Azərbaycanda Milli Məclisə seçkilər tam normal, ədalətli, demokratik və bərabər rəqabət şəraitində keçirilmişdir

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov noyabrın 7-də partiyanın mərkəzi qərargahında təşkil olunmuş mətbuat konfransında bildirmişdir ki, Azərbaycanda Milli Məclisə seçkilər tam normal, ədalətli, demokratik və bərabər rəqabət şəraitində keçirilmişdir.
Əli Əhmədov demişdir ki, parlament seçkiləri baş tutmuşdur və hazırda seçki komissiyalarında səslərin hesablanması prosesi davam edir. Bu seçkilər Azərbaycanda demokratik dəyərlərin inkişafında, seçki təcrübəsinin formalaşmasında əhəmiyyətli məqam hesab olunmalıdır.
Seçkiqabağı mühitin demokratikliyi ilə fərqləndiyini vurğulayan YAP sədrinin müavini qeyd etmişdir ki, seçkilərin normal keçməsi üçün zəruri şərait təmin edilmişdir. Seçkilərdə 23 siyasi partiyanın namizədlərinin iştirak etdiyi bir daha vurğulanmış və bunun seçkiyə göstərilən yüksək maraqdan irəli gəldiyi bildirilmişdir. Hazırlıq mərhələsinin və səsvermənin Seçki Məcəlləsinin tələblərinə uyğun keçirildiyini deyən Əli Əhmədov seçkilərlə bağlı müvafiq strukturların da öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini vurğulamışdır.
Namizədlər üçün televiziyada pulsuz efir vaxtının ayrılmasını müsbət addım kimi qiymətləndirən YAP sədrinin müavini təəssüflə bildirmişdir ki, bəzi müxalifət partiyalarından olan namizədlər bundan sui-istifadə hallarına yol vermişlər. Onlar həmin dəqiqələrdən öz platformalarını təbliğ etmək üçün istifadə etmək əvəzinə, qeyri-etik davranışa, yalan və böhtana yol vermiş, etik normalarını aşmışlar. Bu, onların öz güclərinə inanmamasının, mövqelərinin zəifliyinin dərk olunmasının əlaməti kimi qəbul edilməlidir.
Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə ciddi hazırlaşdığını xatırladan Əli Əhmədov məhz bunun nəticəsində də partiya tərəfindən uğurlu seçki kampaniyasının aparıldığını qeyd etmişdir.
Partiyanın bütün seçki məntəqələrində olan çoxsaylı müşahidəçilərinin verdiyi məlumatlara əsaslanan Əli Əhmədov vurğulamışdır ki, YAP namizədlərinin seçkilərdə inamlı qələbə qazanacağını düşünürük. Bizdə bu inamı YAP sədri, Prezident İlham Əliyevin son 7 ildə həyata keçirdiyi daxili və xarici siyasətin uğurları doğurmuşdur.
Qeyd olunmuşdur ki, seçkilərin daha bir əlaməti bütün məntəqələrdə səsvermənin çoxsaylı müşahidəçilər tərəfindən izlənməsidir. Belə ki, 50 minədək yerli müşahidəçinin gün ərzində məntəqələrdə müşahidə aparması, 500 veb-kameranın quraşdırılması dediklərimizi təsdiq edir.
YAP sədrinin müavini vurğulamışdır ki, budəfəki seçkilərə beynəlxalq təşkilatlar tərəfindən də böyük maraq göstərilmişdir. Seçkiləri mindən artıq beynəlxalq müşahidəçi izləmişdir və onların seçkilər barədə rəyləri müsbətdir.
Əli Əhmədov bəzi müxalifət partiyalarının namizədləri tərəfindən qeyri-qanuni hallara yol verilməsi barədə YAP-ın müşahidəçiləri tərəfindən müraciətlərin daxil olması haqqında da konkret faktlarla məlumat vermişdir. Bildirmişdir ki, bu hallarla bağlı müvafiq orqanlara müraciət edilməsi nəzərdə tutulur.
YAP sədrinin müavini son zamanlar bir sıra xarici KİV-lər tərəfindən antiazərbaycan xarakterli məlumatların yayılması məsələsinə də toxunmuş, bunun yalnız YAP üzvlərində deyil, ölkə ictimaiyyətində ikrah hissi doğurduğunu vurğulamış, belə hallar barədə konkret faktlar göstərmişdir.
Əli Əhmədov çıxışını yekunlaşdıraraq demişdir ki, həm demokratik seçki qanunvericiliyinin olması, həm seçkilərin demokratik normalara və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün bütün lazımi tədbirlərin görülməsi, həm də Azərbaycan vətəndaşlarının seçkilərə göstərdiyi maraq seçkilərin xalqımızın iradəsini ifadə edəcək formada keçirilməsinə təminat verən cəhətlər kimi qeyd edilməlidir.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında