Sabunçu rayonunda görülən işlər və qarşıda duran vəzifələr təhlil olundu

Azərbaycan Respublikası son illər davamlı inkişaf yolundadır. Bu gün ölkənin hər hansı regionuna nəzər yetirsək orada yüksək quruculuq işlərinin, sürətli inkişafın şahidinə çevrilərik. Abad yollar, yeni salınan parklar, xiyabanlar, məktəb, xəstəxanalar, yaşayış evləri Azərbaycanımızın davamlı inkişafının bariz nümunəsidir. Son illər Azərbaycanın regionda lider dövlətə çevrilməsi, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizi islahatların sürətlə aparıldığı dövlət olduğunu elan etməsi ona dəlalət edir ki, Azərbaycan çox sürətlə inkişaf edir və bu inkişaf artıq davamlı xarakter almışdır.
Bu gün ölkəmizdə ulu öndər Heydər Əliyevin başladığı genişmiqyaslı islahatlar möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilir. Qazanılmış nailiyyətləri sadalamaqla qurtarmaq olmur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nailiyyətlərimizdən, son vaxtlar qazanılmış uğurlarımızdan ətraflı bəhs olunmuşdur.
Prezident iclasdakı çıxışında demişdir: "Doqquz ayda Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edibdir. Nəzərə alsaq ki, bütün dünya ölkələri üçün böhranlı il kimi tarixdə qalan 2009-cu ildə iqtisadiyyatımız 9 faizdən çox artmışdır, bugünkü iqtisadi inkişaf çox qiymətlidir. Bu il iqtisadiyyatımız 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı isə 3,1 faiz artmışdır".
Söz yox ki, bu inkişaf və tərəqqidə Bakının Sabunçu rayonunun da öz payı vardır. Həmişə öz ənənələri, inkişaf tempi ilə seçilən bu rayonda cari ilin 9 ayının yekunları da uğurlu olmuşdur. Bu barədə Sabunçu Rayon İcra Hakimiyyətində 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ətraflı bəhs olunmuşdur.
İclası giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Əlibala Əliyev açmışdır.
9 ayın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş məruzə ilə icra başçısının müavini Qəzənfər Həsənov çıxış etmişdir. O, bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət, qəbul olunan dövlət proqramları bütün ölkə ərazisi kimi Sabunçu rayonunun da sosial-iqtisadi inkişafına əsaslı təminat yaratmışdır. Prezidentin sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı" reallaşması ilə əlaqədar rayonda 100-ə yaxın tədbir həyata keçirilmişdir. Sonrakı illərdə də bu istiqamətdə işlər davam etdirilmiş, nəticədə rayonun iqtisadiyyatı daha da inkişaf etmiş, əhalinin yaşayış səviyyəsi davamlı olaraq yüksəlmiş, quruculuq işləri geniş vüsət almışdır. Məruzəçi belə bir fakta diqqət yönəltmişdir ki, ötən il Sabunçu rayonunda 120 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bu isə 2003-cü illə müqayisədə 3 dəfə çoxdur.
Cari ilin 9 ayında rayonun sənaye müəssisələri və idarələri tərəfindən məhsul istehsalı 21,9 faiz artaraq 103,4 mln. manat, pərakəndə əmtəə dövriyyəsi 3,4 faiz artaraq 395,2 mln.manat, əhaliyyə göstərilən pullu xidmətlərin həcmi 122 mln.manat, öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 53,4 faiz artaraq 35,8 mln.manat təşkil etmişdir. Rayon üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artaraq 275,7 manat olmuş, 9 ay ərzində 426 yeni daimi iş yerləri yaradılmışdır ki, bunlar da rayonun həm iqtisadi, həm də sosial sahələrinin dinamik inkişaf etdiyini göstərir.
Sosial-iqtisadi inkişaf planına uyğun olaraq rayon ərazisində respublikanın və şəhərin müvafiq mərkəzi dövlət orqanları, eləcə də rayonun daxili imkanları hesabına xeyli sosial əhəmiyyətli tədbirlərin, obyektlərin, qurğuların tikinti-quraşdırma və abadlıq işlərinin aparılması təmin edilmişdir.
Zabrat qəsəbəsində əlillər üçün 9 mərtəbəli 3 girişli 81 mənzilli yaşayış binasının inşası aparılır ki, onun da ilin axırınadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Bakıxanov qəsəbəsində əhalinin sosial müdafiə mərkəzi üçün 3 mərtəbəli, rayon polis idarəsi üçün 4 mərtəbəli yeni inzibati binalar inşa edilir.
Maştağa qəsəbəsində Milli Təhlükəsizlik Nazirliynin Sabunçu şöbəsi üçün, Bakıxanov qəsəbəsində Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi üçün yeni inzibati binalar tikilir. Bundan başqa, Maştağa qəsəbəsində 14 nömrəli Polis bölməsi üçün ikimərtəbəli inzibati binanın tikintisi başa çatdırılaraq lazımi avadanlıqlarla təchiz olunmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə Pirşağı qəsəbəsindəki 34 nömrəli poliklinikanın və təcili yardım stansiyasının yenidənqurulması işləri də başa çatdırılmaq üzrədir. Balaxanı, Maştağa, Sabunçu qəsəbələrində bir neçə təhsil, mədəniyyət və məişət obyektlərinin təmir işləri başa çatdırılmış, müasir avadanlıqlarla təchiz edilmişlər.
Məruzədə qeyd olunmuşdur ki, rayon telefon qovşağı tərəfindən hər biri 512 nömrə tutumuna malik olan elektron tipli 2 yeni ATS istifadəyə verilməklə ümumi tutumu 100234-ə çatdırılmışdır. Əhalinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə 2010-cu ilin 9 ayı ərzində Maştağa, Bilgəh, Balaxanı, Sabunçu, Zabrat, Bakıxanov, Pirşağı qəsəbələrində ümumilikdə 10 yeni transformator quraşdırılmışdır.
Su təchizatını yaxşılaşdırmaq məqsədilə 1870 metr müxtəlif diametrli su boruları dəyişdirilmiş, 20 su nasosu, 5 elektrik mühərriki təmir edilmiş, 5 nasos və 5 elektrik mühərriki yeniləri ilə əvəz edilmişdir. 7 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən qış mövsümündə rayon üzrə 18 məktəbə, 7 uşaq bağçasına, 6 səhiyyə obyektinə, 120 yaşayış binasına və 9 digər obyektlərə istilik verilməsi təmin edilmişdir.
Cari ilin 9 ayı ərzində istilik sahəsi üzrə istilik xətlərində və binaların zirzəmilərində aşağı istilik paylanma xətlərində 1650 metr müxtəlif diametrli istilik boruları dəyişdirilmiş və hal-hazırda 2010-2011-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar qazanxana, istilik məntəqələri və istilik xətlərində cari təmir işləri aparılır.
Azərbaycan Prezidenti İlham Əliyevin yaşıllıqların qorunması və yeni yaşıllıq sahələrinin salınması ilə bağlı verdiyi tapşırığa əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə komissiya yaradılmışdır ki, həmin komissiya tərəfindən rayon ərazisində salınacaq yeni yaşıllıq sahələrinin əraziləri müəyyənləşdirilmişdir. Bizim ilkin təklifimizdə rayonda 10 yerdə cəmi 240 ha yaxın sahədə yaşıllıqların salınması nəzərdə tutulmuş və indiyədək rayon icra hakimiyyəti tərəfindən təşkil edilmiş iməciliklərdə 16 ha sahədə 15 minə yaxın həmişəyaşıl ağaclar və kollar əkilmişdir və bu işlər indi də davam etdirilir.
Cari ilin əvvəlindən Bakı-Aereport yolunun və eləcə də Bilgəh-Sumqayıt yolunun rayon ərazisinə düşən hissələrində yolun yenidən qurulması və genişləndirilməsi işləri davam etdirilmişdir. Burada da tikinti təşkilatlarına bütün zəruri köməkliklər göstərilmiş, həmin sahədə yolun kənarlarındakı bütün bina və obyektlərdə təmir-bərpa işləri aparılmışdır.
Bakı-Aeroport yolu üzrə Böyük-Şor yol qovşağının ikinci 1194 metr uzunluğunda 5 xüsusi yolötürücü kompleksi iyul ayının 2-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.
Rayon ərazisində təqribən 50-dən çox binada məskunlaşmış 2100 məcburi köçkün ailələrinin məişət-kommunal şəraitlərinin yaxşılaşdırılması, binalarda müəyyən təmir-bərpa işlərinin aparılmasına köməkliklər edilmiş, onların enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi rayon icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanmışdır. Novruz bayramı ərəfəsində ərazidə məskunlaşmış məcburi köçkünlər, Qarabağ əlilləri, şəhid ailələri və digər 4500-ə yaxın aztəminatlı ailəyə ərzaq bağlamaları verilmiş, gündəlik tələbat malları ilə köməkliklər göstərilmişdir.
Natiq öz çıxışının sonunda bildirmişdir ki, gələcəkdə fəaliyyətimizi daha da genişləndirərək 2010-cu ilin sonuna kimi qarşıda duran bütün vəzifələrin öhdəsindən uğurla gəlinəcək.
Sonra idarə və müəssisə rəhbərləri çıxış edərək Prezidentin müşavirədəki proqram xarakterli çıxışında qarşıya qoyulan vəzifələrdən, rayonda həyata keçirilmiş tədbirlərdən danışmışlar.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında