Beynəlxalq müşahidəçilər parlament seçkilərinin demokratik və dünya standartlarına uyğun keçdiyini etiraf edirlər

Dünən Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən 125 seçki dairəsində Milli Məclisə növbəti seçkilər keçirildi. Gün ərzində dairə və məntəqələrdən verilən məlumatlarda seçkinin kifayət qədər demokratik, şəffaf və Avropa standartlarına uyğun keçirildiyi barədə məlumatlar yayıldı. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun dünən səhər saatlarında seçicilərə müraciətində verdiyi məlumata görə, seçkidə MSK-da qeydə alınmış 5 siyasi partiya bloku, müstəqil şəkildə 10 siyasi partiya iştirak edib. Ümumiyyətlə, 23 partiya öz namizədini irəli sürüb. Qeydə alınaraq seçkilərə buraxılmış namizədlərin ümumi sayı isə 690 nəfər olub.
Maraqlıdır ki, parlament seçkilərini minlərlə yerli müşahidəçidən əlavə 1024 nəfər xarici müşahidəçi də izləyərək səsvermənin gedişi, məntəqələrdə yaradılmış şərait, seçicilərin fəallığı və s. barədə öz müsbət fikirlərini söyləyiblər. Seçkilərin gedişi ölkə üzrə, demək olar ki, bütün dairələrdə müşahidə edilib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının üzvü Eskudes Sançes Mariya:
- Məntəqələri bir-bir gəzirik. Müşahidələrimiz deməyə əsas verir ki, seçki normal qaydada davam edir, qanunun bütün tələblərinə riayət olunur. Heç bir qanun pozuntusuna rast gəlməmişik. Seçkidən sonra keçirəcəyimiz mətbuat konfrasında nəticələrlə bağlı ətraflı məlumat verəcəyik.
Rodriqec Pilev:
- Artıq bir sıra məntəqələrdə müşahidə aparmışıq. Daha bir neçə məntəqəyə baş çəkəcəyik. Qənaətimizcə, hər şey normaldır, qanunauyğundur. İnsanlar azad şəkildə səs verir, öz seçimlərini edirlər. Ümid edirəm ki, yeni parlament üçün bu seçim yaxşı olacaq.
MDB müşahidə missiyasının nümayəndələri Qubada, Böyük Britaniyadan olan müşahidəçilər isə Sabirabad rayonunda müşahidə aparıblar. Rusiyalı müşahidəçi İrina Şixşayeva müşahidə apardıqları məntəqələrdəki vəziyyəti dünən gündüz saatlarında belə şərh edib:
- Şəhərdəki bir neçə məntəqədə olmuşuq. Hələlik heç bir qanun pozuntusuna rast gəlməmişik. Səsvermə prosesi normal məcrada, qanuna uyğun şəkildə davam edir.
Müşahidəçi Gülçöhrə Seyidova:
- Müşahidə etdiyimiz məntəqələrdə hər şey yüksək səviyyədədir. Günün sonuna qədər də müşahidələrimizi davam etdirəcəyik. Ümid edirik ki, indiyədək demokratik seçkilər keçirilməsi sahəsində böyük təcrübə qazanmış Azərbaycan xalqı səsverməni uğurla başa çatdıracaq, öz iradəsini ifadə edəcək, parlamentini formalaşdıracaq. Məntəqələrdə gördüyümüz seçici fəallığı bunu deməyə əsas verir.
Türkdilli Ölkələrin Parlament Assambleyasının nümayəndələri də dünən müxtəlif dairə və məntəqələrdə səsvermənin gedişini izləyiblər. Türkiyə parlamentinin müşahidəçisi Haluk İpək artıq bir neçə gündür ki, Azərbaycanda olduqlarını bildirib.
- Müxtəlif məntəqələrdə komissiya üzvləri və seçicilərlə söhbətlər etdik. Seçkinin təşkili, səsvermənin gedişi haqqında ətraflı məlumat aldıq. Proses sakit keçir. Parlament seçkiləri Azərbaycanda demokratiyanın inkişafında mühüm rol oynayır. İnşallah, bu seçkilər də Azərbaycanın gələcək tərəqqisi işinə öz töhfələrini verəcək.
Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa Kabakçı:
- Bu gün Bakıya Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü kimi deyil, Türk PA müşahidəçisi kimi gəlmişəm. Bu seçkilərin iqtidarlı-müxalifətli bütün azərbaycanlı soydaşlarımıza uğurlar gətirməsini, Azərbaycanda demokratiyanın daha da irəli getməsini diləyirik. Bir millət olaraq gələcəyə doğru birlikdə addımlamaqda davam edəcəyik.
Mehmet Yüksəl:
- Azərbaycanın Avropanın, eləcə də dünyanın önəmli ölkələrindən biri kimi tanınması bizi də çox sevindirir. Ölkədə demokratiyanın inkişafı sahəsində də mühüm addımlar atılır. Demokratiyanı, təbii ki, siyasi partiyalarsız təsəvvür etmək mümkün deyil. Azərbaycanda keçirilən seçkilərdə 23 partiya iştirak edir. Bu, demokratiyanın əlamətdar göstəricisidir. Biz isə Avropadan və dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrlə birlikdə müxtəlif seçki məntəqələrində bu seçkiləri müşahidə edirik. Bugünkü müşahidələrimiz göstərir ki, Azərbaycan demokratiyası illər keçdikcə daha da inkişaf edir. Dünən parlament seçkiləri ilə bağlı müxtəlif yerli və xarici təşkilatlar tərəfindən "exit-poll"lar da keçirilib. Yerli "ELS - Müstəqil Araşdırmalar Mərkəzi" "exit-poll"un nəticələrinə əsasən Azərbaycanda keçirilən parlament seçkilərində seçici fəallığını əks etdirən bir neçə açıqlama yayıb. Mərkəzin rəhbəri İradə Yaqubovanın saat 11.00-a qədərki vəziyyəti əks etdirən məlumatında bildirilir ki, həmin vaxta qədər seçici fəallığı ölkə üzrə ümumilikdə 24,5 faiz təşkil edib. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası istisna olmaqla ölkə üzrə 1180 məntəqədə "exit-poll" keçirilib.
Yaqubova məntəqələrdə 2360 intervüyer, qərargahda isə 300-ə yaxın əməkdaşın çalışdığını bildirib.
"ELS" nümayəndəsi Rəşad Talıblının dediyinə görə, seçkilər tam şəffaf keçir.
- İnsanlar kimə istəyir, ona səs verirlər. Biz də səs verəndən sonra yaxınlaşıb şəffaflıq məqsədilə onların fikirlərini soruşuruq. Hansı namizədə səs verdiklərini öyrənirik, bir də təqdim etdiyimiz blankları doldurmalarını xahiş edirik. Bu da könüllüdür. İstəsələr doldurmaya da bilərlər.
"ELS - Müstəqil Araşdırmalar Mərkəzi"nin keçirdiyi "exit-poll"un nəticələrinə görə, dünən saat 15-ə qədər ölkə seçicilərinin 36,2 faizi səsvermədə iştirak etdiyini təsdiq edib.
Saat 19:00-a olan məlumata görə, "Parlament-2010" seçki monitorinqi koalisiyasının təşkil etdiyi elektron səsvermədə 25 442 seçici iştirak edib. Bu barədə koalisiyanın təmsilçisi Aydın Kərimov bildirib.
Artıq elektron səsvermə başa çatıb.
Respublikanın 80 seçki dairəsində "Parlament-2010" seçki monitorinqi koalisiyasının 3087 müşahidəçisi səsvermənin gedişini izləyib.
