkiləri dəfələrlə izləmişəm. Azərbaycanda isə bu missiyanı ilk dəfədir ki, yerinə yetirirəm. Açığını deyim ki, ölkənizdə demokratik və şəffaf seçkilərin keçiriləcəyi ilə bağlı ümidlərim özünü doğruldur.
...Gün ərzində isə dairə üzrə seçici fəallığının getdikcə artması müşahidə olunurdu. Saat 15-ə olan məlumata görə, seçicilərin 9490 nəfəri (22,5 faiz) məntəqələrə gələrək layiq bildikləri namizədə səs vermişdi.
... Nəhayət, günün sonunda, səsvermə prosesi başa çatdıqdan sonra rayon üzrə fəaliyyət göstərən hər iki dairə seçki komissiyası ilə əlaqə saxlayıb ilkin nəticələri dəqiqləşdirdik. 24 saylı Nizami birinci seçki dairəsi üzrə 25380 nəfər (60,84 faiz), 25 saylı Nizami ikinci seçki dairəsi üzrə isə 14154 nəfər (33,6 faiz) vətəndaş seçki məntəqələrinə gələrək istədiyi namizədə səs vermişdir.
{nl}
Qaradağ rayonu
Qaradağ rayonu üzrə 70486 seçici iki seçki dairəsində - 11 və 12 saylı dairələrdə öz vətəndaşlıq borcunu yerinə yetirməli idi. Bu dairələrdə 50 açıq və 12 qapalı seçki məntəqəsi fəaliyyət göstərirdi. Biz 12 saylı Qaradağ - Binəqədi - Yasamal seçki dairəsinin 11-ci məntəqəsində olduq. Seçkilərin şəffaf və obyektiv keçirilməsi məqsədilə məntəqədə hər cür şərait yaradılmışdı. Seçki günü müxtəlif partiya və seçki bloklarını təmsil edən, eləcə də AB, ATƏT və MDB-dən olan müşahidəçilər seçki prosesini izləyirdilər. Saat 17-yə olan məlumata görə, 1384 seçicidən 541 nəfəri artıq öz səsini istədiyi namizədə vermişdi. Müstəqil Araşdırmalar Mərkəzi məntəqədə "exit poll" keçirirdi.
Avropa Birliyinin müşahidəçisi Xose Mişel bildirdi: "Seçkilərin gedişindən çox razıyam. Son dərəcə şəffaf və demokratik keçir".
Avropa Birliyinin müşahidəçisi Kassus Bedu Xorde isə dedi: - Mənim müşahidələrimə görə, hələ ki, seçki normal gedir. Məntəqədə seçkinin obyektiv keçirilməsi üçün hər cür şərait vardır.
Günün sonunda məlum oldu ki, Qaradağ rayonundakı 11 saylı dairə üzrə seçicilərin 57,28 faizi, 12 saylı dairə üzrə isə 51,29 faizi səs vermişdir.
{nl}
Mirbağır YAQUBZADƏ, Rafiq SALMANOV (foto) "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.