Elə bu cür də əhval-ruhiyyə gözləyirdim. Məntəqəyə səsvermədə iştirak etmək üçün gələnlərin üz-gözlərində duyulan sevinc hisslərini görmək çətin deyildi.
Diqqətçəkən məqamlardan biri də seçici fəallığının yüksək olması idi. Bu gün Azərbaycan vətəndaşları beş il müddətinə müxtəlif problemlərinin həllinə kömək edəcək şəxsi seçməyə tələsirdi. 8 saylı Binəqədi 1-ci seçki dairəsinin 246 saylı liseydə yerləşmiş 1, 2, 3 və 266 saylı uşaq bağçasında təşkil edilmiş 4 saylı məntəqələrində məhz bu aktivliyi gördüm.
1 saylı məntəqə seçki komissiyasının sədri Reyhan Məhərrəmova məntəqədə 1048 seçicinin qeydə alındığını bildirir. Seçkini müxtəlif partiya, QHT-dən olan nümayəndə və sərbəst müşahidəçilər izləyirlər. Müşahidəçilərdən Aynurə Qubadova QHT-ni, Bəturə Baxşıyeva və Arif Əhmədov Müsavat Partiyasını təmsil edirlər. Bundan başqa, digər partiyaların və QHT-lərin nümayəndələri də sərbəst şəkildə seçkinin gedişinə nəzarət edirlər. Onlar seçkidən razı qaldıqlarını bildirirlər. Hələlik heç bir qanun pozuntusuna rast gəlmədiklərini, seçkinin ədalətli və demokratik keçdiyini bildirirlər. 2 saylı məntəqənin sədri Bilqeyis Sadıqova ərazidə yaşayan 1022 nəfər seçicinin səsvermədə iştirak edəcəyini bildirir. Seçkinin gedişinə nəzarət edən müşahidəçilər-Gündüz Ələkbərov, Aydın Qədimli (Müsavat Partiyası), Vahid Musayev, Mətləb Məmmədov, Mütəllim Mütəllimov (QHT), Mahrub Xanlarova, Könül Cəbrayılova, Fatma Həsənova, Samir Qurbanov, Abbas Əhmədov(sərbəst olaraq) seçkinin şəffaf keçdiyini və böyük seçici fəallığının olduğunu qeyd etdilər.
Cəfər Baxşıyev (Müsavat Partiyası) builki seçkilərin yüksək aktivlik, daha demokratik qaydada, ədalətli və sakit keçməsi ilə əvvəlki seçkilərdən fərqləndiyini xüsusi vurğuladı. Prosesin sona qədər də bu demoratik əhval-ruhiyyədə qalacağına əminliyini bildirdi.
3 saylı məntəqə seçki komissiyasının sədri Nazilə Qasımova bu gün burada 1142 seçicinin səsvermədə iştirak edəcəyini, seçkinin mütəşəkkil keçdiyini dedi. Bitərəflər Radə Məmmədova və Validə Nəbiyeva seçkidə heç bir qanun pozuntusunun olmadığını, səsvermənin şəffaf olduğunu, Müsavat Partiyasının təmsilçisi İmran Ramazanov seçkinin demokratik və ədalətli keçdiyini bildirdi. Seçkini Müsavat Partiyasından olan daha iki müşahidəçi-Eyvaz Quliyev, Əli Çingiz Soltan, QHT nümayəndələri, müxtəlif partiyaları təmsil edən sərbəst müşahidəçilər də izləyirdilər.
Qeyd etmək lazımdır ki, məntəqələrdə yaşlı nəslin nümayəndələri daha fəal idilər. Hər cür həyat tərzinin şahidi olan bu ahıl və ağbirçəklər böyük məhəbbətlə onların üzləşdiyi çətinliklərin həlli yönümündə Milli Məclisdə məsələ qaldıracaq, sosial müdafiələrinin gündən-günə yaxşılaşması yolunda çalışacaq şəxslərə səs verəcəklərini dilə gətirirdilər. 4 saylı məntəqənin həyətində seçici Aybəniz Əhmədovaya yaxınlaşıb seçki barədə fikirlərini soruşdum. Gülümsündü və aramla dilləndi: "Mənim yaşım əllini ötüb. Pisi yaxşıdan, halalı haramdan ayırmağı yaxşı bacarıram. Məqsədim təkcə səsvermədə iştirak etmək deyil, həm də səsvermənin hansı əhval-ruhiyyə ilə keçməsini müşahidə etməkdir. Deyə bilərəm ki, namizədlər müxtəlif partiya və qurumları təmsil etsələr də, seçki çox sakit, hay-küysüz keçir. "
4 saylı məntəqənin sədri Dilbər Səmədova seçkiyə hazırlıq mərhələsində namizədlərin seçicilərlə tez-tez görüşdüklərini, onların bu prosesə tam hazır olduqlarını diqqətə çatdırdı. Qeyd etdi ki, bu məntəqədə 1275 seçici səs verəcək. Vebkamera seçkinin gedişini izləyir. Demokratik İslahatlar Partiyasından Leyli Məmmədova seçki qutusuna nəzarət edir. Seçkinin qanunauyğun getməsindən razılığını bildirir:" Heç bir qanunazidd hərəkət yoxdur və kamera hər şeyi yaddaşa köçürür. Hər kəs demokratik şəraitdə istədiyi namizədə səs verir. "Burada gənclərin fəallığı diqqət çəkir. Onların bəziləri ilk dəfə səsvermədə iştirak edirlər. Çox məmnun görünürlər. Milli Məclisə seçkilərdə verəcəkləri səslərin seçdikləri namizədə gərəkli olması onlarda qürur hissi oyadıb. Həqiqət Əlizadə, Arif Xeyirxəbərli (Müsavat Partiyası), Venera Axundova, Qəzənfər Ocaqverdiyev, Zöhrə Abbasova (QHT), Kifayət Quliyeva, Firəngiz Rüstəmova (Təşəbbüs qrupu), Asif Ocaqverdiyev, Cavid Bədəlov(bitərəf və sərbəst) müşahidəçi olaraq seçkinin ədalətli, şəffaf keçməsini, ilk dəfə olaraq bu cür sakit şəraitin hökm sürdüyü seçkini izlədiklərini qeyd edirlər.
Saat 12.00. Bu ana qədər 1 və 2 saylı seçki məntəqələrində 200, 3 və 4 saylı məntəqələrdə isə 300 seçici səsvermədə iştirak etmişdir.
Saat 16.00. 1 saylı seçki məntəqəsində bu saata artıq 300, 2 saylı məntəqədə 230, 3 saylı seçki məntəqəsində 320, 4 saylı məntəqədə isə 500 seçici artıq səs vermişdir. Bu saata 38 məntəqə üzrə 42 404 seçicinin qeydə alındığı 8 saylı Binəqədi birinci seçki dairəsindən 18 243 seçici səsvermədə iştirak etmişdir.
Günün sonunda, saat 19.00-da 37 məntəqə üzrə 42 404 seçicinin qeydə alındığı 8 saylı Binəqədi birinci seçki dairəsində Milli Məclisə seçkilərdə seçicilərin 51,30 faizi səsvermədə iştirak etmişlər.
{nl}
Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.