***
10 saylı Binəqədi 3-cü seçki dairəsinin 10,11,13,14,15 və 16 saylı məntəqələrində seçkinin gedişatını izləyən ispaniyalı müşahidəçilər-senator Qonde Basbahen Avqustin və regional deputat Pelar Villar Antonio səsvermənin şəffaf və qanunauyğun şəkildə keçirildiyini, ilk 5 məntəqədə heç bir qanun pozuntusunun qeydə alınmadığını bəyan ediblər. Yalnız 16 saylı məntəqədə müəyyən anlaşılmazlığın yarandığını, onun da tez bir zamanda aradan qaldırıldığını deyən beynəlxalq müşahidəçilər bildiriblər ki, gün ərzində bu məntəqənin ərazisində bir neçə dəfə səsvermənin gedişini izləyəcək, məntəqə bağlandıqdan sonra isə səslərin sayılması və protokolların yazılması prosesində iştirak edəcəklər.
"Çox diqqətəlayiq haldır ki, Azərbaycanda səsvermə prosesi Avropanın bir çox ölkələrinə nümunə göstəriləcək şəkildə veb-kameraların nəzarəti altında aparılır. Hər bir vətəndaş evində əyləşərək internet vasitəsilə səsvermə prosesini müşahidə edə bilər".
Bu açıqlamanı isə beynəlxalq müşahidəçi, Bolqarıstan parlamentinin deputatı Rəmzi Osman verib. O, bir sıra məntəqələrdə səsvermə prosesini müşahidə etdiyini, heç bir qanun pozuntusu ilə rastlaşmadığını vurğulayıb: "Seçki məntəqələrinin hamısında həm müxalifətdən, həm iqtidardan olan müşahidəçilər səsvermənin gedişini sərbəst şəkildə izləyirlər. Onlar mənə heç bir qanun pozuntusu olmadığını dedilər. Ümumilikdə heç bir gərginlik müşahidə olunmur, seçicilərin səs verməsi üçün demokratik şərait yaradılıb".
Bolqarıstandan olan digər müşahidəçi, bu ölkənin Mərkəzi Seçki Komissiyasının sədr müavini, Avropa Seçki Müşahidə Akademiyasının Azərbaycanda parlament seçkilərini müşahidə edən missiyasının üzvü Yelena Markova da səsvermə prosesinin Seçki Məcəlləsinə tam uyğun şəkildə keçirildiyini bildirib: "2005-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmişəm.Həm o zaman, həm də indi seçkilərdə yüksək seçici aktivliyi müşahidə olunur. Bugünkü seçki standartlara uyğun şəkildə normal keçirilir, səsvermə prosesi texniki baxımdan yaxşı təşkil olunub".
15 saylı Yasamal 1-ci seçki dairəsinin 12 və 13 saylı məntəqələrində səsvermənin gedişini izləyən beynəlxalq müşahidəçi, Türkiyə parlamentinin üzvü, AKP millət vəkili Mustafa Ataş Azərbaycanın seçki sisteminin daha da mükəmməlləşdiyini, müsbətə doğru xeyli dəyişikliklər olduğunu deyib. Millət vəkili səsvermə prosesinin şəffaf və demokratik keçdiyini bildirib: "Müşahidə apardığım məntəqələrdə həm iqtidarı, həm də müxalifəti təmsil edən müşahidəçilərin səsvermənin gedişini sərbəst şəkildə izlədiklərinin şahidi oldum. Seçkilər şəffaf və demokratik keçirilir, hətta xəstəliyi səbəbilə səsvermədə iştirak edə bilməyən seçicilərə evdə səsvermə imkanı yaradılır."
13 saylı Xəzər I Seçki Dairəsinin 1 saylı məntəqəsində səsvermənin gedişini izləyən Rusiya Federasiyasının Federasiya Şurasının müşahidəçiləri- Federasiya Şurasının Şimalı Osetiya - Alaniyadan olan üzvü Valeri Kadoxov və Kursk vilayətindən olan senator Nina Tkaçova hələlik müşahidə etdikləri müddət ərzində heç bir qanun pozuntusuna rast gəlmədiklərini bildiriblər.
Rusiyadan olan digər müşahidəçi -politoloq Aleksey Vlasov da Azərbaycanda parlament seçkilərinin beynəlxalq standartlara və demokratik tələblərə uyğun şəkildə keçirildiyini bildirib.
Lomonosov adına Moskva Dövlət Universitetinin postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə İnformasiya-Analitik Mərkəzinin baş direktoru olan Aleksey Vlasov bir neçə məntəqədə səsvermə prosesini izlədiyini, seçici aktivliyinin yüksək olduğunu, seçki prosesinin beynəlxalq standartlara və demokratik tələblərə uyğun keçirildiyini deyib.
Azərbaycanda keçirilən parlament seçkilərinin gedişini izləyən ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Adam Sterlinq 22 saylı Nəsimi II Seçki Dairəsinin 3 saylı seçki məntəqəsində açıqlama ilə çıxış edib.
A. Sterlinq bildirib ki, rəsmi Vaşinqton seçki prosesini böyük maraqla izləyir: "ABŞ dövlət katibi Hillari Klinton Bakıya səfəri zamanı qeyd edib ki, ABŞ demokratik ölkələrlə ən güclü tərəfdaşlığa malikdir. ABŞ hökuməti inanır ki, Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafı iki ölkə arasında əlaqələrin dərinləşməsinə, demokratik və iqtisadi islahatlar aparılmasına ən yaxşı zəmanət verəcək".
A. Sterlinq əlavə edib ki, bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin 31 əməkdaşı Bakıda və respublikanın bölgələrində seçki prosesini müşahidə edir. Daha 45 amerikalı isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları üzrə Bürosunun müşahidə missiyasının tərkibində müşahidələr aparır.
Səsvermənin nəticələri ilə bağlı səfirliyin açıqlayacağı qiymətləndirməyə gəldikdə, A. Sterlinq vurğulayıb ki, ölkənin hər yerindən yekun məlumatlar toplandıqdan sonra ABŞ səfirliyi müşahidəçilərin nəticələrini müzakirə edib, qiymətləndirməsini bəyan edəcək: "Yekun bəyanat Vaşinqtonda Dövlət Departamenti tərəfindən açıqlanacaq".
30 saylı 1-ci Suraxanı seçki dairəsində seçkiləri yaxından izləyən ATƏT-dən olan müşahidəçilər Buqunis Pravoleq və Bravnik Judih isə seçki məntəqələrinin seçicilərin azad və demokratik şəkildə öz iradələrini ifadə etmək üçün müasir texniki avadanlıqlarla təchiz olunduğunu, izlədikləri proseslərdə narazılıqlara rast gəlmədiklərini bəyan ediblər.
Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən GUAM-ın baş katibi Valeri Çeçelaşvili də seçkinin çox yaxşı təşkil olunduğunu deyib: "Məndə seçkilərin gedişi barədə çox yaxşı təəssüratlar yaranıb. Seçicilərə öz seçimini sakit şəkildə aparmaq üçün bütün imkanlar verilib, heç bir mənfi hal yoxdur".
Onun sözlərinə görə, GUAM-ın qısamüddətli missiyası parlament seçkilərində Bakı şəhərinin 15 saylı Yasamal birinci və 16 saylı Yasamal ikinci seçki dairələrində monitorinq keçirib.
"12:30-a qədər həmin məntəqədə seçicilərin 35 faizi səs verib və mənim heç bir şikayətim yoxdur", - Çeçelaşvili qeyd edib.
***
Dördüncü çağırış Milli Məclisə keçirilən seçkiləri izləmək üçün 49 ölkədən beynəlxalq müşahidəçi gəlib. Onların istənilən seçki məntəqələrində müşahidə aparmaları üçün hər cür şərait yaradılıb. Finlandiyadan gəlmiş beynəlxalq müşahidəçilər də seçkilərin gedişini diqqətlə izlədiklərini bildiriblər.
