Şriftin ölçüsü:
06.11.2010 00:07 | Oxunma sayı: 500
Azərbaycanın ayrı-ayrı yerlərində ziyarətgaha çevrilən türk əsgər məzarları "Bir millət-iki dövlət" kəlamının daha bir təsdiqi kimi ürəklərimizi riqqətə gətirir. Neftçalada, Seyidlər kəndinin qəbristanlığında on bir türk zabiti uyuyur. Adları məlum olmasa da, ay-ulduz təsvirli məzar sənduqələri və onların xatirəsinə inşa olunmuş kompleks türk qəhrəmanlarının əsl şücaətindən xəbər verir. Alim dostum Azər Turan Qafqaz İslam Ordusunun buradakı qəhrəmanlığını araşdırıb. Onun bildirdiyinə görə, bu məzarlar Azərbaycana olan doğma duyğuların təkidi və unudulmaz Ənvər Paşanın xeyir-duası ilə bizə köməyə gələn türk əsgərlərinin ruh rahatlığı tapdığı ünvanlardır.
Zaman-zaman işağala məruz qalan torpaqlarımız 1918-ci ilin yazında bolşevik və daşnak silahlı dəstələri tərəfindən məqsədyönlü şəkildə dinc əhaliyə qarşı törədilən dəhşətli soyqırımla üzləşib. Bolşevik maskalı Stepan Şaumyan ətrafına çoxlu silahlı erməni yığmışdı. O, törədilən soyqırımı qəsdən vətəndaş müharibəsi kimi qələmə verir, faciənin əsl mahiyyətini təhrif edirdi. Stepanın rəhbərliyi ilə Azərbaycanın bir çox yaşayış məntəqələrində kütləvi qırğınlar törədilib. Bu zaman türk qoşunlarının köməyi sayəsində, şəhid oğulların al qanı bahasına xalqımız erməni quldurlarının və yenicə qurulmaqda olan sovet hökumətinin genosidindən xilas olub.
Qanlı mart hadisələri zamanı Ənvər Paşa Qafqaz İslam Ordusunun yaradılması barədə əmr verdi. Aprelin 21-də Cavad qəzasının Salyan şəhərində sovet hakimiyyəti elan olundu. Bundan sonra Qırmızı Qvardiyanın iki taboru- əsasən daşnak və bolşeviklərdən ibarət quldurlar Salyan və Neftçalaya qırğın törətməyə göndərildi. Neftçaladakı taborun başçısı erməni Danielyan idi. Onlar buradakı taxıl ehtiyatlarına yiyələnməklə öz əsgərlərini çörəklə təmin etmək məqsədi güdürdülər. Bu, Şaumyanın hərbi-strateji niyyəti idi. Nə yaxşı ki, igidlər arxada imiş. Türk-azərbaycanlı hərbi dəstələri mənfur niyyətdən xəbər tutaraq qanlı savaşa girdilər. Seyidlər kəndindəki son döyüşdən igidlərimiz qələbə ilə çıxdılar. Bu zaman 11 türk zabiti şəhid oldu. Görünür, bu soraqsız məzarlarda yatan şəhidlərin adının tarixdə yaşadılmaması o vaxtkı hakim imperiyanın xofu ilə əlaqədardır.
Artıq neçə ildir ki, Seyidlər qəbristanlığının yanında ölməz qəhrəmanların xatirə kompleksi ucaldılıb. Yerli əhali və Türkiyədən gələn qonaqlar tez-tez abidəni və məzarları ziyarət edir, şəhidlərin ruhu qarşısında baş əyirlər.
Elə qəhrəmanlıq ənənəsi də layiqincə davam edir. Böyük Vətən müharibəsində neftçalalı Ağaşirin Cəfərov və Əlif Piriyev Sovet İttifaqı Qəhrəmanı, Qarabağ uğrunda döyüşlərdə isə Xanoğlan Məmmədov və Zakir Məcidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər. Neçə-neçə soydaşımız hünər və şücaətinə görə dövlət təltifləri alıb. Neftçalanın onlarca qazisi var...
Qəhrəmanları ilə fəxr edən Neftçala odlar diyarının "odlu" bir parçasıdır: burada çoxlu neft və qaz yataqları var. Hasilat get-gedə artır. Sənaye məhsulunun ümumi həcmində mədənçıxarma sahəsi 71 faiz təşkil edib. Ümumiyyətlə, sənaye rayonda sürətli inkişafdadır. Bu ilin 9 ayında ümumi istehsalın həcmi 19 faiz artıb, sənaye məhsulu üzrə isə artım 92,2 faiz olub. 93 milyon manatlıqdan çox məhsul buraxılıb. Rayonda 8 yeni müəssisə yaradılıb, 180 fiziki şəxs fəaliyyətə başlayıb. Qeyri-dövlət bölməsində istehsal iki dəfə çoxalıb. Daimi iş yeri ilə təmin olunan vətəndaşların sayı 259 nəfərdir, onlarca adam peşə hazırlığına və haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bank filialları və kredit təşkilatları sahibkarlığa dəstək olaraq vətəndaşlara 2 milyon 644 min manatlığadək kredit veriblər.
Neftçalanın elektrik və qaz təchizatı yaxşılaşıb. İndi işıq alan abonentlərin sayı 16 mini ötür, təbii qazla təchiz olunanların sayı isə bunun yarısı qədərdir. Rayonun qazlaşdırılması işləri davam etdirilir.
Kənd təsərrüfatı sahəsində də irəliləyiş var. Magistral kanalın tikintisində işlər genişlənib: indiyədək 6,6 milyon manatlıq iş görülüb. Baytarlıq xidmətinin keyfiyyətini daha da yaxşılaşdırmaqdan ötrü yeni inzibati bina və laboratoriya tikilərək istifadəyə verilib. "Aqroservis" filialında müxtəlif növ texnikanın sayı 99-a çatdırılıb.
Neftçalada hər zaman evlər tikilir. Elə bu il camaatın şəxsi mənzil sahəsi 5 min kvadratmetrədək artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri və şəhid ailələri üçün nəzərdə tutulmuş 16 mənzilli binanın inşası başa çatdırılıb. Təbii fəlakətdən ziyan çəkmiş 59 ailəyə ev-eşiyini qaydaya salmaq üçün maddi yardımlar göstərilib. Fövqəladə Hallar Nazirliyi tərəfindən 24 ailəyə yeni evlər tikilib. Rayonun Kürboyu ərazilərində geniş bəndvurma işləri aparılıb. Şəhərin H.Əliyev prospektində, Y.Hacıyev, "28 May", M.Rəsulzadə küçələrində xeyli asfalt işi görülüb. Bankə, Xıllı və Həsənabad qəsəbələrində yolların çox hissəsi təmir edilib.
Rayonda yaşıllıqlar daim artırılır: təkcə bu ilin əvvəlindən 25 minədək ağac əkilib. Yaşıl zolağın qorunmasına nəzarət güclənib. Mərkəzdə yeni seyrəngah yaradılıb. (Burada Vaqifin məşhur misrası yada düşməyə bilmir: "Kür qırağının əcəb seyrangahı var...") Neftçalanın görkəmi bir vaxtlar solğun idi, darıxdırıcı təsir bağışlayırdı. İndi isə rayon xeyli gözəlləşib. Şəhər göyqurşağının rənglərinə bürünüb. Parklar, xiyabanlar, əyləncə guşələri Neftçalanın çöhrəsinə təbəssüm qatır. Adamların bir əli elə hey bu gözəlliklərin üstündədir. İnkişaf artdıqca tikinti-abadlıq işləri də genişlənir. Rayon rəhbərliyinin quruculuq səyləri, camaatın işgüzarlığı nəticəsiz qalmır. Hər şey doğma yurdun tərəqqisi, əhalinin firavanlığı və rahatlığı üçündür.{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.