İnsan əməlləri ilə yaşayır
Tale ona cəmi 50 il ömür qismət elədi. Lakin bu qısa müddətdə o, çox iş gördü, şərəfli ömür sürdü, elinə-obasına, nəslinə- nəcabətinə baş ucalığı gətirən əməli fəaliyyəti ilə hamının hörmətini qazandı, xatirələrdə unudulmaz izlər qoyub getdi. Vəfatından 25 il keçsə də onun əziz xatirəsi doğmalarının, dostlarının, tanışlarının qəlbində yaşayır və indən belə də yaşayacaqdır.
Mən onunla ötən əsrin 70-ci illərində, ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə keçirilən kənd təsərrüfatına həsr olunan zona müşavirəsində tanış olmuşdum. Sözübütöv adam təsiri bağışlayırdı. Cavan olmasına baxmayaraq, böyük bir kollektivə rəhbərlik edirdi. Özü də necə?! Qəzetimiz hələ 15 noyabr 1983-cü il tarixli nömrəsində bütöv bir səhifədə bu barədə oxuculara geniş məlumat verirdi. "Təşəbbüs, yenilik, nəticə" başlıqlı səhifədə yazılmışdı ki, Azərbaycan Dövlət Kəndtextəminat Komitəsi 1 nömrəli ixtisaslaşdırılmış ehtiyat hissələr satışı bazasının təcrübəsi ölkədə (burada keçmiş SSRİ nəzərdə tutulur - red.) yayılır.
Belə bir el məsəli var: Ot kökü üstə bitər. Naxçıvan Muxtar Respublikası üzrə qəzetimizin xüsusi müxbiri işləyərkən mən Cəfərovlar nəslinin timsalında bu məsəlin bariz nümunəsinin şahidi oldum. Nəslin kökü çox dərinlikdədir. Bizə daha yaxın olanı Bəhmən Cəfərovla bağlıdır. Az qala, bir əsrə yaxın ömür sürən Bəhmən kişi Azərbaycanın iki dəfə müstəqillik qazanmasının şahidi olub. Müstəqilliyin ilkində onun 16 yaşı vardı. Bu xoşbəxtlik xalqımıza ikinci dəfə qismət olanda Bəhmən kişinin sinni 90-nı haqlamışdı. Yaxşı tanıdığı ulu öndərimiz Heydər Əliyev də artıq Moskvadan Vətənə qayıdaraq fəal siyasətə qoşulmuşdu. Bu tarixi şəxsiyyətin siyasi uzaqgörənliyinə, təşkilatçılıq bacarığına yaxşı bələd olan Bəhmən Cəfərov hələ 17 il bundan əvvəl yaxınlarına demişdi:
- Hə, indi dünyamı rahat dəyişə bilərəm. Əminəm ki, Heydər Əliyev Azərbaycanın budəfəki müstəqilliyini əbədi edəcəkdir.
Bəhmən Cəfərov ibrətamiz həyat yolu keçmişdi. O, iyirminci əsrin əvvəllərində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımının şahidi olmuş, kənddə kollektivləşmə prosesində qardaşı Yarəli ilə birlikdə fəal iştirak etmiş, 1936-cı ildən etibarən 20 ilə yaxın kolxoz sədri işləmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə və yerli sovetə dəfələrlə deputat seçilən Bəhmən kişi nəinki doğma kəndi Çərçiboğanda, habelə Şərur rayonunda və bütün Naxçıvan Muxtar Respublikasında böyük hörmətə malik söz sahiblərindən biri olmuşdur. Həyat yoldaşı Surə ilə birlikdə 10 uşaq böyüdüb tərbiyə edən, hamısına da ürəkləri istədiyi kimi savad verən Bəhmən kişi 80-ə yaxın nəvə, nəticə babası olub. Onların içərisində alimi, hüquqşünası, şərqşünası, həkimi, müəllimi, mühəndisi, aqronomu və başqa peşə sahibləri olan Cəfərovlar nəslində kəndlisi də var, fəhləsi də.
Rəhmətlik Bəhmən kişi övladlarının hamısına eyni gözlə baxıb, ancaq atasının adını daşıyan Məmmədlə daha çox qürurlanıb, fəxr edib. Ona görə ki, Məmməd elə balacalığından zirəkliyi, bacarığı ilə seçilib. Kənd təsərrüfatı institutunu 23 yaşında bitirən Məmməd Cəfərov istedadlı, təşəbbüskar mühəndis kimi tez bir zamanda yüksək vəzifələrə yiyələnib. Əvvəlcə Şahbuz rayonunda maşın-traktor stansiyasında baş mühəndis işləyib. Sonra onu 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Rayonlararası Texniki Təminat Birliyi rəisliyinə irəli çəkiblər. Bu vəzifədə çalışarkən o, bir sıra təşəbbüslərin müəllifi olmuşdur.
Məmmədin maşın və mexanizmlərdən qrup halında istifadə olunması təşəbbüsü muxtar respublikanın təsərrüfatlarına böyük səmərə vermiş, texnikadan istifadənin əmsalı yüksəlmiş, izafi xərclər aradan qaldırılmışdı. O vaxtlar Şərur Rayon Partiya Komitəsinin birinci katibi işləmiş İbrahim Hüseynov yazırdı ki, Məmməd Cəfərovun xidmətlərini unutmaq mümkün deyil. Altı il birliyin rəisi işləyən bu istedadlı gənc muxtar respublikanın maşın-traktor parkını tamamilə yenidən qurmuş, o dövrün müasir texnikaları ilə təmin etmişdir.
1961-ci ildə Naxçıvan Muxtar Respublikasının ərazisində kəskin quraqlıq oldu. Təsərrüfatlardakı mal-qaranın qışda məhv olması gözlənilirdi. Vəziyyətdən çıxmaq üçün Rusiyadan küləş gətirilməsi qərara alındı. Məmməd Cəfərovun rəhbərliyi altında mexanizatorlar dəstəsi Stavropol vilayətinə göndərildi. Onlar iki ay ərzində min tonlarla küləş tədarük edərək vaqonlarla Naxçıvana göndərdilər və gözlənilən fəlakətin qarşısı vaxtında alındı.
Məmməd Cəfərov 1966-cı ildə Bakı şəhərinə köçüb. Bir müddət Sumqayıt Ərazi Nəqliyyat İdarəsinin rəisi işləyib. 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri seçiləndən sonra Məmməd də kənd təsərrüfatı sahəsində tanınan mütəxəssis kimi əvvəlki iş yerinə qayıdıb. O, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Texnikası Komitəsinin 1 nömrəli ixtisaslaşdırılmış ehtiyat hissələr satışı bazasına direktor təyin olunub və ömrünün axırınadək bu vəzifədə çalışıb.
Vətən qarşısındakı xidmətləri Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və müxtəlif medallarla qiymətləndirilib. Ona "Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı mühəndisi" fəxri adı verilib. Məmməd Cəfərov Bakıda yaşadığı illərdə də doğma torpağını heç vaxt yaddan çıxarmayıb, imkan düşəndə Naxçıvana gəlib, kənd təsərrüfatının, eləcə də başqa sahələrin maşın, texniki avadanlıq, ehtiyat hissələri ilə təminatına köməklik göstərib. İndi Şərur rayonunun mərkəzinə xüsusi yaraşıq verən mədəniyyət sarayının qeyri-standart formada olan qapı və pəncərələrinin hazırlanıb, rayona göndərilməsi onun adı ilə bağlıdır.
Məmməd Cəfərovun istək və arzuları çox idi. Lakin əcəl aman vermədi, qəfil ölümü ailəsini, qohum-əqrəbasını, dost və tanışlarını yandırıb yaxdı. Əgər yaşasaydı, 75 yaşı tamam olacaqdı. Bahar fəslində dünyaya göz açan Məmməd müəllim qızmar yay günündə - avqustun 27-də əbədiyyətə qovuşdu. Qısa ömür yaşasa da, özü barədə xoş xatirələr qoydu. Bu günlər həmin xatirələr bir daha yada düşür:
Asəf NADİROV - AMEA-nın həqiqi üzvü:
-Qonşu kəndlərdə yaşasaq da, atalarımızın dostluğu bizə də sirayət etmişdi. Məmmədlə keçirdiyim günləri unutmaq mümkün deyil. Diqqətcil, mehriban ailə başçısı olmaqla yanaşı, həm də dostluğa sədaqətdə tayı-bərabəri yox idi. 50 illik yubileyini adına layiq, böyük təm-təraqla keçirmişdik. Təəssüflər olsun ki, az yaşadı. Nə etməli, həyat davam edir, qeyrətli, fərasətli övladları Məmmədin adını, xatirəsini öz səmərəli fəaliyyətləri ilə əbədiləşdirirlər. Dostları da bununla təskinlik tapır, fəxr edirlər.
Eldar İBRAHİMOV - Milli Məclisin aqrar siyasət komitəsinin sədri:
- Məmməd müəllim Naxçıvanda texnika birliyinin rəisi olanda mən orada çilingər işləyirdim. İstiqanlı adam idi, tabeliyindəkilərə son dərəcə qayğı ilə yanaşırdı. Onun rəhbərliyi altında texnika birliyi nümunəvi müəssisəyə çevrilmişdi. Məmməd Cəfərovun yaratdığı möhkəm texniki təminat bazası sonralar, mən həmin müəssisəyə rəhbərlik edəndə çox karıma gəlmişdi. Bakıda yaşayanda da Naxçıvana həmişə diqqətcil münasibət bəsləyib, ehtiyaclarımıza qayğı ilə yanaşıb, köməyini əsirgəməyib.
Elmira CƏFƏROVA - həyat yoldaşı:
- Məmməd mehriban, qayğıkeş ömür-gün yoldaşı, dost və səmimi ata idi. İnsani keyfiyyətləri o qədər zəngin idi ki, hamı tərəfindən daim hörmət və məhəbbətlə əhatə olunurdu. O, uşaqla uşaq, böyüklə böyük kimi davranırdı. Övladlarını Vətənə və cəmiyyətə layiqli insan kimi yetişdirməyə çalışırdı, bu mövzularda onlarla tez-tez söhbətlər edirdi. BDU-nun tələbəsi olan böyük oğlumuz Cəfərin Moskvaya Lomonosov adına MDU-ya təhsilini davam etdirməyə göndərilməsi onu çox fərəhləndirmişdi. Biz Məmmədi vaxtsız itirdik. Təkcə onunla təsəlli tapıram ki,nə yaxşı bir övladının toyunu görə bildi. Azərin ilk övladına Məmmədin adını verdik.
İndi Məmməd Cəfərovun 4 övladı, 11 nəvəsi və 1 nəticəsi var.
Cəfər CƏFƏROV - oğlu, tarix elmləri namizədi:
- Zaman keçdikcə atamı daha yaxşı başa düşməyə başlayıram. O, dünyasını dəyişəndə mənim indiki yaşımda idi. Lakin bu müddət ərzində o, böyük bir həyat yolu keçmiş, öz işinə, insanların ehtiyaclarına vicdanla yanaşması hesabına həm iş yoldaşlarının, həm də dostlarının, yaxınlarının, onu tanıyan insanların qəlbində özünə əbədi yer eləmişdi. O, təkcə bizim atamız, böyüyümüz deyildi, hələ lap gənc yaşlarından böyük bir nəslin ağsaqqalı idi.
Atam əsl Azərbaycan kişisinə xas olan qayğıkeş, mehriban ailə başçısı idi. Evdə heç vaxt səsini qaldırmazdı. Onun bir baxışı ailə üzvlərinin nəticə çıxarması üçün kifayət idi.
Azər CƏFƏROV - oğlu, iqtisadçı-hüquqşünas:
- Atam təbiəti çox sevirdi. Kiçik bir bağımız vardı. Bəzən şəhərdə qalıb işlərimizlə məşğul olmaq istəyimizə baxmayaraq, bizi tez-tez ora aparırdı. Yer belləyirdik, ağac əkirdik, onlara qulluq edirdik. İndi başa düşürəm ki, bunu o bizim sağlamlığımız, torpağa, zəhmətə bağlanmağımız üçün edirdi. Hazırda mən asudə vaxtımın xeyli hissəsini orada keçirir, birlikdə əkdiyimiz ağaclara qulluq edir, onu xatırlayır və müəyyən mənada öz-özümə hesabat verirəm.
Cəmilə RZAYEVA - qızı, həkim:
- Atam haqqında xatirələrim tükənməzdir. O, gözəl insan, qayğıkeş ata, ciddi olmağı ilə yanaşı, çox şən, zarafatçıl və müdrik insan idi. Gənc yaşlarından onda insanlara qayğı, düzgün yol göstərmək, doğru qərar çıxarmaq bacarığı vardı. O, təhsilə, elmə çox önəm verirdi. Övladlarını da bu ruhda böyütmüşdü. Həyatdan vaxtsız köçsə də özündən sonra təməli möhkəm olan səmimi bir ailə qoydu.
Leyla CƏFƏROVA - qızı, müəllim:
- Atam dünyasını dəyişəndə mənim on bir yaşım vardı. Uşaq olmağıma baxmayaraq, onunla bağlı çox aydın və xoş xatirələr yadımdadır. Ona hər yerdə hörmətlə yanaşırdılar. İncə qəlbli insan olduğu üçün böyük hövsələ sahibi idi.
Evin sonbeşiyi və şıltaq qızı olduğum üçün bəzən atamın yorğunluğunu nəzərə almadan sualı sual dalına calayırdım. O, məni maraqlandıran məsələlərin hamısına ətraflı izahat verirdi, nağıllar danışırdı, arzularımı yerinə yetirirdi. İstəyirdi ki, müəllim olum. Mən də onun arzusunu həvəslə yerinə yetirdim. Bu gün heç nədən çəkinmədən qürur hissi ilə deyirəm ki, Məmməd Cəfərovun qızıyam, onunla fəxr edirəm!
Bəli, Məmməd Cəfərovla hamı fəxr edir. Məhz buna görə də onun adını əbədiləşdiriblər, həyat-fəaliyyətini Naxçıvan Muxtar Respublikasının Ensiklopediyasına salıblar. Ondan söz düşəndə tanıyanlar deyirlər: Ot kökü üstə bitər. Yazının əvvəlində qeyd etdiyimiz kimi, Cəfərovlar nəslinin kökü çox dərinliklərə gedib çıxır.
{nl}
Telman ƏLİYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.