Beynəlxalq müşahidəçi Rahula Leena müşahidə apardığı seçki məntəqələrində seçicilərin yüksək əhval-ruhiyyədə olduqlarını, sanki hansısa təmtəraqlı məclisə getdiklərini bildirib. O deyib ki, hansı seçki məntəqəsinə baş çəkdilərsə, seçkiyə yüksək hazırlıq işlərinin aparıldığının şahidi oldular. Üstəlik, bu seçkilərdə də şəffaflığın, demokratikliyin və obyektivliyin təmin olunması üçün daha bir sıra yeniliklərlə qarşılaşdığını qeyd edib. O deyib:
- Hər dəfə Azərbaycanda seçkiləri müşahidə edəndə şəffaflığın təmin olunması üçün bir yenilik görürük. Məsələn, ötən seçkilərdə barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi, səsvermə kabinələrinə veb-kameraların quraşdırılması, seçici siyahılarının dəqiqləşdirilməsi, seçicilərin səs vermələri zamanı qarşıya çıxan problemlərin aradan qaldırılması ilə əlaqədar əhəmiyyətli qərarlar qəbul edilməsi bizim üçün yenilik idi. Bu seçkilərdə daha bir yeniliklə qarşılaşdıq. Müşahidə apardığım seçki məntəqələrinin birində "ana və uşaq" otağı gördüm. Maraqlandım, dedilər ki, səsverməyə gələn uşaqlı analar bu otaqda istirahət edə və ya növbə olduqda ayaq üstə dayanmayıb bu otaqda otura bilərlər. Digər bir yenilik isə seçki məntəqəsində ayrıca "həkim otağı"nın olması idi. Burada hər cür ləvazimatla təmin olunmuş həkim var idi. Bildirdilər ki, seçicilər arasında özünü pis hiss edənlərə dərhal tibbi xidmət göstərilir.
Beynəlxalq müşahidəçi seçki məntəqələrinin elektrik generatoru ilə təmin olunmasını da yenilik hesab etdi. O dedi ki, şəffaflığın təmin olunmasında elektrik generatorlarının rolu çox böyükdür. Seçki məntəqəsindən bildirdilər ki, hər hansı bir hadisə üzündən elektrik enerjisi kəsilərsə, dərhal generator işə salınır və seçki kampaniyası əvvəlki səviyyədə davam etdirilir.
R.Leena bütün bu yenilikləri yüksək qiymətləndirdi və dedi ki, Finlandiyada bu üsullardan hələ istifadə olunmur. O, seçkilərdə belə üsullardan istifadəni yenilik kimi dəyərləndirdi və dedi ki, hər dəfə Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın təmin olunmasında bir yeniliyin şahidi oluruq.
Region mətbuatı Azərbaycandakı seçkilər barədə
"Lenta.ru" internet saytı, 7 noyabr, saat 13.35.
Azərbaycan Milli Məclisinə keçirilən növbəti seçkidə 125 deputat yeri üçün 690 namizəd mübarizə aparır. Bu marafona bitərəflərlə yanaşı ölkədəki bütün siyasi partiyaların və partiya bloklarının təmsilçiləri qoşulublar. Seçkinin favoriti isə səsvermədə 107 namizədlə iştirak edən Yeni Azərbaycan Partiyasıdır.
***
"Reqnum.ru" internet saytı, 7 noyabr, saat 13.50.
Parlament seçkisində səs verməli olan Azərbaycan vətəndaşlarının 1 milyon 190 min nəfəri günün birinci yarısında səs vermişdir. Səsvermə davam edir.
***
"İzvestiya.ru" internet saytı, saat 15.00.
Azərbaycanda parlament seçkiləri müvafiq qanunlara və Mərkəzi Seçki Komissiyasının qərarlarına uyğun şəkildə keçir. Bu ölkənin Milli Məclisi postsovet dönəmində dördüncü dəfə formalaşdırılır.
"Pravda.ru" internet saytı, saat 15.20.
Yerli vaxtla saat 12-də verilən ilkin məlumata görə artıq ölkə seçicilərinin dörddən biri səs vermişdir. Seçicilərin daha çox fəallıq göstərdiyi bölgə Naxçıvan Muxtar Respublikasındakı Şərur-Sədərək dairəsidir. Orada 41 faizdən çox seçici səsvermənin ilk dörd saatında səs vermişdir.

{nl}

Paşa ƏMİRCANOV, Aida AYSA, Əliqismət BƏDƏLOV, İttifaq MİRZƏBƏYLİ, Rafiq SALMANOV (foto) "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında